Hizbullah – “Müqavimət oxu” – İran. Türküyə.

Xaliq Məmmədov

Bir az Hizbullah barədə

Hizbullah 1982-ci ilin iyulunda şiə təriqətli gənclərin siyasi hərəkatı kimi meydana çıxdı. Onun yaradılmasında aparıcı rolu İran oynadı. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) təlimatçıları Bekaa vadisində təlim düşərgələri təşkil etdilər.

2000-ci illərin əvvəlinə qədər Livan, nefti olmasa da, regionun ən çox ingişaf etmiş ölkələrindən biri sayılırdı. Son 10 ildə Livan iqtisadiyyatı demək olar ki, məhv olub, yoxsulluq, işsizlik, bahacıllıq vüsət alıb. Su təchizatı, səhiyyə, internet və digər sosial göstəricidə Livan, hətta, Fələstindən geri qalır, bu fərq 10-30% gedib çıxır. “Arab Barometer” təşkilatının sorğularına baxaq: 2024-cü ildə Livan şiələrinin 39%-i Hizbullaha inanır, sünnilər və druzlar arasında  bu etimad 9%, xristianlar arasında isə 6% təşkil edir.

***

2004-cü ilin sentyabrında BMT Təhlükəsizlik Şurası Livanın baş naziri Rafiq Həririnin təklifi ilə Suriya qoşunlarının çıxarılmasını və Hizbullah da daxil olmaqla bütün qeyri-dövlət silahlı qruplarının tərksilah edilməsini tələb edən 1559 saylı qətnamə qəbul etdi. 2005-ci ilin fevralında baş nazir Rafiq Həririni öldürdülər. Suriya və Hizbullahın (İranın) adları ilə əlaqələndirilən bu sui-qəsddən sonra Beyrutda kütləvi etirazlar başladı və bu, Hizbullahın əsas dəstəkçiləri olan Suriya qoşunlarının ölkədən çıxarılması ilə başa çatdı.

Hizbullah öz hərbi qanadı ilə — Livan İslam Müqaviməti — dünyanın ən böyük və ən yaxşı təchiz edilmiş qeyri-dövlət silahlı qüvvəsidir. 2021-ci ildə Həsən Nəsrullah (Hizbullah lideri) 100 min təlim keçmiş döyüşçü elan etdi. Lakin, Stokholm Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, hərəkatda 20 min yaraqlı və daha 30 min təlim keçmiş ehtiyat var.

Qrupun arsenalı 150 min raket və mərmi ilə qiymətləndirilir və bunlar, əsasən katyuşalardan — 122 mm-lik raket artilleriya qurğularından istifadə etməklə buraxılan idarə olunmayan qısa mənzilli yer-yer raketləridir. Həmçinin arsenallarda əsasən İran istehsalı olan 180-700 km radiuslu 400-ə yaxın uzaqmənzilli Fateh-110 və Zelzal-2 raketləri var.

Hizbullaha İsraildə əməliyyatlar üzrə ixtisaslaşan elit “Radvan bölməsi”, eləcə də regionun digər ölkələrində əməliyyatlar aparmaq üçün yaranan “910 bölməsi” daxildir.

Qrupun əsas bazaları şiələrin kompakt məskunlaşdıqları ərazilərdədir — bunlar ölkənin cənubundakı Cəbəl-Amel bölgələri, şərqdəki Bekaa vadisi və Beyrutun cənub ətrafı Dahiyadır. Qrupun qüvvələri Suriya, İraq, Yəməndə də yerləşdirilib. Bundan başqa, kiçik əməliyyat qrupları Afrika, Asiya və Latın Amerikasında müşahidə olunub. Qrupun ən böyük xarici kontingenti (7-8 min) 2013-cü ildən Suriyada yerləşdirilib və burada qruplaşmanın əməliyyatçıları prezident Bəşər Əsədə yardım edir.

