Fazil Mustafa müstəqil Azərbaycanda, bəlkə də, yeganə adamdır ki, ictimai-siyasi nüfuzu sayəsində əldə etdiyi restoranı, ticarət obyekti ilə deyil, kitabxanası ilə tanınır. Bu illər ərzində tez-tez şəxsi kitabxanası ilə öyünən ikinci bir siyasi, ictimai xadimə rast gəldiyimi xatırlamıram. Hətta sui-qəsdə uğramasa belə, Azərbaycan cəmiyyəti bu cür adamların dəyərini bilməlidir. İkinci münasibətin yolu bizi Əfqanıstana aparır.
Azərbaycan xalqının gücü tarixən dilində olub, bunu ərəb də, fars da, rus da çox yaxşı bilir. Amma hərdən mənə elə gəlir ki, başqa xalqlarlardan fərqli olaraq biz öz dilimizi, sanki, danışmaq, yazmaq üçün deyil, daha çox susmaq üçün qorumuşuq.
Azərbaycan insanı ta Nəsimini Şirvanşahdan qovandan bəri danışmağa təhlükə kimi baxır, susmaq, xüsusilə ziyalı mühitində yaşamaq uğrunda mübarizədə artıq təbii özünümüdafiə instinktinə çevirilib. Danışmaq hər bir azərbaycanlının alt şüurunda bir təhlükə kodudur. Hətta iki azərbaycanlı bir-biri ilə danışanda da ətrafına boylana-boylana danışır, təkcə yerin deyil, havanın, boşluğun da qulaqlarının olduğuna inanır. Bir dövlətin dili onun vətəndaşının, tarixinin, mədəniyyətinin dili uzunluğundadır.
Susmağın iki növü var: bir var kəlləni qorumaq naminə susursan, bir də var qarnını doldurmaq naminə. Birincidə mənliyini qurban verirsən, ikinci də əxlaqını.
Xırda-para dolanışıq qarşılığında susmağın instinktə çevrilməsi onunla nəticlənir ki, artıq özün də öz azadlığına düşmən kəsilirsən. Bu, artıq susmaq da deyil, öz azadlığının yazıb-tozan qəniminə çevrilməkdir.
Gözünü oyduğumuz Salman Rüşdi yazır ki, 1960-70 illərdə Qərbdə tələbələr daha çox hüquqlar, azadlıqlar uğrunda küçələrə axışanda pakistanlı tələbələr daha sərt şəriət, daha çox qadağa tələbi ilə İslamabadı dağıdırdılar.
Yaxud 1920-ci illərdə Nəriman Nərimanov susmağın təntənəli dili ilə elan edirdi: «Bu gündən etibarən Zəngəzur və Naxçıvan sovet Ermənistanının bir parçasıdır. Dağlıq Qarabağ ermənilərinə öz müqəddəratlarını özləri təyin etmək haqqı verilmişdir. Azərbaycanın nefti və qazı iki ölkənin ortaq malıdır».
Türk Nobelçisi, alim Əziz Sancar 2016-cı ildə Türkiyədə olarkən indiki türk xalqı eşitsin deyə dedi ki, son 500 ildə islam dünyasında elm inkişaf etməyib, tökülüşüb söyüb, təhqir edib, ağzının payını verdilər. Çıxıb getdi.
Susan cəmiyyətlərin dili dövləti, xalqı, mədəniyyəti zəhərləyib öldürür.
Həmidə xanım xatirələrində yazır ki, «Molla Nəsrəddin» jurnaılı çap olunandan sonra bizimkilər pul yığıb Bakıdan muzdlu qatil göndərirlər gedib Tiflisdə Cəlil Məmmədquluzadəni öldürsün. Gürcü polisinin ayıqlığı nəticəsində qətl baş tutmur. O vaxt bu sui-qəsd baş tutsaydı, indi mənəviyyatımızda Cəlil Məmmədquluzadənin işıq saçdığı bütün ərazilər zülmət qaranlıq içində olacaqdı.
Yəhudilərə aid edilən bir anlayış var: dövlət içində dövlət. Şərhi budur ki, yəhudilər hansı dövlətin ərazisində yaşamalarından asılı olmayaraq, o dövlətin içində mütləq özlərinin gizli dövlətlərini yaradırlar.
Bu gün Azərbaycanda da dövlət içində dövlət yaratmağa cəhd edən qüvvələr var, məsələn, tez-tez adı çəkilən «Kərimə dövləti» belələrindəndir. Hələlik dövlət içində «Kərimə dövləti» yaratmaq mümkün olmasa da, cəmiyyət içində «Kərimə cəmiyyəti» çoxdan yaradılıb.
On illərdir ki, bu kərimə cəmiyyətinin yaradılması üçün Azərbaycanda zəmin hazırlanır. Xarici kəşfiyyat orqanlarının pulu və sifarişi ilə şəriətin, meyxananın populyar mənəviyyata çevrilməsi, digər mənəvi elementlərə hücumların təşkili artıq «gülləmeyvə» şəklində öz «bəhrəsini» də verməyə başlayıb.
Və təəssüf ki, bu gün Azərbaycanın elmi, ədəbi, fəlsəfi mühitləri də bu sifarişlərin ucuz şöhrət sülənən dəllalları ilə doludur.
Fazil Mustafaya atılan güllələrin səsi Türkiyədə eşidilsəydi, ən azı, türk aydınları gecə-səhərəcən yatmayıb cəmiyyətin də yuxusuna haram qatacaqdılar. Bizdə susmaq hələ də qızılla olmasa da, «qızıl suyuna çəkilmiş qələm» kimi mükafatlarla ölçüldüyündən taleyüklü məsələlərdə həmişə ən birinci mədəniyyətimizin dili tutulur.
Rafiq Tağı öldürüləndə də belə olmuşdu. Heç danışmayanlar mədəniyyət təmsilçiləri idi: yazıçılar, şairlər, alimlər, rejissorlar, bəstəkarlar, aktyorlar və s. bir sözlə, mədəniyyətimizin kərimələri…