«Qorxu» (hekayə) Xuraman Zakirqızı

Ədəbiyyat

Xan dostu, amandı, qoyma, gəldi!
Didarı yamandı qoyma gəldi!

                     (M.Sabir)

Yaşadığım çoxmərtəbəli binanın dördüncü mərtəbəsində, mənim mənzilimin üst qatında yaşayan Zəhra adlı qadınla demək olar ki, hər gün səhər işə gedərkən həyətdə rastlaşıb, hal-əhval tuturuq. Zəhra binanın həyətini süpürür, təmizlik işlərinə baxır. Qəlbimdə nədənsə bu orta boylu, solğun bənizli arıq qadına güclü mərhəmət hissi duyuram. Rastlaşanda, hal-əhval tutanda çox qısa danışan, baxışlarını müsahibinin gözlərindən yayındıran sadə görkəmli qonşum ilk baxışda əsl yaşından qat-qat yaşlı görünür. Amma diqqətlə baxsan, üzündəki məsumluq, sadəlik, kədərli gözlərindəki nisgil onun çox erkən qocalmasından xəbər verir.

Bəlkə də elə ürəyimdəki mərhəmət hissi bu qənaətimdən qaynaqlanır. Bildiyim görə, Zəhranın iki qız övladı var. Əri Turqutdan isə heç xoşum gəlmir, səbəbi də odur ki, onların yaşadığı mənzildə bütün günü sakitlik çökmüş olsa da, gecə saatlarında birdən- birə gürultu qopur. Türqutun dəli kimi bağırmaları, Zəhranın zəif səsli hıçqırtıları eşidilir və bu hal mənim onsuz da ağır keçən iş saatlarından sonra gərgin ovqatıma çox pis təsir eləyir.

Turqutun çıxardığı həngamələrlə müşaiyət olunan günlərin biri idi. İşdən gəlib soyuducuda olan yeməyi isidib könülsüz-könülsüz yedim. Yatağıma uzandım, bir neçə saat yatağımdaca kitab oxudum (artıq buna adət eləmişəm). Nədənsə özümü çox yorğun, gərgin hiss edirdim.

Nə zaman yuxuya getmişəm, bilmədim. İşığı söndürməyi belə unutmuşam.

Azmı-çoxmu yatdığımı bilmirəm, qəfildən qapımın aramsız döyülməsinə oyandım, səksəkəli halda “nələr baş verir, kim ola bilər?”- deyə düşündüm. Uşaqlığımda aldığım sinir travması üzündən gecə yarısı qapı döyülməsi məni həmişə bərk həyacanlandırır, qorxuzur.

Qalxıb səksəkəli halda tələsik qapıya getdim, gözlükdən baxsam da, qapı döyəni görə bilmədim. “Kimdir?” — deyə soruşduğumda: “Ceylan bacı, mənəm, nə olar, aç qapını..,” — həyacanlı qadın səsieşitdim. Zəhranın səsi idi.

Qapını açınca Zəhra böyük qızı Nurla təlaşlı baxışlarla içəri girdilər və məndən qapını tez bağlamağı xahiş etdilər. Anladım ki, gecənin bu vaxtında yataq paltarında, ayaqları yalın qapıma gəliblərsə, demək son çarə olaraq mənə güvəniblər, mənə sığınmağı lazım biliblər. Qeyri-adi nəsə baş verdiyini düşündüm. Güclü bir qorxu hissi bütün vücuduma sirayət edir və içimdə güclü bir hiss gecənin bu “gözlənilməz qonaqlarına” yardımçı olmaq istəyi yaradırdı.