Baş katib 1992-2024-cü illərdə Şeyx Həsən Nəsrullah olub. 1995-ci ildən o, Rəhbərin (İran Ali Rəhbəri) Livandakı rəsmi nümayəndəsidir. Hizbullah İran liderini vəli əl-fəqih — ciddi siyasi sualların həllində ən yüksək səlahiyyətli arbitr kimi tanıyır, lakin partiya Livanın daxili işlərində əsasən muxtardır.

2006-cı ilin iyulunda qrup iki İsrail əsgərini oğurlamış, səkkiz İsrail əsgərini öldürmüş, İsrail sərhədini raket və minaatanlardan atəşə tutmuşdur. Bu, İsrailin cavab əməliyyatına səbəb olub. 34 günlük müharibə zamanı İsrail qrupun Livandakı qərargahını və infrastrukturunu dağıdıcı hücumlara məruz qoydu.

Bu münaqişədə 350 Hizbullah döyüşçüsü, 1200 livanlı mülki və  44 mülki israilli həlak olub.

Suriyada müharibə başlayandan sonra, 2013-cü ildən Hizbullah Suriyada döyüşlərdə hökumətin tərəfində iştirak edib və İsraillə sərhəddə münaqişə saylarını artırmağa başlayıb, buna cavab olaraq İsrail Hərbi Hava Qüvvələri Hizbullahın kommunikasiyalarına, Suriyadakı bazalarına zərbələr endirib.

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra Hizbullah İsrailin şimal, cənub və mərkəzi bölgələrini atəşə tutmağa başlayıb. İsrail buna cavab olaraq qrupun Livandakı mövqelərini vurmağa başlayıb. Nəticədə sərhədin hər iki tərəfində 150 ​​min dinc sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Hizbullah iyul ayında Qolan təpələrini atəşə tutaraq 12 nəfəri öldürdükdən sonra İsrail buna cavab olaraq Hizbullahın yüksək səviyyəli komandirlərindən biri Fuad Şükrü öldürüb. Avqustun 25-də İsrail və Hizbullah arasında 2006-cı ildən bəri ən intensiv sayılan atışmalar oldu. Atəş qızğınlığı olsa da, hər iki tərəf yeni müharibəyə başlamaqdan yayındılar.

Nəsrullah bəzən «əs-Seyyid Həsən» (السيّد حسن), İslam peyğəmbərin (s) nəvəsi Hüseyn ibn Əli(ə) nəslini ifadə edən «Seyyid» kimi xatırlanır. Onun dövründə Hizbullah Kanada, ABŞ, İsrail, Misir, Ərəb Liqası, Körfəz ölkələri, həmçinin qismən Aİ, Avstraliya və Böyük Britaniyada tam və ya qismən terror təşkilatı kimi tanınıb. İran və Suriya tərəfindən dəstəklənir.

Həsən Nəsrullah 30 ildən çox Hizbullahın şəksiz lideri olub. Bütün bu müddət ərzində Nəsrullah Hizbullahın, eləcə də, Hizbullah daxilində özünün mövqeyini olduqca gücləndirdi. O, Hizbullahın aparıcı vəzifələrinə öz tanıdığı və heç vaxt ona qarşı çıxmağı düşünməyən sadiq adamları təyin etdi. Onların bir çoxu, o cümlədən qrupun demək olar ki, bütün yüksək hərbi rəhbərliyi son aylarda İsrail tərəfindən öldürülüb.

Nəsrullahın 30 illik hakimiyyəti dövründə Hizbullah dünyanın ən güclü qeyri-dövlət hərbi təşkilatı və Livanda ən nüfuzlu hərbi və siyasi qüvvə kimi ortaya çıxdı. Bununla da, Hizbullah bu ölkəni faktiki olaraq ələ keçirdi. Cəmiyyətdə nisbətən zəif dəstəyə (parlamentdəki 128 yerdən 12-si) və hətta şiələrin əksəriyyətinin də rəğbətini qazanmayan (onlar əhalinin təxminən 30-40 faizini təşkil edir) Nəsrullah Hizbullahı Livanda hakimiyyətə nəzarətçiyə,  dövlətdə dövlətə çevirdi. Bu gücün əsasını Livan ordusundan üstün olan və ilk növbədə İranın dəstəyi sayəsində yaradılmış Hizbullahın hərbi gücü təşkil edir.

