Bu gün xəttatlıq müəllimi Sergey Kapitonıç Axineyevin qızı Natalya ilə tarix-coğrafiya müəllimi İvan Petroviç Loşadinovun toy günü idi. Toy şənliyi öz axarıyla gedirdi. Zalda mahnı oxuyur, oynayır, rəqs edirdilər. Klubdan sifariş edilmiş, qara fraklı, kirlənmiş ağ qalstuklu xidmətçilər otaqlarda dəli kimi var-gəl edirdilər. Səs-küy aləmi bürümüşdü. Riyaziyyat müəllimi Tarantulov, fransız Padekua və nəzarət palatasının kiçik auditoru Yeqor Venediktıç Mzda divanda yan-yana oturaraq, tələsik və bir-birinin sözünü kəsərək qonaqlara diri-diri basdırılma hallarından danışdılar və spiritizm haqqında fikirlərini bölüşdülər. Üçü də spiritizmə inanmadıqlarını bildirdilər, lakin etiraf etdilər ki, bu dünyada insan ağlının heç vaxt dərk edə bilməyəcəyi çox şeylər var. Başqa bir otaqda ədəbiyyat müəllimi Dodonski qonaqlara qarovulçunun yoldan keçənlərə atəş açmaq hüququna malik olduğu haqda danışırdı. Söhbətlər, gördüyünüz kimi, qorxulu mövzulardan idi, amma çox xoş idi. Həyətdəki insanlar pəncərədən baxırdılar, — onlar sosial vəziyyətlərinə görə, içəri girməyə ixtiyar sahibi deyildilər.
Gecə, saat düz 12-də ev sahibi Akineyev hər şeyin şam yeməyinə hazır olub olmadığını bilmək üçün mətbəxə getdi. Mətbəxi döşəmədən tavana qədər, qaz, ördək və bir çox başqa bişmiş qoxularının tüstüsü bürümüşdü. İki stolun üzərinə qəlyanaltılar və içkilər nizamsızlıqla düzülmüşdü. Masaların ətrafında turp kimi pörtmüş, sarınmış qarnı iki yerdən pırtlamış aşpaz Marfa səs-küy salırdı.
— Mənə göstər, anası, nərə balığını! — Akineev əllərini ovuşdurub dodaqlarını yaladı. — Bu nə qoxu, nə ləzzət! Bütün mətbəxdəkiləri yeyərdim! Gəl, nərə balığını göstər!
Marfa skamyalardan birinə yaxınlaşdı və ehtiyatla sərilmiş yağlı qəzet vərəqini qaldırdı. Vərəqin altında, yekə qabın üzərində, xallı kapari, zeytun və yerkökü ilə basdırılmış nərə balığı gəl-gəl deyirdi. Akineev nərə balığına baxıb bihuş oldu. Üzü işıqlandı, gözləri fırlandı. O, əyilib dodaqları ilə yağsız çarx səsi çıxartdı. Bir az dayandıqdan sonra həvəslə çırtıq vurub, yenidən dodaqlarını marçıldatdı.
— Paho! Ehtiraslı öpüş səsi… Kimlə öpüşürsən, Marfuşa? — qonşu otaqdan səs eşidildi və qapının ağzında sinif müəllimlərinin köməkçisi Vankinin təzə qırxılmış başı göründü. — Kiminləsən sən? A-a-a… çox gözəl! Sergey Kapitonıçlə! Yaxşı da, nə deyək! Xanımla təkbətək polonez!
«Mən öpüşürəm ki?!» deyə Akineev utandı, «sizə kim dedi, axmaq?» Mən… dodaqlarımı marçıldatdım… həzzdən… bişmiş balığı görüb…
— Dediniz, biz də inandıq!
Vankinin iri gülümsəyən başı göründü və qapının arxasında itdi. Akineev qızardı.
“Belə də iş olar!» — o fikirləşdi. — İndi gedib, əclaf, aləmə yayacaq. Biabırçılıq olacaq, donuz!..”
Akineev qorxa-qorxa salona girdi və yan tərəfə baxdı: Vankin hanı? Vankin fortopianonun yanında dayanıb hiyləgərcəsinə başını əyərək müfəttişin baldızına nəsə pıçıldayıb gülürdü.
«Mənim haqqımda danışır! — Akineyev düşündü. — Dəqiq, mənim haqqımda danışır, partdayasan elə səni! O da inanana oxşayır… Gülür də üstəlik! Tanrım! Yox, bunu belə qoya bilmərəm… yox… Ona inanmamalıdılar, belə şeymi olar!.. Hamısıyla danışacam, qoy elə xəbərçi-qeybətcil kimi tanınsın.»
Akineyev qaşındı və yenə utana-utana Padekuaya yaxınlaşdı.
«İndi mən mətbəxdə idim və şam yeməyinə görə ordaydım» — fransızca dedi. — Sən, bilirəm, balığı sevirsən, mənim dostum, nərə balığım var, qəşşəng! İki arşın uzunluğunda! Ha-ha-ha… Hə, hə, yeri gəlmişkən… Mən az qala unutdum… İndi mətbəxdə, bu nərə balığı ilə…, lətifədi elə bil! Mən indi, mətbəxə girirəm və yeməklərə baxmaq istəyirəm… Nərə balığına baxıram və zövqdən… dodaqlarımdan marçıltı (öpüşü xatırladan səs — X.M.) qopur! Və bu zaman qəfildən bu axmaq Vankin içəri girir və deyir… ha-ha-ha… və deyir: «Ah-ah-ah… burada öpüşürsən?» Marta ilə, aşpazla! Özündən uydurur, axmaq adam! O qadının öpməli harası var ki? O amma… öpdü, öpdüü! Qəribə tipdir!
