«Xanların parkda gördüyü arvad» (hekayə) Əli Bəy Azəri

Əli Bəy Azəri

Həmin gün elə bil axşam lap tez düşmüşdü. Qaranlıq da çox qatıydı. Sanki səhərdən bəri yarımadaya çökmüş duman quy­ruğunu da yırğalamadan yerindən tərpənməyərək gecəyə tün­dlük əlavə etmişdi. Elə bil bu gecə kimisə udmağa hesab­lan­mış­dı.

Mühafizədə dayanan Xanları növ­bətçi yoldaşı İsmixan bu dəfə də onu tez dəyişmişdi. Onlar xeyli vaxt idi ki, öz aralarında belə razılaşmışdılar. Nə olacaqdı ki, iki saatlığa bir-birini əvəzləyəndə?

Marşrut üzrə hərəkət edən yeganə avtobus sonuncu reysində Xanların növbə çəkdiyi ərazidən axşam saatlarında keçirdi. Daha doğrusu, bu yalnız qış ay­larında qaranlığa düşürdü. Xanlar növbəni dəyişib avtobusla gedə bilməyəndə çox əziyyətlər çəkirdi. Yolda maşın olmurdu, olanlar da saxlayıb adam götürməzdilər. Piyada isə getmək təhlükəliydi. Yolda son illər quduzlaşmış ac-yalavac sahibsiz itlərə, lap elə canavara da rast gəlmək olardı. Bəli, Sovet dönəmində yaxınlıqda Mərəzə sürülərinin qışlaq yerləri salındığından canavarlar qış aylarında buralara qonaq gəlməyi hələ də unuda bilmirdilər.

Xanlar avtobusdan düşən kimi ərzaq mağazasına girdi. Kas­sada oturan oğlanla salamlaşdı. Cibindən bir manat çıxardaraq ona uzatdı.

-Çörək, zəhmət olmasa, – dedi. – İki otuz, bir qırx qə­pik­lik.

Kassada oturan oğlan pulu daxıla qoyub çek vurana qədər sarı geyimli toppuş qız çörəkləri sellofan kuloka qoyub gülüm­səyərək Xanlara uzatdı. Xanlar çörəyi alıb oradan uzaqlaşdı. Qızın nə­vaz­işinə qarşılıqlı cavab vermək istəsə də bacarmadı. Sifətində tə­bəssüm yaradacaq halda deyildi. Sonuncu manatını xərc­ləmişdi.

Fikri dağılsın deyə Xanlar yolunu parkdan saldı. Parkda heç kim yox idi, bəlkə də vardı, amma Xanların gözünə dəymirdi. Şəhərin üstünə çökən duman sanki parkı yaman günə qoymuşdu. Həmişə bu vaxtlar qaynayan parkda bir nəfər də olsun gözə dəymirdi. Xanlar başını aşağı salıb orta sıra ilə yoluna davam etdi. Ayaqları sürünürdü elə bil. Sahibini doğma evinə, doğmalarının yanına aparmaq istəmirdi. “Evdəkilər pulsuz olduğumu, maaşımı almadığımı, yaxşı ki, başa düşürlər. Problemlərini bildirmirlər. Belə getsə, tezlik­lə borca girməli olacağam. Çörək pulumu da xərcləyəndən son­ra nə etməliyəm?”

-Oğul, pekarnı ha tərəfdədir? – Qəfildən peyda olan qarı Xan­ları karıxdırdı. Əlində çəlik olan qoca arvadı görəndə qorx­ma­sa da eyməndi.

-Pekarnını neyləyirsən? Çörəkmi alacaqsan? – Xanlar qa­rının üst-başına baxdı. Yazığı gəldi ona. – Çörək lazımdırsa, al, bi­rini verim. – Xanlar çox çətin günlər görmüşdü. Amma sın­ma­mışdı, ümidini itirməmişdi. Son tikəsini bölməkdən qorx­ma­mış­dı.

-Yox, oğlum, çörək almayacağam. Pekarnıya gecələməyə gedəcəyəm.

-Pekarnıda niyə gecələyirsən? Evin yoxdurmu? Oğlun, qızın, qohum, əqrəban necə?

-Evim var. Oğlumla, gəlinimlə birgə yaşayıram. İndi Salı­blar çölə. Pekarnıya getmək istəyirəm. Deyirlər, pekarnı isti olur. Səhərə qədər peç yanır, çörək bişirirlər. Gedib orada qalmaq istəyirəm. Heç kimə patava olmaq istəmirəm.

