Sovet dövrü bir aprel el arasında Aldatma günü kimi qeyd olunurdu. İldə bir dəfə ərkimiz çatan dost-tanışı, o da zarafatyana “aldadır”, doyunca deyib-gülürdük. İndi ilin bütün günləri aldatma günüdür. Hər gün eşidirik ki, kimsə kimisə aldadıb; soyub, qarət edib, hətta evini əlindən alıb. Bir aprel ilin başqa günləri arasında elə əriyib yoxa çıxıb ki, yalnız mənim kimi köhnə xatirələrdən ayrıla bilməyənlərin yadına düşür. Mən də bir aprel ərəfəsində yaddaşımı vərəqlədim ki, görüm o dövrdə də indiki aldatmalara bənzər hadisələr baş verirdimi? Cəmi bircəciyi yadıma düşdü. O vaxt bu cür aldatmaya görə el üsyana qalxardı. Hə, az qalmışdı unudum, bu əhvalatı İsmayıllıdan şair dostum Şahlar Hacıyev danışıb.
***
Universitetdə oxuyurdum. İkinci kursu başa vurmaqdaydım. Yay tətilini
harada keçirtmək barədə düşünürdüm. Kəndə qayıtmaq istəmirdim. Tələbəlik, həyatımda dönüş yaratmaqdaydı. Artıq dünyagörüşüm dəyişirdi. Həyata baxışım başqalaşırdı. Yekəxanalıq kimi görünməsin. Kim istəməz, füsunkar təbiətin qoynunda yerləşən doğma kəndində, ata-anasının yanında yay tətilini keçirsin? Əlbəttə, bu hər kəsin ən ülvi arzusu ola bilər. Lakin… elə şeylər var ki, adam bəzən ən xoş istəyindən də yan keçməli olur.
Canı sağ olsun atamın, hər şəraitimi ödəyir. Dərsliklərimi, paltarımı alır, yemək xərclərinə pul ayırır. Nə olsun ki, təqaüd alıram? Təqaüd xərclərin heç üçdə birini də ödəmir. İş tapıb işləmək fikrinə düşmüşəm. Gedib kənddə valideynlərimə yük olmaqdansa, şəhərdə qalıb işləməyim yaxşıdır. Düzdür, kənddə də boş oturmuram. Bütün işlərdə atama kömək edirəm. Birlikdə ot biçirik. Odun tədarükü görürük. Yarpaq toplayırıq. Bunun hamısı qış üçündür. Kəndin yaşayışı belədir. Ancaq bunların heç biri pulla ölçülmür. Pul isə vacibdir. Pal-paltar almağa, dərslik, dəftər-kitab, yemək xərcləri… hamısına nəğd pul lazımdır.
İyun ayının ortaları olardı. Elə hey bu barədə fikirləşirdim. Bir gün imtahanımız tez qurtarsa da otaqda qalıb pəncərədən aşağıya boylanırdım. Yaşıllıqlarla əhatə olunmuş universitetin həyəti bir başqa mənzərəydi. Tələbələrlə dolu həyət yaşıllıqların arasında bir laləzara bənzəyirdi. Ağ köynək, qara şalvar, yaxud qara ətəkli qızlar su qırağında dövrə vuran yaz kəpənəklərini xatırladırdı. Necə də xoşbəxt görünürdülər. Görəsən, onların arasında da kimsə mənim kimi işləmək barədə düşünür?
Çantamı götürüb otaqdan çıxdım. Tələbə yoldaşlarım bir neçə dəqiqə əvvəldən çıxıb getmişdilər.
Universitetin giriş qapısında otaq yoldaşım Turanla qarşılaşdım.
-Hamı dərsdən çıxıb gedir. Sən hara qayıdırsan? – yetirən kimi soruşdum.
-Bayaqdan səni axtarıram. – dedi. – Yataqxanaya gedib, qayıtmışam.
-Dərsdən çıxıb gələcəkdim. – dedim. – Başqa hara gedəsiyəm? Məni neynirdin?
-Mənimlə gəl, – arxasınca getməyimə işarə etdi, – indi bilərsən.
Maraq üstün gəldi. Onun ardınca geriyə döndüm.
