GÖZƏL QIZ, OXUMA MƏNİM YANIMDA
(Tərcümə X. Xəyal)
Gözəl qız, oxuma mənim yanımda,
Qəmli Gürcüstanın nəğmələrindən.
Saldın oxuduqca yenə yadıma,
Uzaq diyardakı həyatı birdən.
Neyləyim, əfsus ki, gətirir yada,
Ucaldıqca ürək dağlayan səsin,
Həm çöl, həm gecə — və ay işığında,
Uzaq və zavallı qızın çöhrəsi.
O əziz, bəlalı surəti, bil ki,
Tamam unuduram səni görəndə.
Sənin nəğmənisə eşidən kimi,
Yenə o canlanır gözüm önündə.
Gözəl qız, oxuma daha yanımda,
Qəmli Gürcüstanın nəğmələrindən.
Saldın oxuduqca yenə yadıma,
Uzaq diyardakı həyatı birdən.
QARAÇILAR
Günəş yığışdırıb şüalarını,
Meşəli sahili çulğayıb qürub.
Yenə yandıraraq tonqallarını,
Budur, qaraçılar toy-büsat qurub.
Salam olsun sənə, xoşbəxt qəbilə,
Sənin ocaqların tanınır gendən.
Xatırla, bir vaxtlar burda səninlə,
Günlər keçirmişəm çadırlarda mən.
Sabah gün doğmamış bu sahillərdən,
Köçüb gedəcəksən, izin itəcək,
Sənin şairinsə qalır səfərdən,
O sənin ardınca ta getməyəcək.
Keçmiş dəcəlliyin daşını atıb
Sərgərdan həyatdan əl çəkəcəkdi
Tənha bir guşədə rahatlıq tapıb
Sakit kənd evində dincələcəkdi.
DON
Günəşdən nur alıb geniş çöllərdən
Sakit-sakit axır, salam, Don çayı!
Sənə gətirmişəm uzaq ellərdən
Bir oğul salamı, bir oğul payı.
Çaylar tanıyırlar səni sakit Don
Şöhrətli, qüdrətli bir qardaş kimi,
Salam gətirmişəm sənə Fəratdan,
Bir də ki Arazdan – təmiz, səmimi.
Amansız qaç-qovdan alıb dincini
Sanaraq buranı öz vətənləri
İçib Arpaçayın doğma suyundan
Söndürür yanğısın Don köhlənləri.
DAYƏMƏ
Çətin günlərimin sadiq həmdəmi
Ömrü-günü keçmiş ağ göyərçinim
Ormanlar içində bir ana kimi
Çoxdan gözləyirsən yolumu mənim.
Günlərlə durursan daxman önündə
Keşikdə dayanan bir əsgərmisən?
İllər iz qoyduğu o əllərində
İlmə vuran millər ləngiyir nədən?
Bir kimsə girməyən açıq qapıdan
Dikib gözlərini uzaq yollara
Ürəyini sıxan dərddən, qayğıdan
Usanıb dalırsan sən xəyallara…
Həyat aldatsa səni
Nə qəzəblən, nə qəmlən
Taleyinlə sən barış
Bir gün gələr – gülərsən
Ürək ümidlə yaşar,
Bu günün qəm-qüssəsi
Bir anlıqdır, keçəcək
İndinin acıları sonra şirinləşəçək.
QIŞ AXŞAMI
Külək asimana sovurur qarı
Zülmətə bürüyür göyün üzünü.
Hərdən bir yalquzaq qurd tək ulayır
Hərdənsə zarıyır bir cocuq kimi.
Hərdən quduzlaşmış bir vəhşi kimi
Sanki cırmaqlayır damda samanı
Hərdənsə gecikmiş müsafir kimi,
Gəlib döyəcləyir bizim aynanı.
Miskin daxmamızı bürüyübdü qəm
Zülmət içindədi bu gecə yenə
Mənim qoca dayəm, qoca rəfiqəm,
Nə fikrə dalmısan, nə olub sənə?
Bəlkə fırtınanın müdhiş səsindən,
Mənim sadiq dostum, yorulmusan sən.
Bəlkə öz cəhrənin zümzüməsindən,
Xoşlanıb bir anlıq mürgüləyirsən?
İçək dərd əlindən, bu gün bədhalam,
Yoxsul gəncliyimin yaxın həmdəmi.
İçək, bəs hardadır mənim piyaləm?
Bir anlıq unudaq qüssəni, qəmi.
Oxu, o quşdan ki, uzaq dənizin,
Tənha adasında ömür sürərmiş.
Oxu, o qızdan ki, çiynində səhəng,
Səhər gün doğmamış suya gedərmiş.
Külək asimana sovurur qarı,
Zülmətə bürüyür göyün üzünü.
Hərdən bir yalquzaq qurd tək ulayır,
Hərdənsə zarıyır bir cocuq kimi…
Gözəlim, oxuma qarşımda gəl sən,
Gürcü nəğmələrin – kədərli, qəmli.
Yadıma salırlar onlar, biləsən,
Ötən günlərimi – dərdli, ələmli.
Ürək parçalayan nəğmən, gözəlim,
Mənə xatırladır olub-keçəni
O uzaq çöllərdə qoyub gəldiyim,
Məsum qızcığazı, aylı gecəni.
Ölüm kabusunu sənə baxanda,
Sanki bir anlığa unuduram mən.
Heyhat, bu nəğmənə qulaq asanda,
O mənim yadıma düşür yenidən.