Xanlar diqqətlə qarını süzdü. Sərbəst danışığından şübhələndi. Heç evdən qovulana oxşamırdı. “Casus olar, çörək bişirilən sexə gedib xamıra dərman qatar, bütün milləti zəhərləyər” – deyə düşündü.

-Nənə, evini göstər, oğlunla danışım. – Xanlar indi hiss etdi ki, qarının bir ayağı protezdir. – Ola bilməz ki, oğlun sənin kimi mehriban, dilli-dilavər, əlli- ayaqlı bir ananı çölə salsın? Burada nə isə bir başqa şey var.

-Başqa nə olasıdır? Evin kommunal xərcləri mənim üstümdədir. Ev puludur, işıq, qaz, telefon, su, zibil, hər nə pulu varsa, dilənib ödəyirəm. Ötən ay çatdırıb ödəyə bilməmişəm. Bu gün gəlinim salıb çölə məni.

-Bəs oğlun haradadır?

-Oğlum işdədir. Fransızlarla neft şirkətində işləyir. Yeddi gün növbədə olur, altı gün evdə.

-Yaxşı, nənə, gəl, gedək. Bu gecəni bizdə qalarsan, sabaha Allah kərimdir.

-Yox, oğlum, sizə narahatlıq yaratmaq istəmirəm. Sən elə pekarnını mənə göstər, bəsimdir.

Xanlar çox dirəndi, nəhayət qarı razılaşdı.

-Onda de, görüm, nənən varmı?

-Var.

-Nənən varsa, gedərəm. Qaynanasına baxan gəlin, qaynanasının qonağını da qəbul edər.

-Gəl, gedək. – deyib qarının qolundan tutmaq istədi.

-Lazım deyil, özüm gəlirəm. – Qarı Xanların onun qolundan tutmasına imkan vermədi. Xanlar qabaqda, qarı da onun arxasında evə tərəf asta-asta yollarına davam etdilər.

-Evin kommunal xərcləri nə qədərdir ki, ödəyə bilmirsiniz? – Xanlar maraqlandı. – Üç nəfərə nə istifadə etmək olar ki, ödənməsi müşkülə çevrilsin?

-Köhnə borclar yığışıb qalıb.

-Heç iki ay deyil ki, ölkə başçısı qaza görə yığılmış bütün borcları silib.

-Elə hoqqa da bu silginin üstündə yaranıb. Mən başına daş düşmüş hər ay o vırğın vırmış gədəbəyli balası Mahirin cibi­nə beş manat pul basırdım ki, bizim sayğacdan muğayat ol. O, da hər dəfə bir manatlıq məsrəfi komputerə saldırıb pulunu ödə­yirmiş, dörd manatını da qoyurmuş cibinə. Elə ki, silgi oldu, neft şirkətindən yoxlama gəldi. Qanına bələnmiş Mahir özü­nün qorxusundan il ərzində sayğacın yazdığını götürüb dekabr ayına yükləyib. Getmişəm qaz idarəsinə. Bayram müəl­lim deyir ki, sizin doxsan bir manat hökumətə borcunuz var.

-Bəs sən soruşmadın ki, iyirmi-iyirmi beş günə bu qədər qazı evdə işlətmək olar, ya olmaz?

-Heç ağzımı açmağa imkan verdilər ki. Üçü də birdən düşdü üstümə. Bayramla İlqar bir yandan, Səkinə də zəncirə bağlanmış qancıq itlər kimi o biri otağın qapı pəncərəsindən hürməyə başladı ki, artıq komputerə salınıb, heç nə etmək mümkün deyil, mütləq ödənməlidir.

-Əvvəllər kommunal xərcləri necə ödəyirdin? Babat pensiya alırsanmı?

-Haradan alıram, ay oğul? Səksən beş manat pensiya alıram, onun da əllisini canı yanmış gəlin əlimdən alır. Qalanını da dava-dərmanıma verirəm.

-Heç tanıdığın imkanlı adamlardan yoxdur kömək eləsin?

-Allah vurmuşdu onları, hansının qapısına, idarəsinə gedirsən, adamı döyüb qovalayırlar.

-Bəs haradan pul tapıb kommunal xərcləri ödəyirsən?