Asılqandan yun jaketimi anaya, isti şarfımı Nura verib otağa gətirdim. İsinmələri, həyacanlarının bir az ötüşməsi üçün mətbəxə keçib çay qoydum. Qorxudandı yəqin, hər ikisi tir-tir əsirdi, sanki soyuq suyun içindən çıxıb gəlmişdilər…

Ürəyimdə bu fikirlərlə Zəhraya baxdım . Qadının qorxusu, həyacanı aramsız göz yaşlarına dönüb yanağına axırdı. Mənim də ürəyim quş ürəyi kimi həyacanla döyünür, köksümdən çıxacaqmış kimi hiss edirdim. Nur da çarəsizliklə gah mənə, gah anasına baxıb titrəyirdi. Onun da nə qədər halsızlaşdığı aydın hiss olunurdu. Anidən qızın rəngi tamam bəyazlaşdı və oturduğu çarpayının üstünə yıxıldı. Bir an duruxsam da, qıza tez ilkin yardım etməyi düşündüm. Bu sahədə az-çox təcrübəm var. Axı mən (tanınmış jurnalist olaraq) ailə-məişət məsələlərini mütəmadi qabartdığım üçün ailə həyatında sarsıntılar, əzablar yaşayan qadınlar mənə çox müraciət edir, söhbət əsnasında belə hallarla tez-tez rastlaşıram.

Zəhraya işarə elədim ki, daha ağlamasın, qızına daha pis təsir eləyir onun çarəsizliyi.

Sakitləşdirici dərmanlar Nura öz müsbət təsirini göstərirdi. O artıq əvvəlki kimi titrəmir, ümid dolu baxışlarını üzümdən çəkmirdi. Özümü ona güclü, heç nədən qorxmayan birisi kimi göstərməliydim. Zəhraya:

— Turqut tamam cızığından çıxıb, yəqin gecənin bu vaxtı döyüb, qovub sizi? Anasından qabaq Nur boynuma sarılıb:

— Ceylan xala, aman günüdür məni qoru, atama vermə, nə olar — deyə, yalvarmaya başladı.

— Tamam qızım, kimsə sənin razılığın olmadan mənim evimdən səni çıxara bilməz, amma əvvəl danışın bilim ki, məsələ nədir? Yəni sizin evdən qaçmağınıza səbəb nədir? Mənim müdaxilə etmək hüququm varsa, əlbəttə sizə yardımcı olacam, — dedim.

Nur, on altı yaşında lisey tələbəsidir, üniversitet imtahanlarına hazırlanan bir qız uşağı. İçki aludəsi olan cahil ata pul-para qıtlığı çəkib, borc bataqlığına girincə, ucqar bir rayonda yaşayan uzaq qohumu ilə sövdələşərək, onu qane edəcək qədər başlıq pulu alıb, qızını 15 yaş böyük bir kişiyə ərə verməyə söz verib. Pulu da əvvəlcədən alıb. Bu sabah Nuru gəlin olaraq səssiz-sədasız kəndə gəlin aparılmasını planlaşdırıbmış tüfeyli ata. Bunları eşitmək mənim üçün çox ağır idi, çay içə-içə danışır və bu məsum, çarəsiz qıza necə yardımçı ola biləcəyimi düşünürdüm.

Gecənin yarısı, hardasa saat dörd radələri, mən kimi arayım, kimdən yardım istəyim axı?

Yenə də ağlıma bizim Əhməd dayı gəldi. Cümlə yetimlərin, ehtiyaç sahibi insanların, tələbənin, fəqirin, zəifin babasıdı Əhməd dayı.

Nömrəsini yığdım. İlk dəfəydi gecə yarısı birinə zəng edirdim. Uzun, aramsız çağrısdan sonra Əhməd dayının yuxulu səsi eşidildi:

— Ceylan qızım, xeyir olsun, nə oldu?

— Mən yaxşıyam, Əhməd dayı, çox üzrlü say ki, bu saatda səni narahat etdim. Çox vacib bir işim düşüb sənə, köməyinə böyük ehtiyacımız var.

— Nə oldu, ay qızım, anlat görüm, — arxayın bir səslə soruşdu. Səsin belə arxayınçılığı məni də xeyli sakitləşdirdi. Baş verənləri Əhməd dayıya danışdım.

