Beydemir.ru saytı mühacir yazıçıların ən parlaq nümayəndələrindən olan Məhəmməd Əsəd bəyin Qurban Səid təxəllüsü ilə yazdığl’ «Əli və Nino» romanını hissələrlə diqqətinizə təqdim edir. Roman haqlı olaraq dünya ədəbiyyatının incilərindən sayılır. Əsər demək olar ki, bütün qitələrdə dəfələrlə nəşr edilmişdir. Təkcə 1970-ci ildə ABŞ-da o beş dəfə çap olunmuş və uzun illər ölkənin bestsellerləri siyahısında yer almışdır. İndiyədək roman 18 dilə tərcümə olunmuş, 50-dən artıq ölkədə işıq üzü görmüşdür.
QURBAN SƏİD “ƏLİ və NİNO”
BİRİNCİ FƏSIL
Biz Bakıdakı çar-rus humanitar gimnaziyasının üçüncü sinfində qırx şagird idik: otuzu müsəlman, dördü erməni, ikisi polyak, üçü təriqətçi və bir rus. Professor Saninin bizə şəhərimizin qeyri-adi coğrafi vəziyyəti barədə dediklərinə ehtiramla qulaq asırdıq.
— Avropa qitəsinin təbii sərhədləri şimaldan Şimal dənizi, qərbdən Atlantik dənizi, cənubdan Aralıq dənizi ilə sınırianır. Avropanın qərb sərhədi Ural boyunca rus imperiyasından keçib Xəzər dənizini bölür və sonra Cənubi Qafqazdan addayır. Bəzi alimlər Qafqaz sıra dağlarından cənubdakı ərazini Asiyaya aid etdikləri halda, digərləri deyirlər ki, bu yerlərə də Avropanın bir parçası kimi yanaşmaq lazımdır, başlıcası da mədəni inkişaf baxımından. Deməli, müəyyən mənada sizin davranışınızdan asılı olacaq ki, balalarım, şəhərimiz inkişaf etmiş Avropayamı, yoxsa geridə qalmış Asiyayamı aid edilsin.
Əynində rus gimnaziya müəlliminin qızıl haşiyəli mundiri olan professor özündən razı halda gülümsədi. Elmin dərinliklərindən və məsuliyyətin ağırlığından nəfəsimiz durdu. Sonra arxa cərgədə əyləşmiş Mehmet Haydar əlini qaldırıb dedi:
— Lütfən, cənab professor, biz məmnuniyyətlə Asiyada qalmaq istərdik.
Şaqqanaqlı gülüş otağı başına götürdü. Mehmet Haydar ikinci dəfəydi ki, üçüncü sinfin oturacağından qopa bilmirdi və nəqədərki Asiyada qalmaq istəyirdi, tam imkanı vardı, bunu üçüncü kərə də təkrarlasın. Əslində nazirliyin qərarı Rusiyanın Asiya hissəsindəki yerli sakinlərə, onlar buna layiq olduqları təqdirdə, istənilən müddətə sinifdə qalmağa icazə verirdi.
Professor Sanin alnını düyünlədi:
— Belə, Mehmet Haydar, deməli, sən asiyalı qalmaq istə- yirsən? Qabağa gəl görək. Fikrini əsaslandıra bilərsənmi?
Mehmet Haydar irəli çıxdı, qızarıb susdu. Ağzı açıla qaldı, alnı düyünləndi, gözləri gic-gic qabağa zilləndi. Dörd erməni, iki polyak, üç təriqətçi və bir rus onun gicliyinə sevinəndə əlimi qaldırıb dedim:
— Cənab professor, mən də məmnuniyyətlə Asiyada qalmaq istəyirəm.
— Əli xan Şirvanşir! Sən də?! Yaxşı, çıx irəli. — Professor Sanin alt dodağını irəli uzadıb onu Xəzər dənizinin sahilinə sürgün etmiş taleyini ürəyində lənətlədi. Sonra içini arıtlayıb ağır-ağır dedi:
— Heç olmasa, sən öz fikrini açıqlaya bilərsənmi?
— Bəli. Asiyada mən özümü çox rahat hiss edirəm.
— Belə dee. Ömründə bir dəfə haçansa əsl cahil Asiya məmləkətində olmusanmı, məsələn, Tehranda?
— Əlbəttə, keçən yay.
— Aha! Avropa kültürünün böyük başarıları orda gözə də- yirmi, məsələn, avtomobil?
— Bəs necə, özü də lap iriləri. Otuz və daha çox adamlıq. Onlar şəhərin içində işləmir, əyalətdən əyalətə gedir.
— Onlar avtobusdur və dəmir yolunun yoxluğundan işləyirlər. Geriqalmışlıq da elə buna deyilir. Otur, Şirvanşir!
Qalan asiyalılar xürrəmləşdilər və razılıqla mənə baxdılar.
Professor Sanin pərtləşib susdu. Biz şagirdləri yaxşı avropalı kimi tərbiyə etmək onun vəzifə borcu idi.
— Sizlərdən kimsə, xaricdə, məsələn, Berlində olubmu? — qəflətən soruşdu.
Bugün onunku gətirmirdi: təriqətçi Maykov əlini qaldırıb etiraf etdi ki, hələ uşaq ikən Berlində olub. İyli, nəm, vahiməli metronu, səsli-küylü dəmir yolunu və anasının ona dilimlədiyi donuz qaxacını yaxşı xatırlayır.
Biz otuz müsəlman dərindən mütəəsir olduq. Seyid Mustafa hətta bayıra çıxmağa icazə istədi, çünki donuz qaxacı kəlməsi onun ürəyini bulandırmışdı. Bakı şəhərinin coğrafi vəziyyəti barədəki müzakirə bununla tamamlanmış oldu.
Zəng çalındı. Professor Sanin özündə bir yüngüllük duyub sinfi tərk etdi. Biz qırx şagird də bayıra cumduq. Böyük tənəffüs idi və ortada üç imkan vardı: həyətə qaçıb qonşu real gimnaziyanın şagirdlərini əzişdirmək, çünki onların qızıl düymələri və qızıl kokardları vardı, halbuki biz yalnız gümüşlə qənaətlənməli olurduq; bir-birimizlə ucadan tatarca danışmaq ki, ruslar heç nə başa düşməsinlər, bir də ona görə ki, bu, qadağan olunmuşdu; yaxud küçədən keçib özümüzü müqəddəs çariça Tamarın qızlar litseyinə çatdırmaq. Mən sonuncuya üstünlük verdim.
Qızlar ağ önlükdə, ənənəvi mavi məktəbli geyimində bağda gəzişirdilər. Əmim qızı Aişə mənə əl elədi. O, Nino Ki- piani ilə qol- qola tutub gəzişirdi və Nino Kipiani dünyanın ən gözəl qızı idi. Onların hər ikisinə coğrafiya barədəki mücadi- lələrimdən danışanda dünyanın ən gözəl qızı dünyanın ən gözəl burnunu yığışdırıb dedi:
— Sənin ağlın hardadır, Əli xan?! Allahına şükür et ki, Avropadayıq. Asiyada olsaydıq, gərək mən örtülü gəzəydim, onda məni ömründə görməzdin.
Elə bil məni ildırım vurdu. Bakı şəhərinin coğrafi durumu barədəki şübhələr məni az qala dünyanın ən gözəl gözlərinə həsrət qoyacaqdı.
Qüssə içində dərsin qalan hissəsinə girmədim. Şəhərin küçələri ilə gəzişdim, dəvələrə, dənizə baxıb Avropa, Asiya, Ninonun gözəl gözləri barədə düşündüm və daha da qəmləndim. Sir-sifəti əyiş-üyüş bir dilənçi mənə yaxınlaşdı. Ona pul verdim, kişi əlimi öpmək istədi. Mən əlimi qorxu içində geri çəkdim. Amma sonra düz iki saat şəhəri dolaşıb həmin dilənçini axtardım ki, əlimi öpsün. Fikirləşdim ki, xətrinə dəymiş olaram və vicdan əzabı keçirdim. Onu tapmaq mümkün olmadı.
Bütün bunların hamısı beş il bundan qabaq olmuşdu.
Bu beş ildə çox şey dəyişmişdi. Bizə yeni direktor gəlmişdi, o da ərklə yaxamızdan yapışıb bizi silkələyirdi, çünki gimnazistləri şillələmək ciddi qadağan edilmişdi. İlahiyyat müəllimimiz təfərrüatı ilə başa salırdı ki, bizi dünya üzünə müsəlman kimi gətirməkdə Allah Öz mərhəmətini əsirgəməmişdir. Sinfimizə iki erməni, bir rus əlavə olunmuş, iki müsəlman isə siyahıdan silinmişdi: biri ona görə ki, onaltı yaşında ikən evlənmişdi, digəri də ona görə ki, tətil zamanı qan düşmənləri tərəfindən qətlə yetirilmişdi. Mən, Əli xan Şirvanşir üç dəfə Dağıstanda, iki dəfə Tiflisdə, bir kərə Kislovodskda, bir kərə də İranda əmimgildə olmuşdum və bir dəfə az qalmışdı sinifdən sinfə keçə bilməyim, çünki qerindiumu qerindivumdan ayıra bilməmişdim. Atam bu barədə məsciddə molla ilə danışmış, o da demişdi ki, latın dili ümumiyyətlə başdan-başa giclikdir. Bundan sonra atam özünün türk, rus və fars ordenlərinin hamısını sinəsinə taxıb direktorun yanına yollanmış, məktəbə hansısa bir fizika cihazı bağışlamış, mən də sinifdən sinfə keçirilmişdim. Məktəbdə təzəlikcə gimnaziya şagirdlərinə dolu tapançalarla binaya girməyi qadağan edən bir bildiriş asmışdılar, şəhərə telefon çəkilmişdi, iki kinoteatr açılmışdı və Nino Kipiani hələ də dünyanın ən gözəl qızı .idi.
İndi bunların hamısına son qoymağın vaxtı çatmışdı; məktəbi bitirməkdən məni bircə həftə ayırırdı və mən evdə otağımda oturub Xəzər dənizinin sahilindəki latın dili dərsinin mənasızlığını götür- qoy edirdim.
Evimizin ikinci qatında gözəl bir otaq. Buxara, İsfahan və Kəşandan gətirilmiş tutqun xalçalar divarları bəzəyir. Adi insanın qavramadığı, lakin gözəlliyi ilə mütəxəssisi heyran qoyan çeşnilər xalçaçının fantaziyasında canlanan bağ və gölləri, meşə və çayları əks etdirir. Bu boyalar üçün lazım olan otları uzaq-uzaq çöllərin köçəri qadınları yabanı, tikanlı kolların arasından yığırdılar. Şüş barmaqlar sıxıb onlardan şirə çıxarırdı. İncə boyaların sirri əsrlərlə ölçülür və toxucu öz sənət əsərini ərsəyə gətirənə qədər bəzən on ildən artıq bir vaxt keçir. Sonra xalça divardan asılır, ov səhnələrinin, cəngavər döyüşlərinin sirli rəmzləri, eyhamları ilə dolu, yelənində naxışlı yazılar, Firdovsinin bir beyti, yaxud Səədinin müdrik bir kəlamı. Xalçaların çoxluğu otağa tutqunluq gətirirdi. Alçaq bir divan, perlamutla süslənmiş kiçik bir kətil, çoxlu yumşaq balınc; və bütün bunların ortasında, ahəngi pozaraq və tam mənasız təsir bağışlayaraq, qərb elminin kitabları: kimya, latın dili, fizika, triqonometriya — gic-gici şeylər, öz barbarlıqlarını ört-basdır etmək üçün barbarların tapıntısı.
Kitabları qapadım, otaqdan çıxıb dar şüşə aynabəndlə evimizin yastı damına qalxdım. Ordan öz dünyama, qədim şəhərin qalın qala divarlarına və girişində ərəb yazıları olan sarayın uçuqlarına tamaşa etdim. Küçələrin qat-qarışığında incə ovsarlı dəvələr löhrəmləyirdi ki, adam az qala onları tu- marlamağın həsrətini çəkirdi. Qarşımda dəyirmi, pəndəm Qız qalası baş qaldırırdı, ətrafında əfsanələrin və əcnəbiləri gəzdirən bələdçilərin dolaşdığı qala. Qaladan o üzdə dəniz başlayırdı, tam donuq, qurğuşun rəngli və sirli Xəzər dənizi, arxada da çöl — diş-diş qayalar, qum və tikanlı əncər, sakit, lal, yenilməz, dünyanın ən gözəl təbiət mənzərəsi.
Mən kirmişcə damda oturmuşdum. Nəyimə gərək idi başqa şəhərlər, başqa damlar və başqa təbiət mənzərələri?! Mən hamar dənizi, dümdüz çölü və onların qoynundakı bu qədim şəhəri, buraya gəlib neft axtaran, çölü sevmədiklərinə görə varlanıb buranı tərk edən səsli-küylü insanları sevirdim.
Nökər çay gətirdi. Çayı içib buraxılış imtahanı barədə düşündüm.
Çox da narahat olmadım. Sinifdə qalsaydım, o qədər də faciə sayılmazdı. Onda mülklərimizdə yaşayan kəndçilər deyəcəkdilər ki, alimlik çabası üzündən elm ocağından ayrılmaq istəməmişəm. Adam doğrudan da məktəbi tərk etmək istəmirdi. Gümüş düyməli mundir, zərli çiyinlik və ko- kard yaraşıqlı idi. Mülki işlərdə özümü tamam batmış sayırdım. Fəqət mən mülki geyimi çox gəzdirməyəcəm. Yalnız bircə yay və sonra — elədir, sonra Moskvaya, Lazarev adına Şərq Dilləri İnstitutuna gedəcəm. Buna özüm qərar vermişəm. Orda ruslardan bir addım öndə olacam, çünki onların güc-bəla öyrənməli olduqlarını mən uşaq yaşlarımdan bili- rəm. Bundan əlavə, Lazarev İnstitutunun mundirindən gözəl mundir yoxdur: qırmızı pencək, qızılı yaxalıq, qızıl suyuna çəkilmiş nazik xəncər, adi iş günlərində də parad əlcəyi. İnsan gərək mundir geyinsin, yoxsa ruslar adama hörmət eləmir, ruslar da ehtiram göstərməyəndə Nino məni özünə ər seçməz. Amma mən Nino ilə evlənməliyəm, onun xristian olmasına baxmayaraq. Gürcü qadınları yer üzünün ən gözəl qadınlarıdır. Bəs birdən istəməsə? Onda bir-iki bığıburma oğlan taparam, alaram Ninonu atın tərkinə və haydı fars sərhədi üzərindən Tehrana. Belə olanda istəyər, daha istəməyib ney- ləyəcək?
Bakıdakı evimizin damından baxdıqda həyat doğrudan da gözəl idi. Nökər Kərim çiynimə toxundu.
— Vaxtdır, — dedi.
Yerimdən qalxdım. Doğrudan da vaxt idi. Nargin adasından o üzdə, üfüqdə bir buxar gəmisi göründü. Xristian teleqraf məmurunun evə göndərdiyi çap olunmuş kağıza inanası olsaq, həmin gəmidə əmim üç arvadı və iki xacəsi ilə Bakıya gəlirdi. Mən onu qarşılamalıydım.
Tələsik pilləkəni aşağı endim. Fayton tərpəndi. Səs-küylü limana doğru yol aldı.
Əmim adlı-sanlı kişilərdən biri idi. Nəsrəddin Şah öz iltifatı ilə ona Əsəd Əddavleh «Şah Səltənətinin Şiri« titulunu vermişdi. Onu başqa cür çağırmaq olmazdı. Üç arvadı, çoxlu nökər-naibi, Tehranda bir sarayı və Mazandaranda iri mülkləri vardı. Bakıya arvadının birindən yana gəlirdi. Bu, kiçik arvadı Zeynəb idi. Onun vur-tut onsəkkiz yaşı vardı və əmim onu o biri arvadlarından çox istəyirdi. Qadının dərdi vardı, uşağı olmurdu, əmim də məhz ondan uşaq istəyirdi. Bu məqsədlə o, Həmədana getmişdi. Orda çölün düzündə qızarttaq daşdan müəmmalı baxışlı bir şir heykəli vardı. Onu adları az qala unudulmuş qədim padşahlar ucaltdırmışdı. Əsrlər boyunca qadınlar bu şirin yanına ziyarətə gəlirlər, onun iri cinsi orqanından öpüb analıq ətası və uşaq sevinci arzulayırlar. Şir yazıq Zeynəbə kömək etməmişdi. Eyni ilə də Kərbala dərvişlərinin həmayili, Məşhəd üləmalarının ovsunları və Tehranın sevgi mütəxəssisləri sayılan qarıların sirli sənəti. Yerli əqlin gücü çatmadığına Qərb həkimlərinin başarısı ilə yetişmək üçün indi o, Bakıya gəlirdi. Yazıq əmim! Sevgidən məhrum və yaşlı digər iki arvadını da özü ilə gətirməli olmuşdu. Şəriət belə buyururdu:
— Sən bir, iki, üç və dörd arvad ala bilərsən, əgər onlara eyni gözlə baxacaqsansa.
