Kənddən rayon mərkəzinə marşrut sürücüsü işləyirdim. Hər səhər obaşdan evdən çıxır, yol boyu səpələnən adamları götürüb “Yolçu yolda gərək!” – deyərək baş alırdım rayon mərkəzinə. İşlədiyim az müddətdə qarşılaşdığım, üzləşdiyim o qədər qəribəliklər oldu ki… Bir qismini ötürdüm, bir qisminə yoldaşlıq etdim, bir qisminin isə dinləyicisi olub kədərə boğuldum.
Çox vaxt azan veriləndən sonra evdən çıxırdım. İlk gün fikir verməmişdim; mənimlə birgə ana yola qədər yoldaşlıq edən yaşlı kişi rayon mərkəzindən geri qayıdanda da mənimlə təkrar yolçuluq edirdi. Bu hal dalbadal davam etdiyindən məni maraq bürüdü. Fikir verib gördüm ki, yaşlı kişi hər səhər qəbiristanlığa gedir. Təəccüblüsü bu idi ki, mən rayon mərkəzindən qayıdarkən o, qəbiristanlıqdan çıxırdı. Tanımadığım bu adamın (bu kəndə təzə gəlmişdim) qəribəliyi mənim marağıma səbəb oldu. Qərara gəldim ki, bu sirri mütləq öyrənim.
Tanış sürücülərdən birindən xahiş etdim ki, mənim yerimə işə çıxsın. Çox sağ olsun ki, məni qırmadı. Avtobus ana yola çıxanda mən düşdüm. Sağa-sola boylandım. Bir qədər irəlidə həmin yaşlı kişinin qəbiristanlığa tərəf yavaş-yavaş, ayaqlarını çəkə-çəkə getdiyini gördüm. Ağır addımlarla onu təqib etdim. Yaşlı kişi qəbiristanlığın qırağında dayanıb salavat çevirdi, dua oxudu və günbatan tərəfdəki qəbirlərdən birinin yanında ayaq saxladı. Ucadan ah çəkdi. Daşdan düzəldilmiş oturacaqda əyləşdi. Bir müddət gözünü mərmər başdaşından ona boylanan nurani qadının şəklinə zillədi. Uzun müddət bu baxışlara baxmağa dözmədi. Başını aşağı salıb susqunluğunu bir xeyli saxladı. O qədər özünü unutmuşdu ki, mənim hənirtimi duymadı. Hava işıqlaşdığından yaşlı kişinin də, başdaşındakı qadının da sifətlərini aydın görürdüm. Qadın qənirsiz gözəldi, amma gözlərindəki intizarı görməmək mümkün deyildi. Yaşlı kişinin alnındakı qırışlar, sifətindəki çuxurlar yaşının altmışdan yuxarı olduğunu bildirirdi. Səliqəli geyinmişdi, qayğılı gözlərindən özünü günahkar qismində gördüyü oxunurdu. Qanım bu yaşlı kişiyə qaynadı və özümü ona mərhəm hiss etdim. Xəyallarını yarıda bölmək məcburiyyətində qalıb:
– Sabahınız xeyir, ağsaqqal!– dedim.
Diksinən kimi oldu. Gözlənilməz qonaqdan eşitdiyi onu böyürə qanrılmağa məcbur etdi. İlk dəfə idi ki, bir-birimizi bu qədər yaxından görürdük. Baxışlarımız toqquşdu.
– Sabahın xeyir, cavan oğlan!– deyib əllərini mənə uzatdı. Yumşaq, amma damarları qabarıb çıxan əllərini yüngülcə sıxdım. Bir qədər yana çəkilib mənə oturmaq üçün yer göstərdi. Əyləşdim. Bir müddət söhbətə haradan başlayacağımı bilmədim. Bir şeyə şükür edirdim ki, o, mənim burada nə axtardığımı soruşmadı. Soruşsaydı, yəqin ki, deməyə söz tapmayacaqdım, dilim topuq vuracaqdı.
