(Poema)
Çevirdim ”tarixin” köhnə varağın,
Gətirdim sizlərə bir eşq sorağın.
Bir az yaxın otur əziz oxucu,
Sənə də tanışdır bu hiss, bu duyğu.
Hələ yeniyetmə, bəlkə uşaqdı,
Yaxında on altı yaş olacaqdı.
Bizim qəhrəmanın adı Mahirdi
Uşaq da, böyük də onu sevirdi.
Çünki davranışı ağıllı, düzgün,
Kamil aparırdı hər yerdə özün.
Məktəb illərinin doqquz pilləsin
Qalxmışdı, öndəydi təhsil zirvəsi.
Hər işdə zirəkdi, zəhmətsevərdi,
Həm də alicənab, insanpərvərdi.
Qazanmış sevgisin müəllimlərin,
Əla oxuyurdu Mahir dərslərin.
Təhsili uğurlu, əməli yetkin,
Şəkli bəzəyirdi şərəf lövhəsin.
Qayğısız keçirdi məktəb illəri,
Görüncə bir nazlı, bir gözəl pəri
Vuruldu bir qəlbdən, min bir könülə.
Məhəbbət nə demək? Bilmirdi hələ…
Qızın gözlərində dünya görürdü,
Eşqindən saçına çələng hörürdü.
Adı Mədinədi, rəftarı gözəl,
Yerişi, duruşu bir başqa, özəl.
Yüz qızın içindən seçmişdi onu,
Qara gözlərinin olmuş vurğunu.
Baxışı, duruşu məst edir gənci,
Yox idi aramı, yox idi dinci.
Elə ki, gözləri qarşılaşırdı,
Dili tutulurdu, ağlı çaşırdı.
Qızı görən zaman itirir özün,
Oğlan unudurdu deyəcək sözün.
Sevirdi canından, özündən artıq,
Tuturdu xətrini yüzündən artıq.
Baxırdı gizlicə, bir söz demədən,
Gəlirdi məktəbə hər kəsdən erkən.
Bircə yol görməkçin qızı uzaqdan
Durub gözləyirdi onu qıraqdan.
Beləcə dolanır aylar keçirdi,
Gənc aşiq qəlbindən nələr keçirdi.
Hərdən yaxınlaşıb soranda halın,
Kölgəsin görürdü üzdə hilalın…
Qızın gözlərində vardı nur, işıq,
Qara, qıvrım saçlar üzə yaraşıq.
Bənizi ay kimi, gözləri ulduz,
Eşqi yandırırdı ocaqsız, odsuz.
Mədinə mələkdi, Tanrı əsəri,
Mahirin ürəyi sevgi əsiri.
Qızın məhəbbəti qəlbinə hakim,
Belə gözəlliyə kim vurulmaz, kim?!
Gecələr düşünüb verirdi qərar:
“Açacam qəlbimi, nə olar, olar!”
Elə ki, gəlirdi qarşı-qarşıya,
Bütün ümidləri düşürdü suya.
Ümid ağacından arzu asırdı,
Qızı görən kimi dilin qısırdı…
“ Nə yaman ciddidir bu qız, ay Allah?
Qəlbimi açmağa qorxuram vallah…
Haqqımda nə keçər görən qəlbindən?
Bəlkə də biryolluq inciyər məndən?”
Atası-anası xəbər tutarsa,
Ya mənim atama xəbər çatarsa,
Mənim saf eşqimi anlarmı kimsə?!
Müəllimlər belə duyub eşitsə,
Gözündən düşərəm hər kəsin yəqin…
Rüsvayı olaram bu təmiz eşqin.”
… Təzadlı fikirlər yorurdu ağlın,
Gah cəsur olurdu, gah da ki, çaşqın.
Həbs edib könlünə Mahir öz eşqin,
Çalışdı bir kimsə duyub bilməsin.
Gəncin sevdasından xəbərsizdi qız,
Ondan mehribanlıq duyurdu yalnız.
Oxumaq, təhsildi tək düşüncəsi,
Kitabla keçirdi gündüz, gecəsi.
Ali təhsil almaq qızın arzusu,
Hələ dadmamışdı sevgi duyğusu.