Eyni gözlə baxmaq da o deməkdir, eyni şeyi hamısına təklif edəsən, məsələn, Bakıya səfəri.
Düzünə qalsa, bütün bunların mənə qəti dəxli yox idi. Qadın məsələsi evin sirri sayılırdı. Qanacaqlı adam onlardan söhbət salmır, onlar barəsində heç nə soruşmur və kimdənsə onlara salam göndərmir. Onlar ərlərinin kölgəsidir, həmin ərlər bu kölgədə çox vaxt özlərini yaxşı hiss etsələr də. Bu, daha yaxşı və daha ağıllı işdir. Bizdə bir atalar sözündə deyilir: «Qadının ağlı — toyuğun ağlı». Ağlı olmayan varlıqları gərək gözdən qoymayasan, yoxsa onlar özlərinin və başqalarının başına bəlalar açar. Məncə bu, müdrik düzəndir.
Balaca gəmi bərəyə yaxınlaşdı. Tüklü, geniş sinəli matroslar eniş pilləkənini qoydular. Sərnişinlər aşağı cumdu: ruslar, ermənilər, yəhudilər, tələsə-tələsə; mən sahildə dayanıb hər anı sayırdım. Əmim görünmək bilmirdi.
— Tələskənlik şeytan əməlidir, — həmişə belə deyərdi. Yalnız bütün yolçular gəmini tərk etdikdən sonra «Şah Səltənətinin Şiri»nin nəcib siması göründü.
Əynində ipək yaxalıqlı sürtük, başında xırda, dəyirmi dəri papaq, ayağında sürütləmə vardı. Saqqalına və dırnaqlarına həna qoydurmuşdu, hər ikisi də şəhid Hüseynin min il bundan qabaq həqiqi iman uğrunda axıtdığı qanın xatirəsi kimi. Onun xırda, yorğun gözləri və ağır yerişi vardı. Arxasınca başdan-ayağa qalın, qara çadraya bürünmüş üç fiqur yeriyirdi, aşkar həyəcan içində: onun arvadları. Sonra həmin o iki xacə gəlirdi, biri qurudulmuş kərtənkələnin alimanə sifəti ilə, digəri isə alçaqboy, şişman və məğrur — əlahəzrətin namus keşikçiləri.
Əmim eniş pilləkəni ilə ağır-ağır yeriyirdi. Onu qucaqlayıb ehtiramla sol çiynindən öpdüm, baxmayaraq küçənin ortasında buna heç lüzum da yox idi. Arvadlarına heç gözucu da baxmadım, Faytona mindik.
Qadınlar və xacələr bağlı ka- retada arxamizca gəlirdi. Elə azman bir mənzərə idi ki, şəhər əmimi layiqincə məftun etsin deyə, sahil bağından fırlanası olduq. Nino sahil bağında dayanmışdı və gülüş yağan gözləri ilə mənə baxırdı.
Əmim saqqalını səliqə ilə sığallayıb şəhərdəki yeniliklər barədə soruşdu.
— Elə bir şey yoxdur, — sonradan daha vacib məsələlərə keçmək üçün əhəmiyyətsiz şeylərdən başlamaq vəzifəmi başa düşərək dedim. — Dadaş bəy ötən həftə Axundzadəni xəncərlə doğradı, çünki Axundzadə səkkiz il qabaq Dadaş bəyin arvadını qaçırmasına baxmayaraq şəhərə qayıtmışdı. Elə şəhərə dönən gün də Dadaş bəy onu xəncərlədi. İndi polis onu axtarır, amma tapmayacaq, baxmayaraq Dadaş bəyin Mərdə- kanda oturduğunu hər kəs dəqiq bilir. Ağıllı adamlar deyir ki, Dadaş bəy düz eləyib.
Əmim razılıq əlaməti olaraq başını tərpətdi. Daha yeni bir şey yoxdur ki?!
— Bir də, Bibi-Heybətdə ruslar çoxlu neft tapıblar. Nobel dənizdən bir parçanı torpaqla doldurub neft çıxarmaq üçün şəhərə iri bir alman maşını gətirib.
Əmim bərk heyrətləndi.
— Allah, Allah, — deyib dodaqlarını qayğılı-qayğılı bir-birinə sıxdı.
— … bizdə hər şey qaydasındadır, mən də, inşallah, gələn həftə elm ocağı ilə üzülüşürəm.
Bütün vaxtı beləcə danışdım, qoca da ehtiramla qulaq asdı. Yalnız fayton evimizə yaxınlaşanda kənara nəzər salıb sözarası dedim:
— Şəhərə Rusiyadan məşhur bir həkim gəlib. Deyirlər, çox bilikli insandır, adamın üzünə baxan kimi onun keçmişini və indisini görür və gələcəyini müəyyənləşdirir.
Darıxdığından əmimin gözləri yarı yumulmuşdu. Guya heç nə ilə maraqlanmırmış kimi bu bilikli insanın adını soruşdu və gördüm ki, məndən razı qalıb.
Zira bütün bunların hamısı bizdə yaxşı davranış və nümunəvi tərbiyə sayılırdı.
İKİNCİ FƏSİL
Evimizin külək tutmayan yastı damında oturmuşduq: atam, əmim və mən. Hava yaman bürkülü idi. Yerə qaba, məzəli çeşnili çoxrəngli yumşaq Qarabağ xalıları döşənmişdi və biz bardaş qurub onların üstündə oturmuşduq. Arxamızda əllərində fənər tutmuş nökərlər dayanmışdı. Qarşımızda, xalçanın üstündə ləziz şərq nemətləri adama gəl- gəl deyirdi: ballı qoğal, meyvə qurusu, şişdə tikə kabab və toyuqiu, kişmişli düyü plovu.
Tez-tez olduğu kimi, atamın və əmimin səliqəsinə məftun olmuşdum. Sol əllərini işə salmadan onlar sağ əlləri ilə enli yuxanı kəsib götürür, içinə ət qoyub onu dürmələyir və ağızlarına aparırdılar. Mükəmməl bir incəliklə əmim sağ əlinin üç barmağını buğlanan yağlı plovun içinə sancıb ondan xeyli götürür, əzib onu kürələşdirir və yerə bir dənə də düyü salmadan həmin kürəciyi yeyirdi.
Allaha and olsun ki, ruslar özlərinin ən əlküt adamın da cəmi bircə ayın içində öyrənə bildiyi çəngəl-bıçaqla yemək bacarığını çox şişirdirdilər. Mənə çəngəl-bıçaqla davranmaq daha rahatdır və avropalıların süfrəsində nəyin necə olduğunu dəqiq bilirəm. Amma onsəkkiz yaşımın tamam olmasına baxmayaraq əllərinin üç barmağını şərq yeməklərinin uzun sırasına batıran atamla əmim kimi bu cür mükəmməl incəliklə yeyə bilmirəm. Bizim yemək tərzimizə Nino barbarlıq deyir. Kipianinin evində həmişə masa arxasında avropasayağı yeyirlər. Bizdə isə yainız rus qonaqları olanda; və mənim xalçanın üstündə oturub əllə xörək yemək fikrimin özü Ninonu dəhşətə gətirir. Bir şeyi unudur ki, doğma atası ilk çəngəli yalnız iyirmi yaşında əlinə alıb.
Yemək bitdi. Əllərimizi yuduq və əmim kiçik bir dua verdi. Sonra xörəyin qalığını apardılar. Xırda çay fincanlarında tünd çay gətirildi və əmim yaşlı insanların yaxşı süfrədən sonra söhbətə alışdığı kimi, geninə-boluna, biraz da boş-boşuna danışmağa başladı. Atam isə hərdən dillənirdi, mən də susurdum, çünki adətimiz belə tələb edir.
Yalnız əmim danışırdı, özü də, hər dəfə Bakıya gələndə olduğu kimi, sarayında önəmli, ancaq mənə tam bəlli olmayan bir rol oynadığı böyük Nəsrəddin Şahın zamanlarından.
— Düz otuz il, — əmim söylədi, — şahlar şahının mərhəmətinin xalçası üstündə oturdum. Əlahəzrətləri məni üç dəfə özləri ilə xarici səfərlərə apardı. Həmin səfərlərdə mən kafirlər dünyası ilə istənilən adamdan daha yaxşı tanış oldum. Biz kral və padşahların saraylarında olduq, o dövrün ən məşhur xristianları ilə söhbətlər apardıq. Qəribə aləmdir, ən qəribəsi də qadınlarla rəftarlarıdır.
Qadınlar, hətta kral və padşahların övrətləri də, sarayda çıl- çılpaq gəzirlər, bu da heç kəsi haldan çıxarmır, bəlkə ona görə ki, xristianlar əsl kişi deyillər, bəlkə də başqa səbəbdən. Burasını yalnız Allah bilir. Amma kafirlər tam mənasız şeylərə görə haldan çıxırlar. Bir dəfə Əlahəzrətlərimiz rus çarının süfrəsinə yeməyə dəvət olunmuşdu. Çariça onun yanında oturmuşdu. Əlahəzrətlərinin nimçəsində ləziz bir toyuq tikəsi vardı. Şəh həmin ləziz tikəni səliqə ilə sağ əlinin üç barmağı arasına alıb öz nimçəsindən götürdü və xoş təəssürat oyatmaq üçün onu çariçanın boşqabına qoydu. Çari- çanın rəngi-ruhu avazıdı və qorxudan öskürməyə başladı. Sonralar öyrəndik ki, çarın əyan və knyazlarının çoxu şahın bu ləyaqətindən tam pərişan olublar. Avropalıların gözündə qadın bu cür alçaldılmış mərtəbədə tutulur! Onun çılpaqlığını bütün dünyada nümayiş etdirirlər, amma ona qarşı qanacaqlı olmağa lüzum duymurlar. Yeməkdən sonra fransız səfiri hətta çarın arvadını qucub təntənəli musiqinin sədaları altında zal boyu fırlandı. Çar özü və qvardiyasının zabitlərinin əksəriyyəti də durub buna tamaşa etdi, heç biri də çarın namusunu qorumadı.
Berlində daha qəribə bir mənzərə ilə üzləşdik. Bizi operaya apardılar. Səhnədə həddən artıq kök bir qadın dayanıb iyrənc-iyrənc oxuyurdu. Operanın adı «Afrikalı qadın» idi. Qadımn səsi qəti xoşumuza gəlmədi. Kayzer Vilhelm bunu hiss edib qadını yerindəcə cəzalandırdı. Son pərdədə xeyli zənci peyda olub səhnədə iri bir tonqal tədarükü gördü. Qadını qandala vurub korun-korun yandırdılar. Biz bundan xeyli məmnun olduq. Sonradan kimsə dedi ki, alov yalnız rəmzi olub. Amma buna inanmadıq, çünki şahımızın səfərdən biraz öncə Tehranda yandırtdığı kafir Hürriet ül-Ayn necə dəhşətlə qışcfirırdısa, bu qadın da həmin dəhşətlə qışqırırdı. Əmim fikir və xatirələrə qərq olub susdu. Sonra dərindən köks ötürüb davam etdi:
— Amma xristianlarda bircə şeyi başa düşə bilmirəm: on yaxşı silah, ən yaxşı əsgər və düşməni məhv etmək üçün lazımlı şeyləri istehsal edən ən yaxşı zavod və fabriklər onlarda olur. Digər insanları rahat, tez və kütləvi qırmaq üçün nəsə kəşf etmiş hər kəsə yüksək dərəcədə hörmət edilir, ona çoxlu pul və orden verirlər. Bu, çox gözəldir. Zira müharibəsiz keçinmək olmaz. Digər tərəfdən də avropalılar xəstəxanalar tikir və ölümə qarşı nəsə tapan, yaxud müharibədə düşmən əsgərinə himayədarlıq edən və ona azuqə verən hər kəs də eyni dərəcədə hörmətdə tutulur və orden alır. Uca ağam şah həmişə mat qalırdı ki, bir-birinə zidd olan işləri görən insanlar eyni dərəcədə yüksək qiymətləndirilir. Bu barədə o, bir dəfə Vyanada kayzerlə söhbət etdi, amma o da düz-əməlli izahat verə bilmədi. Ancaq avropalılar bizi qınayır, çünki bizim üçün düşmən düşməndir və biz yanımcıllıq göstərmək əvəzinə onu öldürürük. Onlar bizə nifrət edir ona görə ki, bizim dörd arvadımız var, baxmayaraq özlərininki bizimkilərdən çox olur, bir də ona görə ki, biz Allahın buyurduğu kimi yaşayıb işimizi yoluna qoyuruq.
Əmim sözünə ara verdi. Hava qaralırdı. Əmimin kölgəsi arıq, yaşlı quşa bənzəyirdi. O, yerində dikəldi, qoca sa- yağı öskürüb daxili bir təpərlə sözünə davam etdi.
— Amma bununla belə: Allahımızın bizdən tələb etdiyi hər şeyi etməyimizə, avropalıların isə allahlarının onlardan tələb etdiyi heç nəyə əməl etməmələrinə baxmayaraq onların gücü və qüdrəti günü-gündən artır, bizimki isə günü- gündən azalır. Bunu mənə kim izah edə bilər?
Biz izah edə bilmədik. Bu yaşlı, yorğun kişi yerindən qalxıb büdrəyə-büdrəyə öz otağına yollandı. Atam onun ardınca getdi. Nökərlər çay fincanlarını yığışdırdı. Mən damda tək qaldım. Yatmağa getmək istəmirdim. Qaranlıq şəhəri qoynuna alırdı, hücuma atdanmağa və məzələnməyə hazır, pusquda yatmış yırtıcı kimi. Əslində bu, iki şəhər idi, biri digərinin içində, gəzəl içindəki qoz kimi. Gözəl! Bu, dışarı şəhər idi, qədim qala divarlarından bayırda. Orda küçələr enli, evlər hündür, insanlar pula həris, şəhər səsli- küylü.
Bu dışarı şəhər çöllərimizdən axıb- gələn və zənginlik gətirən neftdən yaranmışdı. Orda teatrlar, məktəblər, xəstəxanalar, kitabxanalar, polis işçiləri və çılpaq çiyinli qadınlar vardı. Dışarı şəhərdə güllə atılanda bu həmişə pula görə olurdu. Avropanın sınırı dışarı şəhərdən başlayırdı. Nino dışarı şəhərdə yaşayırdı.
Qala divarlarının içində evlər bir-birinin qoynunda və şərq qılıncının tiyəsi kimi əyri idi. Məscidlərin minarələri həlim aylı gecədə səmaya ucalırdı, Nobel soyunun neft bu- ruqlarından tam fərqli şəkildə. Qədim şəhərin şərq divarının yanında Qız qalası baş qaldırırdı. Bakı hökmdarı Meh- med Yusif xan bunu evlənmək istədiyi qızının xatirinə tikdirmişdi. Toy baş tutmamışdı. Şəhvət hərisi ata pilləkənlə qızının xanəgahına qalxanda qız özünü qaladan aşağı atmışdı. Onun başı dəydiyi daş «bakirə daşı» adlanır. Toydan qabaq gəlinlər hərdən ora gül qoyurlar.
Əsrlər uzunu şəhərimizin küçələrində çox qanlar axıb və bu axıdılan qan bizi güclü və yenilməz edir.