Turan qonşu Qəbələ rayonundandır. Məndən bir kurs yuxarıda oxuyur. Yataqxanaya düzəlməyə də o kömək eləmişdi. Mehriban dolanırıq. Bilirəm ki, boş söz deməz. Nəsə burda xeyirli iş var.
Binaya daxil olanda dözmədim, bir də soruşdum:
-Hara, kimin yanına, nəyə gedirik?
-Bir səbrin olsun də… – dedi. – İndi görərsən.
Pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq. Otaqların birinin qabağında xeyli tələbə toplaşmışdı. Əvvəlcə elə bildim zaçot, imtahan keçirilir. Təəccübləndim. İmtahanlar, zaçotlar günortaya qədər olur axı…
-Bu nədir? – təəccübümü gizlətmədim. – Günortadan sonra da imtahan götürülür?
-Deməli, belə. – Turan izah etməyə başladı. – Burda həmkarların xəttiylə tələbə-inşaat dəstəsi hazırlanır. Kimlər getmək istəyir, yazılır. Siyahı rektora verilən kimi şərait yaradılacaq, həftə ərzində bütün imtahanlar veriləcək. İnşaata gedənlərə güzəşt də olunur. İstəyirəm ki, sən də bizimlə gedəsən.
Bilmirəm sevincdənmi, yoxsa gözlənilməzlikdənmi karıxıb qaldım. Dilim tutuldu, deməyə söz tapmadım.
-Nədi, ürəyincə olmadı? – Turan gözlərimin içinə baxdı. – Mən sənə pis iş təklif etmərəm. Keçən il çıxıb getdin kəndə, dincəlməyə. Mən isə inşaata getmişdim. Səkkiz yüz manat pulla qayıtdım. Atamı çox da xərcə salmadım. İndi yenə də getmək istəyirəm.
-Əlbəttə… istəyirəm… ürəyimcə oldu. – dedim. – Ancaq atama xəbər verməliyəm axı…
-Teleqramma vurarsan.
Kəndlərin çoxunda olduğu kimi bizdə də telefon yoxdur. Ya poçtdan danışıq sifariş verməliyəm, atam rayon mərkəzinə gəlməli, danışmalıyıq, ya da məktub yazıb göndərməliyəm. Məktub çatana kimi biz yolda olacağıq. Birdən inşaata getməyimə atam razı olmadı? Onda neyləyəcəyəm? Turan düz deyir, təcili teleqramma vurmalıyam ki, xəbərləri olsun.
Xeyli düşündüyümü görən Turan məni vəziyyətdən çıxartdı.
-Narahat olma. Hamı gedir də. Atan heç nə deyəsi deyil. Hələ sevinəcək ki, oğlum böyüyüb, sərbəst olub, işləmək, pul qazanmaq barədə düşünür.
Beləcə, növbəyə durub gözlədik. Qərarsız olsam da sevincimin həddi-hüdudu yox idi. İşləməyə gedəcəkdim. Özü də hara? Rusiyaya. İşləməyin özündən çox Rusiyaya getmək məni həvəsləndirirdi. Belə bir şans bir də nə vaxt yarana bilərdi? Universitet, sonra da kəndlərin birində müəllimlik dövrü… Universiteti bitirib kənddə müəllim işləyənləri heç əsgərliyə də aparmırlar. Başqa cür Rusiyanı görmək şansım yoxdur. İndi belə bir şans mənim üçün göydəndüşmə oldu.
Günlər sürətlə gəlib keçdi. İmtahan və zaçotları eksterni deyilən üsulla, yəni həftə ərzində verib qurtardıq. Müəllimlərimiz də sağ olsunlar, anlayışlı qarşıladılar. Sanki bizdən çox onlar sevinirdilər. Atamdan da bir xəbər çıxmadı. Yəqin teleqramanı alıb razılaşmışdı ki, xəbər göndərməmişdi. Yoxsa…
Nəhayət, səbrsizliklə gözlədiyimiz həmin xoş gün gəlib çatdı. Bizim üçün ayrılmış vaqonu Bakı – Moskva sürət qatarının sonuna qoşdular. Vağzalda basırıq idi, ilk dəfəydi ki, belə çox adamın izdihamına düşürdüm. Düzdür, bizimlə gedənləri yola salanlar vardı, lakin mənə elə gəlirdi ki, vağzalda, qatar platformalarında olanların hamısı bizi yola salmağa gəlib. Araba ilə yük daşıyandan tum satana qədər hamısı sevincli görünürdü.