***
Gənc aşiq hər gecə xəyal qururdu;
…Ümidsiz arzular ruhun yorurdu.
Düşünürdü, “Səbr et, ürəyim, səbr et,
Məqsədə çataram bir zaman əlbət.
Əsasdı son qoyaq orta təhsilə,
Tələbə adını qazanaq hələ.
Gəlib doğru məqam yetişən zaman;
Yara söz açaram duyğularımdan.
Gülüm ağıllıdır, anlayar məni,
Mədinəm ovudar sevən qəlbimi!”
Böyük ümidlərə bel bağlayırdı,
Hələ ki, sirrini bərk saxlayırdı.
Nağıl dili yüyrək, sürətli olur,
Keçir aylar, illər, zaman tez dolur.
Bitirib məktəbi hər iki cavan
Ali təhsil üçün keçdi sınaqdan.
Tələbə adını qazandı Mahir,
Uğuru adına yazandı Mahir.
Yoxdu sevincinin həddi-hüdudu,
Qələbə hardasa, Mahir ordadı.
Öyrənmişdi qız da qazanıb uğur,
Sevincdən qəlbinə səadət yağır.
İstərdi bir görüb təbrik eləsin,
Ona xoş arzular, bol şans diləsin.
Fəqət baş qarışdı, işlər çoxaldı,
Qızla görüşməyi təxirə saldı.
Düşünürdü Mahir, ” başlanıb dərslər,
Sahmana salaram vaxtı birtəhər.
Mütləq görüşərəm bir gün şəhərdə,
Görüm o işığı qara gözlərdə.
Ona ehtiyacım indi daha çox,
Onsuz sevincimin dadı-duzu yox”
Hicran, həsrət hissi ruhunu sardı,
Ürəyi dözmədi qürurun qırdı.
Güclü sevgi hissi çəkib apardı.
Gəldi instuta, arasın, sorsun…
Tapdı oxuduğu təhsil korpusun.
Ətraf qələbəlik, izdiham gerçək,
Gələni, gedəni izlədi tək-tək.
Görmədi o günü qızı, qayıtdı,
İztirablı təşviş qanın qaraltdı.
Mədinə həsrəti canın alırdı,
Tez-tez zaman tapıb ora gəlirdi.
Günlərin bir günü gördü nəhayət,
Qızların içində o gözəl Afət…
Dünya gözlərində nura boyandı,
Onu göydən enmiş hür- mələk sandı.
Gəncin həyacandan tutuldu dili,
Sevinclə havada yelləndi əli.
Könlündə duyğular alışdı, coşdu,
Dərin məhəbbətlə qıza yanaşdı:
-Səni təbrik üçün gəldim, Mədinə,
Gecikdim, bağışla sən məni yenə…
Mahiri görüncə çaşqın dayandı,
Qızın da qəlbində rəğbət oyandı:
-Çox sağ ol, ay Mahir, çəkdin əziyyət,
Mən də istəyirdim bir tapım fürsət…
Səninlə hardasa bir gün görüşək,
Təhsildən, həyatdan fikir bölüşək.
Mənim sənə sayğım, hörmətim çoxdur,
Görüşmədik dostum, gör neçə vaxtdır.
Gəncin ürəyində ümid yarandı;
“Düşündü fikrimi açım, zamandı”-
Söz saldı hissindən, duyğularından,
Rəng verib-rəng aldı danışan zaman.
Mahir anladırdı- “çox sevir onu,
Qıza ilk baxışından vurulduğunu”.
Bir xeyli danışıb söhbət etdilər,
Gizli arzuların bəyan etdilər.
***
Bitdi imtahanlar, qayıtdı kəndə,
Hər kəs şad-xürrəmdi Mahir gələndə.
Anası bişirir cürbəcür təam,
Ata quzuları “eləyir edam”.
Yığılır süfrəyə qohum, qonşular,
Deyib-gülür hər kəs, bacı-qardaşlar.
Qonşunun qızı da gəlmiş köməyə,
Ana macal tapır qız göstərməyə…
“Mahir, çox gözəldir bizim Mehriban,
Mənə köməkçidir bu qız hər zaman.