-Dilənçilik edirəm, ay oğul. Allah yenə də insaf versin bu qaçqın camaata. Hər gün gəlib qaçqınlar idarəsinin qabağında du­ruram. Vidadi müəllimin yanına arayış, sənəd almağa g­ə­lən­lər kömək edirlər. Bir də gördün iki manat, bəzən lap üç manat da olur, toplayıb gedirəm evə.

-Gəlib çatdıq, ay nənə, bax, heç sıxılma. Elə bil öz evindir.

Evə keçdilər. Xanlar qonağını ailə üzvləri ilə tanış etdi. Birlikdə şam yeməyinə əyləşdilər. Yeməkdən sonra hər kəs öz işinə ayrıldı. Xanların nənəsi Sitarə arvadla o ki var söh­bətləşdi. Gəlini Nargilə onların yatağını yanaşı saldı. “Qoy, yu­xu aparanadək söhbətləşsinlər”, dedi.

Səhər obaşdan Xanlar işə yola düşəndə Nargiləyə hələm-həlbət tapşırdı:

-Sitarə arvadla işiniz olmasın. İstəsə çıxıb gedər. Getməsə, nənəmə necə qulluq edirsən, ona da elə bax.

-Yox, bəlkə çimizdirim onu? Mən ondan qorxuram, ayağı protezdir. – Nargilə baxdı ki, Xanların xətrinə dəydi. Tez könlünü almaq istədi. – Amma öz aramızda, bu gecə nənənin çiçəyi çırtdadı. Elə bil, Qafana gedib qayıtdı.

Beləcə, daha iki gün keçdi. Xanların nənəsi Sitarə arvada hə­yatlarını başdan ayağa nağılladı. Nəinki, Xanları dünyaya gə­tirməsindən, onu yetimçiliklə böyütməsindən, həm ana, həm ata, həm də bacı-qardaş əvəzi olmasından, hətta özünün uşaqlığın­dan, yaddaşında ilişib-qalan hər şeydən söhbət açdı. Xanlar özünü cəmləşdirib Sitarə arvad haqqında nə isə soruş­maq istəyirdi ki, nənəsi söhbətə girişdi:

-Ay Sitarə, deyirəm yəqin oğlun gələn kimi gəlinin başında turp əkəcək. Biz qadınıq axı. Gəlsənə gəlininə zəng vurasan. Güzəştə gedəsən. Oğlun da işdən gələndə qanqaraçılıq düşməsin.

-Allah vurmuşdu onları. İkisi də bir bezin qırağıdır. Qoy, gəlin narahat olsun. Oğlum da özü bilər.

Daha heç nə demədilər. Qonağın xətrinə dəymiş olarlar, deyə söhbətin mövzusunu dəyişdilər.

Səhər erkən Xanlar evdən çıxanda Sitarə arvad da onunla çıxdı.

-Sən hara, ay nənə? – Xanlar soruşdu.

Sitarə arvad dil-ağız elədi. Qonaqpərvərliklərinə görə min­nət­darlığını bildirdi.

-Oğlum, – dedi. – mənimki elə bura qədər idi. Çətini üçcə gündü, o da keçdi. Sən elə məni görüşdüyümüz yerə apar. Gerisi ilə işin olmasın. Daha bir üç gün çətinliyim var, amma bu sənlik deyil.

Xanlar bərk duruxdu. Nə isə səhv etdiyindən ehtiyatlandı. Onun gözü əvvəlcədən bu arvaddan su içmirdi. Amma tez də özünə gəldi. “Burda nə var ki? Küçədə qalmış kimsəsiz arvada himayə durub. Oğlu gəlib onu şantaj etməyəcək ki, anasını oğur­lamışam”.

Onlar demək olar ki, lal-dinməz həmin yerə gəlib çıxdılar.

-Oğlum, nə fikirləşirsən? Mən kiməm?

-… – Xanlar matı-qutu qurumuş vəziyyətdə arvadı süzdü.

-Oğlum, görürəm, siz çox pak və təmiz adamlarsınız. İndi sənə bir sirr açacağam. Bu sirri deməyə də bilərdim.

-Desən də birdir, deməsən də. Mən sizə hər nə etmişəmsə, Allah xatirinə etmişəm.

-Yox, oğlum, bu sirri deməsəm bağrım partlayar. Mən bir erməni qadınıyam.

-Bəs necə olub ki, bu vaxtadək qalmısan?