Evimizlə üzbəüzdə knyaz Sisianaşvilinin darvazası ucalır, burda da haçansa qan tökülmüşdü, insan qanı. Bu, uzun illər öncə, ölkəmizin İranın tərkibində olduğu və Azərbaycan valisinə xərac verdiyi çağlarda baş vermişdi. Knyaz çar ordusunun generalı idi və o vaxt Həsənqulu xanın hökmranlığında olan şəhərimizi mühasirəyə almışdı. Xan da şəhər qapılarını açdırmış, knyazı içəri buraxıb demişdi ki, böyük ağ çara biət edir. Bir neçə zabitin əhatəsində kn- yaz şəhərə girmişdi. Alaqapının arxa tərəfində məclis qurulmuşdu. Ocaq qalanmışdı, erkək danalar doğranmadan şişlərə çəkilmişdi. Knyaz Sisianaşvili dəmlənib başını Həsənqulu xanın sinəsinə söykəmişdi. Bu vaxt ulu babam ibrahim Xan Şirvanşir1 iri, əyri bir xəncəri çıxarıb onu hökmdara uzatmışdı. Həsənqulu xan xəncəri götürüb knyazın boğazını üzmüşdü. Sonra onun başını duzlu torbaya qoymuşdular və ulu babam onu Tehrana, şahənşaha aparmışdı. Çar da qətlin intiqamını almağı kəsdirmişdi. Böyük bir ordu göndərmişdi. Həsənqulu xan sarayına qapılıb Allaha dua etmiş və qarşıdan gələn gün barədə düşünmüşdü. Çarın əsgərləri qala divarına dırmaşanda xan bugün dolub- batmış yeraltı yolla dənizə, oradan da İrana qaçmışdı. Fəqət bu yeraltı yola qədəm qoymamış giriş qapısında çox müdrik bir cümlə yazmışdı: «Sabahını düşünən kəs igid olmaz«.
Məktəbdən evə dönəndə tez-tez uçub-dağılmış sarayda gəzişirdim. Onun əzəmətli, sütunlu divar dəhlizləri olan divanxanası ölgün və baxımsız qalmaqdadır. Bizim şəhərdə haqq aramaq istəyənlər qala divarlarından o üzdəki rus hakiminin yanına getməli olurlar. Amma bunu çox az-az adam edir. Ona görə yox ki, rus hakimləri pis və ədalətsizdir. Onlar mülayimdir, ədalətlidir, ancaq müəyyən mənada, bizim xalqa xas olmayan tərzdə. Oğrunu həbsə atırlar. Orda o, təmiz otaqlardan birində oturur, ona çay, hətta qənd də verirlər. Bundan heç kimə xeyir gəlmir, ən azı malı oğurlanana. Xalq buna çiyinlərini çəkir və öz məhkəməsini özü qurur. Şikayətçilər günortadan sonra məscidə gəlir, yaşlı üləmalar burda çevrə vurub otururlar və şəriətə, Allahın qoyduğu qanunlara uyğun hökm çıxarırlar: «Gözə göz, dişə diş«. Gecələr hərdən bürüncəkli varlıqlar küçələrdə dolaşır. Xəncər parıldayır, kiçik bir qışqırtı və ədalət öz yerini tapmış olur. Qan davaları ev-ev dolaşır. Rus məhkə- məsinə isə nadir hallarda üz tuturlar və əgər kimsə belə edirsə, o, üləmaların nifrətinə tuş gəlir, uşaqlar da küçədə ona dil çıxarır.
Hərdən gecələr küçələrdə içindən boğuq zarıltı gələn kisələr aparırlar. Dənizdə həzin bir şappıltı və kisə yoxa çıxır, ertəsi gün də kişi öz otağının döşəməsində oturur, üz-gözü cırıq-cırıq, gözləri yaşla dolu. O, Allahın hökmünü yerinə yetirib, zinakar arvadını ölümə qovuşdurub.
Şəhərimiz sirlər yuvasıdır. Onun hər tini nadir möcüzələrlə doludur. Bu möcüzələri, bu tinləri, gecələr pıçıldaşan qaranlığı, məscidin həyətindəki qovurucu öylələrdə səssiz zikrləri sevirəm. Allah mənim burda İman Cəfərin inanc yolunu tutmuş şiə müsəlmanı kimi dünyaya gəlməyimi is- təyib. Mənə belə mərhəmət göstəribsə, qoy məni elə burda da öldürsün, dünyaya gəldiyim həmin küçədə, həmin evdə. Məni və xörəyi çəngəl-bıçaqla yeyən, ətirli ipək corab geyən gülərgöz gürcü xristianı Ninonu.
ÜÇÜNCÜ FƏSİL
Məktəbi bitirənlərin bayram mundirinin gümüş sapla süslənmiş yaxalığı vardı. Kəmərin gümüş toqqası, gümüş düymələri tər-təmiz silinmişdi və par-par parıldayırdı, mundirin şax, bozumtul parçası ütünün istiliyini hələ də canında saxlayırdı. Biz gimnaziyanın böyük zalında başaçıq və səssiz dayanmışdıq. İmtahanın təntənəli mərasimi başladı — hamımız pravoslav kilsəsinin allahından kömək dilədik, içərimizdə yalnız iki nəfərin şəhər kilsəsinin üzvü olduğu qırx şagirdin qırxı da.
Əynində çəkidən ağır qızılla süslənmiş bayramoayağı kilsə libası olan, uzun saçlarından ətir iyi gələn keşiş əlindəki iri qızıl xaçla ibadətə başladı. Otaq qəndil tüstüsü ilə doldu, müəllimlər və şəhər kilsəsinin həmin iki üzvü diz çökdülər.
Keşişin pravoslav kilsəsinin nəğməli avazında söylədiyi kəlmələr qulağımıza dəyib-qayıtdı. Səkkiz il ərzində biganəliklə, darıxa-darıxa bu sözləri nə qədər eşitmişdik:
— … Allahın rəhmi küllisaleh, külliqadir, küllixristian hökmdar və çar İkinci Nikolay Aleksandroviçin … bütün dəniz səyyahlarının və səfərdə olanların, bütün öyrəncilərin və əzabkeşlərin və öz həyatlarını iman, çar və vətən uğrunda fəda etmiş bütün döyüşçülərin və pravoslav xristianların üstündən əskik olmasın …
Darıxa-darıxa divara baxırdım. Orda enli, qızıl çərçivəyə alınmış, Bizans ikonasına bənzəyən, böyük, ikibaşlı qartalın altında küllisaleh və külliqadir hökmdarın, çarın ayaqüstü şəkli asılmışdı. Sifəti uzunsov, saçları sarışım idi, mavi, soyuq gözləri ilə qabağa baxırdı. Sinəsindəki ordenin sayı-hesabı yox idi. Səkkiz il dalbadal onları sayılb axırına çıxmaq istəmişdim, hər dəfə də bu orden cah-cəlalının iyində azıb-qalmışdım.
Keşiş duasını etdikcə əhvali-ruhiyyəmiz yaxşılaşdı. Bu gün hələ də ən həyəcanlı günlərdən biri olaraq qalırdı. Həmin günü aşırmaq üçün mümkün olan hər şeyi səhər tezdən etmişdim. Alatorandan qarşıma məqsəd qoydum ki, evdəkilərin hamısına xoş münasibət göstərim. Amma əksəriyyət yuxuda olduğundan bu borcum yerinə yetirilə bilmədi. Məktəbə gedərkən yolda rastıma çıxan hər dilənçiyə pul verdim. Ehtiyatı gərək əldən qoymayasan. Hətta həyəcanımdan birinə əlli qəpik əvəzinə bir rubl verdim. O, mütiliklə təşəkkür edəndə qürurla dedim:
— Təşəkkürü mənə etmə, mənim əlimdən sədəqə vermək üçün istifadə edən Allaha şükr oxu!
Belə mömin bir kəlamdan sonra kəsilmək mümkün deyildi.
İbadət sona yetdi. Biz qaz yerişi ilə imtahan masasına doğru getdik. İmtahan komissiyası bəşəri daşqından öncəki əjdahanın ağzına bənzəyirdi: saqqallı sifətlər, tutqun baxışlar, qızılı bayram mundirləri. Bunların hamısı təntənəli və qorxunc idi, baxmayaraq ki ruslar müsəlmanların imtahanda kəsilməyində maraqlı deyildilər. Hamımızın çoxlu dostumuz var, bu dostlar da qoldan güclü, xəncərli, tapançalı uşaqlardır. Bunu müəllimlər də bilir və şagirdləri olan bu dəlisov banditlərdən qorxurlar, özü də şagirdlərin onlardan qorxduğundan az qorxmurlar. Professorların əksəriyyəti Bakıya köçürülmələrinə Allahın cəzası kimi baxır. Qaranlıq küçələrdə müəllimlərin hücuma məruz qalıb döyülmələri nadir hallar deyil. Bunun da nəticəsi həmişə o olardı ki, bədəməl tapılmazdı və müəllimlərin iş yerini dəyişərdilər. Ona görə də şagird Əli xan Şirvanşir riyaziyyat məsələsini qonşusu Metalnikovdan xeyli həyasızlıqla köçürəndə onlar buna göz yumdular. Yalnız bircə dəfə, şıdırğı köçürmənin tən ortasında müəllim mənə yaxınlaşıb pıçıltı ilə dedi:
— Belə açıq-aşkar yox, Şirvanşir, biz tək deyilik.
Riyaziyyatdan yazılı imtahan qadasız ötüşdü. Nikolay küçəsi ilə məmnun-məmnun üzüaşağı veyilləndik, sanki daha şagird deyildik. Sabaha rus dilindən yazılı imtahan olacağını demişdilər. Mövzu, həmişə olduğu kimi, Tiflisdən möhürlü zərfin içində gəldi. Direktor zərfi açıb təntənə ilə oxudu:
— Turgenyevin qadın obrazları rus qadın qəlbinin ideal təcəssümü kimi.
Rahat mövzu idi. İstədiyimi yaza bilərdim, gərək yalnız rus qadınlarını tərifləyəydim, onda oyunu udmuş olardım. Fizikadan yazılı imtahan çətin idi. Fəqət ağıl yox deyən yerdə sınanmış köçürmə bacarığı işə yarayır. Beləliklə fizika da alındı və bundan sonra komissiya sınananlara bir gün istirahət verdi.
Sonra şifahi imtahan gəldi. Burda biclik işə keçmirdi. Sadə suallara tutarlı cavablar vermək lazım idi. Birinci imtahan ilahiyyatdan idi. Başqa vaxtlar çəkinə-çəkinə arxa planda olan gimnaziya mollası əynində dalğalı uzun üst geyimi, belində Peyğəmbərin xələtinin yaşıl bağı ilə birdən-birə önə çıxıb masanın arxasında tən ortada əyləşmişdi. Şagirdlərinə qarşı ürəyi yumşaq idi. Məndən yalnız kəlmeyi-şəhadətimi soruşdu və mən şiələrin kəlmeyi- şəhadətini təntənə ilə deyəndən sonra ən yüksək qiymət verib məni buraxdı:
«Şahidlik edirəm ki, Allahdan başqa illah yoxdur, Məhəmməd Onun Rəsuludur və Əli Allahın vəlisidir».
Sonuncu kəlmə xüsusilə önəmli idi, zira təkcə bu, mömin şiələri sünni təriqətinin yolazmış, fəqət bununla belə, Allahın mərhəmətindən tam məhrum olmamış qardaşlarından ayırırdı. Molla bizi belə öyrədirdi, çünki liberal insan idi.
Amma tarix müəllimimiz onun əksinə olaraq daha az liberal idi. İmtahan biletini çəkdim, oxudum və halım xarablaşdı. Sual beləydi:
«Madatovun Gəncə ətrafında qələbəsi». Müəllim özü də narahatçılıq keçirdi. Gəncə döyüşündə ruslar namərdliklə həmin məşhur İbrahim Xan Şirvanşiri məğlub etmişdilər ki, bir vaxt onun köməyi ilə Həsənqulu knyaz Sisianaşvilinin başını kəsmişdi.
— Şirvanşir, Siz öz hüququnuzdan istifadə edib biletinizi dəyişə bilərsiniz.
Müəllimin sözlərində bir həlimlik vardı. Mən içində imtahan biletlərinin lotereya vərəqləri kimi yığıldığı şüşə kasaya inamsız bir baxış atdım. Hər şagirdin ixtiyarı vardı, çəkdiyi bileti bir dəfə dəyişdirsin. Amma bununla o, ən yüksək qiymətə iddiasını itirirdi.
Qismətimlə oynamaq istəmədim. Ulu babamın ölümünü, heç olmasa, dəqiq bilirdim. Şüşə kasada isə Prusiyada Fridrixlərin, Vilhelmlərin və Fridrix Vilhelmlərin ardıcıl düzümü, yaxud Amerikada milli azadlıq müharibələri barədə müəmmalı suallar yatırdı. Kim bilir, onlardan necə baş tapacaqdım? Başımı buladım:
— Təşəkkürlər, öz sualımda qalıram.
Sonra, bacardığım qədər səliqə ilə, rusları Azərbaycandan basıb çıxarmaq üçün 40 minlik qoşunla Təbrizdən yola çıxmış şahzadə Abbas Mirzə Qanlıdan, çar generalı erməni Madatovun beşminlik qoşunla onu Gəncə ətrafında qarşılamasından və farsları top atəşinə tutmasından, şahzadə Abbas Mirzənin atdan aşıb xəndəyə sürünməsindən, qoşunun pərən düşməsindən və İbrahim bəy Şirvanşirin çayı keçmək istərkən əsir alınıb güllələnməsindən danış- dım.
— Qələbə hərbi qüvvələrin cəsurluğundan daha çox, Madatovun toplarının texniki üstünlüyünə söykənirdi. Rusların qələbəsinin nəticəsi Türkmənçay sazişi oldu ki, bunun nəticəsində də farslar beş əyaləti viranə qoyan bir xərac ödəməli oldu.
Bu fikir mənə verilən «yaxşı» qiymətə səbəb oldu. Gərək belə deyəydim:
— Qələbənin səbəbi səkkizqat güclü düşməni açmağa məcbur edən rusların misilsiz cəsarəti olmuşdur. Qələbənin nəticəsi farsların qərb bazarlarına və mədəniyyətinə qovuşmasına imkan açan Türkmənçay müqaviləsi oldu.
Bunun mənə nə dəxli, ulu babamın şərəfi mənim üçün «kafi» və
«yaxşı» qiymətin fərqindən daha dəyərli idi. İndi hər şey arxada qalmışdı. Direktor təntənəli bir nitq söylədi. Tam vüqar və vərdişkar ciddiliklə yetkin insank olduğumuzu dedi və biz azadlığa buraxılmış dustaqlar kimi pilləkənlə aşağı cumduq. Gün gözümüzü qamaşdırdı.Sarı səhra qumu küçələrdəki asfaltı narın dənələrlə örtmüşdü; səkkiz il bizi mərhəmətlə qoruyan tindəki polis bizə yaxınlaşıb təbrik etdi və hərə ona əlli qəpik pul verdi. Bandər ordu- su kimi səs-küy salıb qışqıra-qışqıra şəhərə töküldük.
Mən evimizə qaçdım və farslar üzərində qələbədən sonra Makedoniyalı İsgəndərin qarşılandığı kimi qarşılandım. Nökərlər mənə hürkək baxışlarla nəzər saldılar. Atam məni öpüb istədiyim üç arzumu yerinə yetirəcəyinə söz verdi.
Əmim dedi ki, mənim kimi savadlı adam gərək mütləq Tehran sarayında otura, burda o çox uzaqlara gedə bilər.
İlk həyəcan keçəndən sonra oğrun-oğrun telefona yanaşdım. İki həftə idi ki, Nino ilə danışmırdım. Kişi önəmli həyati məsələlərlə üzləşirsə, müdrik bir adət onu qadınlardan gen durmasını buyurur. İndi mən bu yöndəmsiz aparatın dəstəyindən yapışıb dirsəyi fırlatdım və borudan içəri qışqırdım:
— 33-81.
Ninonun səsi gəldi:
— İmtahanı verdin, Əli?
— Hə, Nino.
— Təbrik edirəm, Əli!
— Haçan, harda, Nino?
— Saat beşdə Qubernator bağındakı gölün yanında.
Çox danışmaq olmazdı. Qohumların, nökər və xacələrin ac qulaqları arxamda şəklənmişdi. Ninonun arxasında da ana kimi nəcib bir qadının qulağı. Deməli, qurtarmaq lazım idi. Onsuz da cansız səs qeyri-adi bir şeydir ki, heç vaxt onda əməlli sevinc duymursan.
Mən yuxarı, atamın böyük otağına qalxdım. O, divanda oturub çay içirdi. Əmim də yanında. Nökərlər divara söykənib dayanmışdılar, gözlərini məndən çəkmirdilər. Yetkinlik hələ tam sona yetməmişdi. Həyatın astanasında ata oğluna camaatın gözü qabağında həyat dərsinin bütün incəliklərini başa salmalıydı.