Bacın çox kiçikdir, yarımır işə,
Əl-ayaq qarışıb düşsəm təşvişə,
Mehriban o anda gəlir köməyə,
Hətta gərək qalmır nəsə deməyə.
Bacarır hər işi, ağıllıdır çox,
Diqqət et sən ona, bir yaxşıca bax.
Tamaşa etməyin gərəkdi yalnız,
Yamanca könlümə yatıbdı bu qız.
Tələsik bildirmə fikrini mənə,
Yəqin yavaş-yavaş girər qəlbinə.
Mahir çox hirsləndi bu “təqdimatdan”,
Düşündü anadır, sallam inaddan.
Nə gərək söz deyim bu vurhavurda,
Hər halda iki ay olacam burda.
Anama danışıb sevdiyim qızdan,
Döndərrəm fikrini bu “yararsızdan”.
***
Günləri keçirdi tay-tuşlarla şən,
Yeni qurtulmuşdu tünlük mühitdən.
Dostlarla görüşüb söhbət edirdi,
Zamanı qayğısız keçib gedirdi.
Bir gün yenə ana söz saldı qızdan:
-“Dedi, çox zirəkdir bizim Mehriban.
Həmi istiqanlı, həmi gülərüz,
Harda var bu qədər bacarıqlı qız?
Övlad kimi mənim qayğıma qalır,
Ona olan sevgim hər gün çoxalır”…
Mahir əvvəl coşdu, dedi: “Ay ana!
Yaman bağlanmısan qonşu qızına.
Ola bilər, yaxşı, həm zirək qızdı,
Bir qız sevmək üçün bunlar çox azdı.
Bir də ki, açığı deyim, bil sən də,
Mənim könlüm çoxdan düşüb kəməndə.
Hələ orta məktəb illərindən mən,
Bir qızı çox sevdim candan, ürəkdən.
O, həm ağıllıdır, həm zəkalıdır,
Həmi istedadlı, həm həyalıdır.
Tək onu görürəm qəlbimə həmdəm,
Ondan başqa bir qız mən istəmirəm!.
Sən də istəyirsən ömrüm olsun şən?
Sevdiyim qız üçün elçi gedərsən!
Üzük apararıq, nişan taxarıq,
Arzuya çatarıq, kama çatarıq.”
Bu təklif ananı qane etmədi,
“Mehriban dəftərin” əsla örtmədi.
Dönüb qayıdırdı hey zaman-zaman
… Küsüb evdən getdi sevdalı oğlan.
Üzüldü ailə bu ayrılıqdan.
Ana başa düşdü, oğlu aşiqdi,
Nə desə faydasız, boş danışıqdı.
Mahir qərarından dönmədi əsla,
Həyatı bağlıydı sevdiyi qızla.
Gün-gündən artırdı eşq-məhəbbəti,
Təsəvvür etmirdi onsuz həyatı.
Bir yerdə xoş keçir zamanı, vaxtı,
Tək onu sayırdı taleyi, baxtı.
Çox dəyər verirdi gənclər sevgiyə,
“Dünyanın xoşbəxti tək bizik”-deyə
Mədinə gözəldi, əxlaqı düzgün,
Hörmətə layiqdi hər işi qızın.
Ona bir çoxları düşsə də elçi,
Mahirdi qəlbinin hakimi gərçi.
Yarını göstərib deyirdi, bilin,
Mən çoxdan tutmuşam aşiqin əlin.
Bütün qəlbim, ruhum bağlıdır ona,
Odur hakim olan bu qəlb, bu cana.
Ondan özgə görməz gözüm kimsəni,
Fərhad tək dağlara çalmış tişəni.
Yolumda dağ yarar, daş çapar Mahir
Mən onun Zöhrəsi, o mənə Tahir.
Qeyri-adi bir eşq bağlayır bizi,
Yandırır bu sevda ürəyimizi.
Qızın gözlərində gülürdü aləm,
Özünü bəxtiyar sayırdı hər dəm.
Qəlbi duyğulardan olurdu xoşhal,
Gözlər işıq saçır, hüsnü aycamal.
