Aqşin Yenisey: «İlahiyyat oxuyub sekta xuliqanı olursan»- 55-ci beynəlxalq kitab sərgisindən sonra

Aqşin Yenisey

Misir dövlətinin dəvəti, Mədəniyyət nazirliyinin dəstəyi ilə Qahirədə keçirilən 55-ci beynəlxalq kitab sərgisindən döndük.

70 ölkə, 1000-dən çox nəşriyyat, milyonlarla kitabın ziyarətindən. Hamının, hər şeyin ərəb dilinə xidmət etdiyi bir festivaldan.

Adı Qahirə beynəlxalq kitab sərgisi olsun: məğzi islam dünyasına liderlik uğrunda “yumşaq güc” nümayişi idi.
Türkiyə, Səudiyyə Ərəbistanı və Misir arasında islam liderliyi uğrunda gedən mübarizənin eqoist təzahürlərini burada görməmək üçün kor olmaq lazım.

Budəfəki sərgidə mübarizə Misirlə Səudiyyə Ərəbistanı arasında həm də ikincinin açıq-aşkar texnoloji üstünlüyü ilə özünü göstərirdi. Orada olduğumuz bir həftə ərzində Türkiyəni sərgidə gördüm deyən olmadı. Yalnız bir türk dindarı gördük, o da Azərbaycana bizdən salam göndərib oxşamışı Şəms kimi ərşə çəkildi.Səudiyyə Ərəbistanı ilə Azərbaycan stendləri üzbəüz idi. Ərəblər sərgiyə bircə dənə də kağız kitab gətirməmişdilər. Stendə ən müasir monitorlar quraşdırıb elektron kitablarını yüksək vizual görüntülərlə sərgiləyirdilər. Bununla da bütün müsəlman dünyasına ən öndə olduqlarını və liderliyi haqq etdiklərini göstərirdilər.Azərbaycanın Misirdəki səfirliyi, başda səfir Elxan Poluxov olmaqla (buradan təşəkkürümüzü çatdırıram) bizə tərcümə və digər işlərdə kömək etmək üçün həm Azərbaycan, həm ərəb dillərini bilən iki tələbə qoşmuşdu; qız misirli idi, oğlan azərbaycanlı. Hər ikisi min yaşlı Əl Əzhər universitetinin tələbəsiydi. On yaşından Qahirədə böyüyən və hazırda Əl-Əzhərdə II kursda oxuyan azərbaycanlı tələbə ilə bir xeyli mövzuda çənə-boğaz olduq ki, səbəbini növbəti cümlələrdən biləcəksiniz.Qısa haşiyə: mən bir dəfə demişdim ki, Səudiyyə Ərəbistanında universitet yoxdur. Sən demə, Misirdə də artıq universitet yox imiş.
Əl-Əzhərdə ilahiyyat təhsili alan azərbaycanlı tələbə Qəzzalinin, Mənsur Həllacın, İbn Rüşdün, Nitsşenin və s. ilahiyyata dəxli olan bir xeyli mənbənin, şəxsin adını ilk dəfə məndən eşidirdi. Bəs iki il ərzində Əl-Əzhərdə nə öyrənmişdi? Öyrənmişdi ki, bütün bəşər mədəniyyəti Quranın təkcə Əsr surəsinin yanında bir heçdir. Ümumiyyətlə, bütün mədəniyyət ağlın mövhumatından ibarətdir. Əl-Əzhərin gənc azərbaycanlı tələbəsi bunu milyonlarla kitabın ortasında elə inamla deyirdi ki, «onda al bu “zajiqalkanı” yandır bu sərgini, canımız qurtarsın ağlın bu mövhumi zir-zibillərindən» desəydim, gözünü qırpmadan bütün kitabların külünü göyə sovurardı. Budur min illik universitetin gənclərə öyrətdiyi.

İlahiyyat adı altında oxuyub-oxuyub olursan sekta xuliqanı. Nömrəsini almışam, çalışıb xilas edəcəyəm o gəncimizi.Öz qədimliyi ilə həmişə müasir olan Misirə gedib piramidalara baş çəkməmək olarmı?
Kaş olardı! Müasir misirlilərin çörəyi sözün həqiqi mənasında bu dikinə məzarlıqda daşdan çıxır, hələ də səhranın ortasına hardan düşdükləri sirr olaraq qalan bu daş yığınlarından. Bəşəriyyət səhrada bu gün də fironun xidmətindədir; atıyla, dəvəsiylə, arvad-uşağıyla.