— Oğul, indi həyata qədəm qoyduğuna görə lazımdır ki, müsəlmanın vəzifələrini bir daha sənin yadına salım. Biz burda kafirlər ölkəsində yaşayırıq. Məhv olmamaq üçün gərək keçmiş adət- ənənələrimizdən möhkəm yapışaq. Namazını yerə qoyma, oğul, içkiyə yaxın durma, yad qadını öpmə, kasıblara və zəiflərə mərhəmət göstər, qılınc çəkib iman yolunda həlak olmağa həmişə hazır ol. Döyüş meydanında şəhid düşsən, bu məni, yaşlı atanı ağrıdar, amma sən həyatda şərəfsiz yaşasan, onda mən, bu yaşlı kişi xəcalət çəkərəm. Düşmənlərini heç vaxt bağışlama, oğul, biz xristian deyilik. Sabahını fikirləşmə, bu, adamı qorxaq edir və Məhəmməd peyğəmbərin İmam Cəfər xətti ilə gedən şiə təriqətli imanını heç vaxt unutma.
Əmimin və nökərlərin üzündə təntənəli, xülyalı bir ifadə vardı.
Onlar atamın sözlərinə elə qulaq asırdılar ki, sanki onun dedikləri bir vəhy idi. Sonra atam ayağa durdu, əlimdən tutub birdən-birə titrəyən boğuq səslə dedi:
— Bircə şeyə görə sənə and verirəm: siyasətlə məşğul olma! Nə istəyirsən et, təkcə siyasət yox.
Çətinlik çəkmədən and içdim. Siyasət aləmi məndən çox uzaq idi. Bildiyimə görə Nino siyasi məsələ deyildi.
Atam məni bir də qucaqladı. İndi mən tamam-kamal yetkin idim. Saat beşin yarısında hələ də gimnaziya şagirdlərinin bayram libasında İçəri Şəhərin küçəsi ilə dəniz kənarına tərpəndim, sonra sağa burulub Qubernator sarayının yanından keçdim, Bakının şoran torpağında böyük zəhmət bahasına salınmış bağa doğru getdim.
Özgür və nadir bir hiss keçirirdim. Şəhərin başçısı maşınında yanımdan ötüb-getdi və mən səkkiz il dalbadal etdiyim kimi nə «farağat» vəziyyətində dayandım, nə də hərbi salam verdim. Bakı gimnaziyasının inisialları yazılmış gümüş kokardı papağımdan təntənəli şəkildə qoparmışdım. Mülki şəxs kimi kef edirdim və hətta bir anlığına məndə camaatın gözü qarşısında siqaret yandırmaq arzusu da baş qaldırdı. Ancaq siqaretə meyilsizlik azadlığın tovlantısından güclü çıxdı.
Park qəmli-qəmli boylanan cılız ağaclardan və asfaltlı yollardan ibarət iri, tozlu bir bağ idi. Sağda qədim qala divarı ucalırdı. Ortada şəhər klubunun ağ mərmər sütunları bərq vururdu. Ağacların arasındakı yerləri saysız oturacaqlar doldururdu. Toz basmış bir-iki palma ağacı batmaqda olan günəşin qırmızı kürəsinə mat-mat baxan üç flaminqoya sığınacaq verirdi. Klubun yaxınlığında bir gölməçə vardı, daha doğrusu, daş plitələr döşənmiş iri, dəyirmi, dərin bir hovuz ki, bu da şəhər başçılarının fikrincə su ilə doldurulmalı və üzən sonalarla canlanmalı idi. Amma bu niyyət elə niyyət olaraq da qalmışdı. Su baha idi, ölkədə isə su sonası yox idi. Əbədi susuz baseyn ölü siklopun1 göz oyuğu kimi həmişə göylərə baxırdı.
Oturacaqlardan birinə əyləşdim. Bozumtul, dördkünc evlərin və onların yastı damlarının nizamsız qat-qarışığının arxasından günəş saçırdı. Yanımdan göy zolaqlı çadraya bürünmüş, ayağında şap-şap olan bir qadın keçdi. Çadranın altından çalağan burnuna oxşar uzun, donqar bir burun boylanırdı. Burun sanki məni imsiləyirdi. Üzümü qırağa çevirdim. Məni qəribə bir yorğunluq sardı. Nə yaxşı ki, Nino çadra örtmürdü və uzun, donqar burnu yoxuydu.
XEYR, Ninoya çadra örtdürməyəcəm. Ya da bəlkə? Hələlik burasını dəqiq bilmirdim. Ninonun sifətini batmaqda olan qünəşin şüası altında gördüm. Nino Kipiani — gözəl gürcü adı, Avropa meyilli hörmətli valideyn. Bunun mətləbə nə dəxli? Ninonun ağ dərisi, uzun, incə kirpiklər altında iri, güləyən, qaynar, qara qafqazlı gözləri vardı. Adamın canına yayılan sevinc və şənliklə dolu belə gözlər yalnız gürcü qadınında olur. Başqa heç kimdə. Nə avropalıda, nə də asiyalıda. Avropasayağı nazik qaşlar və Madonnanın profili. Nisgilləndim. Müqayisə məni qəmləndirdi. Şərqdə kişilər üçün, nə qədər desən, təşbeh var. Bu cür qadınlar üçünsə yad, müəmmalı aləmin rəmzi olan xristian Məryəmlə müqayisə mövcuddur.
Başımı aşağı saldım. Qarşımda Qubernator bağının böyük çölün qumu ilə örtülmüş asfalt yolu uzanırdı. Qum qamaşdırıcı idi. Gözlərimi yumdum. Bu vaxt yanımda sər-bəst, çılğın bir gülüş səsləndi:
— Müqəddəs Georq! Cülyettasını gözləyə-gözləyə yuxuya getmiş Romeoya bax!
Sıçrayıb qalxdım. Nino yanımda dayanmışdı. Müqəddəs Tamar liseyinin ənənəvi mavi paltarı da əynində. Həddən arıq idi, Şərqin zövqü ilə müqayisədə çox-çox arıq. Amma məhz bu yanlışlıq məndə nəcib bir duyğu oyatmışdı. Onyeddi yaşı vardı və mən onu Nikolay küçəsi ilə üzüyuxarı liseyə getdiyi ilk gündən tanıyırdım.
Oturdu. Dalğalı kirpiklərin toru arxasından gözləri parlayırdı:
— Demək, imtahanları verdin? Sən sarıdan biraz narahat idim. Qolumu boynuna saldım:
— Xeyli həyəcanlı keçdi. Amma görürsən, Allah salehlərə yardımçı olur.
Gülümsədi.
— Bir ildən sonra mənim üçün sevimli Allahın rolunu öz üzərinə götürmərsən. Arxayınam ki, biz imtahan verəndə partamın altıncıda oturub riyaziyyat tapşırıqlarının həllini pıçıldayacaqsan:!. Bu sövdələşmə bir neçə il bundan qabaq onikiyaşlı Ninonun böyük tənəffüsdə qaçıb bizim gimnaziyaya gəldiyi, məni dartıb öz sinif otağına apardığı və mənim düz bir saat onun partası altında oturub riyaziyyat məsələsinin həllini ona pıçıldadığım gün olmuşdu. Həmin gündən mən Ninonun gözlərində qəhrəmana çevrilmişdim.
— Əminin və hərəmxanasının kefi necədir? — soruşdu. Ciddi görkəm aldım. Əslində hərəmxananın sirri çölə çıx- mamalıydı.
Ancaq Ninonun hüdudsuz marağı qarşısında şərq qaydalarının bütün qanunları əriyib yox olurdu. Əlim onun yumşaq, qara saçlarında gəzdi:
— Əmimin hərəmxanası vətənə dönmək fikrindədir. Qərb təbabətindən, nə qədər heyrətli də olsa, deyəsən, yarınıblar. Hər halda sübut yoxdur. Hələlik yalnız əmim ümidini üzmür.
Nino körpəsəl alnını qırışdırdı:
— Bütün bunlar heç də yaxşı deyil. Atamla anam bunun tam əleyhinədir, hərəmxana üz qaralığıdır.
Ev tapşırığını söyləyən şagird kimi danışırdı. Dodaqlarım onun qulağına toxundu:
— Mənim hərəmxanam olmayacaq, Nino, söz verirəm, olmayacaq.
— Amma yəqin arvadına çadra örtdürəcəksən!
— Ola bilsin. Çadra xeyirli şeydir. Adamı günəşdən, tozdan və yad baxışlardan qoruyur.
Qızardı.
— Sən ömrün boyu asiyalı qalacaqsan, Əli, yad baxışlar səni niyə narahat edir? Qadın xoşa gəlmək istəyir.
Amma təkcə ərinin xoşuna. Açıq sifət, çılpaq kürək, yarıya qədər çılpaqlanmış sinə, şümşad qıçlarda şəffaf corab, bütün bunların hamısına yol verməmək qadının yerinə yetirməli olduğu andlardır. Qadında bu qədər şeyi görən kişi daha çox şeyi görmək istəyər. Kişini belə arzulardan daşındırmaq üçün çadra var.
Heyrətlə mənə baxdı.
— Düşünürsən ki, Avropada onyeddiyaşlı qızla ondoqquz yaşlı oğlan belə şeylər barədə söhbət edir?
— Yəqin ki, yox.
— Onda gəl biz də bu barədə danışmayaq, — ciddiliklə deyib dodaqlarını bir-birinə sıxdı.
Əlim saçında gəzdi. Başını qaldırdı. Batan günəşin son şəfəqi gözlərinə düşdü. Ona doğru əyildim… Dodaqları özündən asılı olmayaraq kirmişcə və qeyri-ixtiyari açıldı. Ağır-ağır nəfəs aldı. Gözləri yumuldu. Sonra dartınıb aralandı. Susub toranlığa baxdıq. Birazdan utancaq-utancaq ayağa qalxdıq. Əl-ələ tutub bağdan çıxdıq.
— Deməli, çadra örtməli olacam, — bağın çıxış qapısının ağzında dedi.
— Ya da andını pozası olacaqsan.
Pərt-pərt güldü. Yenidən hər şey öz yerini tutdu. Onu evlərinə qədər ötürdüm.
— Balınıza mütləq gələcəm! — Ayrılmaq istərkən dedi. Əlini buraxmadım.
— Yayda neynirsən, Nino?
— Yayda? Qarabağa, Şuşaya gedəcəyik. Amma ağlına ayrı şeylər gəlməsin. Bu hələ o demək deyil ki, sən də Şuşaya gedəsən.
— Çox gözəl, onda yayda Şuşada görüşərik.
— Dözülməzsən. Bilmirəm, niyə səndən xoşum gəlir.
Qapı onun arxasınca örtüldü. Mən evə yollandım. Əmimin soğulmuş kərtənkələnin ağıllı sifəti kimi sifəti olan xacəsi üzümə irişdi:
— Gürcü qadınları çox gözəl olur, xan. Onu belə açıq-saçıq öpməzlər, adamların bol olduğu bağda.
Onun solğun yanağından bir çimdik götürdüm. Xacə istənilən sərbəstliyi özünə rəva bilir. O nə kişidir, nə də qadın. Orta cinsdəndir.
Atamın yanına getdim.
— Mənə üç arzumu yerinə yetirməyə söz vermisən. Birini artıq bilirəm. Bu yayı Qarabağda tək keçirmək istəyirəm.
Atam məni xeyli süzüb gülümsəyə-gülümsəyə başı ilə razılıq verdi.
DÖRDÜNCÜ FƏSİL
Zeynal ağa Bakı ətrafındakı Binəqədi kəndinin adi sakinlərindən biri idi. Bir parça tozlu, quru, bərəkətsiz torpağı vardı və adi kiçik zəlzələlərdən biri onun bu yeganə varidatında bir yarıq açana və həmin yarıqdan neft püskürənə qədər o həmin torpağı əkib-becərirdi. İndən belə Zeynal ağanın nə çevik, nə də ağıllı olmağına ehtiyac qaldı. Sadəcə olaraq kişi puldan üzülüşə bilmədi. Pulu istədiyi kimi xərcləyirdi, qəti qızırğalanmırdı, demək olar, göyə sovururdu, amma pul günü-gündən artırdı, onu əzib məhv edənə qədər belindən basırdı. Bu xoşbəxtliyin haçansa bir cəzası da olmalıydı və Zeynal ağa asılmağını gözləyən müttəhim kimi bu cəzanı gözləyə-gözləyə yaşayırdı. Kişi məscidlər, xəstəxanalar, dustaqxanalar tikdirdi. Məkkəyə həcc ziyarətinə getdi, uşaq evləri yaratdı. Fəqət bədbəxtlik rüşvətə baxmır. Yetmiş yaşı olanda aldığı onsəkkizyaşlı arvadı ona xəyanət etdi. O da öz namusunun intiqamını, necə lazımdırsa elə aldı, qəddarcasına, sərt və bundan sonra üzgünləşdi. Ailəsi dağıldı, oğlu baş götürüb evdən getdi, o biri oğlu görünməmiş bu rüsvayçılığı intiharla yudu.
Zeynal ağa indi Bakıdakı sarayının qırx otağında yaşayırdı, tutqun, qəmli, beli bükük. Ona qalan yeganə oğlu İlyas bəy sinif yoldaşımız idi, odur ki, buraxılış balımız Zeynalağagildə, evin böyük zalında keçirildi.
Saat səkkizdə mən enli mərmər pilləkənlə yuxarı qalxdım. Yuxarıda İlyas bəy qonaqları qarşılayırdı. Əynində mənimki kimi çərkəzi libas, belində qəşəng, nazik bir xəncər vardı. O da mənim kimi bundan sonra bizim üstünlüyümüz sayılan buxara papağını başından çıxarmamışdı.
— Salaməleyküm, İlyas bəy! — Ucadan səsləndim.
Qədim yerli adətə uyğun olaraq bir-birimizə əl verdik: mənim sağ əlim onun sağ əlini, onun sol əli mənim sol əlimi sıxdı.
— Xoralılar yurdu bugün bağlanır, — İlyas bəy qulağıma pıçıldadı. Mən razılıqla başımı tərpətdim.
Xoralılar yurdu sinfimizin sirri və tapıntısı idi. İllər uzunu şəhərimizdə yaşasalar da, rus müəllimlərinin ölkə barədə xırdaca təsəvvürü də yox idi. Onların beyninə yeritmişdik ki, Bakının ətrafında xoralılar yurdu var. Bizlərdən bir neçəsi məktəbdən yayınmaq istədikdə sinif nümayəndəsi sinif rəhbərinin yanına gedib dişlərini şaqqıldada-şaqqıldada bildirirdi ki, bəzi xəstələr xoralılar yurdundan qaçıb şəhərə doluşmuşdur. Polis onları axtarır. Güman edirlər ki, onlar şəhərin filan-filan şagirdlərin yaşadığı məhəllədə gizlənir. Sinif rəhbərinin rəngi kağız kimi ağarırdı və xəstələr tutulana qədər şagirdlər tətilə buraxılırdı. Bu, bir həftə, bəzən də daha çox çəkə bilərdi, vəziyyətdən asılı olaraq. Müəllimlərdən heç kəsin ağlına gəlmirdi ki, səhiyyə idarəsindən öyrənib-görsün, doğrudan da şəhər yaxınlığında xoralılar yurdu var, ya yox. Bugün xoralılar yurdu rəsmən bağlanmalı idi.
Ağzınacan adamla dolu zala daxil oldum. Üz-gözündən bayram əhvali-ruhiyyəsi yağan direktorumuz, həqiqi gizli müşavir vasili Georgiyeviç Krapko küncdə, müəllimlərin əhatəsində əyləşmişdi. Yaxınlaşıb ehtiramla təzim etdim. Müsəlman şagirdlərinin sözçüsü mən idim, zira dil və dialektlərə məndə meymun instinqti vardı. Bizlərdən çoxu rusca ilk cümlədə özünün qeyri-rus kökənliyini büruzə verdiyi halda, mən hətta rus dilinin ayrı-ayrı dialektlərini də bilirdim. Direktorumuzun əsli Peterburqdan idi, buna görə də onunla gərək Peterburq ləhcəsində danışaydın, yəni samitləri gərək fışıltı ilə deyəydin və saitləri udaydın. Səslənməyinə gözəl səslənmir, amma həddən artıq xoş təsir bağışlayır. Direktor kinayəni heç vaxt hiss eləmirdi və «uzaq sınır əyalətinin uğurlu ruslaşmasına» ürəkdən sevinirdi.
— Axşamınız xeyir, cənab direktor, — adi tərzlə dilləndim.
— Axşamınız xeyir, Şirvanşir, buraxılış imtahanının həyəcanı canınızdan çıxıbmı?
