Nəcib Məhfuz (11 dekabr 1911 — 30 avqust 2006)- görkəmli nasir, dramaturq, ədəbiyyat üzrə Nobel mükafatını qazanmış (1988) Misir yazıçısıdır. 1994-cü ildə barəsində dindarların ölüm fətvası verməsi nəticəsində evinin önündə bıçaqlanıb. Sağ qalıb. 21 roman və 5 hekayə toplusunun müəllifidir. 31 avqust 2006-cı ildə Qahirənin Nəsr rayonu ərazisindəki Əl-Rəşdan məscidində dövlət tərəfindən hərbi şərəflə dəfn mərasimi keçirildi.
— Ata…
— Bəli!
— Rəfiqəm Nadiyə ilə biz həmişə bir yerdəyik.
— Nə olar ki, balası?!
— Sinifdə də, tənəffüs vaxtı da, yeməkxanada da.
— Çox gözəl. O, nəcib və tərbiyəli qızdır.
— Təkcə ilahiyyat dərsində mən onunla ayrılmalı oluram.
Kişi süfrəyə örtük tikən arvadına nəzər salanda onun gülümsündüyünü gördü, qızına təbəssümlə cavab verdi:
— Hə də, bu şərt təkcə ilahiyyat dərsi üçün qoyulur.
— Axı niyə, ata?
— Çünki sənin bir dinin var, onun isə başqa dini.
— O necə olur?
— Sən müsəlmansan, o isə xaçpərəst.
— Niyə belədir, ata?
— Hələlik balacasan, böyüyəndə özün hər şeyi başa düşəcəksən.
— Mən daha böyüyəm də.
— Yox, balası, sən hələ balacasan.
— Bəs niyə mən müsəlmanam?
Bu yerdə kişi səbrini basmalı, sözlərini ehtiyatla seçməliydi ki, evində şamil olunan tərbiyə üsullarına hər hansı xələl gətirməsin.
— Sənin valideynlərin müsəlman olduğundan sən də müsəlmansan.
— Bəs Nadiyənin ata-anası?
— Onun isə ata-anası xaçpərəstdir, buna görə də Nadiyə xaçpərəstdir.
— Yəqin, onun atası eynək taxdığı üçün xaçpərəst sayılır?
— Yox, qızım, eynəyin buna dəxli yoxdur. Onların babaları da xaçpərəst olub, ona görə.
Kişi fikirləşdi ki, bəlkə, Nadiyənin bütün keçənlərinin xaçpərəst olduğunu sayıb-sadalasın — bəlkə qız özü bezə, mövzunu dəyişə.
Bu fikri düşünərkən, qız yenə soruşdu:
— Ata, müsəlman olmaq yaxşıdır, yoxsa xaçpərəst?
Bir qədər fikirləşən kişi dilləndi:
— Hər ikisi yaxşıdır.
— Ancaq bunlardan hansısa daha da gözəldir, ya yox?
— Bu dinlərin elə ikisi də gözəldir.
— Bəlkə Nadiyədən heç ayrılmayım deyə, mən də xaçpərəst olum?
— Yox, qızım, bu mümkün deyil. Hər bir övlad öz ata-anasının dininə sadiq qalmalıdır.
— Axı, niyə?
«Necə də indiki uşağa tərbiyə vermək xeyli müşkül iş olub!» -düşünərək dedi:
— İstəmirsən böyüyəndə özün başa düşəsən belə işləri?
— Yox.
— Yaxşı. Sən heç bilirsən bu «moda» deyilən şey nədir? Bu gün hərə bir modaya üstünlük verir. Müsəlman olmaq da, bir növ, modadır. Odur ki, sən də məhz müsəlman olaraq qalmalısan.
— Onda belə çıxır ki, Nadiyə modadan kənardır?
«Sən bu Nadiyə ilə məni lap boğaza yığdınız ha!»
Bacardıqca ehtiyatlı davranmağa çalışırdı, gərək, başlanğıcda söhbəti yekunlaşdıraydı. Gərək indi vəziyyətdən ehmalca bir çıxış yolu tapaydı.
— Bilirsən, bu — bir zövq məsələsidir, ancaq yenə də hər kəs gərək valideynlərinin dininə sadiq qala.
— Mən onun indiki modadan kənarda olduğunu Nadiyəyə söyləyə bilərəm?
Atası qızın sözünü kəsdi:
— Hər din gözəldir, çünki müsəlmanlar da, xaçpərəstlər də tək Allaha iman gətirirlər.
