ADINA PROFESSOR DEYİRDİM (hekayə) Ayaz İmranoğlu

Ayaz İmranoğlu

Onun dünyaya gəlişi ilə yeddi illik övlad həsrətində olan cütlüyə sonsuz xoşbəxtlik bəxş olunmuşdu.

Gözəl qız uşağının qəribə gözləri vardı. Sanki göy üzü onun gözlərinə hopmuş, nur saçırdı. Ona görə də adını Göynur qoydular.

Gənc ailə övladları ilə dünya boyda sevinclərini yaşayırdılar ki…

Uşaq ağlayanda boğulma, bayılma halları olduğundan həkimə apardılar. Müasir aparatlarla müayinə edib gördülər ki, ürəyin bir qulaqcığında ciddi problem var.

Göynuru Azərbaycanda aparmadıqları xəstəxana, klinika qalmadı. Buradan əl üzdükdən sonra üz tutdular Türkiyə, İran, Rusyadakı ürək həlimlərinə. Ordakı müalicə nəticələri qənaətbəxş olmadığından geri dönüb ümidlərini Allaha bağladılar.

Dava-dərmanla Göynur gəlib çatmışdı yaş yarıma.

Bir gün nənə evlərinin yaxınlığındakı parkda Göynuru gəzdirərkən yaşlı bir kişi onlara yaxınlaşdı.

-Bağışlayın narahat edirəm. Bayaqdan fikir verirəm uşaq yeridikcə təngənəfəs olur.

– Hə qardaş ürəyində problemi var, – sonra nənə dərdli-dərdli, – Yeddi illik müalicədən sonra bunu tapmışıq, bu da ki, belə.

-Mən ürək həkimiyəm. Sabah qəbuluma gətirin- deyib ünvanını verib getdi.

***

İki il həmin həkimin müalicəsini alan Göynur demək olar ki, sağalmışdı. Axırıncı dəfə uşağı yoxlayan həkim demişdi ki, vaxtaşırı dəniz qırağında özü də səhərlər gəzdirin:

– Uşaq asma xəstəliyindən əziyyət çəkir. Ona səhərlər dənizdən qalxan yodlu hava gərəkdi.

***

Bu illər ərzində nənə həkimin adını soruşmamış eləcə professor deyirdi. Həkim daha işləmirdi. Bilmirdi ona necə təşəkkür etsin.

Bir gün yenə dəniz sahilinə gəlmişdulər. Balaca Göynur gah nənəsinin şirin nağıllarına qulaq asır, gah da onun əl-ayağına dolaşırdı. Sonra…

Nənə yaşıl ağacların arasında sakit guşədə qoyulmuş oturacaqda oturub təmiz dəniz havasını ciyərlərinə çəkir, yanında oturmuş qoca qadının danışığına məhəl qoymadan gəlib – gedənləri süzürdü. Balaca Göynur isə nənəsinin gözündən oğurlanıb sahilə yan almışdı. O, totuq əlləri ilə yastı, xırda daşları götürüb qumlu sahilə can atan təşnə ləpələri döyəcləyirdi:

-Al, bu da sənin payın! Mən səndən qorxmuram. Al, ay göy dəniz! Sən məndən qorxursan hə? Al, yenə də… Hirslənməyin, ay ləpələr. Yoxsa nənəmi çağıraram…

Göynur ağzı köpüklənən ləpələri məzəmmətləyir, elə bil onları özünə tabe etmək istəyirdi. Dəniz də arabir qızmış nər kimi sinəsini qabardır, sanki qumlu sahilə tələsirdi.

Dalğalardan ətrafa sıçrayan su damcıları balaca Göynurun dizinə dəydikcə o, ayağının birini götürüb o birini qoyurdu. Birdən elə bil dəniz qaynamağa başladı. Şiddətli əsən xəzrinin təsirindən ləpələr bir-birinin üstündən aşırdı. Külək qızın xurmayı saçlarına daraq çəkirdi. O lap irəli yerimişdi. Sanki dalğalara təslim olacaqdı. Onun xəfif pıçıltılarına aldanmışdı. Dəniz isə şıltaqlığını davam etdirirdi. Göynur artıq dalğalara qovuşurdu.

Birdən dünya görmüş bir qocanın nəzərləri sahilə zilləndi. Həyacan onu bürüdü. Burnunun tən yarısına qədər enmiş zəncirli eynəyini gözlərinin ortasına tuşladı. Sonra cəld sahilə yan aldı. Göynur isə heç bir şeyə əhəmiyyət verməyib daha da irəli cumurdu. Dalğalara tərəf. Ağsaçlı qoca təşviş içərisində əllərini geniş açaraq suya atıldı. Dalağalara həmdəm olan qızı bağrına basdı. Lakin müvazinətini itirərək büdrədi. Eynəyi sürüşüb daşın üzərinə düşdü və çilik-çilik oldu. Bir anda qocanın gözlərinə qaranlıq çökdü. Onun əlləri havada qaldı. Özünü köməksiz sanıb həyacanla qışqırdı:

-Qayıt! Boğulursan bala, qayıt!

Göynur dönüb arxaya baxdı. Kömək üçün qocanın qollarından yapışdı. İxtiyar qocanın elə bil gözlərindən zülmət pərdəsi götürüldü.

Onların paltarlarından su süzülürdü. Sahildən uzaqlaşmaq istəyirdilər ki, bayaqdan bəri nəvəsini axtaran nənə təlaş içərisində qışqırdı:

-Necə?!.. Sizsiniz?! Professor?! Çox sağ olun, siz onu ikinci dəfə həyata qaytardınız!..