Sənə məktub yazıram, yazıram ki, bağışla…
Sənə məktub yazıram
Yazıram ki,
bağışla…
Burda hava pis keçir
Ara vermir yağışlar.
Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən..
pinti olur
Yalqızların yatağı.
Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy.
Çirkli ayaqqabılar…
Dibi yanmış qazança…
Bir qırıq da ümid var
…qayıdacaq haçansa…
Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi.
Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var.
Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək.
Dərd ağır, hava da pis.
Ara vermir yağışlar.
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla…
Tut arağı və çöl ördəyi
Qaranlıq qəfildən qəhqəhə çəkdi
Qəfildən yağış də kəsdi, yağmadı
Binanın damından bir adam düşdü
Göyə yollanırdı, yerə yapışdı
Mən evdə tək idim, əzab çəkirdim
Qəfildən həyətdə bir səs-küy qopdu
Bir arvad çığırdı üzüyuxarı:
— «İsanı kölələr şillələdilər!»
Qazanın dibində yatmışdı yemək
Onu da, məni də oyatdı isti
Pisdir, axşamüstü yaşamaq pisdi!
Götürüb zəng vurdum, İlham Tumasa
Bir az söyüş söydüm, bir az ağladım
— təzə nə xəbər var – soruşdu məndən
— İsanı kölələr şillələdilər!
Süfrənin üstündə hər şey yarımçıq
Çağırdım, səslədim qarışqaları
Evdə heç kim yoxdur, bu necə evdi?
Özüm yarım saat qarışqa oldum
Vurnuxdum boş evdə, gəzdim boş evdə
Yarım saat çəkdi qarışqalığım
İsanı kölələr şillələdilər…
Kafir təfəkkürlü bir qızı sevdim
Sevgimi fikrimdə doqquza vurdum
Alınan hasili ikiyə böldüm
Axırda bir uşaq qalıq alındı
Can atdım, can atdım adam olmağa
Məndən quş alındı, balıq alındı
Ağac şəkli çəkdim bekarçılığa
Geyindi dərisin şair Nəsimi
Dedi, üşüyürəm, ev nə soyuqdu
İsanı kölələr şillələdilər.
Təkliyin dibinə göz yaşı tökdüm
Bir az tez yetişsin ölüm meyvəsi
Mənim dostum divar, düşmənim divar
Bağışla, sənə də bir yumruq vurdum
Bağışla, yediyim ördək qanadı
Bağışla, bağışla udduğum hava
Udub ciyərimdə incitdim səni
Bağışla, bağışla sol ayaqqabım
Sənə mıx vurdurub, yumdum ağzını
Bağışla şeytanı, bağışla tanrı!
Bağışla tanrını, bağışla şeytan!
İsanı kölələr şillələdilər!
Yeni il tənhalığı
Bakıya qar yağmadı, qarsız düşdü qış bizə.
Şaxta baba və qar qız, gəldilər yanlış bizə.
Dustaqlar buraxıldı, şeş düşdü tale zəri.
Qazamatda açıldı yeni dustaq yerləri.
Pəncərədən boylanıb baxdım, baxdım ölkəmə.
Xəyalımda dalbadal güllə çaxdım ölkəmə.
Korladı əhvalımı, millətin girincliyi.
Vətənin bol-bol nefti, işsiz, evsiz gəncliyi.
Sonra da üzüquylu zülüm-zülüm ağladım.
Gedənə rəhmət deyib, gələnə yas saxladım.
Xəyalımda canlandı dostlarımın taleyi.
Xalqın deyingənliyi, hökumətin gileyi.
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.
Bir də yalqız kitablar, düzülüblər yan-yana.
Niyə hər şey düşməndir, hər şey, hər şey insana?
Ot basıb hər cığırı, yox daha ümid yolu.
Qəlbim yalqız və bomboş, külqabımsa dopdolu.
Əsəblərim pozulmuş, yuxuda da qan-tərəm.
Getedən daha qoca, gənc Verterdən betərəm.
Qulliver də deyiləm, çıxıb səyahət edim.
Üç-dörd lilipud qalıb. Mən axı hara gedim?
Bəlkə, Bulqakov kimi məktub yazım padşaha.
Görən, bu hərəkətim xoş gedərmi Allaha.
Bəlkə, Tolstoy olum, atım gedim mülkümü.
Bəlkə, quruyum ot tək, bəlkə, solum gül kimi.
Ya da sərgərdan olum Knlupa çevrilim.
Üsyan edim özümə, taxt-tac kimi devrilim.
Ya da Çörçillsayağı qurşanım siqaretə.
Bir memuar da yazım. Lazım olar millətə.
Ya da ki Homer olum, bəlkə, gözüm tutula.
Bəlkə, gözüm görməyə, bəlkə, canım qurtula.
Hüqo da çox uzaqdı, başı qarışıb nəsrə.
Taksi də baha gedir on doqquzuncu əsrə.
Bu vaxt kim bikar olar, ağlıma kimsə batmır.
Svayq evdə olmaz, Selincerə zəng çatmır.
Qorki də çox qocadır, içkini də tərgidib.
Hadi də itkin düşüb, yer üzünü tərk edib.
Məmmədquluzadə də, deyirlər, can üstədir.
Fiscerald ayıq olmaz, Kafka da ki, xəstədir.
Bəlkə, Dostoyevski? O da yəqin kart sıxır.
Pamukla dalaşmışıq, məni Rollan Bart sıxır.
Balzakla da alınmaz, özündən çox razıdır,
onunku ya romandı, ya fransız qızıdır.
Bəlkə, Somerset Moem? Görən, indi hardadır?
Heminquey yüz faiz bahalı bir bardadır.
Puşkin də yaralıdır, yatır xəstəxanada.
Bədbəxt, bir arvad üçün özünü verdi bada.
Nazim Hikmət türmədə, Turgenev də Parisdə.
Tolstoyla dalaşıb ucuz bir ləçər üstə.
Bəlkə, bir viski alım, qonaq gedim Markesə.
O da bir şey bişirtsin arvadı Mersedesə.
Dünya necə qapanıb, buz bağlayıb qütblər.
Pelevin Tibetdədir, Limonovu tutublar.
Belə gündə Yesenin! Yeyən, içən arvadbaz.
O da özünü asdı bizim vaxtla keçən yaz.
Bəlkə, filosoflardan hansısa bikar olar.
Onlar da çox danışır: “Allah yoxdur, Allah var…”
Onlardan abırlıdır, çox yazsa da Şekspir.
Onun da başın pozub, Dezdemona, Kral Lir.
Bir az yaşlı olmasa, Hamsun hamıdan dincdir.
Kuper meşədən çıxmır, Çinkaçukla girincdir.
Adamın Ekoya da gəlmir fikri, gümanı.
Görməyə də gözüm yox, ata-oğul Dümanı.
Zəhləm gedir Sinklerdən, fırıldağın biridir.
Çoxdan ölüb zırrama elə bilir diridir.
Harda qalım ilahi, hara gedim ilahi?
Özünü qoy yerimə, mən nə edim ilahi?
Bəndələrin yerdədir, sən göydə nə gəzirsən?
Gəl, bir insan ömrünü, yaşa görüm, dözürsən?!
Alt-üst olmuş ömürlər, hər yan bomboz tənhalıq.
Bu da bayram süfrəsi; yarım araq, şor balıq.