Səssizlikdən istifadə edib başdaşının altında yazılanları oxudum. Cəmi əlli iki il yaşamışdı. Başdaşında “Həyat yoldaşından xatirə” yazılmışdı. Sinə daşının üstündəki aşağıdakı bayatı daha çox diqqətimi cəlb etdi:
Əzizim, ellər ağlar,
Çiçəklər, güllər ağlar.
Nakam bir ömür üçün
Ağaran tellər ağlar.
Arada dönüb ona baxdım: gözləri dolmuşdu. Gözlərini qırpanda mirvari dənəciklərinə bənzəyən göz yaşı damcıları yaydan çıxan ox kimi yerə sancılırdı. Bəzən bu damcılar kipriyin arasından gözün altına, ordan da arıq sifətinə axırdı. Silməyə cəhd eləmirdi. Onsuz da damcılar yanağa çatana qədər ağırlaşıb astaca yerə düşürdü. Mən dəsmal çıxarıb yanağını silmək istədim. O, yavaşca əlimi geri çevirib yanıqlı səslə dedi:
– Qoy qarssın, yandırsın sifətimi bu hicran yaşı. Mənim istədiyim də budur ki, bu yaş məni tezliklə ona qovuşdursun…
Əlimin geri çevrilməsindən azca pərt oldum (başqa vaxt olsaydı, durub gedərdim), amma yaşlı kişinin yanğıyla dedikləri mənim onunla bağlı marağımı daha da gücləndirdiyindən büruzə vermədim. Qısıla-qısıla:
– Neçə vaxtdır ki,–dedim,–hər səhər sizi bura gələn, günorta isə geri qayıdan görürəm. Mən bu obada yadam. Bəlkə də, sizin bu halınız yerlilərə qəribə gəlməz, amma mən hər dəfə sizi görəndə qəmli bir hekayətiniz olduğunu düşünürəm. Maraq güc gəldiyindən bu gün sizi bura qədər təqib etdim. Bu hərəkətimə görə məni məzur tutun, qüsur etmişəmsə, üzürlü hesab edin.
Yenə də başdaşındakı şəklə baxdı, yenə də gözləri doldu. Günahkar kimi başımı aşağı saldım, dediyimə də peşman oldum. Mənim alındığımı hiss etdi və əllərini dizimə qoyub zəif səslə dedi:
– Oğul, göz yaşlarıma görə özünü günahkar sayma: sənli-sənsiz hər gün axıdıram. Bu həsrət bitəndə, ruhumuz qovuşanda göz yaşlarım quruyacaq.
Əlini mənə söykək verib ayağa qalxdı. Başdaşındakı şəkli öpüşlərə qərq etdi, göz yaşlarıynan islatdı. Mən donub qalmışdım: təsəllimi verim, yoxsa ona qoşulub göz yaşlarımı axıdım? Özümdən ixtiyarsız qəfil hönkürtü tutdu məni. Hıçqırığımı boğa bilmədim. Onun gözündən yayınmadı. Əlini başıma çəkib alnımdan öpdü. Titrək əlləri ilə yanağımdakı göz yaşımı sildi, təkrar alnımdan öpdü. Tilsimlənib qaldım. Nə dinə bildim, nə də onu bağrıma basıb oxşaya.
