Firuz Mustafa: Küləyin yerə atdığı portret (kiçik xatirə)

Fikirlər Xatirələr
Bu, Brejnevin şəkli idi.
Küləkli bir payız günü idi. Arada yağış çiləyidri. AzTv-nin foyesinə toplaşmış bir dəstə adam ucadan deyib-gülür, nəyisə müzakirə edirdilər. Mən də onlara yaxınlaşdım. Əksəriyyəti aktyorlar, bir də ədəbi-dram verilişləri redaksiyasının əməkdaşları idi. Deyəsən hansısa verilişin və ya tamaşanın çəkilişinə hazırlaşırdılar.
“Dəstə”nin ortasında dayanmış Səməndər Rzayev ucadan, gur səslə danışır, ətrafındakılara nəyisə izah edirdi. Birdən qapı-pəncərələr şaqqıltı, guppultu ilə taybatay açıldı. Haradasa çiliklənən pəncərə şüşəsinin cingiltisi eşidildi.
Adamlar diksindi. Güclü külək qalxmışdı. Sonra yaxınlıqda, lap qulağımızın dibində şağğıltı və tappıltı eşidildi. Sən demə, dəli külək divardan asılmış şəkli qoparıb yerə atmışdı.
Heç kəs yerə düşmüş şəklə yaxınlaşmaq istəmirdi. Məsələ burasında idi ki, bu, Brejnevin yağlı boya ilə çəkilmiş iri portreti idi. Şəkildə masa arxasında əyləşmiş Baş katıbin qarşısında buğlanan pürrəngi çay, büllur külqaqbı təsvir olunmuşdu. Brejnevin barmaqları arasındakı siqaret tüstülənirdi. İnsafən, yaxşı bir rəssam işi idi. Bəlkə elə bu şəklə görə, daha doğrusu, siqaret tüstülədən Baş katıbə görə bu ciddi idarədə kişilər bir yana, elə qadınlar arasında da çəkənlərin sayı kifayət qədər idi.
Bəli, külək Brejnevin şəklini divardan qoparıb mərmər döşəmənin üstünə atmışdı.
Bayaqdan deyib-gülən adamların səsi sanki birdən-birə batdı. Yalnız küləyin uğultusu eşidilirdi. Şəklə yaxınlaşmaq istəyən cürətli bir kəs yox idi, zira bunun bir düşər-düşməzi ola bilərdi. Çərçivənin içindəki Baş katibinsə dünya vecinə deyildi, ləzzətlə öz siqaretini tüstülədirdi.
Birdən Səməndər Rzayev asta, ehtiyatlı, ləngərli addımlarla şəklə sarı getməyə başladı, əyilib onu yerdən götürdü. Cibindən dəsmal çıxarıb şəklin üstünün tozunu aldı. Portreti divardan asa-asa özünəməxsus şirin, həlim, asta “bulaq” səsi ilə Baş katibə müraciətən danışmağa başladı:
-Əziz Leonid İliç, biz sizi çox sevirik. İnanın ki, bu, bizim təqsirimiz deyil. Külək belə etdi. Bağışlayın bizim Bakı küləyini. – Onun ürəyi soyumadı, sanki Baş katib yaxşı “başa düşsün” deyə öz müraciətini rusca da ifadə etdi:- Doroqoy Leonid İliç, mı oçün lyubim vas. Mı zdes ne priçom. Veter vinovat… Prostite bakinskoqo vetra…
Nəhəng vücüdlu aktyor şəkli divardan asıb yenə asta addımlarla geri çəkildi.
Bir azdan külək sakitləşdi.
Brejnevsə öz siqaretini tüstülətməkdə idi.
Foyedə toplaşanlar dərindən nəfəs aldı.
Mən də bir siqaret çıxarıb alışdırdım.
Qiymət