AXAN ZAMANIN ARDINDAN…
Ömürdən dilim-dilim əksilən saatlarım,
Xatirələrdə qaldı keçən anlarım — hanı!?
Havasından yanından ötülməyən günlərim
Dəliqanlı dəmlərim, gənc zamanlarım hanı?
Çəkdikçə udum-udum, nəfəslərim azaldı
Hər bir rəngi denədim axıra sarı qaldı
Payız yarpağı kimi, həyatım da saraldı
Bahar kimi rəngbərəng cıvıq tonlarım hanı?
İndiki həyatımda keçmişimlə varammı?
Gedən anlarım məni çağırsa duyarammı?
Suların aynasında axtarsam taparammı?
Varmı bir izdüşümüm, kriptonlarım hanı!?
Bir qismət oyununda bitdi zər çəkənlərim,
İndi bəlkə daha çox var qəhər çəkənlərim.
Hər görəndə dalımca bəxtəvər çəkənlərim,
Maşallah deyənlərim, göz qoyanlarım hanı?
“Ömür, ömür” dediyin kövnü məkanda yolçu,
Arzular sinələrdə, ümid gümanda yolçu
Biz də zamanda yolçu, elə zaman da yolçu,
Hanı o doğmalarım, əziz canlarım hanı?
Xülya saraylarında ün atmışam bu qədər,
Günü günə calayıb, gün atmışam bu qədər,
Gedənlərin ardından gül atmışam bu qədər,
Məzarımın üstünə gül atanlarım hanı!?