— Qəribə tip kimdir? – deyə, yaxınlaşaraq Tərantulov soruşdu.
— Bəli, o, Vankin! Mən içəri girirəm, mətbəxə…
Və Vankinin haqqında danışdı.
— Sən gül, qəribə tip! Həyət iti ilə öpüşmək Marta ilə öpüşməkdən daha xoş olardı — deyə Axineev əlavə edərək, ətrafa baxdı və arxasında Mzdanı gördü.
«Vankindən danışıram axı…» dedi. — Qəribə tip! O, içəri girir, mətbəxə, məni Marfanın yanında görür və özündən cürbəcür şeylər uydurur. – «Necə deyir, öpüşürsüz?» Sərxoşmüş, nəymiş! Mən də deyirəm — Martadansa hinduşkayla öpüşərəm. Və, mənim arvadım var, deyirəm, sən belə axmaqsan. Özünü güldürmə!..
— Kimdi o, özünü güldürən? – deyə Axineyevə yaxınlaşan hüquq müəllimi soruşdu.
— Vankin. Mən mətbəxdə dayanıb nərə balığına baxıram…
Və s. Yarım saat ərzində bütün qonaqlar nərə balığıyla Vankinin hekayəsindən xəbər tutdular.
“Qoy indi onlara danışsın. Hərif! – deyə, Akineyev əllərini ovuşduraraq düşündü. — Nolar! Danışmağa başlasa, ağzından vuracaqlar — “Yetər, axmaq, cəfəngiyat danışırsan! Biz hər şeyi bilirik!”
Akineev o qədər rahatlaşdı ki, sevincindən əlavə dörd qədəh də aşırdı. Şam yeməyini bitirib gəncləri yataq otağına ötürəndən sonra öz otağına keçib məsum uşaq kimi yuxuya getdi. Ertəsi gün nərə balığının əhvalatını daha xatırlamırdı. Amma, vaay! Sən saydığını say, gör fələk nə sayır. Pis söz öz pis işini gördü, Axineyevin hiyləsi işə yarımadı! Düz bir həftə sonra, yəni üçüncü dərsdən sonra çərşənbə günü, Axineyev müəllim otağında dayanıb şagird Vısekinin iyrənc meylləri haqqında danışanda direktor ona yaxınlaşaraq, kənara çəkdi.
“Baxın, nə deyirəm, Sergey Kapitoniç,” — direktor dedi. “Bağışlayın… Bu, məna aid iş deyil, amma yenə də bunu açıqlamalıyam… Mənim borcumdur… Görürsən, sənin o qadınla… aşpazla yaşadığına dair şayiələr gəzir… Mənim işim deyil bu, amma… O qadınla yaşa, öpüş … necə istəyirsən, amma lütfən, aşkarda olmasın! Sizdən xahiş edirəm! Pedaqoq olduğunuzu unutmayın!
Akineyev donmuş hala düşdü. Bütöv bir ilan sürüsü çalmış və qaynar suda yanmış kimi evə yollandı. Evə gedirdi və ona elə gəlirdi ki, bütün şəhər ona, qətrana bulaşmış birisinə baxırmış kimi baxır… Evdə onu yeni bir bədbəxt hadisə gözləyirdi.
— Niyə danışmırsan, dilin yoxdu? — arvadı atmaca atdı. — Niyə fikirə getdin? Yeni sevgililərin haqqında düşünürsən? Marfuşa üçün darıxmısan? Mənə hər şey məlumdur! Gözümü açdı yaxşı insanlar! Vayy səni… vəhşi!
Və yanağına bir sillə!.. O, masadan qalxdı və ayaqları altında yeri hiss etmədən, papaqsız, paltosuz, başıalovlu Vankinin üz tutdu. Vankini evdə tapdı.
— Ay əclaf! — Akineyev Vankinə qışqırdı. — Niyə məni camaatın gözü qabağında ləkələdin? Bu nə böhtandır atırsan mənə?
— Nə böhtan? Bu nə uydurmadır!
— Bəs kim yayıb bu böhtanı, guya mən Marfanı öpmüşəm? Guya sən yaymamısan, quldur?
Vankin çəlimsiz sifətinin bütün bütün damarlarını işə salaraq gözlərini qırpdı və başını ikonaya qaldırıb dedi:
— Allah, mənim cəzamı ver! Bunun haqqında bircə kəlmə belə, demişəmsə, gözlərimi kor et və ölməyimə hökm ver! Vəbaya tutulum!
Vankinin səmimiliyinə şübhə etmək olmazdı. Aydındır ki, qeybəti o etməyib.
“Axı kim ola o? Kim? – deyə Akineyev bütün tanışlarını xəyalından keçirib, döşünə döyəclədi. Kim?»
— Kimdir o? Oxucudan da soruşuruq…
Rus dilindən tərcümə Xaliq Məmmədovundur.