Sakitləşib oturdu. Son payız olduğundan soyuq hava əllərinin dərisini göyərtmişdi. Əllərini bir-birinə sürtüb isitdi. Hələ də ayaq üstə durduğumu görüb əyləşməyimi buyurdu. Aramla söhbətə başladı:
– Ali məktəbi bitirib doğma kəndimizə təyinat aldım. Sevincimin həddi-hüdudu yox idi: elimin balalarına riyaziyyatın möcüzələrini öyrədəcəkdim. Avqustun 31-i gecəsini sabahkı ilk iş günümün həyəcanı ilə başa vurdum. Az qalırdım ki, qaranlığı əllərimlə yarıb günəşi çıxardım ki, sabah tez açılsın. Elə tələsirdim ki… Bir şeyi qeyd edim ki, xasiyyətcə çox tələskən idim. Hər yerə, hər işə tələsirdim; harasa getmək lazım olnda tələsik geyinib hazır dayanırdım və hamını da tələsdirirdim. Dəfələrlə valideynlərim mənə irad tutsalar da, alışqanlıq adət halına keçdiyindən xasiyyətim mənimlə yol yoldaşlığı etməyə davam edirdi. Hətta yeməyi belə tələsə-tələsə yeyirdim; anam demişkən, “diri-diri udurdum”, çayı ağzımı ütə-ütə içirdim. Bu sabah da belə oldu: tələsik yerimdən qalxdım, bir neçə idman hərəkəti edib əl-üzümü yudum. Anamın hazırladığı qayğanaqdan bir tikə əlqap edib məktəbə yollandım. Universitetdə oxuyarkən məndən qabaq gələn olmazdı, bu ənənəni işlədiyim doğma məktəbə də daşımaq istəyirdim.
Məktəbin həyətinə çatanda gözətçi darvazanın qapısını mənim üzümə açanda: «Cavan oğlan, altıaylıq zadsan-nədi, sabahın gözü açılmamış kəsdirmisən qapını?–dedi. Üstəlik yuxusuna haram qatmışdım deyə üz-gözünü də turşutdu. Gülümsədim və: “Hələ başlanğıcdır,–dedim,–indidən özünü alışdır.” Dediyimin mənası kişiyə çatmadı deyəsən bir cavab vermədi. Darvazanı taybatay açdı.
Məktəb ikimərtəbəli idi. Çoxdan tikilsə də, təzə təmirdən çıxdığından təmizlik göz oxşayırdı. Saata baxdım: hələ zəngə çox vardı. Fənn kabinetlərini, koridoru nəzərdən keçirdim. Divardan asılan əyaniliklər kiminsə əlinin məhsulu idi. Müəllimlər otağı daha zəngin idi. Müxtəlif cədvəllər, dərs ilinin yekununu göstəriciləri, metodik ədəbiyyatlar səliqəli şəkildə asılmışdı. Tək-tənha bir müddət oturdum. Yavaş-yavaş müəllimlər gəldilər. Hamısı mənimlə görüşüb uğurlar arzuladılar.
Nəhayət, zəng vuruldu. İlk dərsim onuncu sinifdə idi. Tələsik otaqdan çıxıb pilləkənə yaxınlaşdım. Həyəcandan və tələskənliyimdən pillələri iki-iki qalxırdım. Sonuncu pilləni qurtarıb sağa dönmək istəyəndə müvazinətimi saxlaya bilməyib əlində kitab olan bir qızla toqquşdum. İlk olaraq o, üzr istədi:
– Bağışlayın, müəllim, başım kitab oxumağa qarışdığından sizi görmədim.
Hələ də toqquşmanın təsirində olduğumdan yalnız indi ona baxdım. Qarşımda başına bant bağlamış məktəbli geyimində bir qız dayanmışdı. Günahkarcasına başını aşağı dikmişdi. Sifəti xəfifcə qızarmışdı. O qədər gözəldi ki, şaşqınlıq içində baxırdım. Bir söz demək iqtidarında deyildim. O, mənim şaşqınlığımın səbəbini anlamadan utana-utana uzaqlaşdı. Diqqət edib kimin qızı olduğunu belə əməlli-başlı görə bilmədim.
– Araz müəllim, uşaqlar sizi gözləyir,–deyən dərs hissə müdiri Məmməd müəllimin xəbərdarlığından sonra özümü yığışdırıb koridorun sonuna doğru addımladım. Onuncu sinfin qarşısında dayanıb nəfəsimi dərdim. Dizlərim titrəyirdi. Həyəcanımı boğub sinfə daxil oldum. Ucadan uşaqları salamlayıb oturmalarını bildirdim. Müəllim stolunun qarşısındakı partada oturan o idi. Baxışlarımız toqquşdu. Elə bil ildırım çaxdı və onun qığılcımı içimə düşdü. Sinəmdəki yanğı as sonra sola–ürəyimə düşdü. Hiss etdim ki, sifətim yanır. Uşaqlar hiss etməsin deyə tezcə üzümü sağa döndərdim. Özümdən asılı olmayaraq, bir də dönüb ona baxdım; sifəti pörtmüş halda və dinməzcə oturmuşdu. Hətta titrədiyini belə hiss etdim.