Təhsildə, bilikdə gedir irəli,
Onu çox sevirdi müəllimləri.
İstər karyerada, istər həyatda,
Birgə davam etmək istək,ovqatda.
Hər iki gənc bunu xəyal edirdi,
Günlər, aylar belə axıb gedirdi.
***
Ana çox üzgündü Mahiri üçün,
Söylədi ərinə, “durmusan neçin?
Bir get övladının al ürəyini,
De, qəbul edirik hər istəyini.
Qoy gəlsin danışaq, yox etirazım,
Qalmasın qəlbimdə arzum, murazım.
Təki balam özü olsun bəxtiyar,
Ananın, atanın nə istəyi var?!
Ata razılaşdı, getdi şəhərə,
Xoş müjdə apardı oğlu Mahirə.
Mahir bu gəlişdən çəkdi xəcalət,
Rəva görməzdi heç, versin əziyyət.
Nə ata danışdı, nə oğul dindi,
Yumşalıb anası artıq yəqindi.
Gəncin sevincinin yoxdu hüdudu,
Bu anı o, çoxdan arzulayırdı…
Müjdə vermək üçün gözəl yarına,
Girirdi telefon “budkalarına”.
Bir az həyacanlı, bir az təlaşlı,
Çaşdırdı qızı da əməlli-başlı:
-Mahir, niyə belə həyacanlısan,
Mən ki, söz vermişəm hələ o zaman.
Ölsəm torpağınam, yaşasam sənin!
Möhürdür könlümə sevən gözlərin.
Eşqinə, vəfana güvənim böyük,
Gəl qərar verməyək belə tələsik.
…Mahir deyəmmirdi tam mahiyyəti,
Qızdan gizlədirdi sözü-söhbəti.
İstəmirdi yarı olayı duysun,
Ürəyi incisin, qəlbi qırılsın…
Onu şirin dillə razı salırdı,
Gah dilə tuturdu, könlün alırdı:
— Yar, görüş vəd edək axşamçağına,
Gəl, səni aparım sevgi bağına
Dolaşsın gül-çiçək əl-ayağına,
Açaq məhəbbətdən sevgi süfrəsi.
Gəzişək bağçanı, dolaşaq bağı,
Geyinək, bəzənək bayramsayağı,
Olaq gül bağçanın əziz qonağı;
Keçirək birlikdə nişan gecəsi.
***
Mədinə fərəhlə güldü ürəkdən,
Söylədi:
— Sevgilim, əcəb şairsən!
Oğlan gördü əsla azalmır təlaş,
Dedi:
-Gəl görüşək, canım, hazırlaş.
Aynanın önünə keçdi qız həmən,
Kim imtina edər yarla görüşdən.
Ürəyi atlandı, qəlbi sevindi,
Mahirin secdiyi ağ don geyindi.
Bəzəndi-düzəndi, süstləndi gözəl,
İstəyirdi yarla gün olsun özəl.
Zil qara saçların daradı tək-tək,
Gözə sürmə çəkdi dağlansın ürək.
Bilirdi vurğundu Mahir gözünə,
Qara qaş yaraşır ağ bənizinə.
Kipriyin kölgəsi bəzəyir üzün,
Lalədən rəng alıb yanağı qızın.
Elə bil göylərdən enmiş bir mələk.
Qönçə dodaqlara boya nə gərək?
Gəl ki, narazıdı qız camalından,
Yoruldu güzgüylə “qalmaqalından”.
Hərdən pəncərədən baxır nigaran,
Gördü sevgilisi gəlir uzaqdan…
Bir az da portmüşdü üzü-yanağı,
Alıb çantasını düşdü aşağı.
İti addımlarla gəlirdi yarı,
Qız da tələsirdi oğlana sarı.
Mahir sərv boyludu, qəddi-qamətli,
Həmi yaraşıqlı, həm əzəmətli.
Görmüşdü kənardan gəlir Mədinə
Gözəl libasını geymiş əyninə.
Elə cilvələnib gözəl nigarı,
Ay tək işıq saçır nazlı dildarı.
Ətrafı unutmuş hər iki cavan,
İstədi tez keçsin Mədinə yoldan.
