Nobel mükafatçısı Bakı haqqında nələr yazıb?
Yazıçı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı, bütün dünyada ən çox sevilən müəlliflərdən olan Knut Hamsun 1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron təqaüd alaraq Rusiya, Azərbaycan və Osmanlı İmperiyasını ziyarət edib. Hamsun həyat yoldaşı Berqliotla birlikdə əvvəlcə Sankt-Peterburqa, oradan Moskvaya, Moskvadan isə Qafqaza gəlib. Bu səyahətdən sonra, 1903-cü ildə “Nağıllar diyarında” və “Aypara ölkəsində” adlanan oçerklərini nəşr etdirib.
Yazıçının “Nağıllar diyarı” əsərində maraqlı qeydlər yer alıb. Hamsun yazır ki, Bakının 135 min əhalisi var, Bakı Xəzər dəniz sahilində yerləşən ən mühüm şəhərdir: “Limandakı paroxodlarda, qayıqlarda, dəmir yolunda çoxlu adam və hər cür buxar maşınları hərəkət edir. Bu cür müasir hərəkət burulğanının tən ortasında dəvələrin anbarların qarşısında sıraya düzülməsi və şöngüdülərək onlara mal yüklənməsi qəribə təəssürat oyadır”.
Hamsun neft şirkətlərinin yerləşdiyi Qaraşəhərə getdiklərini də yazır: “Biz Bakının kənarında yerləşən və neft şirkətlərinin yerləşdiyi Qara Şəhərə getməliydik. Bizi bir fars aparır: buradakı bütün arabaçılar farsdır. Onları atları iblis kimi qovurlar, dili bilmədiyim üçün atlara rəhm etmək lazım olduğunu başa sala bilmirsən, xristian işarələrini isə anlamaq istəmirlər. Farağat oturmaqdan savayı çarən qalmır. Hə, bir düşməkdən başqa”.
Yazıçı indiki İçərişəhər haqqında bunları yazıb: “Biz qalaya gedirik. Nəhəng və İran-Bizans üslubunda olan hörgülü qala Bakının mərkəzində yerləşir. Onu Xan sarayı və iki məscid əhatə edir. Xan Sarayından indi hərbi anbar kimi istifadə olunur, odur ki, qala divarlarından içəri keçmək yalnız komendantın icazəsi ilə mümkündür. İcazə almaq üçün öz kartımı göstərməliyəm. Kartlm isə yox idi”.
Müəllif Balaxnıya getməklərini belə təsvir edir: “Balaxanıdakı neft mədənlərinə getmək üçün Nobel donanmasından bizə paroxod ayrılır. Firmaya məxsus böyük gəmi səyahətçiləri oraya birinci dəfə aparmır: ancaq hər il buna böyük hazırlıq görülsə də, hadisə hesab olunmur. Çoxlu skandinaviyalı məmnuniyyətlə bizə qoşularaq izahat verdilər.
Aylı və sakit axşam idi. Bakıdan yarım saatlıq məsafədə dənizdə qara rəngli burulğanın qaynadığı görünür. Burulğanlar dəyişir, yerlərini dəyişərək başqa burulğanlara qarışır və öz fasiləsiz hərəkətləriylə şimal parıltısını xatırladırlar. Bir ovuc yonqar alışdırıb dənizdəki burulğana atırlar, dərhal həmin yeri alov bürüyür. Dəniz yanır. Qara girdab – neft qazı. Biz alovun üzəriylə irəli-geri üzərək onu vintlə söndürürük”.
Hamsununun Atəşgah haqqında fikirləri də maraqlıdır: “Sabah Suraxanıya gedəcəyik. Tanrıya şükürlər olsun ki, orada atəşgah var. …Burada od torpağın içində gizlənmişdi, o heç bir yerdən qidalanmadan öz-özünə yanır və heç vaxt sönmürdü, bu od müqəddəs idi”.