O gün dərsin necə keçdiyini xatırlmıram. Xatirimdə qalan gözlərimin ixtiyarsız olaraq tez-tez ona tərəf zillənməsi və onun məsum baxışlarının yerə dikişi oldu. Ogünkü qazancımsa onun kimin qızı olduğunu öyrənməyim, adının da Günay olması idi.
Günlər ötdükcə o sinfə girməyə tələsirdim. Rahatca və doyunca ona baxa bilirdim. O da mənim baxışlarımdan xoşlandığını başını aşağı dikib yanaqlarının allanması ilə ifadə edirdi. Dərdimi bacıma danışdım. Yazdığım məktubu Günaya çatdırmasını xahiş etdim. Səbirsizliklə cavab gözlədim. Bacıma bir söz deməmişdi, yəni susmaq razılıq əlamətidir, deyərlər.
“Son zəng”in səhərisi elçilərimi göndərdim. “Hə”ni alıb-gələnləri darvazada qarşıladım. Hətta atam:”A bala, səbrin olsun, bu tələsməknən hara gedib çıxarsan?”–deyə qınadı da.
Toyumuz payızda oldu. On ay sonra oğlumuz dünyaya gəldi. O da, mən də çoxlu uşağımızın olmasını istəyirdik. Amma qismətimizdə bir daha övlad sahibi olmamaq varmış. Şükür edib yaşamımıza davam etdik. Oğlumuz ali məktəbi bitirdi, Bakıda özünə iş tapdı. Qapımızdakı mal-qaranı satdıq, dar gün üçün yığdıqlarımızı da üstünə qoyub oğlumuza ev aldıq. Günlərin bir günü Günay mənə şad xəbər verdi: ”Əşi, oğlun ürəyinə yatan qız tapıb, hazırlaş, elçi gedək.” Toylarını Bakıda şadlıq sarayında etdik. Toyun şirin yerində Günayın qulağına pıçıldadım:”Bir nəvəmiz də olsaydı…” Günay da: ”Səbrin osun, bağrın çatdamasın,”–dedi. Oğlumgil şəhərdə, bizsə kənddə həyatımıza davam etdik. Arada bir-birimizi yoluxur, telefonla xəbərləşirdik.
Bir gün dar axşamçağı oğlum mənə zəng etdi ki, xəstəxanadadırlar, gəlinin sancıları başlayıb. Tez-tələsik geyindim, maşını işə saldım. Günay mal-qaranı farağatlayırdı.
– Tez ol, hazırlaş, gedirik,– dedim.
– Əşi, bir azdan şər qarışacaq, gecənin xeyrindən gündüzün şəri yaxşıdır, səhər tezdən gedərik.
Nə billah elədisə, məni fikrimdən döndərə bilmədi. Çarəsiz evə keçib ağır-ağır geyinməyə başladı. Güman elədi ki, bəlkə, mən fikrimdən vaz keçəm. Başqa vaxt bəzən onun sözünü dinləyib səbrləşdiyim olmuşdu, amma bu dəfə özüm də bilmədən ipə-sapa yatmadım.