— Əlbəttə, cənab direktor. Amma bu arada başıma qorxunc bir iş gəlib.
— Nə işdir elə?
— Hə də, xoralılar yurdu ilə bağlı.
— Xoralılar yurduna nə olub ki?
— Hə? Direktor cənabları heç nə bilmir? Xəstələrin hamısı koloniyadan qaçmışdı və dünən şəhərə gəlirdilər. Onlara qarşı iki böyük dəstə göndərildi. Xəstələr iki kənd tutmuşdu. Əsgərlər həmin kəndləri mühasirəyə alıb hamını güllələdi, sağlamları da, xəstələri də. Hazırda evləri oda qalayırlar. Dəhşətli deyil, cənab direktor? Daha xoralılar yurdu yoxdur. Əzaları çürüyüb tökülən xəstələrin bir qismi xırıldaya-xırıldaya şəhərin darvazaları önündə uzanıb qal- mışdır və asta-asta üstlərinə neft töküb yandırırlar.
Direktorun alnına tər gəldi. Yəqin fikirləşirdi ki, nisbətən mədəni bir vilayətə köçürülməsi barədə nazirdən xahiş etməyin vaxtı çoxdan yetişib.
— Dəhşətli ölkə, insanları da dəhşətli, — qüssəli-qüssəli dilləndi. — Amma özünüz də görürsünüz ki, uşaqlar, yaxşı idarəçiliyi və əlüstü hərəkətə gələn idarələri olmaq necə önəmli imiş.
Sinif direktorun başına yığışıb intizamın xeyri barədə məruzəyə qulaq asdı. Xoralılar yurdu dəfn olundu. Qoy bizdən sonra gələnlər özləri nəsə uydursunlar.
— Direktor cənabları bilirmi ki, Mehmet Haydarın oğlu ikinci ildir ki, bizim gimnaziyada oxuyur? — Tam məkrsiz soruşdum.
— Nəəəəə?!
Direktorun gözləri bərəldi. Mehmet Haydar gimnaziyanın rüsvayçılığı idi. Hər sinifdə ən azı üç dəfə qalırdı. Onaltı yaşı tamam olanda evlənmişdi, amma yenə də məktəbə gəlirdi. Oğlu doqquz yaşında ikən həmin məktəbə daxil olmuşdu. Xoşbəxt ata bu faktı əvvəlcə gizlətməyə çalışdı. Amma bir dəfə böyük tənəffüsdə bu balaca, tösvər uşaq ona yaxınlaşıb iri, məsum gözləri ilə tatarca dedi:
— Ata, beş qəpik şokolad pulu verməsən, anama deyəcəm ki, riyaziyyat tapşırığını köçürmüsən.
Mehmet Haydar bərk utandı, həyasız gədəyə bir-ikisini ilişdirib bizdən xahiş etdi ki, imkan düşən kimi onun atalıq məsələsini direktora çatdıraq.
— Vəziyyət belədir. Sizdən bağışlanmasını xahiş edir. Amma istəyir ki, oğlu da özü kimi alim olsun. Qərb elminə marağın günü- gündən daha geniş dairələri əhatə etməsi doğrudan da gözəldir. Direktor qızardı. Ürəyində fikirləşdi ki, ata və oğulun eyni məktəbdə oxuması hansısa məktəb məcəlləsini pozmur ki. Amma müəyyən qərara gələ bilmədi. Beləcə ata ilə oğlu bundan sonra da qərb elminin qəsrini zəbt etməyə ixtiyar qazandılar.
Zalın kiçik yan qapılarından biri aralandı. Ağır gövdəli qapıçını qırağa çəkdilər. On yaşında olan bir oğlan uşağı dörd nəfər buğdayı kor kişinin əlindən tutub içəri gətirdi: İran musiqiçiləri. Kişilər zalın küncündə xalçanın üstündə oturdular. Qədim İran əl işləri olan nadir musiqi alətləri görüntüyə gəldi. Gileyli bir səs çıxdı. Musiqiçilərdən biri əlini qulağının dibinə qoydu. Şərq müğənnisinin klassik hərəkəti.
Zala sakitlik çökdü. O biri musiqiçi coşqu ilə qaval vurdu. Müğənni zildən oxudu:
«Gövdən İran xəncəri, Gözlər alovlu rubin. Türk sultanı olsaydım, Səninlə evlənərdim. Saçına inci düzərdim, Dabanından öpərdim. Qızıl camda qəlbimi Sənə peşkəş edərdim».
Müğənni susdu. Qonşusu dilə gəldi. Ucadan, acıqlı, nifrətdolu, var gücü ilə oxudu:
«Hər gecə sən
Siçan kimi sürünürsən Qonşuların sarayında».
Qavalın səsi aləmi başına götürdü. Birsimli kaman hıçqırdı.
Üçüncü müğənni həzin-həzin oxudu:
«O çaqqaldır, kdir…
Sən bədbəxlik! Sən bir bəla! Rüsvayçılıq!!!»
Bir anlığa araya sakitlik çökdü.Sonra üç, dörd kiçik musiqi fasiləsi və dördüncü müğənni cuşa gəlib astadan, həzin-həzin oxudu:
«Xəncərimi üçcə günvxarlaram, Dördüncü gün əğyar xəncərlərəm.
Doğrayaram tikə-tikə Allam səni boz kəhdərkinə,
Üz-gözümü bağlayaram, sevgilim, İgidlərin dəsmalıyla Dırmaşaram dağlara.
Zalın qırçınlı pərdələrinin birinin qarşısında dayanmışdım.
Yanımda da direktor və coğrafiya müəllimi.
— Necə iyrənc musiqidir, — direktor astadan dilləndi, — Qafqaz eşşəyinin gecə anqırtısı. Görəsən, sözlərinin mənası nədir?
— O da musiqisi kimi mənasız olacaq, — müəllim cavab verdi.
Ayaq barmaqlarımın ucunda kirmişcə aradan çıxmaq istədim. Bu vaxt gördüm ki, qırçınlı pərdə astadan tərpənir. Ehtiyatla ərtrafıma boylandım. Qar kimi ağ saçlı, nadir ala gözlü qoca bir kişi pərdənin arxasında dayanıb musiqini dinləyib ağlayır: əlahəzrət Zeynal ağa, İlyas bəyin atası. Yoğun göy damarlı yumşaq əlləri titrəyirdi. Öz sahibinin adını güclə yazan bu əllər yetmiş milyon rublun sahibi idi. Gözlərimi ondan çevirdim. Həmin Zeynal ağa adi bir kəndli idi, fəqət bizə yetkinlik sənədi vermiş müəllimlərə baxanda müğənnilərin musiqisindən daha yaxşı baş çıxarırdı.
Mahnı sona yetdi. Musiqiçilər alətlərini Qafqaz rəqs melodiyasıma köklədilər. Zal boyunca yeridim. Şagirdlər dəstə-dəstə dayanmışdı. Şərab içirdilər. Müsəlmanlar da. Mən içmirdim.
Sinif yoldaşlarımızın rəfiqə və bacıları olan qızlar künc-bucaqda bir- biriləri ilə söhbət edirdi. Aralarında çoxusu rus idi, sarışın hörüklü, göy, yaxud ala gözlü, ənlikli-kirşanlı. Onlar ruslarla söhbət edirdi, ən yaxşı halda da erməni və gürcülərlə. Müsəlman oğlan onları dindirəndə, xısın-xısın gülüşürdülər, bir-iki kəlmə ilə cavab verib üzlərini çevirirdilər. Kimsə royalın qapağını qaldırdı. Vals. Direktor qubernatorun qızı ilə rəqsə başladı.
Budur, axır ki! Pilləkəndən bir səs:
— Axşarmınız xeyir, İlyas bəy. Biraz gecikmişəm. Amma günah məndə olmayıb.
Bayıra atıldım. Yox, Nino nə bal paltarı, nə də müqəddəs Tamar liseyinin bayram libasını geymişdi. Paltar beldən büzmələnmişdi və bel özü elə incə idi ki, onu bir qolla quca biləcəyimi düşündüm. Çiyninə qızıl düyməli qısa ipək arxalıq salmışdı. Uzun qara donu ayaqlarına düşürdü. Safian çəkmələrin qızıl suyuna çəkilmiş burnunu güclə görə bildim. Başında balaca bir araqçın vardı və iki qatar ağır qızıl pul alnından aşağıya sallanırdı. Gürcü prinsesinin qədim bayram libası, həmin Bizans madonnasının sifəti. Madonna güldü.
— Yox, Əli xan, gərək hirslənməyəsən. Donun çəkilib büzmələnməsi düz bir saat çəkir. Nənəmdən qalmadır. Yalnız sizin xatirinizə özümü onun içinə məcbur etmişəm.
— İlk rəqsi mənimlə! — İlyas bəy ucadan dilləndi.
Nino sorğu dolu gözləri ilə mənə baxdı. Başımla razılıq verdim. Mən həvəssiz və pis rəqs edirdim, Ninonu da İlyas bəyə etibar edə bilərdim.
— Şamilin mövlanəsini! — İlyas bəy ucadan dedi.
Kor musiqiçilər həmin an keçidsiz-filansız çılğın bir melodiya başladılar…
İlyas zalın ortasına atıldı. Ayaqları Qafqaz dağlı rəqsinin qovurucu ritmində hərəkətə gəldi. Xəncərin tiyəsi əlində bərq vurdu. Nino onun ətrafına fırlanırdı. Ayaqları xırda, nadir oyuncaqlara bənzəyirdi. Şamilin şəbihi başladı. Biz musiqinin təqtinə uyğun əl çaldıq. Nino qaçırılası gəlin idi… İlyas xəncəri dişlərinin arasına aldı. Qollarını açıb yırtıcı quş kimi qızın başına fırlandı. Ninonun titrək ayaqları zalda şütüdü. Kövrək qolları qorxunun, ümidsizliyin və təs- limçiliyin bütün incəliklərini ifadə etdi. Sol əlində bir yaylıq tutmuşdu. Bütün bədəni titrəyirdi. Yalnız araqçınındakı qızıl pullar sırası və düzümü ilə tərpənməz qalmışdı, belə də olmalıydı, rəqsin ən çətin məqamı da elə bu idi. Gürcü qadını zalda elə sürətlə fırlanmalıdır ki, araqçınındakı bircə pul da cingildəməsin. İlyas onun arxasınca fırlanırdı. Geniş çevrədə onu görünməmiş bir cəldliklə izləyirdi. Qollarının geniş açılmış hərəkətləri getdikcə hökmranlaşırdı, Ninonun da dəfedici hərəkətləri get-gedə incələşirdi. Nino nəhayət yerində durdu, hürküdülmüş, ovçu tərəfindən yaxalanmış cüyürə bənzəyirdi. İlyas çılğın çevrələrini get-gedə daral- dırdı. Sıçrayışları getdikcə tezləşirdi. Ninonun gözlərindən həlimlik və təslimçilik yağırdı. Əlləri titrəyirdi. Musiqinin çılğın, qısa fəryadı bir də səsləndi və Nino sol əlini açdı. Yaylıq yerə düşdü. Və İlyasın xəncəri qəflətən xırda ipək yaylığın üstünə şütüyüb onu döşəməyə sancdı.
Sevgi rəqsinin simvolikası sona yetdi…
Deyəsən, burasını deməmişdim ki, rəqsdən qabaq xəncərimi İlyas bəyə verib onunkunu özümə götürmüşdüm. Ninonun yaylığına sancılan mənim xəncərim idi. Bu, arxayınçılıq demək idi, müdrik kəlamlardan biri öyrədir: «Dəvəni Allahın qorqusuna tapşırmazdan qabaq onu bərk- bərk öz çəpərinə bağla».
BEŞİNCİ FƏSİL
Həşəmətli ulularımız, xan, böyük və qorxunc ad çıxarmaq üçün bu torpağa ayaq basanda qışqırmışlar: «Qara bax! — Bax… burda qar var!»1 Amma onlar dağlara yaxınlaşanda və keçilməz ormanı görəndə bir də qışqırıblar: «Qarabağ- Qara bağ!»2 Elə o vaxtdan da bu məmləkətə Qarabağ» deyilir. Əvvəllər adı «Sünik» olub, ondan əvvəl «Aqvar». Zira bilməlisən ki, xan, biz çox qədim və məşhur bir məmləkətik.
Şuşada evini kirayə tutduğum sinli Mustafa vüqarla susdu, Qarabağın meyvə arağından bir stəkan vurub saysız sap kimi liflənmiş çəçildən bir parça qopartdı və sözünə davam etdi:
— Dağlarımızda karanlıq3, qaranlıq ruhlar yaşayır və tükənməz sərvətlərə keşik çəkirlər, bunu hər kəs bilir. Meşələrdə müqəddəs daşlar var və ordan müqəddəs çaylar axır, Bizdə hər şey var. Şəhərə çıx, bax gör, kimsə işləyirmi? Demək olar, heç kim. Bax gör, kiminsə üzündə qəm nişanəsi varmı? Heç kimin! Kiminsə ayıq vaxtı olurmu? Heç kimin! Heyrətlən, ağa!
Mən bu camaatın heyrətamiz saxtakarlığına təəccüb qaldım. Elə bir hekayət yoxdur ki, onu özlərinin kiçik məmləkətinin fetişinə çevirməsinlər. Hələ dünən şişman bir erməni beyninə yeritmək istəyirdi ki, Şuşadakı Mərəs xristian kilsəsinin beş min il yaşı var.
— Bu boyda da yalan olar?! — Ona dedim. — Xristianlığın heç özünün iki min yaşı yoxdur. Xristian kilsəsi Məsihdən öncə tikilə bilməzdi axı.
Yoğun erməni bərk pərtləşdi və məzəmmətlə dedi:
— Əlbəttə, sən savadlı adamsan. Amma bu yaşlı kişidən dərs alsan, pis olmaz: ola bilsin, başqa xalqlarda xristianlığın vur-tut iki min yaşı var. Amma bizi, Qarabağ xalqını Allah-taala üç min il qabaq nurlandırıb. Belədir.
Hələ Şuşaya gedərkən yolda, kiçik daş körpünün üstünə çatanda faytonçu mənə bunları söylədi:
— Bu körpünü ölməz əməllər naminə İrana gedəndə Böyük İsgəndər saldırıb.
Körpünün allt tağında isə iri rəqəmlərlə «1897» həkk olunmuşdu.
Mən onu faytonçuya göstərdim, o da əlini yellədi:
— Eh, ağam, şöhrətimizə kölgə salmaq üçün bunu ruslar sonradan döyüblər.
Şuşa ecazkar bir şəhər idi. Dəniz səviyyəsindən min beş yüz metr hündürlükdə, müsəlmanlar və ermənilər tərəfindən məskunlaşaraq, Qafqaz, İran və Türkiyə arasında körpü rolunu oynayırdı. Dağların, meşə və çayların əhatəsində gözəl bir şəhər. Dağların belində və dərələrdə adamların uşaq təxəyyülü ilə saray adlandırdığı xırda lehmə daxmalar dikəlirdi. Orda yerli feodallar, erməni məlik və naxararları1, müsəlman bəyləri2 və ağaları3 yaşayırdı. Bu insanlar saatlarda evlərinin astanasında oturub Qarabağ generallarının tez-tez Rusiyanı və çarı necə xilas etməsindən və, onlar olmasaydı, böyük imperiyanın axırının necə olacağından bir- birinə ağızdolusu danışırdı. Kiçik vağzaldan Şuşaya qalxan sıldırımlı yoxuşu biz, yəni mən qoçum, at arabasında səkkiz saata getdik. Peşə- lərinə görə qoçular qaçaqlığa tay tutula bilən silahlı nökərlərdir. Üz- gözlərindən döyüşkənlik yağır, böyür-başlarından silahlar asılır və onlar qaş- qabaqlı kirmişliyə qapılırlar. Bəlkə də bu kirmişlik özündə igidsəl qaçaqlıq əməllərinin xatirələrini gizlədir, bəlkə də ümumiyyətlə heç nəyi. Atam yoluma qoçu vermişdi ki, məni yadlardan, yaxud yadları məndən qorusun. Bu mənə tam aydın olmamışdı. Qoçum adamı darda qoyan kişilərdən deyildi, Şirvanşir nəsli ilə arvad qohumluğu vardı və Şərqdəki bütün qohumlar kimi etibarlı idi. Artıq beş gün idi ki burdaydım, Ninonun gəlişini gözlə- yirdim, səhər tezdən gecənin yarısına qədər yerli camaatı danışdırırdım və onlar da deyirdilər ki, dünyanın varlı, cəsur, yaxud digər görkəmli adamlarının hamısı Şuşadan çıxıb; şəhər parkını gəzib kilsə qüllələrini və minarələri sayırdım.