Tələsdi yanına qəlb sirdaşının
Görmədi sürətlə gələn maşını…
Bir anda baş verdi böyük qəzavət
Mat qoydu hər kəsi acı fəlakət!
Bu böyük bəladan şok oldu hər kəs,
Doldu qulaqlara can yandıran səs…
Mahir haray çəkib hey boğulurdu,
Elə bil qəlbinə şiş soxulurdu.
Sanki qırılmışdı, əsirdi dizi,
Aldı qucağına yaralı qızı…
Qovrulur ürəyi, yanırdı canı,
Axırdı yol üstə dilbərin qanı…
Mahir yalvarırdı gələn hər kimə,
Amandır, zəng edin təcil həkimə.
Deyirdi:
-Can parçam, aç gözlərini,
Axı vəd vermisən, tut sözlərini.
Niyə tələsdin ki, saf eşqim, yarım!
Həyatım, mənliyim, əzmim, vüqarım
Tək sənə bağlıdır, mən heçəm sənsiz,
Ürək döyünərmi qansız, bədənsiz?
Mahirin səsinə qız açdı gözün,
Ani bir təbəssüm bürüdü üzün…
Nəsə pıçıldadı, sevindi oğlan,
Yığılan izdiham məhzun, pərişan,
Hər kəs üzülürdü bu sarsıntıdan.
…Sağdır, kömək edin, yalvarıram mən!
Qoymayın mələyim getsin əlimdən!
Həkim çağırıldı.., gec idi heyhat…
Söndü, sona çatdı gəncəcik həyat.
Mahir də içindən məhv oldu getdi,
O xoşbəxt həyatı qurtardı, bitdi.
Qalmış qulağında o dəhşətli söz-
“Ölsəm torpağınam”- söyləyirdi qız…
“Axı niyə elə deyirdin gülüm,
Səni məndən aldı vədəsiz ölüm.
Kimin qisməti var mənimki kimi,
Sən idin qəlbimin sevgi hakimi…
Dəhşətli qəzadan sarsılmış adam:
-“Bu qəza olmazdı mən çağırmasam!”
…Yox idi bu dərdin həbi, əlacı.
Bir məzar, bir Mahir, bir də ki, acı…
Yaralı ürəyi üsyan edirdi..,
Hər gün eyni yolu tutub gedirdi.
Keçirdi yataqda uzun bir ili,
Yarımçıq qoymuşdu hətta təhsili.
Ata çağırırdı onlarca təbib,
Bu dərdin önündə çarəsizdi tibb.
***
Tələbə dostları gəlib-gedirdi,
Hər kəs istəyirdi azalsın dərdi.
Bir çoxu yalandan kömək umurdu,
Mahiri dərdiylə yalnız qoymurdu.
Gah kitab gətirir, gah da lahiyə,
“Birlikdə çalışaq, kömək et”-deyə.
Onu müəllimi ziyarət etdi,
“Bitir təhsilini”-nəsihət etdi.
Aqillər söyləmiş əsl loğmandı,
Ən ağır dərdə də məlhəm zamandı.
Düzdü, çox dərindi Mədinə dağı,
Bu ağrı qəlbinin sadiq qonağı…
Səbr verir bizə böyük yaradan,
Bitirdi təhsilin yaralı insan.
Çıxara bilmirdi qəm libasını,
Amma çox sevidi ixtisasını.
İşinə-gücünə bağlanmışdı çox,
Nə başqa arzusu, gözləntisi yox.
Keçdi o dövrdən keçdi çox illər,
Görünür saçında tək-tək ağ tellər.
Hər ona baxanda ana yanırdı,
“Bir gün sağalacaq”-çox inanırdı.
Dayana bilmədi axır, nəhayət,
İstədi oğluna etsin nəsihət:
-Yanır ürəyimiz, yanır, can bala,
Gəl dinlə ananı, nolar, gəl yola…
Ölənlə ölünməz, bunu sən də bil,
Keçib o qəzadan artıq yeddi il.
Allah rəhmət etsin mələk qızımı,
Diriykən öldürmə sən də özünü…
Çoxdan ata olub dostun, tanışın,
Saçların ağarır, çoxalır yaşın.