Tələsdiyimdən maşını da bərk sürürdüm. Maşın torpaq yolda Günayı atıb-tutduqca:”Yavaş sür, icalatımızı tökdün ki,”–deyərək məni hövsələsizlikdə qınayırdı. Bakıya gedən asfalt yola çıxanda alatoranlaşdı. Maşının işıqlarını yandırdım. Hiss edirdim ki, qarşıdan gələn maşınların işıqları gözlərimi qamaşdırır. Yolun qırağı ilə gedirdim ki, işıq selindən qaça bilim. Az sonra qaranlıqlaşdı. Sürəti azaltmırdım. Sayrışan işıq seli ani olaraq içərini işıqlandırırdı. Bu vaxt mən Günayın üzündəki qorxu ifadəsini görürdüm. Amma dillənib bir kəlmə də olsun söz demirdi. Üzümü çevirib yola baxanda gur işıq gözümün içinə vurdu. Bir anlıq gözüm qaranlıq çaldı və mən idarəetməni itirdim. Maşın gah sola, gah da sağa manevr etməyə başladı. Qəfildən nəyəsə çırpılıb dayandı. Başıma dəyən küt ağrıdan huşumu itirdim. Ayılanda özümü torpağın üstünə uzanıqlı gördüm. Qarmaqarışıq səslər eşidilirdi. Hər yerim ağrıyırdı, elə bil üstümə ağır daş qoymuşdular. Maşın işığında gördüm ki, məndən bir metr məsafədə üzünə parça örtülmüş kimisə uzatmışdılar. Elə bil nəsə qırılıb düşdü. Ürəyim şiddətlə döyünməyə başladı. Durmağa çalışdım. Belimi ala bilmədiyimdən qalxa bilmədim. Cavan bir oğlan:” Sizə tərpənmək olmaz,”–dedi.
Narahatlığımı başa düşdü deyəsən. Əlimi tutub sakit səslə:”Axır qəminiz olsun,–dedi.–Allahın yazısına pozu yoxdur.”
Bir an boğulmağa başladım. Sinəm sürətlə enib-qalxdı, hıçqırıqlı hönkürtüm ətrafdakıların nəzərini mənə tərəf döndərdi. Hamının üzündən təəssüf və çarəsizlik oxunurdu. Əllərindən nə gələ bilərdi: gəldi əcəl, vermədi macal. Mənə səbr arzulamaqla dərdimə şərik olduqlarını səsləndirdilər. Mənsə tələskənliyimin acı dərsini alıb nəmli gözlərimi bir nöqtəyə zilləyib durdum…
O axşam qız nəvəm dünyaya gəldi. Oğlum anasının adını nəvəmə versə də, məni şəhərə apara bilmədi. Nə qədər israr etdilərsə, mən Günayın qəbrini qoyub şəhərə getmədim. Təqaüdə çıxdım. Düz üç ildir ki, sübh namazından sonra ağır-ağır addımlarla bura gəlirəm, onunla olub-keçənləri bölüşürəm. Sonda ona məni bağışlamasını yalvarıram. Həmişə tələsən mən o gündən bu xasiyyətimi dəyişdim. Özümü bir də ona görə qınayıram ki, kaş o hadisədən bir gün əvvəl dəyişiləydim…Bəlkə, Günayım indi sağ olardı…
xxx
Arada gözləri gah dolur, gah da uzaqlara dikilib elə bil yol çəkirdi. Günayla bağlı söhbətinin əvvəlində gözündə parlayan işartı indilərdə sönükmüşdü. Söhbət zamanı ağzımı açıb bircə kəlmə də olsun danışmadım, kirpiklərimi isladan göz yaşlarımı dəsmalla silib onu acgözlüklə dinlədim.
Günorta olmuşdu, bir azdan marşrut gələcəkdi. Dərindən ah çəkib bildirdi:
– Həsrət çəkənin dincliyi olmur. Hər gün qadir Allaha yalvarıram ki, canımı alsın və bu həsrət bitsin. Amma bilmirəm cəzadı, ya imtahandı, Allah çəkdirir mənə…
Bu yaşlı kişinin əhvalatı məni elə tutmuşdu ki, ayağa durub evə getmək belə istəmirdim. Həyatımda ilk dəfə idi ki, uca Yaradandan həsrətinə son qoyulması üçün yaşlı kişiyə ölüm istədim (Allah bu istəyimə görə taxsıratımdan keçsin). Bəzən bəşəriyyətin fəlakəti olan ölüm belə yeganə çarə görünür: həsrətləri bitirdiyində olduğu kimi…
2019