Əli Səfəroğlu — Dağın da dağ dərdi olur…

Əli Səfəroğlu

Düşməsin

Salam verənlərin salamını al,

Gözünün üstünə qaşı düşməsin,

Ürək dostlarına söz demək olar,

Adamın özgəyə işi düşməsin.

 

Yaşayasan məhəbbətin nurunda,

Dada gələr çörəyin də, şorun da,

Yoldaş axtardığın ömür yolunda,

Barı qismətinə naşı düşməsin.

 

Hamıya zəfərlər çalına bilər,

Qüdrətli qalalar alına bilər,

Şah da öz taxtından salına bilər,

Kişilik taxtından kişi düşməsin.

 

Əli Səfəroğlu, çəkmə intizar.

Dünyada heç kəsdə yoxdu ixtiyar,

Bəndə atan daşa dözməyə nə var,

Başına Allahın daşı düşməsin.

 

Olur

Dağa baxıb köks ötürmə,

Dağın da dağ dərdi olur.

Bir zərrədən ləkələnir,

Ağın da ağ dərdi olur.

 

Sıra-sıra sıralanır,

Dilim-dilim paralanır.

Bir gün bostan uralanır,

Tağın da tağ dərdi olur.

 

Səfəroğlu gəlib dilə,

Ömür gedir gilə-gilə.

Demə şair sağdı hələ,

Sağın da sağ dərdi olur.

 

Tərsinə

Dünyanın işləri tərsinə düşüb,

Qarası tərsinə, ağı tərsinə.

Elə bil təbiət yerin dəyişib,

Aranı tərsinə, dağı tərsinə.

 

Fırlanır durmadan, cəhrədi sanki,

Kəsir dikələni, dəhrədi sanki.

Elə çalxalanır, nehrədi sanki,

Ayranı tərsinə, yağı tərsinə.

 

Səfəroğlu, ürək dolu söz ilə,

Dünyanı tanıdıq açıq söz ilə,

Yoxdur bu zalımın işi düz ilə,

Çəkir sinəmizə dağı tərsinə.

 

Bu milləti

Ay igidlər, ay qeyrətli oğullar,

Ədavətdən qurtarın bu milləti!

Bu millətə çox qaralar yaxıblar,

Cinayətdən qurtarın bu milləti.

 

Ana Vətən çətindədir, dardadır,

Yazıq millət yaman intizardadır.

Əsir düşən qız-gəlinlər hardadır?

Qəbahətdən qurtarın bu milləti!

 

Şərəflilər, şöhrətlilər yığılsın,

Qüvvətlilər, qüdrətlilər yığılsın,

Namuslular, qeyrətlilər yığılsın,

Xəcalətdən, qurtarın bu milləti!

 

Səfəroğlu, bu dünyada işə bax,

Hərə görür özgəsində min günah,

A yaxşılar, a təmizlər, siz Allah,

Fəlakətdən qurtarın bu milləti.