— Bəs elə isə bunu niyə ayrı-ayrı sinif otaqlarında edirlər?
— Çünki onların sitayişləri bizimkindən fərqlənir.
— Niyə fərqlənir axı?
— Bunu sən gələn, ya da o biri il öyrənəcəksən. Hələlik isə həm müsəlmanların, həm də xaçpərəstlərin tək Allaha inandıqlarını bilsən bəsdir, bala.
— Ata, bəs sənin Allahın kimdir?
Kişini uzun-uzadı fikrə dalır. Sonra təmkinlə qızından soruşur:
— Bununla bağlı müəllimən sənə nə deyib məktəbdə?
— O, bizə bir surə oxudu, sonra isə bir dua əzbərlədik, ancaq mən bunlardan heçcə nə anlamadım. Ata, sənin Allahın kimdir?
Bir qədər də düşünən kişi gülümsəyərək, ilk ağlına gələn cavabı verdi:
— O — bütün dünyanın yaradanıdır.
— Bütün dünyanın?
— Bəli, elədir ki, var.
— Bəs «yaradadanı» nə deməkdir?
— Bax, bütün bu gördüklərini yaradan, yoxdan var eləyəndir o.
— O, bunu necə bacarıb?
— Özünün misilsiz iradəsi sayəsində.
— Bəs o özü, harada yaşayır?
— Hər yerdə, bütün dünyada.
— Bəs dünya yaranana qədər, o harada yaşayırdı?
— Yüksəklərdə, yuxarılarda.
— Göydə?
— Hə.
— Mən onu görmək istərdim.
— Bu iş… mümkün deyil, qızım.
— Televizorda da onu görəmmərəm?
— Heç televizorda da.
— İndiyəcən heç kəs onu görməyib?
— Heç kəs.
— Bəs onda sən haradan bilirsən ki, o göydə yaşayır?
— Çünki bu şəksiz-şübhəsiz belədir.
— Onun yuxarıda olduğunu bəs ən əvvəl kim xəbər verib?
— Peyğəmbərlər.
— Peyğəmbərlər?
— Hə. Məsələn, Muhəmməd peyğəmbər.
— Ata, bəs o, bunu haradan öyrənib?
— İlahi vergi sayəsində.
— Bəyəm o, gözəgörünməzləri də görürmüş ki?
— Hə.
— Niyə, ata?
— Çünki Allah-təala onu bizlərdən fərqli yaradıbmış.
— Ancaq yenə də olsun, axı niyə?
Səbri lap daralan kişi dilləndi:
— Çünki o, nəyi necə istəyirsə, elə də xəlq eləyir.
— O, necə biridir ki?
— Çox güclüdür, hədsiz güclü. Buna görə də hər şeyi bacarır.
— Lap sənin kimi, ata?
Kişi gülməkdən özünü güclə saxladı:
— Yox, onun misli-bərabəri yoxdur.
— Bəs onda niyə o göydə yaşayır?
— Çünki bu Yer üzü ona darlıq edir. Ancaq o, burada hər olub-bitəni görür.
Bir az fikrə gedən qız soruşdu:
— Nadiyə isə deyir ki, o keçmişdə Yer üzündə yaşayıb.
— O, Yer üzündə hər olub-bitəndən agah olduğu üçün, hə, insanlar adətən belə deyirlər. Elə sanılır ki, o da bizim aramızda yaşayır.
— Rəfiqəm deyir ki, insanlar onu qətlə yetiriblər.
— Ancaq o, ölümsüz olduğundan əsla ölə bilməzdi.
— Nadiyə isə deyir ki, insanlar onu öldürüblər.
— Yox, balası, insanlar özlərini inandırıblar ki, guya onu öldürüblər. Əslində isə o, ölüb-eləməyib, həmişə diridir.
— Mənim babam da sağdır?
— Yox, sənin baban ölüb.
— Onu da insanlar öldürüblər?
— Yox, öz əcəliylə ölüb.
— Necə yəni?
— Xəstələnib və ölüb də.
— Onda indi xəstə yatan bacım da öləcək, eləmi?
Arvadının qaşqabağını salladığını sezən ata qaşlarını çatıaraq dilləndi:
— Yox, inşallah, bacın sağalacaq.
— Bəs onda babam niyə öldü?
— Çünki həm yaşlanmışdı, həm də xəstə idi.
— Elə isə sən də yaşlı və xəstəsən. Bəs sən niyə ölməmisən?!