Livanın baş naziri vəzifəsini icra edən, multimilyonçu və din etibarilə sünni olan Nəcib Mikati, Nəsrullahın himayəsindədir, nüfuzlu Xristian partiyası Azad Vətənpərvərlər Hərəkatı (FPM), Şiə Amal partiyası da onun müttəfiqidir. Livanın güc orqanları, o cümlədən, Milli Təhlükəsizlik Xidməti rəhbərliyi Hizbullah dostlarının əlindədir. Bütün bunlar qrupun hərbi üstünlüyünün və maliyyə imkanlarının məhsuludur və bütün bunlar Nəsrullahın dövründə baş verib. Hizbullahın iqtisadi siyasəti də var. İran pulu ilə şiə əhalinin sadiq hissəsini əhatə edən sosial dəstək şəbəkələri — pulsuz məktəblər və xəstəxanalar qurulub. Hizbullah həmçinin subsidiyalı qiymətlərlə ucuz İran məhsullarını satan supermarketlər şəbəkəsinə, iranlılarla işləyən tikinti şirkətlərinə sahibdir. Livanın ağır iqtisadi böhranı fonunda Hizbullah valyuta dəyişmə məntəqələri şəbəkəsinə nəzarəti ələ keçirdi. Bu, ona əhalinin nisbətən kiçik, lakin eyni zamanda əhəmiyyətli hissəsinin dəstəyini qazanmağa imkan verir ki, bu da Hizbullaha daha sonra yeni silahlıları cəlb etməyə şərait yaradır.

Həsən Nəsrullah özü milyonçu idi və onun rəhbərliyi altında Hizbullah kapitalist korporasiyasına, əsl biznes imperiyasına çevrildi. Nəsrullahın 2011-ci ildə şəxsi sərvətinin 250 milyon dollar olduğu bildirilir. Bu barədə Küveytin “Əs-Siyasa” qəzeti Britaniya kəşfiyyatındakı mənbəyə istinadən məlumat yayıb. Hizbullah liderlərinin və ona bağlı Livanlı iş adamlarının ümumi kapitalı o zaman iki milyard dollara çata bildiyi göstərilir. “Bu pullar ərəb və Qərb banklarında başqalarının adına yazılmış hesablarda saxlanılır”, – nəşr qeyd edir. Hizbullah, aparıcı ölkələrdə geniş nüfuza malik Livan diasporasının icmalarında aparıcı rol oynayan Livanlı sahibkarlar şəbəkəsi ilə fəal əməkdaşlıq edir.

İranın “Müqavimət oxu”

Məhz Nəsrullahın dövründə Livanın əsl ağasına çevrilən Hizbullah “Müqavimət oxu”nun – yerli silahlı dəstələr və İrana sadiq siyasi partiyaların koalisiyasının ən mühüm elementinə çevrildi.

“Müqavimət oxu” İranın rəhbərlik etdiyi qeyri-rəsmi anti-İsrail və anti-Qərb siyasi və hərbi koalisiyasıdır. Buraya Fələstin (Həmas), Suriya Ərəb Respublikası və Livandakı müxtəlif terror qrupları daxildir. Suriya tərəfdarı olan Baasçı milislər, İraq hökumətinin rəsmi tanıdığı Xalq Səfərbərlik Qüvvələrinə daxil olan İraq şiə milisləri və Yəməndəki Husi hərəkatı da alyansın bir hissəsi hesab olunur.

