QÜDSİYYƏ QÜDSİ — QƏZƏLLƏR

Ədəbiyyat

QƏZƏLLƏR

 

Artır yaşayış məskəni mavi Xəzərimdə,

Evlər ucalır ən yeni mavi Xəzərimdə.

 

Daşlar tökülür, qum daşınır hər gecə-gündüz,

Heyran eləyir iş məni mavi Xəzərimdə.

 

Vardır Ağalarov Eminin istəyi, olsun

Zülmət gecədə Ay təni mavi Xəzərimdə.

 

Nurdur süzülən göydələnin pəncərəsindən,

Qovsun soyuğu, sis, çəni mavi Xəzərimdə.

 

Günlər dəyişir qəm donunu, artır ümidlər,

Bar ilə gəlir hər dəni mavi Xəzərimdə.

 

Yay mövsümü şıltaq ləpələr əl eləyirlər,

Rahatlığa səslər səni mavi Xəzərimdə.

 

Qüdsi, yaradan hər şeyi öz dövlətimizdir,

Qəlbin güləcək, bil, yəni mavi Xəzərimdə.

 

***

 

Sakit ötən hər bir anımız vəhşət içində,

Sanki qara günlər toxunub dəhşət içində.

 

Yoxdur heç ümid, çoxdan ölüb etibarım da,

İblis kefikök var-gəl edir şəhvət içində.

 

Zalım göz açıb məzlumu əzməkdədir hər vaxt,

Dövranı tutub göydə səkir şöhrət içində.

 

Şər məğlub olur, qan tökülür haqla savaşda,

Biz də geri qalmış neçə il töhmət içində.

 

Qüdsi, deyirəm öz-özümə, dinmə amandır,

Tərif elə ki, olmayasan möhnət içində.

Pirşağı, 2025

 

***

 

Dünya tələb etsə yenə haqqın səsi batmaz!

Haqq ilə olan heç zaman amalını satmaz.

 

Haqqın neçə il şər yığışıb üstünə getmiş,

Vicdanı olan şərləyib əsla ara qatmaz.

 

Nadan kəsi diz çökdürüb hər an qabağında,

Haqqa nə qədər daş atan olsa ona çatmaz.

 

Səbr ilə dözüb haqq işə əncam edəcəkdir,

Sonda qələbə çalsa da insafını atmaz.

 

Qəlbin yenə dövrani-bəşərdən üzü dönmüş,

Qüdsi fikir eylər gecə-gündüz, yuxu yatmaz.

Pirşağı, 2025

 

***

 

Allahım, qəsdə durub tərsi-zaman eyləmisən,

Günah Həvvadadı ki, tərki-tuman eyləmisən?

 

Adəmin şər yükünü zorla yazıq Həvva çəkir,

Yoxmu insaf, niyə Həvvanı o yan eyləmisən?

 

Yaradıb Yer üzünün əşrəfini neyləmisən,

Niyə insan deyilən bəndəni can eyləmisən?

 

Pak görüb millətimi iblisi güldürmək üçün,

Dəyişib adətini əhli-quran eyləmisən.

 

Pislərin ovqatını daima şən görmədəyik,

Yaxşının ismini, əlbəttə, yaman eyləmisən.

 

Həmişə zillət olub dindaşımın ömrü-günü,

Yazığın ruzisini çoxlu saman eyləmisən.

 

Əməlindən bilirəm, Tanrının öz hikməti var,

Bu şikayət ilə sən, Qüdsi, tufan eyləmisən.

Pirşağı, 2024

 

***

 

Hər dəm təmiz insanları aldatdı bu dövran,

Tanrım susa bilməz, ona daş atdı bu dövran.

 

Namərd üzünü pərdələmiş möminə döndü,

Puldan ötəri lap özünü satdı bu dövran.

 

Narazı çoxalmış, görərək günləri bərbad,

Şər, böhtan ilə tez aranı qatdı bu dövran.

 

Yad doğmalaşıb, doğma da olmuş qatı düşmən,

Pis vərdişi çox, öz-özünə matdı bu dövran.

 

Azadlıq üçün meydan alıb həddini aşdı,

Şeytan kimi bəd niyyətinə çatdı bu dövran.

 

Əyyaş kimi etdiklərinin fərqinə varmır,

Birdən görəcəm tir-tap olub yatdı bu dövran.

 

Səbr eylə bir az, Qüdsi, zaman güldürəcəkdir,

Qəlbin deyəcək zalım üçün batdı bu dövran.

Pirşağı, 2024

 

***Начало формы

 

Bağçada, bağda yenə görməyə bar istə, könül,

Xəstələndinsə əgər dərməyə nar istə, könül.

 

Göylərə həmdəm olan zirvəsini dağlarının,

Yayda dərman diləyən xəstəyə qar istə, könül.

 

Yaradan bol eləmiş nemətini torpağımın,

Gülünə bülbülünü daima var istə, könül.

 

Yadlara bağlama bel, etmə sınıq qəlbi fəda,

Pullunu haqlı sayan düşməni xar istə, könül.

 

Eşidən yoxsa səni söz deməyin faydası nə?

Dinmə ki, qəmlərini izhara tar istə, könül.

