«Matım-qutum qurudu. Dedim, nə söz, nə filan? Bu da yaxşılığımın əvəzidi? Sözdü də, demişəm, deməmiş olum.»
Nəvəmi parka gəzməyə aparmışdım. Ordakı heykəli göstərib soruşdu:
— Kimindi?
— Babanın, — dedim.
— Kimin babasının?
— Sənin, — yarızarafat davam etdim.
— Mənim? — Təəccüblə gah mənə, gah da heykələ baxdı. — Anam dedi, mənim babam sənsən.
Baho! Yaman yerdə ilişdim! Gəl indi bunu başa sal. Anası bilsə (onsuz da biləcəkdi, bizim uşaqlar kimi olsaydı, nə vardı, bir konfetlə başını aldadardım, deməzdi), başlayacaqdı zəhləmi tökməyə. Yalan-palanla uşağın tərbiyəsini pozma, nə bilim, nə…
— Haqlısan, bala. Anan düz deyir, sənin baban mənəm.
— Bəs o kimdi? — təzədən soruşdu.
Başa saldım.
Xeyli gəzib dolanmışdıq, nəvəm birdən utana-utana dedi:
— Baba, mən tualet istəyirəm.
— Nə?
— Tualet.
Ən çox qorxduğum buydu. Onu parka gəzməyə özxoşuma gətirməmişdim. Dilimin bəlasına keçmişdim. Axşam yatmaq bilmirdi. Kələklədim ki, get, yat, sabah səni parka gəzməyə aparacağam. Gedib yatdı.
Anası dedi:
— Sən neynədin, ata?
— Neynədim, qızım?
— Vaxtın var, onu parka aparmağa?
— Eh, ay bala, noolasıdı? Yatıb duracaq, sabah hamısı yadından çıxacaq. Sizi də elə belə, aldada-aldada böyütmüşük də.
— Ata, biz ayrı, o ayrı. O tamam özgə mühitdə, başqa tərbiyə alıb. Bilirsən ki, burda müvəqqətidi.
Hə, demədim axı, qızımgil Almaniyada yaşayır. Budəfəki məzuniyyətimdə ora getmişdim. Qayıdıb gələndə bayramqabağı onları da özümlə gəzməyə gətirmişəm.
Nəvəmin sabahacan hər şeyi unudacağını düşünməkdə yanılmışdım. Qızım doğru deyirdi, biz ayrıydıq, o ayrı. Səhər yuxudan ayılanda dirəndi ki, məni parka apar, söz vermisən. İşimi-gücümü atası oldum. Təki tərbiyəsi pozulmasın! Əslində Almaniyada başıma gələn mənə dərs olmalıydı.
Metroda, üzbəüz oturacaqda əyləşmiş oğlan uşağı için-için ağlasa da, nə yanındakı qadının, nə də yan-yörədəkilərin vecinəydi. Sanki ürəkləri daşdandı.
Dözmədim. Uşağa sarı əyilib elə öz dilimizdə:
— Kiri, bala, kiri, çıxanda sənə tapança alacam, — dedim, əlimlə də göstərdim.
Qadın anasıymış, nə dediyimi soruşdu. Kürəkənim tərcümə etdi.
Sakitləşən uşaq uzümə baxıb gülümsədi. Mən də ona gülümsədim. Çox rahat, xoşbəxt idim. Sanki böyük bir xeyirxahlıq etmişdim. Qadından quru bir təşəkkür ummaq ağlımın ucundan belə keçmirdi. Ancaq kürəkənimin üz-gözündən narazılıq yağırdı. Niyə, bilmirdim.
Növbəti dayanacaqda düşəndə qadın əl atıb qolumdan yapışdı. Gec də olsa, təşəkkür etmək istədiyini düşündüm. Görəndə fikri başqadı, təəccüblə, qolumu burax, dedim. Buraxmadı, əksinə, daha bərk yapışdı.
Kürəkənim girdi araya, nə danışdı-danışmadısa, qadına haqq qazandırdı. Söz vermişdim, uşağın tapançasını almalıydım. Matım-qutum qurudu. Dedim, nə söz, nə filan? Bu da yaxşılığımın əvəzidi? Sözdü də, demişəm, deməmiş olum.
O boyda BMT hökumətimizə, hökumətimiz də bizə verdiyi sözün yarısına heç əməl etmir, biz dinmirik. Qayıdasan, onu özünüz bilərsiniz, mənim üçün uşağımın tərbiyəsi əsasdı. Qoymaram kimsə uşağımı yalanla ovundurub tərbiyəsini poza. Tapançanı almasanız, polis çağıracağam.
Nə başınızı ağrıdım, gördüm bu xına o xınadan (bizim xınadan) deyil, həm də bura Almaniyadı, qarşımdakı da alman, sözümə sahib çıxdım. Sevindim ki, qadın insaflıymış, oyuncaq tapança əvəzinə mənə əsl, doğrucul tapança aldırmadı. Axı iki daşın arasında hansı tapançadan alacağımı deməmişdim.
Gözüm necə qorxdusa, gələnə qədər nə bir adama canıyananlıq elədim, nə də kiməsə, nəsə boyun oldum. Amma havasından, suyundandı, nədəndisə, gözəlim Azərbaycana qayıdan gündən yenə köhnə hamam, köhnə tasdı.
