BAYRAM, GƏLMƏ BİZƏ
Kim səni çağırıb, a bayram qağa?
Atıla-atıla durub gəlmisən.
Mesaj göndəriblər, zəng eləyiblər,
Ya kimsə teleqram vurub, gəlmisən?
Yığıb yığışdırın bütün bayramı,
Hansıdı fağırın, lütün bayramı?
At ölsə deyərlər itin bayramı
Kimə “başsağlığı” verib gəlmisən?
Kasıbın evində şəkər tozu yox,
Fındıq ləpəsi yox, çürük qozu yox.
Alnında qaradan ayrı yazı yox
Sən də öz möhrünü vurub gəlmisən.
Yetimi tapacaq dərd də, azar da,
Kəsər çörəyini mərdimazar da.
Qiymətlər od tutub yanır bazarda,
Harda belə bazar görüb gəlmisən?
Gəlmə daha, bayram, bizə yaraşmır,
“Mübarək” deməklə, sözlə kar aşmır.
Allahın işinə Ramiz qarışmır,
Nahaqdan özünü yorub gəlmisən.
03.01.2025, Xırdalan şəhəri