Hazırda bu koalisiya əsasən (tam olmasa da) İranla Aralıq dənizi arasında quru dəhlizi təşkil edən ölkələr qrupuna — İraq, Suriya və Livana nəzarət edir.

İranın yaratdığı bu koalisiyaya “imperiya da demək olar. Bu yeni İran imperiyası Əfqanıstan sərhədlərindən Livanın paytaxtı Beyruta qədər uzanır. Bu alyans hazırda ABŞ-İsrail koalisiyası ilə beş — altı cəbhədə, o cümlədən Qəzzada (İsrail ordusu ilə HƏMAS arasında), Livan-İsrail sərhədində (IDF və Hizbullah qüvvələri arasında toqquşmalar), Suriyada (burada iranpərəst yaraqlılar vaxtaşırı Amerika bazalarını atəşə tutur), Qırmızı dənizdə (Yəmən husiləri) döyüşür.  Bu hal, İranla qlobal və regional dövlətlər arasında Yaxın Şərq üzərində nəzarət və ya hökmranlıq uğrunda mübarizənin İran tərəfdən əsas arqumentidir.

“Müqavimət oxu”nun formalaşmasında (İranla birlikdə) həlledici rol oynayan Hizbullah olmuşdur. O, Suriyada vətəndaş müharibəsi zamanı  Əsəd rejiminin yaşamasına əsas kömək olub, İraq və Yəməndə yaraqlılara təlim keçib, İranın özündə kütləvi ictimai və siyasi etirazların yatırılmasında iştirak edib. Beləliklə, Hizbullah İrandan kənarda Müqavimət Oxunun ən mühüm hissəsidir.

Türküyə

Türküyənin İranla regional rəqabətində, Əsəd rejimi ilə açıq düşmənçilik halının yaşadığı bu son illərdə Əsəd rejiminə dayaq olmuş, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) filialı sayıla biləcək  Hizbullahı türk rəhbərliyinin belə qızğın müdafiə seçimi bölgədə gedən ümumi siyasi oyuna sığmır. Türküyədə baş vermiş dəhşətli zəlzələlərin nəticələrini aradn qaldırmağa yönələ biləcək qüvvə və enerjini Hizbullahın və Həmasın qeyri-şərtsiz müdafiəsinə yönəltmək ölkənin nüfuz və ingişafına nələr verdiyi anlaşılmır. İsraillə — vaxtilə ölkənin ingişafında böyük rol oynamış iqtisadi və hərbi əməkdaşlığı məhvə gətirmək tarixlər boyu türklərin rəqibi sayılan İranın siyasətinə tam uyğun gəlir. Ola bilməz ki, Türkiyə rəhbərliyi Fələstinin, Hizbullahın, Həmasın Tehran üçün məhz İran-İsrail, İran-Qərb siyasi oyununda əsas kozıra çevrildiyini duymasın.

Çox güman ki, 7 oktyabrda Xamasın İsrailə qarşı hücumu (200-dən çox musiqi festivalı iştirakçısı öldürüldü və daha 242 gənc oğlan-qız girov götürüldü. Ümumilikdə isə, həmin hücum nəticəsində 1200 israilli öldürüldü.) İranın razılığı olmasa idi, baş verməzdi. Gündə bir “qırmızı xətt” çəkən İran və onun dəstəklədiyi qrupların bu avantüraları 60-70 min ərəbin ölümü, Fələstinin yerlə yeksan olmağı, Beyrutun xarabalığa çevrilməsi, 100 minlərlə fələstin və livan ərəblərinin qaçqına çevrilməyi ilə nəticələndi.

Bu silahlı dəstələrin belə siyasi cavabdehsizliyinə (yumşaq desək), niyə Türküyə öz nüfuzu və iqtisadiyyatı hesabına cavab verməlidir, aydın deyil. Yalnız islam həmrəyliyi görünür ortada. Amma, ərəblərin,  İranın “islam həmrəyliyi” niyə türkə tərəf durmur, bu da sualdır.

 

Xaliq Məmmədov