(İxtisarla)
– Həmid bəy, “10-cu Bakı Beynəlxalq Kitab Sərgisi” necə, uğurluydumu? Bir pillə irəliləyiş varmıydı ötən illə müqayisədə?
– Sərgidə nəşriyyatlarla Mədəniyyət Nazirliyinin eyni mövqeyini hiss etdim.
– Nəydi bu ümumi lal razılaşma? Sirr deyilsə.
– Sirr deyil. İstəyirdilər yazıçı həm də satıcı olsun.
– Siz fərqli mövqedəsizmi?
– Bilirsiz, mənim oxucularım çoxdu. Alıcılarım isə az. Görünür, piar sahəsində əlavə səylərim olmalıdır. Bazar yazarı deyiləm.
– Bəs necə yazarsız?
– Saytların yazarıyam. Oxucularımın sayı çox sıfırlıdır orda. Bu rəqəmləri, bu kütləni bazara, sərgiyə yönləndirmək, görünür, artıq marketoloq istedadı da istəyir məndən.
– “Axın.az” saytında təşkilatçılara qarşı ittihamlarınız…
– Deyirsiz sərtdi?
– Bir də təkrarlayardınızmı o tənqidinizi?
– Tənqid yox, təkliflər vardı orda. Misal üçün, bax bu cür zarafatcıl rəy sorğuları olmalıydı sərgidə. Sorğu-sual vərəqçələrini qısa, aydın, azca yumorlu görmək istəyərdim.
Təxminən bu cür:
1. Kimin kitabını kimin başına çırpardız?
2. Kimin kitabı çantanı ağırlaşdırır, kiminki yüngülləşdirir?
3. Padşahın piyada getdiyi ünvana, qoltuğunuza hansı müəllifin kitabıyla gedərdiz?
4. Kimin kitabından bir səhifə cırıb təyinatını tam dəyişdirərdiz?
5. Kimin kitabıyla yatardız, yuxuya gedərdiz?
6. Kimin kitabı yuxu dərmanıdır?
7. Kimin kitabı karvalolu əvəzləyə bilər?
8. Stolüstü kitabla stulüstü kitabların fərqi?
9. Məşdibad indi sağ olsa, hansı kitabın vərəqləri arasında öz pullarını saxlardı? Yəni hansı kitab həm də pul cüzdanını, bank müəssisələrini əvəzləyə bilər bu sərgidə?
– Kim etməliydi bunu?
– Könüllülər. Əfsus. Könüllülərin sərgidə olmaması onu müasirlik brendindən, trendindən uzaqlaşdırdı. Uzaqlaşdırırdı.
– Daha nələr əskikdi sərgidə?
– Sərgi, sanki, qəzet dövründə qalıb. Qacetlər dövrünə, yəni müasirliyə keçə bilmir. Qəzetlərdən qacetlərə keçid alınmadı sərgidə.
– Sizcə, müasir kitab sərgisi necə olmalıdır?
– Virtual sərgi real sərgini üstələməlidir. “10-cu Bakı Beynəlxalq Sərgisi”ndə bu tam tərsinəydi. Baş-ayaqdı.
…