Cavanşir Qənbər — Dərdindən ölürdüm, ölmürəm indi…

Cavanşir Qənbər

Nastaloji

Bir zaman nağıllı eşq yaşayardıq,

Sevmək necə olur, bilmirəm indi?!

Əvvəl ki, şirinlik qalmayıb daha,

Bəlkə, qocalmışam görmürəm indi.

 

Deyərdim dil sənin söz mənim olsun,

Deyərdim, qaş sənin göz mənim olsun,

Dəbdəydi dağ sənin , düz mənim olsun,

Vallah, dağı-düzü bölmürəm indi.

 

Baxışlar ay kimi şölə saçardı,

Ayaq büdrəyəndə dodaq qaçardı.

Xoş söz yanaqlarda çiçək açardı,

Yüz yol yıxılsamda gülmürəm indi.

 

Dünya qonaq evi, gəldim ki, gedim,

Çox şeyi gizlətdim az şeyi dedim.

Sənə bircə şeyi etiraf edim,

Dərdindən ölürdüm…

-ölmürəm indi!

 

Məsləhət

Bala görürsənmi, xalq-xalq deyəni?

Gör necə qoyurlar, dincə yerindən…

Hər zaman hədəflər bərk olmur bala,

Vururlar adamın incə yerindən.

 

Qabaqda duran yox, indi dağ kimi,

Dağı fırladırlar oyuncaq kimi,

Dağ boyda kişini bir uşaq kimi,

Qaldırıb, atırlar küncə yerindən.

 

Hamıya bəllidir. hamının halı,

«Yallı», getməlidir dəyişən valı.

Susmalı…

-susmalı…

— yenə susmalı,

Yumruq tərpədənlər məncə yerindən.

 

Tank-topla çıxıbdı adam bu yola,

Düşün gəl  başını soxma bu kola.

Əbülfəz deyil ki, Kərbala ola,

Həddi var tərpənsin, Gəncə yerindən.

 

Ömürdən bir epizod

Yaradan Tanrıdır, bəxt yazan odur,

Məni xan eyləsin demirəm belə…

Kiminsə haqqını yeyə bilərəm,

Halal qismətimi yemirəm belə.

 

Gəldim, nə gördüm ki, bu çata-çatda,

Yüküm çiyindədi, barxanam atda.

Bu diri dünyada Allahın altda,

Odunam, ocağam, kömürəm belə.

 

Zehnim açıldıqca ayaq dolaşır,

Görən pıçıldayır, şair yaşlaşır.

Könlüm kövrəkləşir, sinəm daşlaşır,

Poladam, qayayam, dəmirəm belə.

 

Sarı

Dərdlərin əlindən ildə beş-on gün,

Baş alıb qaçıram bu dağa sarı.

İşığa can atan pərvanə kimi,

Gəlirəm bu oda-ocağa sarı.

 

Doğmadır ,əzizdir bu təpə-dərə,

Çöpünü vermərəm qızıla-zərə.

Hər çığır xatirə…

Hər daş xatirə,

Elə əyilirəm torpağa sarı.

 

Ömrüm qışdan keçir, gah yaydan keçir,

Araz tək çağlayıb hər taydan keçir,

Ay ana, gəl məni bu çaydan keçir,

Dönüb boylanıram, bulağa sarı.

 

Çox şey yada düşür, dostlar cəmlənir,

Kəkotu yığılır çayım dəmlənir.

Könlüm kövrəldikcə gözüm nəmlənir,

Damlalar yol alır dodağa sarı.

 

Ayrılıb getmişəm gör neçə ildir,

Ağrıyan sinəmdi, sızlayan dildir.

İlahi, sən məni bu dağda öldür,

Nə pambığa bələ,nə ağa sarı.

Qiymət