Moskvaya qədər iki gün yarım yol getdik. Orda vaqonumuzu açıb Moskva – Arxangelski sürət qatarına qoşdular. Yolumuza davam etdik. Özümüzlə domina, kart, loto götürmüşdük. Dayanmadan oynayıb başımızı qatırdıq. Arada cığallıq edənlər də olurdu. Siqaret çəkənlər fasilə verib perrona çıxır, “hirslərini” soyudub geri qayıdırdılar. Yenidən cığallıq olmayacağına sövdələşib oyunumuzu davam etdirirdik. Gənclikdi də, hər şey olar, hər şeyi yoluna qoymaq da var.
Daha iki gün yol getdik. Mənzil başına çatanda saat hesabı ilə axşamüstü idi. Di gəl ki, günəş üfüqün bir qarışlığında dayanıb bizə şəfəq saçırdı. Belə bir şey heç vaxt görməmişdik. Bu barədə oxusaq da təsəvvür edə bilmirdik. Bölgədə altı ay gündüz, altı ay da gecə olur.
Gəlib çatdığımız yer Arxangelski vilayətinin Xolmoqorı deyilən rayon mərkəziydi. Xolmoqorı həm də böyük rus alimi Lomonosovun vətəni sayılırdı. Bunu öyrənəndə sevincimiz bir az da artdı.
Burda eşitdiyimə görə, ta qədimdən Arxangelski vilayəti bütövlükdə katorqa və sürgünə göndərilənlərin türmələri ilə dolu olub. Odur ki, indi vilayətin hər yerində türmə həyatının izi qalmaqdadır.
Bizi məktəbin idman zalında yerləşdirdilər. Şəraitimiz çətin olsa da vecimizə deyildi. Təki başımızın üstündə dam olsun ki, üstümüzə yağış yağmasın. Məktəbin bufetində tikinti şirkətinin hesabına axşam və səhər yeməyi verildi. Səhər yeməyindən sonra Tikinti İdarəsindən nümayəndələr gəldi və biz qruplara bölündük. Hə, bir də bizimlə həmkarların nümayəndəsi gəlmişdi. Tikinti idarəsinin nümayəndəsi ilə təhvil-təslimdən sonra o bizimlə sağollaşıb Bakıya döndü.
Bölündükdən sonra hər qrup öz sahəsinə yollandı. Turanla mən bir qrupa düşdük. Bizim qrup işləmək üçün Qolubokoye adlanan bir xutora göndərildi.
Qolubokoye kiçik bir çayın sahilində yerləşir, uzunsov yaşayış məntəqəsidi. Sıx meşəlik olmasa da təkəmseyrək ağaclar xutora xüsusi gözəllik verir. Burada tez-tez yağışlar yağır. Elə gün olur ki, yağış qısa fasilələrlə üç-dörd dəfə yağır. Tez də gün çıxır. Burda yay aylarında gecə olmur. Hansı saatda baxsan günəş göydədi. Yaxşı ki, pəncərələrimizə qara pərdə tutmuşdular, yoxsa yata bilməzdik.
Bizim qalacağımız 40 metrlik birmərtəbəli uzunsov taxta barak da vaxtı ilə katorqada olanların qalma yeri olub. Barak armudvari (üçbucaq) böyük gölün sol tərəfində, düz gölün qırağında yerləşir. Barakdan iyirmi-otuz addım aşağıda gölün üstündə su götürmək, paltar yumaq üçün taxta estakada qurulmuşdur. Bizim barakdan o biri sahilə qədər dörd yüz metr olardı. Gölün şimala tərəf uzunluğu isə bir kilometrə yaxın olardı. Dərinliyi deyilənə görə, əlli-altmış metr ancaq olardı. Nəhəng göl idi. Bizə dedilər ki, göldə çimmək olmaz, bir neçə il əvvəl göldə univrsitetin tarix fakültəsinin bir tələbəsi də batmışdı. Dalğıclar neçə günə tapıblar. Bu gölün üzü yuxarı şimala tərəf tədricən balacalaşan daha üç oxşarı da vardı. Sonralar gəzinti zamanı mən gedib ikisini görmüşdüm. Çox ekzotik yer idi.
