İki amerikalı otelin önündə dayanmışdı. Onların otaqları ikinci mərtəbədə, üzü dənizəydi. Burada yaşayan, öz otaqlarına gedib-gələn şəxslərin heç biri onlara tanış deyildi. Otelin yaxınlığında park vardı. Parkda dörd bir yanı xurma ağacları və skamyalarla tutulan bir müharibə abidəsi də vardı. Hava xoş olan zaman həmişə bir rəssam üçayaqlı molbertini götürüb gələrdi ora. Ağacların böyüməsi, üzü bağa olan otelin yaşıl rəngi və dəniz onu heyrətləndirərdi.
İtalyanlar uzun məsafəni qət edib buraya ona görə gəlirdilər ki, müharibə abidəsinə baxsınlar. O, bürüncdən düzəldilmişdi və yağış altında par-par yanırdı.
Yağışlı hava idi… Damcılar xurma ağaclarının budaqlarından asılmışdı. Ensiz torpaq yolda su çalalara yığılmışdı. Abidə meydanının yanından maşınlar ötüb keçirdi. Meydanın qarşısındaki kafenin önündə bir qarson dayanıb oğrun-oğrun meydana baxırdı.
Amerikalı qadın isə pəncərə önündə dayanıb ətrafı seyr edirdi. Bir qədər aralıda — pəncərənin tuşunda, üzərinə yağış damcılayan yaşıl stolların birinin altında pişik gizlənmişdi. Yağışdan islanacağından qorxub büzülmüş, yumağa dönmüşdü.
Bu vaxt pəncərədən baxan amerikalı xanım aşağı düşüb, pişik balasını gətirmək istədiyini dedi. Taxtın üstünə uzanmış həyat yoldaşı «özüm gətirərəm» deyib qalxmaq istədi.
«Yox! Özüm gedib gətirərəm. Yazıq pişik, girib masanın altına ki, islanmasın», — xanım dedi.
Həyat yoldaşı döşəyin üstündə iki yastığa dirsəklənib mütaliəyə davam etdi. Aşağı mərtəbəyə enən xanım ofisin önündən keçəndə otel sahibi — hündürboy qoca kişi ayağa qalxıb ona təzim etdi.
Qadın:
— Piove , — dedi.
— Si, si, Signora, brutto tempo. Çox pis.
Otelin sahibi həssas insan idi. Qadın əlüstü bunu başa düşdü. Onun bütün keyfiyyətləri, üstəlik, mərd kişilərə məxsus qırış kəsmiş böyük sifəti, iri əlləri qadına xoş gəldi və onu bəyənərək qapını açdı. Ətrafı nəzərdən keçirdi.
Möhkəm yağırdı. Rezin plaş geymiş bir kişi boş meydanı keçib kafeyə tələsirdi.
Pişik sağ tərəfdə olmalı idi. İslanmamaq üçün divarın dibi ilə gedə bilərdi. Qapı ağzında dayanıb tərəddüd edərkən başı üzərində çətir açıldı. Bu, onların otağına xidmət edən qulluqçu idi. Onun çöhrəsi gülümsər ifadə almışdı. O, italyan dilində:
— Çalışın islanmayasınız, sinyora… — dedi.
Hə, şübhəsiz, qulluqçunu onun ardınca mehmanxana sahibi göndərmişdi.
O, başı üzərində çətir tutmuş qulluqçu ilə birlikdə çınqıl döşənmiş cığırla addımladı. Bu minvalla pəncərələrinin tuşuna kimi getdi. Yağış altında yuyulan parlaq və yaşıl rəngli stol yerində idi. Pişik isə gözə dəymirdi. Qadının əhvalı pozuldu. Qulluqçu ona baxaraq:
— Ha perduto qualque cosa, Signora, — dedi.
— Burada pişik vardı.
— Pişik?
— Si, il gatto…
Qulluqçu gülərək:
— Pişik? — deyə təkrar xəbər aldı. — Yağış altında pişik?
Qadın:
— Bəli, — dedi. — Stolun altında idi. — Sonra isə, — Oh, yarı canım qalıb o pişiyin yanında, — deyə əlavə etdi.