Əhməd dayı:

— Heç qorxmayın, səhər 8-də, erkəndən balkonunun altında əmrinə müntəzirəm (səsinə bir az da yumor qatırdı ki, mənim qorxum sovuşsun). Kimsə nə sənə, nə də onlara- qonaqlarına zərər verə bilməz, — dedi.

Doğrudan da artıq qorxum keçmişdi. Zəhranı, Nuru da sakitləşdirməyə cəhd edirdim. Yatmağa çalışsaq da, gözümüzə yuxu girmədi. Səhər saat yeddi radələrində binamızda qıyamət qopdu elə bil. Turqut evi qızının, öz anasının başına yıxırdı. “Hara getdilər, hara qaçdılar? Öldürəcəm, ayaqlarını sındıracam ikisinin də” — deyib bağırırdı.

Sübhün alatoranında binanın bir neçə mərtəbəsində qapıları döyür, hər kəsi narahat edir, amma qonşular da Turqut əl çəksin deyə qapılarını açır, həqiqətən də onun arvadının, qızının gəlmədiyinə onu inanadırmağa çalışırdı.

Turqut mənim qapımı döyən anları Zəhra xanımla qızı Nur ayaq üstə duran cəsədə dönmüşdülər. Cəld tərpənib ikisini də yataq otağımdakı paltar şkafının içinə soxdum. Qapıya gedib yuxulu səslə “Kimdir?” — soruşdum.

— Ceylan xanım, aç qapını! — Turqut bağırırdı.

— Qorxuzursunuz məni, sabah- sabah, xeyirdir? Mən niyə sizə qapı açmalıyam? Qapımdan çəkilməsəniz polis çağıracam! — dedim. Mən acıqlı cavab verincə, qapımı daha möhkəm döyəcləyirdi Turqut.

Əllərim titrəyə-titrəyə Əhməd dayının nömrəsini axtarırdım ki, zəng eləyim, o anda qapının arxasından:

— Qorxma qızım, burdayam, — deyən səs eşitdim.

“Burax, əlindəkini!” — Turqutun üzərinə çığırıb, qollarını qandalladılar. Mən hələ də bütün bunları gözlükdən izləyirdim. Nəfəs almağı belə unutmuşdum. Azca qalırdı qorxudan dizlərimin bağı üzülsün. Əhməd dayı və yanındakı polislər artıq heç bir təhlükənin olmadığını, qapını aça biləcəyimizi söylədilər. Qapını açdığımda özümü uşaqlığımda yaşadığım qorxunun içində gördüm. Mənim atam da belə zülümkardı və bizim yardımımıza gələn ilk insanın boynuna atılırdım…

Əhməd dayının boynuna sarıldım və için-için ağladım. Uşaqlığım, bizim evin bitməyən dava-qarğaşası, şiddət, gərginlik müsibətləriylə keçmişdi. Böyüdüm, uşaqlarımı böyütdüm, evləndirdim, amma sən demə, həmin Ceylan hələ də qorxurmuş. Kimin evindən imdad çığırtısı duysam, strestdən burnumdan qan açılır. Əhməd dayının boynuna sarılarkən də üzümdə istilik hiss etdim. Çox utandım, hər duyduğum zavallı imdad çağırışlarına burnumun qanaxmaları başlayır. Uşaqlıqda aldığımız travmalar nə qədər böyüsək də, biz onları təhtəlşüurdan silə bilmirik, eyni halla qarşılaşınca, kiçik bir stresdən, həyacandan yenidən o travmaları yaşamış oluruq.

Əlində balta ilə qapımıza dayandığı üçün, narahatlıq, əndişə yaratdığı üçün, ən önəmlisi isə azyaşlı qız uşağını zorla evliliyə məcbur etdiyi üçün qonşularla birlikdə Turqut haqqında şikayət ərizəsi yazdıq. O, həbs olunub aparıldı.

O gün bir qızın deyil, iki uşağın — biri 16 yaşlı Nurun, o biri isə 50 yaşlı Ceylan xanımın içində hələ də yaşayan kiçik Ceylanın üzü güldü.

 

SON.

 

Qiymət