Şuşa həddən artıq mömin şəhər təsiri bağışlayırdı. Altmış min əhaliyə onyeddi kilsə və on məscid artıqlaması ilə yetirdi. Bunun üstünə hələ şəhərin yaxınlığındakı saysız ziyarətgahlar, öncə də, təbii ki, müqəddəs Sarı bəyin məzar-məqbərəsi və yanındakı iki ağacı əlavə olunurdu ki, buraya da məni Qarabağ lovğaları elə birinci gün dartıb aparmışdılar.
Həmin övliyanın qəbri Şuşadan birsaatlıq məsafədə yerləşir. Bütün şəhər hər il ora ziyarətə gedib bu müqəddəs ormanda ziyafət keçirir. Əsl möminlər geriyə dönəndə yolun hamısını dizin-dizin sürünür. Ağır işdir, amma zəvvarın hörmətini göylərə qaldırır. Övliyanın məzarı başındakı ağaclara toxunmaq olmaz. Kim onların bircə yarpağına toxunsa, yerindəcə quruyar. Müqəddəs Sarı bəy belə böyük qüdrət sahibidir! Bu övliyanın hansı möcüzə sahibi olduğunu bilən yoxdur. Bunun əvəzində insanlar mənə ətraflı məlumat verdi ki, o haçansa, düşmənlər tərəfindən qısnanaraq, atının belində üstündə bugün Şuşanın yerləşdiyi dağa qalxıb. Düşmənləri ona lap yaxınlaşıblarmış. Bu vaxt onun atı dağın, qayaların və bütün Şuşa şəhərinin başı üstündən azman bir sıçrayış edir. Atın yerə endiyi yerdə salehlər elə bugünün özündə də həmin mötəbər heyvanın nalının izinin daşa həkk olunduğunu görə bilərlər. Hər halda hamı məni buna inandırmağa çalışırdı. Bu sıçrayışın qeyri-mümkünlüyü barədə öz düşüncələrimi dilə gətirəndə hirslə deyinirdilər:
— Ağa, at axı Qarabağ atı olub!
Sonra mənə Qarabağ atı barədə əfsanəni danışırdılar: onların məmləkətində hər şey gözəldir. Hər şeydən gözəl isə Qarabağ atı imiş. İran şahı Ağa Məhəmmədin öz hərəmxanasını bu heyvana görə kiməsə bağışladığı həmin o məşhur at (görəsən dostlarım bilirdimi ki, Ağa Məhəmməd xacə olub?). Dediklərinə görə bu at az qala müqəddəs imiş. Bu mələz möcüzəsi, dünyanın ən gözəl atı, Qaraba- ğın məşhur kürən-qızılı cins heyvanı doğulana qədər alimlər əsrlər uzunu baş sındırıb cütləşdirmə aparıblarmış.
Belə bol tərifdən şirnikərək bu möhtəşəm atlardan birini mənə göstərməyi xahiş etdim. Müşayiətçilərim yazıqlana-yazıqlana mənə baxdılar.
— Sultanın hərəmxanasına girmək Qarabağ atının tövləsinə girməkdən xeyli asandır. Bütün Qarabağda vur-tut oniki əsl kürən- qızılı at var. Onları görən at oğrusuna çevrilir. Yalnız müharibə başlayanda sahibi özünün kürən-qızılı möcüzəsinin belinə qalxır.
Bu əfsanəvi at barədə mənə danışdıqları ilə qane olmaqdan başqa, ayrı çarəm qalmadı.
Beləcə Şuşada oturub sinli Mustafanın cəfəngiyyatını dinləyir, Ninonı gözləyir və bu nağıllar ölkəsində özümü bəxtəvər sayırdım.
— Xan sağ olsun, — Mustafa dedi, — sənin uluların müharibələr aparıb, sən isə alim adamsan, elm ocağına getmisən. Deməli, gözəl sənət barədə də eşitmiş olarsan. Farslar Səədi, Hafis və Firdovsi ilə, ruslar Puşkinlə öyünürlər və uzaq Qərbdə bir şair olub, adına Qöte deyiblər, İblis haqqında bir şeir yazıb.
— Bəlkə bu şairlərin də hamısı Qarabağdandır? — Sözünü kəsdim.
— Yox, bu yox, əziz qonaq, amma bizim şairlər daha yaxşıdır, şeirlərini ölü hərflərin donuna bürüməkdən boyun qaçırsalar da. Təkəbbürlərindən şeirlərini yazıya köçürmürlər, sadəcə əzbərdən söyləyirlər.
— Hansı şairləri deyirsən? Aşıqları?1
— Bəli, aşıqları, — qoca razı-razı dilləndi, — onlar Şuşa ətrafındakı kəndlərdə yaşayırlar və sabah deyişəcəklər. Gedib feyziyab olmaq istəyirsən?
İstəyirdim, odur ki, ertəsi gün arabalarımız dolaylarla üzüaşağı Daşkəndə2, Qafqaz şeir sənətinin ali qəsrinə yol aldı.
Az qala Qarabağın hər kəndində yerli oxuyanlar olur ki, onlar da qış uzunu şeir qoşur, yazda saray və daxmalarda öz nəğmələrini söyləmək üçün el içinə çıxırlar. Fəqət yalnız şairlərin yaşadığı üç kənd var ki, onları da Şərqin poeziyaya göstərdiyi ehtiramın nişanəsi olaraq yerli feodallar vergi və töycüdən azad edirlər. Bu kəndlərdən biri Daşkənddir.
İlk baxış yetərli oldu müəyyənləşdirəsən ki, həmin kəndin sakinləri adi kəndli deyillər. Kişilər uzun saç saxlayırdı, ipək paltar geyirdi və bir-birilərinə inamsız yanaşırdı. Qadınlar ərlərinin
arxasınca gəzir, sıxıntılı təsir bağışlayır və musiqi alətlərini daşıyırdılar. Kənd aşıqlara tamaşa etmək üçün ölkənin hər yanından axışıb-gəlmiş varlı müsəlman və ermənilərlə dolu idi. Camaat aşıqlar kəndinin xırda baş meydanına yığışmışdı. Amansız mübarizəyə qoşulacaq aşıqların ikisi də deyişməyə hazır vəziyyətdə ortada da yanmışdı. Onlar bir-birinə kinayə ilə baxırdı. Uzun saçları havada yellənirdi. Aşıqlardan biri dilə gəldi:
-Libasın peyin qoxur, üzün donuz üzüdür, istedadın tükdən nazik, sənə azca pul versələr, özünə də həcv yazarsan.
O birisi acıqlı və gurultulu dilləndi:
-libasın mütrif libası, səsin xacə səsidir. Şeirlərin işə keçmir, çünki səndə vergi yoxdur. mənim bayram süfrəmin artığıyla dolanırsan.
Beləcə xeyli bir-birilərinə ürəkdən yeknəsəq hərbə-zorba gəldilər. Camaat əl çaldı. Axırda üz-gözündən həvarilik yağan ağsaç bir qoca qabağa çıxıb deyişmə üçün iki mövzu söylədi, biri lirik digəri epik. «Ay Arazın sularında» və «Ağa Məhəmməd şahın ölümü».
Aşıqların ikisi də səmaya baxdı. Sonra oxudular. İtirilmiş kişilik qüdrətini ordakı kükürdlü hamamda yenidən qazanmaq üçün Tiflisə hücum edən üzügülməz xacə Ağa Məhəmməd barədə oxudular. Hamam onun arzusunu yerinə yetirmədikdə xacə şƏhəri alt-üst edib qadın və kişiləri asdırdı. Geriyə dönəndə taleyi onu Qarabağda haqladı. Çadırında yatanda onu xəncərlə öldürdülər. Böyük şah hə- yatdan heç nə götürmədi. Zəfər yürüşlərində ac qaldı, qara çörək yeyib qatıq içdi. Bir çox ölkələri zəbt etdi və çöl dilənçisindən kasıb, yaşadı. Xacə Ağa Məhəmməd.
Bütün bunların hamısını klassik şeir formasında söylədilər və bu vaxt aşıqlardan biri şahın ən gözəl xanımlar məmləkətində keçirdiyi iztirabları çox ətraflı təsvir etdi, digəri isə həmin qadınların edamını təfərrüatı ilə dilə gətirdi.
Dinləyənlər razı qaldılar. Sonra həmin o nəcib tayı rəqibinə üz tutdu:
— Arazda çimən ay kimə bənzəyir?
-Sənin sevgilinin çöhrəsinə, — hirsli tayı onu yarımçıq kəsdi.
— Həmin ayın qızıl rəngi göz oxşayır! — İndi də həlim tayı oxudu.
— Xeyr, o, həlak olmuş böyük sərkərdənin qalxanına bənzəyir, — hirsli tayı cavab verdi.
Onların təşbeh ehtiyatı get-gedə tükənməkdə idi. Sonra ayın gözəlliyindən, qız hörüyü kimi düzənliklə qıvrılan Arazdan, gecələr sahillərə gələn, Arazın sularında öz əksini tapmış aya tamaşa edən sevgilililərdən hərəsi bir ağız oxudu…
Acıqlını qalib seçdilər, o da özünün zəhərli təbəssümü ilə qələbənin mükafatı kimi rəqibinin sazını1 əlindən aldı. Mis camı xırda pulla dolsa da, qəmli-qəmli qabağa baxırdı.
— Qələbəyə sevinirsən?- Soruşdum. İkrahla yerə tüpürdü.
— Buna qələbə deməzlər, ağa. Qələbə qabaqlar olardı. Yüz il bundan qabaq. O vaxt qalib məğlubun başını kəsərdi. Sənətə böyük hörmət vardı. İndi yumşalmışıq. Şeir üçün hər kəs qanından keçmir.
— İndi sən bu yerlərin ən yaxşı aşığısan.
— Yox, — dedi. Gözlərinə qəm çiləndi — Yox,- təkrarladı, — mən, olsa-olsa, pinəçiyəm. Haqq aşığı deyiləm.
— Kimdir haqq aşığı?
— Ramazan ayında, — acıqlı aşıq dedi, — sirli bir gecə var, Qədr Gecəsi. Həmin gecə təbiət bir saatlığına yuxuya dalır. Çaylar axmağa ara verir, yaman ruhlar sərvətləri qorumağa. Otların boy verməsini və ağacların danışmasını eşitmək olur. Çaylardan su pəriləri baş qaldırır və həmin gecə ana bətninə düşən uşaqlar gələcəyin alimləri və şairləri olur.
Qədr Gecəsində aşıq gərək Xıdır Nəbini, bütün şairlərin müqəddəs himayədarını səsləsin.
Xilaskar nəbi öz vaxtında gəlib şairə içməyə bir piyalə verir və deyir: «İndən belə oldun haqq aşığı və sən dünyadakı hər şeyi mənim gözlərimlə görəcəksən». Bu mərhəmətə yetişən kəs bütün ünsürlərə bələd olur; canlılar, insanlar, küləklər və dənizlər onun sözü ilə oturub-durur, çünki onun sözlərində Külliqadirin gücü olur.
Acıqlı aşıq yerə oturub əlini üzünə söykədi və bir xeyli zırıl-zırıl ağladı. Sonra əlavə etdi:
— Amma Qədr Gecəsinin hansı gecə və həmin gecədə hansı saatın uyqu saatı olduğunu bilən yoxdur. Ona görə də haqq aşıqları yoxdur. Ayağa durub getdi. Tək-tənha, qaş-qabaqlı, qapalı. Qarabağın yaşıl cənnətində yalquzaq.
ALTINCI FƏSİL
Ətək bulaq özünün dar, daşlı yatağında poqquldayırdı. Ətrafdakı ağaclar yorğun övliyalar kimi göylərə boylanırdı. Xırda təpəliklər Şuşaya baxışın qarşısını kəsirdi. Cənubdan Ermənistan çəmənlikləri mənzərəli çoban yaylaları kimi uzanıb gedirdi. Şərqdə Qarabağın tarlaları Azərbaycanın tozlu çöllərinə qarışıb itirdi. Ordan böyük çölün qaynar nəfəsi, Zərdüştün alovu əsirdi. Fəqət yörəmizdəki orman kipkirmiş və tərpənişsiz dayanmışdı, sanki qədim dövrün son allahları elə indicə çıxıb getmişdilər. Qarşımızda tüstülənən ocaq elə bil onlara müqəddəslik bəxş edirdi. Parlaq ocağın yörəsindəki əlvan xalıların üstündə dövrə vurub oturmuşduq, şərab içən gürcülərin məclisi və mən. Ocağın qırağında badələr, meyvə, qalaq-qalaq tərəvəz və pendir. Tüstülənən manqal üstündəki şişlərdə kabab bişirdi. Bulağın başında sazandarilər1, gəzərgi musiqiçilər əyləşmişdi. Öllərində elə adları musiqi kimi səslənən alətlər vardı: dayrah, çianuri, tar2, oliplipito. Onlar bayatı3, ətrafın yad cazibədarlığını biraz da qaldırmaq üçün şəhərdən gəlmiş gürcülərin sifariş verdikləri fars sevgi nəğməsini oxuyurdu. I atın dili müəllimimiz burda olsaydı, kənd adətlərinə uyğunlaşmaq üçün izhar edilmiş bu arzunu «Dionis məzəsi»4 adlandırardı. Məclisin təşkilatçısı, axır ki, gəlib-çıxmış və şən-şux qonaqları Şuşa ətrafındakı ormana gecə mərasiminə dəvət etmiş Kipiani ailəsi idi.
Qarşımızda Ninonun atası əyləşmişdi ki, o da şənliyi yerli məclisin ciddi qaydalarına uyğun olaraq masabəyi kimi idarə edirdi. Onun işıqlı gözləri, qızarttaq sifətində sıx, səvə bığları vardı. Əlində badə tutmuşdu və onu mənim sağlığıma qaldırdı. Başqa vaxtlar ömrümdə içməməyimə baxmayaraq mən də badəmdən bir qurtum aldım. Masabəyi tələb edirsə, onunla içməmək ədəbsizlik sayılardı. Nökərlər bulaqdan su gətirdilər. Bu sudan içən kəs doymaq nə olduğunu bilmədən istədiyi qədər yeyə bilərdi, çünki Ətək Bulağın suyu Qarabağın sayı bilinməyən möcüzələrindən biridir.
Sudan içdik və dağ boyda yeməklər azalmağa başladı. Titrəyən alovun işığında Ninonun anasının ciddi profilini gördüm. Ərinin yanında oturmuşdu və gözləri gülürdü. Həmin gözlər öz ilkinliyini cadugər Medeanın haçansa arqonavt1 Yasonla rastlaşdığı Rion düzənliyindən, Mingereliyadan götürmüşdü.
Masabəyi badəsini qaldırdı.
— Bu badələri Zati Nurları Dadianinin şərəfinə.
Gözlərindən körpəlik yağan qoca təşəkkürünü bildirdi. Bununla məclisin üçüncü çevrəsi başladı. Badələr boşaldıldı. Ətək Bulağın əfsanəvi suyu sərxoşluğa qarşı da təsirli idi. Keflənən olmadı, olan da qəlbin məstliyi idi ki, istənilən gürcü də qonaqlıqda ondan feyziyab olur. Gürcünün başı Ətək Bulağın suyu kimi dumduru və apaydındır.
Biz yeganə qonaqlar deyildik. Orman saysız ocaqların işığına qərq olmuşdu, çünki Şuşa hər həftə başdan-başa çeşidli bulaqların başına çıxır.
Məclislər səhərin alatoranlığına qədər davam edir. Müqəddəs ormanın füsunkar kölgəliyində müsəlmanlar və xristianlar birgə əylənirlər.
Gözümü yanımda əyləşmiş Ninodan çəkmirdim. O, üzünü yana çevirmişdi. Ağsaç Didiani ilə söhbət edirdi. Belə də olmalıydı. Qocaya hörmət, cavana məhəbbət.
— Gərək bir dəfə bizə gələsiniz, mənim Zuqdudidəki qəsrimə, — qoca dilləndi, — bir vaxtlar Medeanın qullarının qızıl yuduğu Filizen çayının sahilinə. Siz də gəlin, Əli xan. Minqreliyanın qocaman ağaclarla zəngin qədim tropik meşəsini görərsiniz.
— Baş üstə, Zati-Nurunuz, amma yalnız Sizin xatirinizə, ağacların yox.
