Səfər Boluslu

Səfər Boluslu

1923 Cinli-Boluslu, Vəfat tarixi      1984 Cinli-Boluslu, Goranboy rayonu

Tmiryazev adına akademiyanın məzunu 

Yüz dəfə peyvənd vur

Yüz dəfə peyvənd vur, min dəfə calaq,

Kökündən cır olan cır qalacaqdır.

Alçağı ucaltsan uca dağ kimi,

Yeri gələn kimi alçalacaqdır.

 

Qızıldan olsada qarğa yuvası,

Adı ki, qarğadı nədi mənası,

Meydanda tək qalsa laçın balası,

Yenə laçın kimi vuruşacaqdır.

 

Atı at eyləmir qızıldan yəhər,

İlanda torpaqdan götürür zəhər,

Min il xaraba tek qalsa bir şəhər,

Yenə şəhər kimi ucalacaqdır.

 

İndi əl atırıq ulduza — aya,

Fitnələr qururuq dənizə, çaya,

Hələlik gülürük qoca dünyaya,

Qocalıb – qocalır — qocalacaqdır.

 

Səfər insan kimi sevdin insanı,

Bəs bizdən əzəlki insanlar hanı?

Zaman əlindəki öz kamanını,

Hey çalıb, hey çalır, hey çalacaqdır.

17 may 1969.

Var

Deyirsən, kimin var — xəyallanırsan,

Qulaq as, vətəndə gör bir nəyim var.

Solan gəncliyimin nişanəsindən,

Min bir çəmənlikdə bir çiçəyim var.

 

Bərabər ağlayaq gəl, ey mələk, gəl,

Təbiət  qüvvətli günəşdən gözəl.

Anamın məzarı önündə əzəl,

Möhkəm yas tutmağa bir diləyim var!

 

Gəzəm kəndimizi könlümdə vüqar,

Gələ görüşümə dostlar, qohumlar.

Aylı yay gecəsi gözündə xumar,

Yarı oyatmağa bir diləyim var.

 

Möhnətdən yanıram — gedəm Xanlara,

Hicrandan varlığım çəkilə dara.

O şəhla gözlərə, hindu xallara,

Doyunca baxmağa bir diləyim var.

 

Çıxam səyahətə Xan bulağına,

Kəpəzdən adlayam Murov dağına,

O kürd gözəlinin al yanağına,

Şeir yaratmağa bir diləyim var.

 

Çiynimdə yapıncı dayanam dikdə,

Təkə him eyləyə, hürkə əlik də.

Atı qolbənd edəm göy meşəlikdə,

Kabab qızartmağa bir diləyim var.

 

Yetişəm çillənin buz qarpızına,

Qatıq dovğasına, turş yarpızına.

Qarabağ elində təhlə qızına,

Xurcun toxutmağa bir diləyim var.

 

Göy-gölün üstündə kəsəm toğlunu,

Tərəkəmə yuxa — Gəncənin unu.

Qocaman çağında Qaraçı oğlunu,

Zildən oxutmağa bir diləyim var.

 

Heç xəbərin varmı bizim toylardan,

Soruşsan — söyləyər ulduzdan, aydan.

Gəlinlə toybəyi oynayan zaman,

Şabaş uzatmağa bir diləyim var.

 

Rast muğamını Şuşalı Xanın,

Qəşəng söhbətini usta İslamın,

Şirin laylasını aşıq Cumanın,

Şəkərə qatmağa bir diləyim var.

 

Bizim aşıqların öz ləhcəsinə,

Zeynalın məclisdə hər kəlməsinə,

Hüseyn Cavanın incə səsinə,

Ahh!  Qulaq asmağa bir diləyim var.

 

Ədalət Nəsibov vura təzyana,

Əkbərlə İmran da gələ meydana.

Şərab qabağımda lə’nət şeytana,

Hərdən söz atmağa bir diləyim var.

 

Bu dünya durduqca gələcək səsi,

Bizim el şairi, el müğənnisi,

Cəvahir dəryası söz xəzinəsi,

Daşqına çatmağa bir diləyim var.

 

Dost ayrı — can qalmaz canımda,

Səftərlə Cavanşir ola yanımda.

Gələr öz yerinə din imanımda,

Küsüb cırnatmağa bir diləyim var.

 

Kimsəsiz vətənsiz sayma Səfəri,

Çoxdu arzulayan daim Səfəri.

Ölsə, yad torpaqda qoyma Səfəri,

Vətəndə yatmağa bir diləyim var.

1962 Moskva