Tifil qıçlarını bir-birinə qısıb tualet istəyirdi.
— Balaca işin var, böyük?
— Balaca, — dedi.
Yenə dərd yarıydı. O tərəf-bu tərəfə boylanıb dalda-bucaq axtardım. Allah insaf versin parksalanlarımıza, ənənələrimizi unudublar. Natəmiz saxlanmaqdan içinə ayaq basa bilməsək də, bir zamanlar parkların hamısında tualet də tikərdilər.
Gözüm heykəlin arxasındakı şam ağacına sataşdı. Münasib yerdəydi. Ətrafda da kimsə yoxdu.
Uşağı ora çəkib şalvarının qabağını açdım.
— Çiş elə, — dedim.
Üzünü çevirib qəribə bir baxışla gah heykələ baxdı, gah mənə.
— Tualet istəyirəm, — dedi.
Elə bildim heykəlin zəhmi basıb uşağı. Yönünü əks tərəfə döndərdim.
— Qorxma, çiş elə, canlı deyil, nə görür, nə də eşidir, — dedim. Çox da bəzi nadürüstlər kürsüyə qalxanda az qalırlar əksini sübut eləsinlər.
— Tualet istəyirəm!
Gözüm yenə parkdakı künc-bucağı axtardı. Qorxmasa da, uşaq utana bilərdi. Xeyli aralıdakı başqa bir şam ağacını qaraladım. Bayaq bir qadın uşağını onun arxasına aparmışdı. Bilmirəm nəvəm bunu görmüşdü, ya yox. Görsə, yaxşıydı.
Şalvarına qaçırmasın deyə qıçını bir-birinə sıxan tifili bu dəfə tələsik həmin şam ağacına tərəf dartdım. Çatan kimi:
— Hə, di çiş elə, — dedim.
— Tualet istəyirəm. — Üs-gözünü turşudub mızıldadı.
Hövsələm daraldı.
— Tualet yoxdu, yox! Çiş elə.
— Olmaz! — Üzümə bozardı. Metrodakı alman qadını, lap elə anası kimi.
Baş sındırır, çıxış yolu axtarırdım. Onu necəsə inandırmalıydım ki, qəbahət iş tutmur. Uzaqgörənlik yaxşı şeydi. Gərək bayaq, hər ehtimala qarşı, bura çiş eləyən uşağı ona göstərəydim. Ancaq daha gecdi. Fürsəti qaçırmışdım.
Döyükərək kimsənin görmədiyinə əmin olandan sonra öz şalvarımın da qabağını açdım. Başqa vaxtı deyə bilmərəm, indi gözüm heykələ ani sataşsa da, qorxu-filan qulağıma girmədi. Nəvəm dardaydı. Yəqin adam mənim yerimdə olsaydı, özü də belə edərdi. İntəhası, uşaqdan ayıbdı, üzümü bir az o yana tutdum.
— Bax, balası, — dedim, — mən də çiş eləyirəm, sən də elə. Şır-şır şırr… — Guya çiş eləyirdim. — Bura Almaniya deyil, Azərbaycandı. — Nədənsə birdən özümə haqq qazandırmağa da ehtiyac duydum.
Eh, o tərifli Almaniyanı, almanları da gördük! Tikintidə çalışan kürəkənimin iş yerinə getmişdim. Dilxordular. Direlin burğusunu (sverlosunu) dəyişməliydilər, açarı yaddan çıxıb hardasa qalmışdı. Adam göndərmişdilər gətirməyə, gecikirdi.
Eşidəndə gülməyim tutdu. Bizdə bir açara görə dünyasında avara qalmazdılar. Dreli toka taxdım. Düyməsini ustufca basa-basa başlığını burub boşaltdım, sverlosunu dəyişdim. Gözlərini bərəldib üzümə heyrətlə baxırdılar. Sanki sehrbaz-zaddım, möcüzə göstərirdim.
Bu da tərifli almanlar! Cəhənnəm özləri, nəvəmi də kor qoydular.
Bizim yerimizdə olsalar, neyniyərlər? Səhərdən axşama qədər qladiator kimi çətinliklərlə əlbəyaxayıq. Adambaşına bir aylıq minimum istehlak səbəti iki yüz otuz manatdı, yüz otuz manat maaşa, pensiyaya nəinki özümüzü, bir çətən külfətimizi də dolandırırıq.
İnsafına tulanı bağladığım o dadardoymaz pensiyaları, maaşları hesablayanların, yüksək maaşlarından əlavə, özlərinə hər ay neçə qat artıq “paketpulu” bölənlərin yarıtmaz fəaliyyətlərinin hesabına dollara uduzan, dəryada üzən milli pulumuz orda boğulub batsa da dillənən, səsimizi çıxaran deyilik. Başımızın çarəsini həmişə özümüz qılmışıq, yenə qılacağıq.
Almanın başı belə şeyləri qaynatmaz! Qaynatsaydı, onların tərbiyəsiynən böyüyən nəvəm bu boyda parkda çiş eləməyə bir yer tapar, məni taksi çağırtdırmağa, onu evə qaçırtmağa vadar etməzdi.