— Ağaclarla niyə aranız yoxdur? Mənim üçün onlar dol- ğunlaşmış həyatın təcəssümüdür.
— Əli xan ağacdan, uşaq cindən qorxan kimi, qorxur, — Nino dedi.
— Deyilən qədər də deyil. Ancaq ağac Sizə nədirsə, çöl də mənə odur. Ağaclar aləmi məni çaşdırır, Zati-Nurunuz. O, qorxu və müəmma, kabus və şəyatinlərlə doludur. Orda görüş dairəsi daralır. Hər yan tutqunlaşır. Günəşin şüaları ağacların kölgəsində itib yox olur. İkili işıqda hər şey adiliyindən çıxır. Meşənin kölgəliyi canımı sıxır, budaqların xışıltısını eşidəndə məni nisgil çulğayır. Mən sadə şeyləri sevirəm: küləyi, qumu və daşlığı. Çöl qılınc zərbəsi kimi sadədir. Meşə isə Qordi Düyünü kimi mürəkkəb. Meşədə özümə yer tapa bilmirəm, Zati- Nurunuz.
Didiani fikirli-fikirli mənə baxdı.
Sizdə çöl insanının ruhu uyuyur, — dedi,- bəlkə də insanların yalnız iki düzgün bölgüsü var: meşə insanları və çöl insanları. Şərqin quru sərməstliyi qaynar küləyin və qaynar qumun adamı məst etdiyi çöldən gəlir ki, burda da aləm sadə və problemsiz olur. Meşə isə suallarla doludur. Yalnız çöl heç nə soruşmur, heç nə vermir və heç nə vəd etmir. Fəqət qəlbin alovu meşədən gəlir. Çöl adamının, mən onu daxilən görürəm, içini dolduran yalnız bir duyğusu və bir həqiqəti var. Meşə insanının bir neçə siması olur. Çöl fanatiki yetişdirir, yaradıcı insanı isə meşə. Şərqlə Qərb arasında, başlıca fərq də budur.
— Ona görə də biz ermənilər və gürcülər meşəni sevirik, — kübar erməni əsilli gombul Melik Naxararyan sözə qarışdı. Onun domba gözləri, qalın qaşları vardı və filosofluğa və içkiyə meyilli idi. Biz bir-birimizə dözürdük. O, badəsini mənim sağlığıma qaldırıb ucadan dedi:
Əli xan! Qartalları meşə, pələngləri cunqli yetişdirir. Bəs çöl kimi yetişdirir?
— Şirləri və igidləri, — cavab verdim və Nino razılıqla əl çaldı. Süfrəyə şişdə kabab verildi. Badələr təkrar-təkrar dolub-boşaldı. Gürcülərin həyat şənliyi meşəyə yayıldı. Didiani Naxararyan mübahisə edir, Nino da canalan sorğulu gözləri ilə mənə baxırdı.
Mən başımla razılıqlıq işarəsi verdim. Hava çoxdan qaralmışdı. Alov işığında insanlar kabuslara, ya da qaçaqlara bənzəyirdi Bizə heç kəskəs fikir vermirdi. Yerimdən qalxıb ağır-ağır bulağa doğru getdim. Aşağı əyilib sudan ovcumla içdim. Ləzzət verdi. Suyun qaranlıq səthində əks olunan ulduzlara xeyli tamaşa etdim. Kiçik ayaq altında quru bir budaq şaqqıldadı və əlimi irəli uzatdım, Nino əlimdən yapışdı. Meşənin dərinliklərinə getdik. Ağaclar hədə və şübhə ilə bizə boylanırdı. Ocağın qırağından aralanmağımız və Ninonun çemənliyin bir ucunda oturub məni özünə doğru çəkməyi biraz yersiz idi. Həyat eşqi ilə dolu Qarabağda ciddi adətlər hökm sürürdü. Sinli Mustafa mənə əsməcə içində danışmışdı ki, onsəkkiz il qabaq bu torpaqda zina işlədiblər. O vaxtdan meyvələrin tamı acılaşıb.
Biz bir-birimizə baxırdıq. Ninonun Ay işığına qərq olmuş sifəti solğun və müəmmalı idi.
— Knyaginya, -dedim və Nino yanpörtü mənə baxdı. lyirmidörd saat bundan öncə o, knyaginya olmuşdu və atası knyaz adına iddiasını Peterburqdan təsdiq edənə qədir iyirmidörd il keçmişdi. Bugün səhər Peterburqdan teleqram gəlmişdi. Qoca itirilmiş anasını təzədən tapan uşaq kimi sevinmişdi və hamımızı gecə qonaqlığına dəvət etmişdi.
— Knyaginya, — bir də təkrarlayıb üzünü əllərimin arasına aldım. Müqavimət göstərmədi. Bəlkə Kaxet çaxırından çox içmişdi. Bəlkə onu məst edən meşə ilə ay idi. Qızı öpdüm. Ovcumun içi yumşaq və isti idi. Bədəni yumşaldı. Yumşaq çimin üstündə uzandıq və Nino üzümə baxdı, əlim sinəsindəki xırda yumrulara toxundu. Ninoda qəribə bir hal yarandı və o mənə də keçdi. Vücudu yeganə bir məna kəsb etdi, həmin məna yer kürəsinin və yerdəki nəfəsin düyünlənmiş gücü idi. Gövdəsəl yaşamın ruhu onu çulğadı. Gözləri xumarlandı. Sifəti daralıb ciddiləşdi. Paltarının yaxasını açdım. Dərisi ay işığında sarımtıl opal daşı kimi bərq vurdu. Ürəyinin döyüntüsünü eşitdim və Nino anlamsız həlimlik və həsrətlə dolu sözlər söylədi. Üzüm onun xırda döşləri arasında gizləndi və dərisinin ətrini, həzin, duzlu tamını içimə çəkdim. Dizləri titrədi.
Göz yaşları üzünə axdı, durub həmin göz yaşlarını uddum və nəm yanaqlarını quruladım. Yerindən qalxıb susdu, bəzi müəmma vo duyğulardan canlanaraq. Vur-tut onyeddi yaşı vardı mənim Ninomun və o, çariça müqəddəs Tamarın liseyinə gedirdi. Birdən-birə dilləndi:
— Deyəsən, səni sevirəm, Əli xan, indi knyaginya olsam belə.
— Bəlkə çox da knyaginya qalmadın, — dedim və Ninonun sifətinə bir anlaşılmazlıq çökdü.
— Nəyi nəzərdə tutursan? Çar adımızı bir də geri alacaq?
— Onu ərə gedəndə itirəcəksən. Xan titulu da gözəl tituldur axı.
Nino əllərini boynunun dalında çarpazlayıb başını arxaya atdı və güldü:
— Xan doğrudu-, bəs xanın qadın cinsi? Yoxdur axı. Bir də ki, sənin qəribi» elçilik tərzin var. Əgər beləsi olacaqsa da.
— Olmalıdır.
Ninonun barmaqları sifətimdə gəzişib saçlarımda itdi.
— Əgər hə desəm, onda Şuşa meşələri sənin xoş xatirələrində qalacaq və ağaclarla barışacaqsan. Elə deyil?
— Məncə, hə.
— Amma toy gəzişini Tehrana, əmingilə edəcəksən, mən də xüsusi bir proteksiya ilə şah hərəmxanasına düşə bilərəm və kök qadınlarla çay içib, söhbət edərəm.
— Bəs sonra ?
— Sonra da çöllərə tamaşa edərəm, çünki orda mənə baxa biləcək bir adam olmur.
— Yox, Nino, çöllərə baxmağa ehtiyacın yoxdur. Ora sənin xoşuna gəlməz
Nino əllərini boynuma dolayıb burnunu alnıma söykədi.
— Bəlkə doğrudan da sənə ərə gedəcəm, Əli xan, amma sən əvvəlcə nələrin öhdəsindən gələcəyini fikirləşmisənmi, meşə və çöldən başqa?
— Nəyi ki?
— Əvvəlcə atamla anam qəm-qüssədən dünyalarını dəyişəcək, çünki mən müsəlmana ərə gedirəm. Sonra sənin atan sənə lənət oxuyub tələb edəcək ki, mən islamı qəbul edim. Mən də bunu edəndə
Dədə çar xristianlıqdan üz döndərdiyimə görə məni Sibirə sürgün edəcək və səni də, məni yoldan çıxartdığına görə.
— Onda da biz Şimal Buzlu okeanında buzun üstündə oturarıq və iri ağ ayılar bizi yeyər, — deyib güldüm. — Yox, Nino, o qədər də dəhşətli olmaz. Sənin islama dönməyinə lüzum yoxdur, ata-anan qəmdən ölməyəcəklər, toy gəzişini də Parisə və Berlinə gedərik ki, sən Bois de Boulogne1 və heyvanat baxçasına baxa biləsən. İndi nə deyirsən?
— Mənə qarşı çox yaxşısan, heyrət içində dilləndi, — yox» demirəm, amma «hə» deməyə də xeyli vaxt lazımdır. Səndən qaçmıram ki. Mən məktəbi bitirəndə valideyinlərimizlə danışarıq. Amma gərək məni qaçırmayasan. Bircə bunu etmə. Bilirəm, bunu necə edirsiniz: atın tərkinə, üzü dağlara, sonra da Kipiani nəsli ilə əməlli-başlı qan davası.
Birdən-birə onu buxovsuz bir şənlik çulğadı. Sanki bütün əzaları gülürdü: sifəti, əlləri, ayaqları, bütün bədəni. Ağacın gövdəsinə söykəndi, başını aşağı salıb altdan-yuxarı mənə baxdı. Mən onun qarşısında dayanmışdım. Ağacın kölgəsində o, meşədə gizlənib ovçu qorxusundan tir-tir əsən hürkək cüyürə bənzəyirdi.
— Gedək, — dedi və meşədən keçib böyük ocağın yanına qayıtdıq. Yolda yadına nəsə düşdü. Ayaq saxladı, gözlərini qıyıb aya baxdı. — Bəs uşaqlarımız, onlar hansı dinə ibadət edəcək? — Qayğılı- qayğılı soruşdu.
— Yəqin ki, ən yaxşı və xoşagəlimli dinə, — deyib cavabdan yayınmağa çalışdım.
İnamsız-inamsız mənə baxıb bir müddət susdu. Sonra nisgilli- nisginlli soruşdu:
— Sənin üçün ümumiyyətlə yaşlı deyiləmmi? Tezliklə onyeddi yaşım olacaq. Sənin gələcək həyat yoldaşın indi gərək oniki yaşında olsun. Onu sakitləşdirdim. Yox, həqiqətən yaşlı deyildi. Olsa- olsa çox ağıllı idi: zira heç kim bilmirdi ki, ağıllılıq həmişəmi üstünlükdür. Bəlkə Şərqdə hamımız çox erkən yetkinləşib qocalır və ağıllı oluruq.
Bəlkə də hamımız axmaq və sadəyik. Burasını bilmirdim. Ağaclar ağlımı çaşdırırdı, Nino məni çaşdırırdı, tonqalın uzaqdakı işığı məni azdırırdı, məni ən çox çaşdıran isə mən özüm idim, ola bilsin, Kaxet şərabından çox içmişdim və çöl qaçağı kimi sevginin səssiz bağçasında dinclik tapmışdım.
Nino isə hər halda çöl qaçağının qurbanı görkəmində deyildi. Mən arxayın-arxayın, qətiyyətlə və birbaşa qabağa baxırdım. Biz bulaq başına çatanda göz yaşlarının, gülüşün və kövrək həsrətin bütün izləri yox olmuşdu. Bizim yoxa çıxmağımıza irad tutan olmadı. Ocağın qırağına əyləşdim, birdən-birə dodaqlarımın od tutub yandığını hiss etdim. Stəkanı su ilə doldurub birnəfəsə başıma çəkdim. Stəkanı yerə qoyanda gözüm məni səmimi, diqqətlə, biraz da qibtə ilə dənətləyən Melik Naxararyanın baxışlarına sataşdı.
YEDDİNCİ FƏSİL
Balaca evin eyvanındakı divanın üstündə oturub məhəbbət haqqında xəyallara dalmışdım. Bu məhəbbət adi halından tam seçilirdi. Lap ilkindən seçilirdi. Mən Ninoya bulaq başında, bulaqdan su aparanda rast gəlməmişdim, onunla Nikolay küçəsində məktəbə gedərkən rastlaşmışdım. Buna görə də o, atamın, babamın, yaxud əmimin sevgisindən büsbütün fərqlənirdi. Şərqlinin məhəbbəti kənd yerlərində bulaq başında, həzin-həzin poqquldayan xırda çeşmə başında, ya da sudan nisbətən bol olan iri, nəğməli şəhər fəvvarələrinin qırağında başlayır. Hər axşam qızlar saxsı səhəngləri çiyinlərinə alıb bulaq başına gedirlər. Bulaqdan azca aralıda cavanlar dövrə vurub oturur, savaşdan, qarətdən danışır və yanlarından ötüb keçən qızlara məhəl qoymurlar. Qızlar səhənglərini asta-asta doldurub ağır-ağır geriyə dönürlər. Ağzınacan doldurulmuş səhəng ağır olur. Büdrəməmək üçün qızlar baş örtüklərini arxaya atıb gözlərini qəmzə ilə yerə dikirlər.
Qızlar hər axşam bulağa gedir. Hər axşam oğlanlar meydanın bir başında toplaşıb oturur və Şərqdə məhəbbət bu yolla başlayır.
Təsadüfən, tam təsadüfən qızlardan biri başını qaldırıb cavanlara bir baxış atır. Cavanlar bunu hiss etmirlər. Yalnız qız geri dönəndə oğlanlardan biri üzünü çevirib göylərə baxır. Bu vaxt bəzən onun baxışları qızın baxışı ilə toqquşur, hərdən də heç toqquşmur. Belə olduqda ertəsi gün həmin oğlanın yerində bir başqası oturur. İki insanın baxışları bulaq başında bir-biri ilə çox toqquşursa, hamı məhəbbət macərasının başlandığından xəbər tutur.
Qalan işlər özü-özlüyündə həll olunur. Vurulmuş oğlan şəhər kənarında seyrangaha çıxıb eşq nəğmələri oxuyur, qohumları başlıq pulunu sövdələşir və ağsaqqallar bu cavan cütün dünyaya nə qədər yeni döyüşçü gətirəcəyini haqq-hesaba salırlar. Hər şey çox sadədir, ailənin hər yeni üzvü əvvəlcədən müəyyənləşdirilib tənzimlənir.
Bəs məndə necədir? Mənim bulağım harda qalıb? Harda qalıb Ninonun camalını örtən duvaq? Qəribədir. Duvağın altındakı qadını görmürsən, amma yenə də hər şeyi bilirsən — vərdişlərini, düşündüklərini, diləklərini. Örtük gözləri, burnu və ağzı gizlədir. Amma qəlbi yox. Şərqli qadının qəlbini heç nə gizlədə bilməz.
Örtüksüz qadınlarda isə tamam başqa cürdür. Adam onun gözlərini, burnunu, ağzını, hətta bəzən bunlardan da artığını görür. Fəqət bu gözlərin arxasında nəyin gizləndiyini bilə bilmir, dəqiq bildiyini gü- man etsə də, heç vaxt bilmir.
Mən Ninonu sevirəm, o, ağlımı başımdan çıxarır. Yad kişilər küçədə boylanıb ona baxanda sevinir. Əsl şərq qadınının buna acığı tutardı. Məni öpür. Döşlərinə əl vurmağa və əndamını sığallamağa icazə verir. Hələ biz heç nişanlanmamışıq da. Sevgidən bəhs edən kitablar oxuyur, sonra da gözlərindən xəyal və həsrət yağır. Soruşanda ki nəyin həsrətini çəkir, heyrətlə başını bulayır, çünki bunu özü də düz-əməlli bilmir. Mən ondan başqa heç nəyin həsrətini çəkmirəm. Nino yanımda olanda heç həsrətin nə olduğunu da bilmirəm. Məncə Ninoda ona görə belə olur ki, o, tez-tez Rusiyaya gedir. Atası onu həmişə özü ilə Peterburqa aparır, rus qadınlarının da, bəllidir ki, hamısı çılğın olur. Onların gözlərindən hər zaman həsrət yağır, onlar öz ərlərinə tez-tez xəyanət edir, çox nadir hallarda da dünyaya ikidən artıq uşaq gətirirlər. Allah onları bu yolla cəzalan- dırır! Amma mən yenə də Ninonu sevirəm. Gözləri, səsi, gülüşü, danışıq və düşünmə tərzi. Onunla evlənəcəm və o, bütün gürcü qadınları kimi yaxşı övrət olacaq, lap belə şən-şux, yaxud xəyalpərvər olsalar da. İnşallah!
