Əli Səfəroğlu — Tövrat, İncil, Qurandı söz… (şeirlər)

Əli Səfəroğlu

Tərsinə

Dünyanın işləri tərsinə düşüb,

Qarası tərsinə, ağı tərsinə.

Elə bil təbiət yerin dəyişib,

Aranı tərsinə, dağı tərsinə.

 

Fırlanır durmadan, cəhrədi sanki,

Kəsir dikələni, dəhrədi sanki.

Elə çalxalanır, nehrədi sanki,

Ayranı tərsinə, yağı tərsinə.

 

Səfəroğlu, ürək dolu söz ilə,

Dünyanı tanıdıq açıq söz ilə,

Yoxdur bu zalımın işi düz ilə,

Çəkir sinəmizə dağı tərsinə.

 

Söz

Deyirlər Allahdan sonra

Ən birinci yarandı söz!

İlahinin qüdrətilə

Kainatı dolandı söz!

 

Ay yarandı,Gün yarandı

Sellər-sular dalğalandı

Uca dağlar sıralandı

Əlçim-əlçim darandı söz!

 

Dəyər oldu,qismət oldu

Heyrət oldu,qüdrət oldu

Allah boyda hikmət oldu

Tövrat,İncil,Qurandı söz.

 

Hərdən bulaq kimi axdı,

Hərdən ildırımtək çaxdı.

Hərdən ipəkdən yumşaqdı,

Hərdən şahmar ilandı söz.

 

Haqqın dərgahına vardım,

Aqillərlə məclis qurdum.

Söz əhlini sözə yordum,

Bir-birinə calandı söz.

 

Haqq tərəfdən dindi dodaq,

Bir dünyadır bircə varaq.

Yığın-yığın,qalaq-qalaq,

Atəşlərə qalandı söz.

 

Xanədanlar heç eyləyər,

Məmləkətlər puç eyləyər,

Səfəroğlu köç eyləyər,

Bu dünyada qalandı söz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qiymət