Xutorda yaşayanların əksəriyyəti türemşiklər və onların ailələri idi. Özləri belə deyirdilər. Cavanlar böyüyən kimi Arxangelskə, Moskvaya və başqa şəhərlərə qaçıb gedirdilər. Qalanların çoxu əyyaş kişilər, arvadlar və yeniyetmələr olardı. Əsas məşguluyyət meşə təsərrüfatı idi. Arxangelski başdan-başa tayqadır. Ağac doğrayıb tədarük edirdilər. Xutorun ətəyində, gölün aşağı bəndi üzərindən dəmir yolu keçirdi. Qatarlar ordan keçib üzü Altaya Sibirə tərəf gedirdi. Bu yolun yerində vaxtı ilə araba yolu olub ki, həmin yolla Lomonosov atasından icazəsiz araba ilə Moskvaya gedib. Dəmir yolundan xeyli aşağıda yeni qəsəbə salmışdılar. 5-6 beşmərtəbəli bina və infrastruktur binaları inşa olunmuşdu. Təzə idi. İşləyənlər üçün (yeni Qolubokoe) salınmışdı. Məncə, bu yaşayış məntəqəsinin adı elə bu ekzotik göldən götürülmüşdü. Çünki çox dərin idi. Biz hər gün köhnə Qolubokoyedən xutorun şərq tərəfdəki xudmani fəhlə yeməkxanasına gedərdik. Yaxşı Fin hamamı da var idi, orda çimirdik. Yeməkxanada çox ləzzətli borş yeyirdik. İçində meşə göbələyi olurdu. İşimiz təzə binaların alçaq zirzəmilərini betonlamaq idi. Adam boyundan aşağı olduğundan ikiqat olub işləyirdik.
Evlərin qabağında da betonlama işlərimiz oldu. Bir sözlə, leş kimi qayıdırdıq baraka, arabir bazar günləri 15-18 manata sibir qoyunlarından alıb kabab edirdik.
Xutorun arvad-uşaqları da bizə, kabab çəkməyimizə maraqla baxardılar. Bəzən onlara da təklif edirdik . Öz ərlərindən mehribançılıq görməyən qadınlar bizimlə çox xoş davranırdılar.
Bizimlə Nataşa adlı ortayaşlı, dolubədənli bir qız məşğul olurdu. Zarafata salıb deyirdilər ki, yazıq qız bu qədər kişinin əhatəsində işləsə də hələ birini tapıb ərə gedə bilməyib. O, sənədləşdirmə işlərini aparırdı. Bilirdi ki, kim hansı qrupdadır. Bir də bir kişi vardı, adına İvan deyirdilər. Yaşı altmışı haqlayardı. Biz də hörmət əlaməti olaraq ona İvan dayı deyirdik. Hamımız Azərbaycandan gəlmişdik deyə öz dilimizdə danışırdıq. Yalnız bir-iki nəfər az-maz rus dilində bilirdi. İvan dayıya sözümüz olanda onlara deyirdik, onlar çatdırırdı.
Başımız işə necə qarışdısa ayın tamam olduğunu qəfil qarşıladıq.
Axşam işdən qayıdanda Nataşa bildirdi ki, maaşlarınızı gətiriblər. Növbə tutub maaşımızı almağa başladıq. Maaş cədvəlinə baxanda halımız pisləşdi. Cəmi iki yüz manat yazmışdılar. Axı biz gələndə belə deməmişdilər. Ən azı 350, yaxşı işləyəcəyimiz halda 400 manat alacağımızı deyib bizi həvəsləndirmişdilər. Biz də canı-dildən çalışırdıq. Bütün günü qara zənci kimi dayanmadan işləyirdik. Əllərimiz qabar bağlamışdı. Bel-buxunumuz ağrıyırdı. Yerə uzanan kimi yuxuya gedir, daş kimi yatırdıq. Bu nə hoqqaydı? Bizi niyə aldatmışdılar? Etirazımızı bildirdik. Nataşanın, İvan dayının üstünə hiddətləndik.
