Elsevər Bəydəmir — şeirlər

Elsevər Bəydəmirli

Anamın həsrəti

 

Bilirəm, sən məni necə sevirsən,

Sənin ilk beşiyin, ilk qucağınam!

Gözünü hayana baxıb çevirsən,

Evin-eşiyinəm, künc-bucağınam!

 

Bilirəm, sən mənə necə bağlısan,

Ayrılıq dərdindən köksü dağlısan.

Küssən, könül qoysan yenə haqqlısan,

Varınam, yoxunam, varacağınam.

 

Bilirəm, nə qədər istəyir ürək,

Bilirəm anaya övladı gərək.

Ötməz bağazından bir loxma çörək-

Yadına düşəndə umacağınam!

 

Min arzuyla isti yuva qurdun da,

Bunca möhnətimi çəkib-durdun da,

İndi bir övladın yoxdu yurdunda,

İstisi çəkilmiş köz-ocağınam.

 

Bilirəm ay anam, bilirəm səni!

Yerinəm, göyünəm, solun, sağınam!

Haçanki dünyaya gətirdin məni

O gündən ən şirin oyuncağınam!

 

Ah dedi

 

Dedim: qəlbim, nədir dərdin, məlalın?

Rübabından qopdu bir cız, «ah!» dedi.

Yaxır səni yoxsa nakam vüsalın?

Necə desəm — sözlər aciz, ah dedi.

 

Sığınmışdın mövlanın pənahına,

Niyə yönün düzəlmədi rahına?

Tuş gəlmisən bəlkə kimin ahına,

Tək hecalı, amma veciz, «ah!» dedi.

 

Bü dünyanın bax belədi binəsi,

Şər işlərə qurulub ənənəsi.

Dərd əlindən anladımkı sinəsi

Ümmanıymış, açdı bir cüz, «ah!» dedi.

Qiymət