-Biz Çapayevdə, Zavaqzalnıda qalırdıq. Ərim Jora da, mən də JEKdə işləyirdik. Sağ olsun Əlabbası. O, bizi sax­la­yır­dı. Heç kim də bizə dəyib toxunmurdu.

-Bəs necə oldu ki, buraya köçdünüz?

-Jora öldü. Onu Biləcəridə qaçqınlar qəbiristanlığında Əlab­basın qohumu kimi dəfn etdik. Evimizi könüllü olaraq Əlab­basın adına keçirmişdik. Çox keçmədi ki, onu işdən çıxar­dı­lar.

-Sonra nə oldu? –Xanlar saatına baxdı. Avtobusun parkın qabağından keçməsinə az qalırdı. O, işə gecikə bilərdi. Amma Sitarənin nağılının sonunu gözləməyə məcburdu.

-Sonra nə olacaq? Həvva institutu təzəcə qurtarmışdı, Hayqanuşu deyirəm, qızımı, Əlabbas götürdü özüylə, Stavropola getdilər, Həvvanın fermer əmisinin yanına.

-Bəs siz necə oldu köçdünüz bura?

-Daha qalıb orada yaşaya bilməzdik. Zavaqzalnıda hamı bizi tanıyırdı. Oğlumla gəlinim pasportlarını dəyişdilər.

-Nəyə lazımdı pasportları dəyişdirmək?

-Necə yəni nəyə lazım idi? Sən lap geridə qalmış oğ­lan­san. Adları dəyişəndə pasportu da dəyişdirirlər. Onlar pul verib ad­larını, pasportlarını dəyişdirdilər. Mənim üçün isə pul ver­mə­dilər. “Qoca arvadsan, bu gün-sabah ölüb gedəcəksən. Səninlə ki­min nə işi var?” dedilər. Sonra da beş-on beş məni gön­dər­dilər dilənməyə.

-Evdən qovduqları necə, doğrudur?

-Oğlum heç bir neft şirkətində işləmir. İkisi məni döyüb evdən qovdular.

-Bəs nə yaxşı pekarnıya getmək istəyirdin?

— Ağlımı itirmişdim! Qəzəbimi orada soyudacaqdım. Siçan dərmanım vardı. Gecə onu xamır yoğrulan suya qatacaqdım. Oğlum da, gəlinim də həmin çörəkdən alıb-yeyib zəhərlənərək gəbərəcəkdilər.

-Minlərlə günahsız insan zəhərlənib ölə bilərdi!

-Hirsim tutanda, mən sıxışdırılanda belə xırda şeyləri düşünmürəm!

-“Xırda şey”!? Yüzlərin ölümü – “xırda şey”!?

— Haqqsızlıq varsa qisas alınmalıdır.  Nəyin bahasına olursa, olsun.

-Yaxşı, qisas almaq istəyirdin, elə onların yemək-içməyinə qataydın, daha pekarnıya niyə gedirdin?

-Qəfil qovdular məni evdən, həm də, təkcə onlar zəhərlənib ölsəydilər mənim günahım o saat əyan olacaqdı.

-…İndi nə fikirdəsən?

-Sənin yaxşılığın qarşılığında mən çaş-baş qalmışam. Nə edəcəyimi bilmirəm.

-Əlabbasla əlaqəniz varmı?

-Məni də gəlib aparacağına söz vermişdi. Amma gəl­mə­di. İndi onun da qisasını camaatdan alacaqdım… Sən, sənin ailən qoy­madı. İndi mən nə edim?.. Sizinlə qarşılaşmamaq üçün başımı götürüb hara gedim?

…Ayrıldılr. Xanlar dilxor olmuşdu. Polisə getmək, bu qəddar qoca barədə danışmağın lazımlılığını fikirləşdi. Bu qoca qadın artıq onun üçün köməyə ehtiyacı olan, evindən didərgin düşmüş köməksiz qoca deyildi. Bu qadın, azərbaycan xalqının on illər, yüz illər ərzində qonşu xalqa göstərdiyi etibarın, etdiyi yaxşılıqların, qonaqpərvərliliyin qarşısında arxadan aldığı zərbənin, xainliyin canlı təcəssümü idi. Quba yadına düşdü, Xocalı dəhşəti keçdi gözləri önündən. “Onlar niyə belə etdilər?” sualının cavabı idi bu qoca qadın.

…Düşündü ki, axşam evə qayıdanda, “qonağın” istifadə etdiyi o yorğan-döşəyi yandırmağı unutmasın…

Qiymət