Sağ böyrümə çevrildim. Fikir məni yordu. Gözlərimi yumub gələcək barədə, daha doğrusu, Nino barədə xəyallara dalmaq xeyli xoş idi. Gələcək, bu, bizim kəbin kəsdirəcəyimiz gün olacaq; gələcək Ninonun mənə həyat yoldaşı olacağı gündən, toy günümüzdən başlayır.
Həyəcanlı bir gün olacaq. Həmin gün Ninonu görməyə ixtiyarım olmayacaq. Toy günü bəylə gəlin bir-birini görürsə, zifaf gecəsi çox dəhşətli keçir. Dostlarım yaraqlanıb at belində Ninonu gətirəcəklər. O, başdan-ayağa duvağa bürünəcək. Yalnız həmin gün şərq libasını geyməli olacaq. Molla suallar verəcək və dostlarım zalın dörd küncündə ayaq üstdə dayanıb «bağlanmaya» qarşı dualar pıçıldayacaq. Adət belə tələb edir, çünki hər bir insanın düşməni var ki, onlar da xəncərlərini yarıya qədər qından çıxarıb üzlərini qərbə tutur və pıçıldayırlar:
— Anisani, banisani, mamaverli, kaniani — bacarmasın, bacarmasın, bacarmasın.
Amma Allaha şükür ki, mənim də yaxşı dostlarım var və İlyas bəy qoruyucu duaların hamısını bilir.
Kəbin kəsiləndən dərhal sonra biz bir-birimizdən ayrılacağıq. Nino rəfiqələrinin, mən də dostlarımın yanına gedəcəm. Hər ikimiz gəncliklə vidanı ayrılıqda qeyd edəcəyik. Bəs sonra? Sonra nə olacaq?
Bir anlığa gözlərimi açıram, taxta eyvan və bağdakı ağacları görüb bir də yumuram, sonradan nələrin olacağını aydın görmək üçün. Toy günü çox önəmlidir, ümumiyyətlə həyatda yeganə önəmli gündür, amma həm də ağır gündür.
Toy gecəsi gəlin odasına girmək asan iş deyil. Uzun dəhliz boyu hər qapının ağzında bürüncəkli fiqurlar dayanır ki, onların ovcuna da xırda pul basandan sonra sənə yol verirlər. Gəlin odasında xətirlərini istədiyin dostların xoruz, pişik, yaxud gözləmədiyin nəsə ayrı bir şey gizlədirlər. Gərək hər tərəfli gözdən keçirəm. Çünki hərdən yaşlı qadınlardan biri yataqda şaqqanaq çəkir, pul almamış toy yatağını tərk etmir.
Axır ki, otaqda tək qalıram. Qapı açılır və Nino içəri girir. Toyun ən ağır bölümü indi başlayır. Nino gülümsəyib umuddolu gözləri illə mənə baxır. Bədən saffian dəridən korsetlə sıxılmışdır. Karset ön tərəfdən bir-birinə düyülmüş qaytanlarla bərkidilib. Düyünlər çox dolaşıqdır, yeganə məna da elə burasındadır. Həmin düyünləri mən özüm açmalıyam. Bu işdə Nino mənə kömək edə bilməz. Ya da bəlkə etdi? Düyünlər doğrudan da dolaşıqdır, amma onları sadəcə olaraq bıçaqla doğramaq əsl biabırçılıqdır. Kişi gərək dözüm göstərsin, çünki ertəsi gün tezdən dostlar gəlib açılmış düyünlərə baxmaq istəyirlər. Vay onları göstərə bilməyənin halına. Bütün şəhər bu bədbəxti məsxərəyə qoyar.
Zifaf gecəsi ev qarışqa yuvasına bənzəyir. Dostlar, dostların qohumları və dostların qohumlarının dostları dəhlizlərdə, damda, hətta küçədə dövrə vurub dayanırlar. Gözləyirlər, zifaf uzun çəkəndə narahat olurlar. Çoxdan həsrəti çəkilən tapança səsiləri gurultu salana qədər qapını döyəcləyir, miyovuldayıb hürürlər. Dostlar həmin an cuşa gəlib havaya atəş açırlar, bayıra qaçıb fəxri qarovul düzəldirlər ki, bu qarovul da Ninonu və məni, onlar haçan istəsə o vaxt evdən çölə buraxır.
Bəli, gözəl toy olacaq. Ən yaxşı adətlərlə, ataların öyrətdiyi kimi.
Deyəsən, divanda yuxuya getmişəm, çünki gözümü açanda qoçum döşəmədə oturub uzun xəncərlə dırnaqlarını təmizləyirdi. Gəlişini hiss etməmişdim.
— Yenə nə xəbər var, qardaşım? — Tənbəl-tənbəl, əsnəyə- əsnəyə soruşdum.
— Elə bir şey yoxdur, ağam, — o, darıxdırıcı tonda cavab verdi,
— qonşumuzdakı arvadlar dalaşıblar, iki eşşək hürküb çaya düşüb, hələ də orda uzanıb qalıblar. — Qoçu bir xeyli susdu, xəncəri qınına qoyub biraz etinasızlıqla davam etdi. — Çar bir çox Avropa padşahlarına müharibə elan edib.
— Nəəə? Nə müharibədir?
Ayağa sıçrayıb şaşqın halda üzünə baxdım.
— Adi müharibədən biri.
— Nə sayıqlayırsan? Kimə axı?
— Çeşidli avropalı padşahlara. Adlarını yadımda saxlaya bilmədim. O qədər idilər ki. Ancaq Mustafa qeyd edib.
— Bu saat çağır gəlsin !
Qoçu bu dəyərsiz marağa başını bulayıb qapının arxasında gözdən itdi və tezliklə çöl ağasının müşayiətində geri qayıtdi.
Mustafa öz ağıllılığının duyğusunda gülümsəyib elmindən şəfəq saçırdı. Təbii ki, çar müharibə elan edibmiş. Bütün şəhər bundan xəbərdarmış. Təkcə mən balkonda yatmışammış. Çarın müharibəni niyə elan etdiyini hər halda dəqiq bilən yoxmuş. O, buna öz müdrikliyindən qərar veribmiş.
— Bəs çar müharibəni kimə elan edib? — Hirslə qışqırdım. Mustafa əlini cibinə salıb bir parça əzik-üzük kağız çıxartdı. İçini arıtlayıb vüqarla, amma yorğun-yorğun oxudu.
— Almaniyanın və Avstriyanın kayzerlərinə, Bavariyanın, Prussiyanın, Zaksenin, Vürttemberqin, Macarıstanın, padşahlarına və saysız-hesabsız digər knyazlıqlara.
— Sənə dediyim kimi, ağam, adam bunu başında saxlaya bilməz! — Qoçu sadədilliklə dedi.
Bu arada Mustafa kağızını qatlayıb dilləndi:
— Bunun əksinə olaraq Padşah Əlahəzrətləri, Uca Osman Səltənətinin xəlifəsi Mehmet Rəşid, eləcə də Şah Əlahəzrətləri İranın şahənşahı Sultan Əhməd Şah bəyan ediblər ki, onlar bu müharibədə hələlik iştirak etmək istəmirlər. Deməli, bu müharibə kafirlərin öz aralarında apardıqları savaşdır və onun bizə dəxli yoxdur. Məhəmməd Əli məscidinin mollası deyir ki, almanlar qalib gələcək…
Mustafa sözünü axıra çatdıra bilmədi. Şəhər tərəfdən qəflətən səsilə hər şeyi batıran 17 kilsə zənginin danqıltısı işə düşdü. Bayıra qaçdım. Qaynar avqust səması, tərpənmədən və hədə ilə, şəhərin başı üstündə qübbələnmişdi. Uzaqdakı yaşıl dağlar hərəkətsiz şahidlər kimi bu yana boylanırdı. Kilsələrin zəngləri onların boz qayalarına çırpılıb yox olurdu. Küçələr adamla dolu idi. Həyəcanlı, pörtmüş sifətlər allah evlərinin günbəzlərinə boylanırdı. Havada toz burulğanı vardı. İnsanların səsi boğuqlaşmışdı. Kilsələrin barıları əbədiyyətin gözləriylə bol-bol və şaşqın-şaşqın döyükürdülər. Bu kilsələrin qalaları susqun hədənin başı üstündən ucalırdı. Zənglərin səsi kəsildi. Yellənən əlvan libaslı yoğun bir molla qonşu məscidin minarəsinə qalxdı. O, əllərini qıf şəklində ağzına tutub məğrur-məğrur, fəqanla qışqırdı:
— Namaza qalxın, namaza qalxın. Namaz yuxudan ötədir.
Mən tövləyə qaçdım, qoçu atı yəhərlədi. Atın belinə qalxıb şəhərə çapdım, atın qulaqları camaatın vahiməli baxışından sevincli həyəcandan qayğısız-qayğısız şəklənmişdi. Çapıb şəhərdən çıxdım. Qaya silsiləsinin enli qırağı gözlərim önündə baş alıb gedirdi. Qarabağ kübarlarının evlərinin yanından çapıb keçdim və sadə kəndlisayağı kübarlar mənə əl etdilər.
— Döyüşə tələsirsən, Əli xan?
Aşağı, dərəyə baxdım. Yastıdamlı balaca ev bağın tən ortasında dayanmışdı. Evi görən kimi süvariliyin bütün qanunlarını unutdum. Çılğın çapışda sərt təpəni üzüaşağı sürdüm. Ev getdikcə böyüyürdü və dağlar, səma, şəhər, çar və bütün dünya onun arxasında yox olurdu! Bağa buruldum. Donuqsifət nökər çölə çıxdı. Meyit gözləriylə mənə baxdı.
— Knyazın ailəsi üç saatdır evdən çıxalı. Əlim istər- istəməz xəncərin sapına yönəldi. Nökər qırağa çəkildi.
— Prinses Nino Zati-Nurları Əli xan Şirvanşir üçün bir məktub qoyub.
Əlini döş cibinə atdı. Atdan enib eyvanın pilləkəni üstündə oturdum. Zərf yumşaq, ağ və ətirli idi. Dözməyib ağzını açdım. İri uşaqsal hərflərlə yazırdı: «Əzizim Əli xan! Qəfil müharibə başlayıb və biz Bakıya dönməliyik. Sənə xəbər çatdırmağa vaxt olmadı. Hirslənmə. Göz yaşı tökürəm və səni sevirəm. Yay tez sona çatdı. Təcili arxamca gəl. Səni gözləyirəm və səndən ötrü darıxmışam. Yolda yalnız sənin haqqında düşünəcəm. Atam deyir ki, müharibə tezliklə qələbə ilə bitəcək. Bu qat-qarışıqlıqda tamam başımı itirmişəm. Lütfən Şuşaya gedib mənə bir xalça al. Özüm çatdıra bilmədim. Çeşnisində rəngbərəng at başları olsun. Öpürəm səni. Bakıda dəhşətli istilər olacaq. Sənin Ninon».
Məktubu qatladım. Əslində hər şey qaydasında idi. Bircə şey qaydasında deyildi ki, mən Əli xan Şirvanşir gözlənildiyitək şəhərin başçısının yanına gedib onu müharibə münasibətilə təbrik etmək, yaxud ən azı Şuşa məscidlərinin birində çar ordularına Allahın xeyir- duasını diləmək əvəzinə səfeh bir uşaq kimi tələm-tələsik yəhərə sıçrayıb atı dərəyə sürmüşdüm. Eyvanın pilləkəni üstündə oturub key-key qabağa baxırdım. Axmaq idim. Nino ədəb-ərkanla ata- anasına qoşulub evə dönməkdən və ləngimədən onun arxasınca getməyimi məndən tələb etməkdən başqa daha nə edə biləcəkdi ki?! Əlbəttə, ölkədə müharibə başlayanda sevgili qız gərək sevdiyi oğlanın yanına getsin, daha ətir iyi verən məktub yazmasın. Amma müharibə bizim ölkədə getmirdi, mənə və Ninoya az dəxli olan Rusiyada gedirdi. Amma bununla belə — içimə sınırsız bir hirs dolmuşdu. Evə getməyə bu cür tələsən qoca Kipianiyə, müharibəyə, özlərini necə aparmağı qızlara öyrətməyən Müqəddəs Tamar liseyinə və öncə də sadəcə olaraq çıxıb getmiş Ninoya, halbuki mən borc və ləyaqətimi unudaraq, o qədər tələsik olmasa da, onun yanına qaça bildim. Məktubunu təkrar-təkrar gözdən keçirdim. Birdən xəncərimi çıxarıb əlimi yuxarı qaldırdım, qısa bir parıltı və xəncərin tiyəsi hıçqırtılı bir səslə qarşımdakı ağacın gövdəsinə sancıldı.
Nökər yaxına gəlib xəncəri ağacın gövdəsindən çıxartdı, ona sərraf gözü ilə baxıb mənə qaytardı.
— Əsil Kubaçi poladı və yaman güclü əliniz var, — biraz hürkək-hürkək dilləndi.
Atın belinə qalxdım. Ağır-ağır evə doğru sürdüm. Uzaqda şəhərin qübbələri ucalırdı. Hirsim artıq soyumuşdu. Acığım ağacın gövdəsində ilişib qalmışdı. Nino düz hərəkət etmişdi. Yaxşı övllad idi və yaxşı da baş yoldaşı olacaq. Xəcalət çəkdim və başımı aşağı salıb yoluma davam etdim. Küçə tozlu idi. Günəş qırmızımtıl rəngə boyanmışdı və qərbdə qüruba enirdi.
At kişnərtisi məni xəyaldan ayırdı. Başımı qaldırıb qabağa baxdım. Bir anlığa Ninonu və bütün dünyanı unutdum. İncə xırda başlı, vüqarlı baxışlı, şümşad sağrılı, balet rəqqasəsinin qıçına bənzər qıçları olan bir at qarşımda dayanmışdı. Günün çəpəki saçaqları altında tükü al-qızılı parıldayırdı. Yəhərdə sallaq bığlı, əyriburun bir kişi oturmuşdu! Qonşuluqdakı mülkədar knyaz Melikov. Atımın başını çəkib saxladım və heyran-heyran o biri ata baxdım. Mən Şuşaya gələndə müqəddəs Sarı bəyin məşhur at cinsindən insanlar mənə nələri danışmamışdı?! «O, al-qızılı rəngdədir və bütün Qarabağda ondan vur-tut on iki dənədir. Onlar sultanın hərəmxanasındakı zövcələri kimi qorunur». Həmin al-qızılı möcüzə indi qarşımda dayanmışdı.
— Yolunuz haradır, knyaz?
— Müharibəyə, oğul.
— Nə gözəl atdır, knyaz!
— Elədir, səni heyrətə gətirib! Çox az adamların əsl al- qırmızı…
Knyazın gözü həlimləşdi.
Ürəyinin çəkisi düz altı girvənkədir. Atın gövdəsinə su tökəndə o, qızıl üzük kimi bərq vurur. Bugün onu tövlədən çıxaranda və güıəş şüaları onun gözünə düşəndə həmin gözlər yenicə poqquldayan bulaq kimi qaynayırdı. Odu kəşf edən adamın gözləri bu cür qaynar olmalıdır. Sarı bəyin atının soyundandır. İndiyə qədər onu heç kimə göstərməmişdim. Yalnız çar müharibəyə çağıranda knyaz Melikov al-qırmızı möcüzənin belinə qalxır.
O, qürurla xudahafizləşib yoluna davam etdi. Qılıncı astadan cingildədi. Doğrudan da ölkədə müharibə başlamışdı.
Evə çatanda hava qaralmışdı. Şəhər çılğın savaş ehtirasında sərməst idi. Yerli kübarlar sərxoş halda səs-küy sala-sala küçədə vurnuxur və havaya atəş saçırdılar.
— Qan töküləcək, — qışqırırdılar.
— Qan töküləcək. Ey Qarabağ, sənin adın yüksələcək. Evdə məni bir teleqram gözləyirdi: «Təcili evə dön.
Atan».
— Yığış, — dedim, sabah yola düşürük.
Küçəyə çıxıb həyəcana tamaşa etdim. Məni nəsə narahat edirdi, amma bilmirdim, nə. Başımı qaldırıb ulduzlara baxdım və gərginliklə düşündüm.
SONU VAR