-Axı bura şimaldır. Heç olmasa hansısa imtiyaz olmalıdır. – dedik.
-Biz nə edə bilərik? – Nataşa şikayətimizi anlaşıqlı qarşıladı. – Pul paylama cədvəlində nə yazılıbsa, onu da sizə ödəyirik.
-Sizinlə kim danışıb, necə danışıb, mənim xəbərim yoxdur. – İvan dayı əlavə etdi. – Biz də sizin kimi günəmuzd işləyib maaşa baxanlarıq. İşlədiyimiz Tikinti Quraşdırma İdarəsinin rəisi həmyerlinizdir, Azərbaycandandır. Sabah özü bura gəlməlidir. Gəlib tikintilərin gedişi ilə maraqlanacaq. Mən ona deyərəm, sizinlə görüşər. Şikayətinizi özünüz çatdırarsınız.
Ertəsi gün səhər yeməyini yeyirdik ki, bir xəbər yayıldı. İdarənin rəisi gəlmişdi. Yarı-yarımçıq yeməyimizi yeyib görüşünə getdik. Həmyerlimiz Zaman adında boylu-buxunlu bir kişiydi. Cavan görkəmi vardı, olsa-olsa qırx-qırx beş yaşlarında olardı. Yay olmasına baxmayaraq əynində nazik dəri gödəkçə, başında da dəri kepka vardı, lap o “Baharın on yeddi anı” serialındakı Ştirlitsə oxşayırdı. Bizimlə mehribancasına davrandı, hər birimizlə əl tutub görüşdü. Uzaq Şimalda həmyerlimizi gördüyümüzə çox sevindik. Qəzəbimiz, hiddətimiz soyudu. Eləcə yumşaq tərzdə maaşımızın azlığından şikayətləndik.
-Xəbərim var. – dedi. – Yerlilərim, bu ay yağışlar çox yağıb deyə iş az gedib. Odur ki, mühasibatlıqda az hesablanıb. İndi mən tapşıraram, növbəti ayda sizə ikiqat hesablayarlar, əvəzi çıxar.
Lap uşaq kimi sevindik. Əl çalıb həmyerlimizi alqışladıq.
Zaman müəllim üzünü Nataşaya tutub rusca əlavə elədi:
-Eşitdiniz də? Mühasibatlığa deyərsiniz, mənim yerlilərimə bu ay ikiqat hesablayarlar. İnşallah, bu ay yağışlar da yağmaz.
Rus dilini bilənlər dərhal bizə bildidilər ki, kefimizdi. Zaman müəllim tapşırdı ki, bu ay ikiqat hesablasınlar.
-Bilirsiniz də, burda işçi qüvvəsi çoxdur. Ancaq mən Bakıya gedib sizin həmkarlarla müqavilə bağlamışam. Qoy, həmyerlilərim gəlib işləsinlər, xeyiri özümünkülərə verim. Siz də gərək mənə dayaq olasınız, işimiz yaxşı getsin.
Zamanın bu sözləri bizi lap sevindirdi.
Sevincimizdən dodaqaltı mahnı zümzümə edirdik. Beynimizdə hesablayırdıq ki, iki yüz vur ikiyə, olsun dörd yüz. Bu iki yüzü də gəl üstünə. Sağlıq olsun, Bakıya altı yüz manatla qayıdarıq. Tələbə üçün bu pul böyük pul yox e, əməlli-başlı xəzinə idi.
Sevinə-sevinə, yorulmaq nədi bilmədən işimizə davam etdik. Həm Zaman müəllimin başını uca etməliydik. Qərib yerdə deməsinlər ki, həmyerliləri yaxşı işləməyiblər, həm də pul qazanmağa gəlmişdik.