Bu yerdə anası qızın üstünə çımxırdı və özünü itirən uşaq baxışlarını anasından ayırıb, təkrar atasının üzünə zillədi.
— Allah nə vaxt uyğun bilsə, onda da öləcəyik, çünki hər şey onun hökmünə, məsləhətinə bağlıdır, — deyə kişi bayaqkı sualı cavablandırdı.
— Bəs niyə o, bizim ölümümüzü istəyir ki?
— Hər şey onun məsləhətinə uyğun baş verir axı.
— Ölüm necə, yaxşı şeydir?
— Yox, balası.
— Bəs onda Allah niyə belə, yəni yaxşı sayılmayan işlərə qol qoyur?
— Əgər Allah belə uyğun görürsə, deməli, insanlar ölməlidir də.
— Yox ey, axı, özün dedin ki, ölüm yaxşı şey deyil.
— Dilim çaşdı, balası.
— Bəs mən: «Sən niyə hələ ölməmisən?» deyə soruşanda, anam niyə özündən çıxdı?
— Çünki Allah hələlik bunu mənə rəva bilmir.
— Bəs nə vaxt rəva biləcək?
— Bizi bu dünyaya göndərən də, buradan alıb-aparan da odur.
— Axı, niyə görə?
— Ona görə ki, burada olduğumuz müddətdə xeyirxah əməllər işləyə bilək.
— Bəs niyə biz burada həmişəlik qalmırıq?
— Çünki insanlar Yer üzünü tərk eləməsələr, burada hamıya yer çatmaz.
— Bəs niyə bütün yaxşı əməllərimizi biz burada qoyub, getməliymişik?
— Çünki o gedəcəyimiz yer buradan daha gözəldir.
— Haradır ey ora?
— Yuxarılar.
— Allah olan yerlər?
— Hə.
— Orada onu görəcəyik?
— Hə.
— Bu, yaxşı şeydir?
— Əlbəttə ki.
— Sırf elə buna görə Yer üzünü tərk etməliymişik biz?
— Ancaq hələlik biz gücümüz yetəcək qədər xeyirxah əməllər işləməmişik.
— Babam necə, bunu bacarmışdı?
— Hə.
— Neyləmişdi ki, o?
— Ev tikib, bağ salmışdı.
— Bəs xalam oğlu Tutu nə eləmişdi?
Kişi yenə çarəsizliyə qapıldı və yardım istəyərmiş kimi arvadına tərəf baxdı. Sonra dilləndi:
— O da bu dünyadan köçməzdən əvvəl kiçik bir ev tikmişdi özünə.
— Qonşumuzun oğlu Lulu həmişə məni döyür və xeyirxahlığın nə olduğundan yerli-dibli xəbərsizdir.
— O, bir avaradır.
— Bəs o, necə, ölməyəcək?
— Allah rəva biləndə o da öləcək.
— Heç bir xeyirxah əməl işləməsə də, öləcək, eləmi?
— Hər kəs öləcək. Xeyirxahlar Allahın dərgahına yollanacaq, şər iş tutanlar isə atəşdə yanacaqlar.
Köksünü ötürən qız bir ara susdu.
Kişi özünü əldən düşmüş biri kimi hiss etməkdəydi. Verdiyi cavabların doğru-yanlışlığından isə hələ də narahat idi. Eşitdiyi tərs suallar qəlbinin dərin guşələrindəki o şübhə pərdələrini yırtıb-tökmüşdü.
Qız bayaqkı fikrini təkrar dilə gətirdi:
— Mən həmişə Nadiyə ilə olmağı arzulayıram.
Atasının çaşqınlığa qapıldığını görüncə, qız öz fikrini tamamladı:
— Hətta ilahiyyat dərsində də.
Kişi ucadan qəhqəhə çəkdi. Arvadını da gülmək tutdu.
Bir ağız əsnəyən kişi dedi:
— Bu cür məsələləri övladımla götür-qoy edəcəyim heç ağlıma gəlməzdi, vallah.
Arvadı söhbətə qoşuldu:
— Qoy hələ bir qızın böyüsün, onda içində baş qaldıran bütün şübhələri sən onunla gen-bol paylaşarsan.
Arvadının bunu zarafatla, yoxsa ciddi şəkildə dediyini öyrənmək istəyən kişi cəld ona sarı qanrılanda gördü ki, qadının bütün fikri-zikri əlindəki tikməyə cəmlənib.