«Nizami Gəncəvi, Qum kəndinə ziyarət» — Əli Bəy Azəri

Fikirlər Xatirələr

N. Gəncəvi: Qum, yoxsa, Gəncə? 

Yazıçı Əli bəy Azəri Nizami Gəncəvinin Qum kəndindəki büstünü ziyarət edib.

 

“Xəzan” jurnalının baş redaktoru yazıçı Əli bəy Azəri ölkənin şimal-qərb bölgəsində özünün yay tətili adlandırdığı səfərdə olub. Səfər çərçivəsində o, dahi mütəfəkkir və böyük Azərbaycan şairi Nizami Gəncəvinin Qax rayonunun Qum kəndində yerləşən büstünü ziyarət edib. O, bu barədə facebook səhifəsində yazıb.

«MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA,

Bir dağlıq QUM əyalətindənəm!»

Nizami Gəncəvi

Bu ifadə onun hansı əsərindədir, deyə bilmərəm. Qax rayonunun Qum kəndində böyük şairin büstünün yanında vurulmuş lövhədə belə yazılıb.

Bəzən kiçik işlərə vaxt ayırsaq da, böyük işlərə vaxt tapmırıq. Nizami Gəncəvinin büstünü 5 sentyabrda — yay tətilimin son günündə ziyarət etdim.

Onun QUM kəndində doğulduğu barədə hələ orta məktəbdə oxuduğum dövrdə ədəbiyyat müəllimimdən eşitmişdim. Burda ağızdan-ağıza ötürülən məlumata görə şair burada anadan olub. Hələ uşaq ikən Gəncədə zəlzələ nəticəsində evlər dağılıb. Bölgələrdən bənnalar Gəncəyə axışıb. Nizaminin atası (İlyasın atası Yusif) da bənna imiş. Yusif bir müddət Gəncədə işlədikdən sonra gəlib ailəsini də ora köçürüb. Qumdan Gəncəyə 80 kilometrlik fayton yolu varmış. Balaca İlyas Gəncədə 1141-ci ildə qeydə alınıb. Bu tarix onun anadan olduğu kimi göstərilib. Əslində isə həmin vaxt İlyasın 3-5 yaşı var imiş.

NİZAMİ GƏNCƏVİNİN QUM KƏNDİNDƏKİ büstü hər zaman ziyarət olunur. Ziyarətçilər arasında yeniyetmələrin, gənclərin, turistlərin çoxluğu qürurvericidir”, — deyə yazıçı vurğulayır.

 

Redaksiyadan: Hər bir hadisələrdə dolaşıqlıq yaratmağı, falsifikatorluq peşəsini mükəmməl dövlət siyasətinə çevirməyi bacarmış farslar N. Gəncəvinin tərcümeyi halında da peşələrinə sadiq qalmışlar. Bir çox araşdırmaçılar iranlı 17-18-ci əsrdə yaşamış Hacı Lütf Əlinin “Ataşkadah” bioqrafik əsərinə istinad edərək onun QUMda anadan olduğunu qeyd edirlər.

Guya, “İqbalnamədə” şairin

 

Gəncə dənizində olsam da pünhan,

Yerim Qum şəhridir, yurdum Qohestan.

Təfrişdə Ta adlı bir kənd dayanıb,

Nizami ad-sanı ordan qazanıb! – misraları olub. 1930-cu illərdə akademik Y.Kraçkovski, akademik A.E.Krımski, onlardan əvvəl, şərqşünas, rus akademiki Y.E.Bertels, bir sıra Azərbaycan alimləri “İsgəndərnamə”nin ən qədim nüsxələrini araşdırmışlar və elə bir bəndin olmadığını sübut etmişlər. Bertels birmənalı olaraq qeyd etmişdir: N. Gəncəvinin “1360-cı il il tarixli Parisdəki Milli Kitabxanda olan əlyazmalarında da bu sətir yoxdur”.

Yeganə fars (doğru olmağı bacaran fars) ədəbiyyatjünası V.Dəstgerdi Nizaminin Qumda anadan olmadığını, “İsgəndərnamə”nin üzünün köçürülməsi zamanı, fars mirzələrinin, əsərə şairin Qumda anadan olması barədə özlərindən sətirlər saldıqlarını bildirir.

Qaxın Qum kəndi barədə isə sübut tapılmadığı üçün Əli bəyin fikri ilə razı olmadığımı bildirirəm. Əfsuslar, Əli bəyin yazıda verdiyi

«MƏN BİR DÜRTƏK GƏNCƏ DƏNİZİNDƏ BATSAM DA,

Bir dağlıq QUM əyalətindənəm!»

sətirlərin böyük Nizamiyə dəxli olub-olmadığığını sübut (və inkar) edə bilmədim. Çünki, …bu misraları heç yerdə tapa bilmədim. Xaliq Məmmədov