Nəhayət, iki aylıq iş müddəti bitdi. Sevincimizdən geriyə qatarla qayıtmaq istəmədik. Təyyarə ilə qayıtmağa razılaşdıq. Tələbə-inşaat dəstəsinin bir komandiri də vardı, özümüz aramızdan seçmişdik. Onu göndərdik ki, gedib maaşımızdan xəbər tutsun, həm də təyyarəyə bilet alsın. Biz də hazırlığımızı görürdük. Yola çıxmağa geyəcəyimiz paltarları yuyub qurutmuşduq. Ütüləyib abıra salmışdıq. Əşya çantalarımızı yığıb hazırlamışdık. Bir də gördük komandir ilan vurmuş dana kimi böyürə-böyürə içəri girdi.
-Nolub, ay komandir, bu nə haldır? – deyə yerbəyerdən soruşduq.
-Nə olacaq? Bu it balası Nataşa bizə 150 manat aylıq yazıb.
-Axı Zaman müəllim tapşırmışdı. – dedik. – Bir də aylığı mühasibatlıqda yazmırlar?
-Bunu elə mənə mühasibatlıqda dedilər. Nataşa nə yazır, onlar da sənədləşdirib ödəmə edirlər.
Düşdük Nataşanı axtarmağa. Nataşa yağlı əppək olub qeybə çəkildi. Dedilər, Arxangelskidədi. Arxangelski də Xolmoqorıdan 200 kilometr məsafədə yerləşir. Artıq təyyarəyə də biletlər alınıb. Daha burda qalıb gözləyə bilməzdik. Elektrik qatarına minib üz tutduq Arxangelskə, Nataşanı yaxalamağa. Hiddətimizdən, qəzəbimizdən bilmirdik neyləyək. Qatarda qərar tuta bilmirdik. Elə qəzəblənmişdik ki, Nataşa əlimizə keçsəydi, onu şaqqalayacaqdıq.
Nəhayət, elektrik qatarı gəlib Arxangelski vağzalına çatdı. Tələsik qatardan düşdük. Vağzalın içində gözləmə salonu ikinci mərtəbədəydi. Ekskalatorla yuxarı qalxırdıq ki, gördük Nataşa əks istiqamətdə aşağı düşür. Həyatın təsadüfünə bir bax!
Nataşa bizi görən kimi rəngi qaçdı. Dayanıb geriyə qaçmağa başladı. O mənzərəni seyr etmək lazımdır, sadəcə… Ekskalator üzüaşağı gəlir, Nataşa əks istiqamətdə qaçır. Qəzəbimiz gülüşə çevrildi.
-Nataşa, dayan! – Ona səsləndik.
Nataşa qaçmağına davam etdi. Tələbə oğlanlardan iki, ya üçü ekskalatorun bu hissəsindən tullanıb o biri hissəsinə keçdilər. Bunu görən Nataşa sürətini artırdı və ekskalatorun baş tərəfinə çatıb vağzalın içi ilə qaçmağa başladı. Onu qovalayan uşaqlar özlərini yetirib tutdular. Lap cinayətkar kimi qolunu burub saxladılar. Hamımız gəlib onu dövrəyə aldıq.
-Nataşa, əlimizdən hara qaçırsan?
-Niyə belə eləmisən?
-Niyə maaşımızı düz yazmamısan?
-… ikiqat hesablamamısan?
-…Zaman müəllim bizim yanımızda tapşırmadımı?
Nataşa ağlayırdı.
-Di cavab ver də… niyə susursan?
-Mənlik deyil. – birtəhər özünü cəmləşdirib titrəyə-titrəyə mızıldandı. – Zaman müəllim özü belə tapşırdı. Dedi tələbə adamdırlar, pul onların nəyinə gərəkdi.
-Necə nəyinə gərəkdi? – Bir az da qəzəbləndik. – Heç insafınız yoxdur? Biz hansı şəraitdə işləyirdik, bilirsənmi?
-Tanrı xətrinə, mənə inanın. Hamısı həmyerliniz Zamanlıqdı.
-Yalan deyirsən. Zaman müəllim belə eləməz.
Baxdı ki, inanmırıq.
-Allah haqqı. İnanmırsınız, gedin özündən soruşun. Odey oturub idarədə.
Nataşanı da götürüb yollandıq Vilayət Tikinti İdarəsinə.
Vilayət Tikinti İdarəsi demə, Şah Abbasın imarəti denən, hərəmxanası ilə birlikdə.
