DOYMUR GÖZÜNÜZ
Çətin olsun, sizi hər hansı bir ərzaq doyurar?
Bu doyumsuzluğu bir gün qara torpaq doyurar,
Yox inam da buna hərçənd, sizi ancaq doyurar,
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
Qənim olmuş bu tamah millətə, doymur gözünüz.
Gəlişiynən əcəlin tez kəsilər dığ-dığınız,
Son-axır mənzil olur, mütləq ölüb sığdığınız,
Sizə bəs etmir axı, heç bu qədər yığdığınız?
Bulaşır hər şeyiniz rüşvətə, doymur gözünüz.
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
Düşünüb millətə hər gün qura bildin tələ gör?
Gətirib işləri saldın nə sayaq əngələ gör,
Bilirik, var nəyiniz aşikar-üzdən, hələ gör,
Nə qədər yığmısınız xəlvətə, doymur gözünüz,
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
Çağırın, yardım edin, millət ölür, məcbur olur,
Çoxu çox arzusuna həsrət ölür, məcbur olur,
Qalıb işsiz, yatır ac, külfət ölür, məcbur olur,
Gedən ancaq yol alır qürbətə, doymur gözünüz,
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
Yaşayan sizlər olun, lap eləyin yüz qələti,
Necə sığdırmısınız bir sifətə yüz sifəti?
Kasıbın son qəpiyindən gözünü çəkmə qəti,
Şişir ey, dur hava vur qiymətə, doymur gözünüz,
Pulunuz çox, necə var dövlətə doymur gözünüz?
Yox ümid heç gələcəkdən yana, dur keçmişə bax,
Yaman azğınlaşıb artıq, hər əməl, vərdişə bax,
Nəfisindən sığınır Allaha şeytan, işə bax,
Sizə baxdıqca gəlir heyrətə, doymur gözünüz.
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
Çıxıb ərşə bu zülüm xeyli zamandır, daha dur,
Vəziyyət pis, solub əhval ki yamandır, daha dur,
Yetər artıq, dirənib, zülmü dayandır daha, dur,
Gəlin azca təmiz ar-qeyrətə, doymur gözünüz,
Pulunuz çox, necə var-dövlətə doymur gözünüz?
«PENSİYANER»LƏRİN ADINDAN
Silinən çirkli pulun hoqqası çox pensiyada,
Qur oyun, pulları yığ, millətə sox pensiyada,
Çoxu onsuz tez ölür, qisməti yox pensiyada,
Yaşamır, «pensiyaner»lər narazı, pensiya ver.
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Belə sayğac ki, rəqəm-sayda yazır, qıy verirəm,
Qışı bir dərd, nə payız? Yayda yazır qıy verirəm,
Komunallar nə qədər ayda yazır, qıy verirəm,
Donuram, söndürürəm qışda qazı, pensiya ver.
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Axı, mən harda qalım?—Yoxdur evim ay «xazeyin»,
Gedir işlər baş-ayaq, hər şey olub zay «xazeyin»,
Kirayə qaldığım evdən çıxarır day «xazeyin»,
Yazığın şişmiş əsəbdən boğazı, pensiya ver,
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Siz ayaq atdığınız «şey» bizə zillət gətirib,
Qara gün qisməti çox, ömrünə millət gətirib,
Halal öz haqqımı qaytar mənə, minnət gətirib,
Nə də göz süzmə, durub etmə nazı, pensiya ver!
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Haram ancaq yeyən alçaq çoxunun qarnı şişib,
Daha buynuz-zad atır xalqına, artıq yetişib,
Keçən illər pis olub, hal daha bərbad dəyişib,
Dalımızdan ucu biz, vurma pazı, pensiya ver.
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Gələcək yeddi nəsil-soy yeyəcək, var pulunuz,
Sizin olmuş üzünüzdən qara millət qulunuz,
Bizi hər gün daha çox tapdalamaqdır yolunuz,
Təpik at, şilləni çək, qoy qapazı, pensiya ver.
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Qəmimiz çox, qəmimizdən tikirik, ev hörürük,
Qatırıq baş ki yalandan, guya xoş gün sürürük,
Dədə Qorqud, necə ağsaqqal adamsan görürük,
Barı hərdən səs edib, çal bu sazı, pensiya ver,
Dəxi normal yaşayaq, normal azı pensiya ver.
Nə zaman bir dəfə bunlar olacaq baltaya sap?
Cavab axtar, yolu bir göstər, oğulsan bunu tap,
Gəl oxursam belə gerçək «Kitabullah» sözü lap,
Gəl eşit Ceyhunu, xoşdur avazı, pensiya ver.
Dəxi normal yaşayaq, normal azı pensiya ver.