O, ingiliscə danışırdı. Onun bərk narahat olduğunu, təşviş hissi keçirdiyini görən qulluqçunun sifəti haldan-hala düşürdü. O:
— Gedək, sinyora, gedək, — dedi. — İçəri keçək. İslanarsınız.
— Yaxşı.
Amerikalı qadın onunla razılaşdı.
Onlar çınqıl döşənmiş cığırla geriyə qayıtdılar. Qulluqçu çətiri yığmaq üçün çöldə dayandı. Amerikalı qadın sahibin otağı qarşısından keçəndə qoca stolun arxasından təzim etdi. Qadın daxilində nə isə bir boşluq hiss etdi. Sahib mehribanlığı və nəzakəti ilə məcbur edirdi ki, o özünün nə qədər dəyərli və kiməsə lazım olduğunu başa düşsün, həyatda sadəlövh olmasın.
Qadın pilləkənləri qalxıb qapını açdı. Corc hələ də çarpayıda uzanmışdı… Oxuyurdu. O, kitabı yerə qoyaraq:
— Gətirdin? — deyə xəbər aldı.
— Çıxıb getmişdi.
Corc gözlərinə dinclik verərək:
— Görəsən, hara getmiş olar? — deyə xəbər aldı.
Qadın çarpayıda əyləşdi:
— Ürəyim onu yaman istəyir, — dedi. — Heç özüm də bilmirəm niyə. O yazıq pişikciyəzi istəyirəm. Pişikciyəz yağış altında qalıb.
Corc təzədən oxumağa başladı.
Qadın ayağa qalxıb bədənnüma güzgünün qarşısında əyləşdi. Bir xeyli özünə tamaşa etdi. Aynanı götürüb hər iki yandan sifətinə, daha sonra başının və boynunun ardına baxdı:
— Necə fikirdir, istəyirəm saçımı uzadım, — deyə üz-gözünə baxmaqda davam edərək xəbər aldı.
Corc qaşını qaldırıb onun boynunun ardını gördü. Oğlan saçı kimi qısa vurulmuşdu.
— Bu forma mənə daha xoş gəlir.
— Mənsə saçımı belə kəsdirməkdən yorulmuşam! Oğlana oxşamaqdan təngə gəlmişəm!
Corc çarpayıda vəziyyətini dəyişdi. Qadın danışıb qurtarana qədər baxışları onun sifətinə dikili qaldı. Sonra:
— Əzizim, sən ki mələksən! — dedi.
Qadın güzgünü stolun üzərinə qoyub pəncərəyə doğru addımladı və baxdı. Qaranlıq düşürdü.
— İstəyirəm saçlarımı geriyə darayım. Qoy onlar sıx olsun, boynumun ardında əməlli-başlı düyünlənsin. Əlimi vuranda hiss edim ki, mənim də saçım var. İstəyirəm dizim üstə pişik balası otursun və mən onu incidəndə miyoldasın…
— Hə… hə… — Corc çarpayıdan söz atdı.
— İstəyirəm gümüş qab-qacaqda yemək yeyim, çoxlu şamım olsun. İstəyirəm yaz gəlsin, saçımı güzgü qabağında darayım. Pişik balası istəyirəm. Təzə paltarlar istəyirəm!
Corc:
— Bəsdir, az çərənlə! Götür bir şey oxu, — deyə ona acıqlandı. Və oxumağından qalmadı.
Qadın çölə baxırdı. Hava lap qaralmışdı. Palma ağaclarından hələ də su süzülürdü. Qadın küskün əda ilə:
— Axı mən pişik istəyirəm, — dedi. — Pişik istəyirəm, pi…şik… Əgər saçımı uzada bilmirəmsə, onda, heç olmasa, pişiyim olsun.
Corc qulaq asmırdı. Mütaliə edirdi. Qadın həyətə baxırdı. Artıq meydançanın işıqları yandırılmışdı. Kimsə qapını tıqqıldatdı.
Corc:
— Avanti, — dedi və baxışlarını kitabdan ayırdı.
Qulluqçu qız qapı ağzında dayanmış, xallı pişiyi bərk-bərk bağrına basmışdı. Pişik onun bədəninə sığınmışdı. O:
— Bağışlayın, — dedi, — sahib mənə tapşırdı ki, bunu sinyora üçün gətirim…