Bura beşmərtəbəli bina idi. Binada kimlər yox idi? Zaman müəllim şəhərdə gözəl qız-gəlin qoymamışdı, hamısını işə cəlb eləmişdi. Dəhlizdə nazlana-nazlana yeriyən, bir-birinə naz satan sürməli-boyalı qadınların ətirlərinin iyi adamı bihuş edirdi. Nataşa bunların yanında heç nə idi.
-Zaman müəllim hanı? – deyə soruşduq.
Bizə indi o özü lazım idi, nazlanan qız-gəlinləri yox. Vaxtımız da məhdud idi, təyyarəmizin uçmasına üç saat vaxt qalırdı.
-Rəis yoxdur, – dedilər, – Vilayətin hansı rayonundasa işgüzar səfərdədir. Tikinti ilə maraqlanmağa gedib. Nə vaxt gələcəyini, ümumiyyətlə bu gün idarəyə gələcəyini deyə bilmərik.
Bunu da elə nazlana-nazlana, saymazyana dedilər ki, hirsimiz, qəzəbimiz yenidən cuşa gəldi. Hirsimizdən cilov gəmirirdik. Yumruqlarımızı divara çırpırdıq ki, hirsimiz soyusun. Birdən-birə başladıq stulları aşımağa, mebelləri qırmağa. Qabağımıza nə keçirdisə əzirdik, sındırırdıq. Qapıları qırdıq, pəncərələrin şüşələrini ciliklədik.
Başımız qapı-pəncərələri qırmağa necə qarışdısa bir də gördük milis serjantı başımızın üstündədir.
-Dayanın! – Qışqırırdı. – Dayanın! Siz nə edirsiniz? Məni prokuror özü göndərib. Hamılıqla prokurorluğa getməliyik.
Qorxub-hürkəsi, çəkinəcəyi yerimiz yoxdu. Hamılıqla milis serjantlarının yanına düşüb prokurorluğa getdik.
Vilayət prokurorluğu birmərtəbəli binada yerləşirdi. Hamımız yerləşməsək də ilk on nəfərimiz içəri keçdi. Milis serjantı bizi dəhlizin baş tərəfinə apardı. Qapının ağzında gənc sarısaç bir qadınla üz-üzə gəldik. Elə zənn etdik ki, katibədir.
-Biz prokurorla görüşməliyik. Şikayətimiz var. – dedik.
-Buyurun içəri. – Həmin gənc qadın bizi içəri dəvət etdi.
Otağa keçdik. Bura geniş bir otaq idi, başa düşdük ki, prokurorun otağıdı. Həmin gənc sarısaç prokurorun yerinə keçib üzünü bizə tutdu:
-Zemlyaklar, — dedi. – Mən işdən xəbərdaram. Bu barədə cinayət işi açmışam, araşdırma başlayıb. Siz isə düz eləməmisiniz. İdarəyə yox, birbaşa bura gəlməliydiniz. İndi isə artıq gecdir. Qalmaq sizə sərf eləməz. Çünki təyyarəyə bilet almısınız. Muzdunuz yenidən hesablansa belə çətin ki, sizə xeyri dəyə. Çünki ordan əvvəlcə vurduğunuz ziyan ödəniləcək. Odur ki, mənim məsləhətim belədir, yolunuzdan qalmayın, gedin. Amma arxayın olun. Pullarınız yenidən hesablanacaq. Ziyan çıxılandan sonra nə qalacaqsa, poçtla ünvanınıza göndəriləcək. Tikinti idarəsinin də işi yoxlanılacaq, günahkarlar məsuliyyətə cəlb olunacaq.
Suyu süzülə-süzülə Arxangelskini tərk elədik.
Prokuror həmyerlimiz Zamandan fərqli olaraq bizi aldatmamışdı. İki aydan sonra hərəmizə 60 manat pul göndərilmişdi. Prokuror yoxlamanın nəticəsi olaraq bizə məktub da ünvanlamışdı. Orda Zamanın cərimələnərək işdən qovulduğu qeyd olunurdu.
Bəli, elə bir dövr idi ki, aldatma halları ildə bir dəfə yada düşürdü. O da Bir aprel günü!