 

Bu qədər ömr elədim, gülmədi bir yol ürəyim,

Anlayan, qədr bilən aşiqi-yar istə, könül.

 

Gözləmə, Qüdsi, sənin yaz olacaq qarlı qışın,

Batacaqdırsa günəş özgə diyar istə, könül.

Pirşağı, 2024

 

***

 

Dövran dəyişib, eşq özü müdhiş, daha gəlməz,

Sevda dolu günlər hanı, getmiş, daha gəlməz.

 

Eşq ilə yaranmış, sözü qalmış bu cahanda,

Əfsus, qısa olmuş, sona yetmiş, daha gəlməz.

 

Məna azalıb yer üzünün təntənəsində,

Söylə, dönəcəkmi geri, itmiş, daha gəlməz.

 

Dünya qəm içində, axıdır gözləri qan-yaş,

Tanrı bəşərə lənəti etmiş, daha gəlməz.

 

Yarəb, geri qaytar o gözəl çağları, nolar,

Heyhat analı günlərim ötmüş, daha gəlməz.

 

Saldıqca yada gözləri nəmli gəzirəm mən,

Məntək yetimə sevgisi bitmiş, daha gəlməz?

 

Qüdsi nə qədər ağladı, bilsə, qədəmindən,

Əlbət, güləcəkdir yenə gərdiş, daha gəlməz!

Pirşağı, 2024

 

***

 

Qəm əlindən bezərək zülməti tərk eylə, könül,

Gələcəkdirsə bəla nifrəti tərk eylə, könül.

 

Çəkdiyin hər cür əziyyət və əzab getsə hədər,

Səni hörmətsiz edən hörməti tərk eylə, könül.

 

Aldadır yol ötəni, öz-özünü razı salır,

Dözməyirsənsə əgər xisləti tərk eylə, könül.

 

Qəlbimə dərd elədim hər ötənin sözlərini,

Almayırsansa şəfa möhnəti tərk eylə, könül.

 

Bivəfa qəm ələyib tarixinə sevgimizin,

Görməyirsənsə səfa zilləti tərk eylə, könül.

 

Nə qədər ərz elədim, anlamadı kimsələrim,

Sevməyirlərsə səni minnəti tərk eylə, könül.

 

Qüdsinin sevgi dolu illərinə yağsa dolu,

İnad etmə, bu gözəl niyyəti tərk eylə, könül.

Pirşağı, 2024

 

***

 

Yansan da əgər sən, zəli xislətlərə, ey vah,

Bil ki, salacaqdır səni xiffətlərə, ey vah.

 

Çəkdim yaxının qəhrini, baxdım, hədər oldu,

Atdı hərəsi min cürə zillətlərə, ey vah.

 

Nadanlar üçün ağlama, gözdən kor olarsan,

Qanmaz sürəcəkdir qatı zülmətlərə, ey vah.

 

Yadlar nə bilər qədrini, öz yurdum əzizdir,

Birlik yaraşır bax, cəmi millətlərə, ey vah.

 

Döndü zamanın çərxi, həmən qəm də çoxaldı,,

İblis nəfəsi dəydi o hörmətlərə, ey vah.

 

Nola, yaşayam ömrümü, qismət edə Tanrım,

Dövran da gülə müjdəli niyyətlərə, ey vah.

 

Səbr ilə dözüb Qüdsi həyat dərsini aldı,

Olmaz yenə də asi, nəsihətlərə, ey vah.

Pirşağı, 2024

 

***

 

Hərdən calayır öz şəfəqin az, mənə, bəxtim,

Hərdən də görünmür günəşimtək yenə bəxtim.

 

Dünyaya gələndən yazığın taleyi kəmdir,

Bəzən də olur naz eləyir gülşənə bəxtim.

 

Leyli deyil, amma var onun sevgisi daim,

Məcnun misalı göz qoyacaqdır «cinə» bəxtim.

 

Şükr eyləmişəm çox, o gözəl günlərə, lakin

Bilməm, de, nədən indi düşübdür çənə, bəxtim?!

 

Nakam yaşayıb ömrünü hər dəm giley eylər,

Hicr ilə yanır, sirdaşı yoxdur dinə bəxtim.

 

Gülmür, güləyən anları keçmiş nə zamandır,

Tanrım çağırır öz yanına ki, sinə bəxtim.

 

Hərcayi fikirlər dolanıb Qüdsini yordu,

Laf-laf danışıb qeybət edir, bax, sənə bəxtim.

Pirşağı, 2024

 

***

 

Yarəb, məni haqsız yerə incitmə, amandır,

Salma oduna ayrılığın, ahı yamandır.

 

Düşdüm elə bir zillətə, dünya haram oldu,

Verdin yenə dövranı pisə, tərsi-zamandır.

 

Oldum əsiri, qüsseyi-qəmdən bezaram mən,

Hər dərdə giriftar olalı sandım əyandır.

 

Tanrım hər acı möhnətə məlhəm calayıbdır,

Yalnız ona sindim, bilirəm, əhli- həyandır.

 

Qüdsi, demə ki, tək yaşayıb ömrünü verdin,

Var yaxşı adamlar, canını dosta qıyandır.

Pirşağı, 2024

Конец формы

 

 

Qiymət