Mədəniyyətin Kəbəsi və hər gün ölümsüzlük hissini bu dünyada dadmağa gələn milyonlarla zəvvar. İnsanın öz hökmünün qüdrətinə heyran qaldığı sükuta ucaldılmış qüllələr. Göy üzünə gömülmüş, əbədiyyətə meydan oxuyan fanilik.Varlığın sonsuzluğun o başından görünən heykəli… Yox olmamağın mümkünlük təcrübəsi. Yüz minlərlə qulun üst-üstə qalaqlanıb daşa dönmüş hay-həşiri. Gələcəyi baş əymək üçün ayağına gətirən zülmkar keçmiş. Hüdudsuz azadlığın özünə ucaltdığı möhtəşəm məhbəs.Dustağı ölüm olan zindan. Mədəniyyətə atılmış qol gücünün imzası. Zülmə haqq qazandıran ali niyyətin heyvərə gözəlliyi. Özünün qürurlu əzəmətiylə uğurunda ölənləri heçkimləşdirən əlçatmazlıq. Tarixə atalıq edən bir müəmma…Amma piramidaların həndəvəri əsl əcinnələr vağzalıdır; pul qarşılığında təklif olunan atların, dəvələrin, mifik fiqurların, cürbücür zir-zibilin səs-küyündən qurtulub heç cür 7 min illik mədəniyyətlə təkbətək qala bilmirsən. Piramidanın zirvəsində uyuyan fironun təxəyyülünün gücünü seyr edib onun səmavi kitablardakı allahın fantaziyasından heç də geri qalmadığını (zatən fironlar həm də kosmik düzənə nəzarət edirdilər), əksinə, Tutanxamonla yaşıd heç bir tanrının bu günə sağ gəlib çıxmadığını xəyalında canlandırıb, fironu varlığın nəslikəsilmiş fərqli növü olaraq kəşf etdiyin yerdə qəfildən vələmyesir bir misirlinin əyri-üyrü qədim dəvəsi, ya da gecə-gündüz mədəniyyətə xidmət etməkdən vəhşiləşmiş atı, yaxud atdan, dəvədən fərqi olmayan özü dırmaşır belinə; bütün kirli əllər, bütün ac ağızlar pul üçün açılır səhrada.

Burada Misir xalqı öz mədəniyyətini yağmalamaqla məşğuldur. Firon ataları mədəniyyətin gücünü kullanaraq tükənməyən bir sərvət qoyub gedib onlara. Amma misirlilərə elə gəlir ki, piramidalar tezliklə tükənəcək və onlar ac qalacaqlar, bacardıqca daha çox və daha tez satmaq istəyirlər bu sərvəti.

Bir sözlə, Qədim mədəniyyətin həndəvərində müasir mədəniyyətsizlik tüğyan edir. Adamı sağdan-soldan o qədər təngə gətirirlər ki, fironun bir an dirilib öz xalqını yenidən qamçılatdırmasını arzulayırsan. Amma bunu arzulamağa ehtiyac yoxdur; Misirdə idarəçilik zatən firon dövründə olduğu kimidir, sadəcə, bütün bürokratik işləri yönəldən indiki hərbçilərin əlində qamçı yoxdur.

Bir də qədim misirlilərdən fərqli olaraq, indiki misirlilər zahiri görünüşlərinə heç fikir vermirlər, məsələn, əcdadları kimi qaşlarını qırxıb süni qaşlar çəkmirlər, yaxud estetik və plastik cərrahiyyənin vətənində bircə dənə də olsun orası-burası şişirdilmiş misirli “broyler qadın”a rast gəlmək mümkün deyil.Nil suyunun varlılar, səhra qumunun kasıblar arasında bölüşdürüldüyü Qahirənin binalarında pəncərələr lənətlənib, əbədi olaraq dünyanın ilk tək tanrısı Ranın üzünə qapadılıb. Misirli üçün pərdə varlığın bəkarətini ifadə edir. Həyasız misirli var, pərdəsiz misirli yoxdu.Nil boyunca düzülmüş bu binalar gözlərinə qara su enmiş pəncərələriylə ayaq üstə dayanmış qaranlıq qəbiristan siluetlərinə oxşayırlar. “Görəsən, o daşlaşmış qaranlıqların içindəki insanlar sağdılarmı?” sualına özünün verdiyin, yaxud başqasından eşitdiyin “hə” və “yox” cavablarının heç birinə inanmağın gəlmir. Sağdılarsa, işıqları hanı? Ölüblərsə, niyə ordadılar?
Çünki Qahirədə “orada” deyilən hər yerdə insan hənirtisi var, istər ölü olsun, istər diri.

Misirdə ölülərin yaşadığı hissinə ən çox piramidaların həndəvərində bürünürsən: hər kəs göyə qazılmış bu məzarlara “orada kimsə var” marağı və heyrətiylə baxır. Hətta Napoleon da “orada kimsə var” vahiməsiylə Sfinksə top atıb, qulağını qoparıb. İnsanlığı ehramların ayağına gətirən də orada kimin olduğunu bilmək istəyidir.
Qahirənin ortasında qəbirlərin evlərlə, ölülərin dirilərlə qapıqonşu olduğu, evlərə göndərilən şəxsi məktubların, dövlət qəbzlərinin qəbirlərin ünvanına yazıldığı daha bir yer var; qahirəlilər oraya “ölülər şəhəri” deyirlər, amma bu adı elə ürəkdən deyirlər ki, ölülərə öz şəhərlərinin ortasında yaşamaq üçün yer verdiklərinə görə məmnun olduqları üz-gözlərindən aydın oxunur.

Bu “Ölülər şəhəri”də də heç kim gözə dəymir, uçub-dağılmış qədim daş ucubələrin hansının ev, hansının qəbir olduğunu ayırd etmək mümkünsüz, çünki hər tərəfdə eyni cansızlıq, eyni xarabalıq rifahı hökm sürür. Qahirəlilər orada yaşayan ölüləri narahat etməmək üçün “ölülər şəhəri”ylə heç maraqlanmırlar.

Buradakı ölülər də az qala imtiyazlı zümrə olaraq səssiz bir xoşbəxtlik içində doğub-törəyir, amma heç vaxt “ölülər şəhəri”ndən qırağa çıxmırlar.
Deyəsən, Misirdə doğulan heç kim ölmür.Deyəsən, insanlıq Misirə tarixin bütün dövrlərində buna görə can atıb: Dirilik suyunu içmək üçün…

Qiymət