Yolda yoldaş oldum bir gözəl qıza
Yolda yoldaş oldum bir gözəl qıza,
Yalvardım-yapışdım, dindirəmmədim.
Baş aça bilmədim dərdi-sərindən,
Nə də ki, öz dərdim bildirəmmədim.
Soruşdum, a gözəl, kimsən-nəçisən,
Qiyamətmi qopar bir kəlmə dinsən?
Yolunku söhbətdi, danışıb-gülsən?
Keçdim zarafata – güldürəmmədim.
Bir xeyli getmişdik, yol haçalandı,
Ayrıldıq, ürəyim oda calandı.
Abbası tək qoydu, saga yollandı,
Sağ yoldan sol yola endirəmmədim.
Hayıfım gəlir
Mətləb anlamayan qaradinməzə,
Yaxşı söz deməyə hayıfım gəlir.
Dərdimi sirrimi qədirbilməzə,
Açıb söyləməyə hayıfım gəlir.
Çox yer gəzdim, bələd oldum çöllərə,
Gərək öz tayını tanısın hərə!
Etibarsız qədir bilməz kəslərə,
Çəkdiyim əməyə hayıfım gəlir.
Abbas necə dözsün belə bir dağa,
Dostum məni seçib atdı qırağa.
Qanmazlar dünyada çox yaşamağa,
Qananlar ölməyə hayıfım gəlir.
Allahdan rəhmət diləyirəm keçənlərə…