Atan çox üzülür, düşmüşdür xəstə,
Tərslik etmə oğul, gəl durma qəsdə.
Evlən, ailə qur, nəvə görək biz,
Qalmasın ürəkdə istəklərimiz…
Mahir əvvəlki tək qızıb coşmadı,
Tərs üzün göstərib, sərt danışmadı.
Doğrudur acıdan qəlbi göynədi,
Nisgilli anaya bir söz demədi.
Sakit, səssiz durub çıxdı qapıdan,
Çıxdı qarşısına yolda Mehriban.
Mahir eşitmişdi qız ərə getmir,
Mahirsiz yaşamı təsəvvür etmir.
Düzdü gülünc idi ona bu söhbət…
Bir anlıq düşündü, etdi qətiyyət:
Söylədi:- Hər şeyi özün bilirsən,
Ürəksiz vicudu sən neyləyirsən?!
Qarşında dayanan quru bir insan,
Məhəbbət gözləmə əsla sən ondan.
Yəqin ki, mən sadiq bir ər olaram,
Sevgi verə bilməm yüz il çalışsam.
Mənimlə qoşadır bu dərd, bu möhnət,
Qıymam kimsə çəksin mənlə əziyyət.
Mənə qıyma rəhm, etmə mərhəmət,
Rədd etmə qarşına çıxınca qismət.
Mehriban pərt oldu, üzüldü yaman,
Gördü inadından dönmür bu oğlan.
Dedi, anlamırsan, yanmışam mən də…
Halımı, günümü sən görməsən də.
Sən onu sevirdin, mən isə səni,
Biz eyni dərdliyik, başa düş məni…
Razıyam on il də gözləyim hələ,
Qocalım, bəyazlar tökülsün telə.
Səndən başqasına olmaram mən yar,
Ya öldür, ya yaşat! Verrəm ixtiyar!
Oğlan da sarsıldı qızın sözündən
Dərin bir məhəbbət gördü gözündə.
Dedi, “şərtlərimi qəbul edirsən?!
Qız dedi, “razıyam, inan nə desən!”
***
Evə gəlin gəldi qonşunun qızı,
Sevincdən ananın gülürdü gözü.
Evdəki ab-hava dəyişilirdi,
Atanın-ananın üzü gülürdü.
Mahir də çalışır tez gəlsin evə,
Yerinə yetirsin borcunu, deyə
Qayğı göstərirdi sevən qadına,
Çatırdı hər işdə onun dadına.
Beləcə yaşanıb gedirdi həyat,
Tanrı bəxş elədi gözəl bir övlad.
Qızının adını Mədinə qoydu,
Sanki Mehribanın yarasın soydu.
Narazılıq etdi, küsdü ərindən,
Mahir ilk dəfəydi evlənən gündən;
Onunla danışdı əsəbi, çox sərt,
Dedi, yaddan çıxıb kəsdiyimiz şərt?!
…Kimə qısqanırsan? Nakam bir qıza?
Özün hörmət elə verdiyin sözə.
Səni aldatmadım, demədim yalan,
Mənim taleyimdən sən xəbərdarsan.
Pis-yaxşı yenə də həyatdayıq biz,
Torpaq altda yatır günahsız bir qız.
Əgər var insanlıq, ya vicdan səndə,
Bir azca mərhəmət olar qəlbində.
Mən canı yanmışam, xəstə biriyəm,
Ruhum çoxdan ölüb, baxma diriyəm.
Əgər xoş deyilsə, etmərəm məcbur,
Ayrılmaq istəsən, o zaman buyur.
O gündən Mehriban dərsini aldı,
Gileyi-güzarı qəlbində qaldı.
***
Gəl məni qınama əziz oxucu,
Mənə də çətindir bu dərd, bu acı…
Bir sevgi nağılı deyildir, inan
Yazdığım gerçəkdi, həyatda olan.
Çox vaxt açılmamış çiçək də solur,
Sevərək qovuşan gənclər az olur.
Kimsənin qisməti dəyməsin daşa!
Kaş bütün sevənlər yaşasın qoşa!
Son