MİR CƏFƏR BAĞIROV kim olub — araşdırma (davamı)

Tarix

Beydemir.ru saytı tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun “MİR CƏFƏR BAĞIROV – SİYASİ PORTRET” adlı əsərini hissə-hissə yerləşdirməyi qərara alıb. Növbəti hissə.

 

…Siyasi partiyalar və ictimai hərəkatlar Dövlət Arxivində tədqiqat zamanı tanış olduğum sənədlərdə M.C.Bağırovun milli ziyalılarımızı Azərbaycandakı Kreml emissarlarının caynağından xilas etmək cəhdlərinin şahidi oldum. O, Stalinin apardığı qəddar siyasi kampaniyada Azərbaycanın görkəmli sənətkarlarını, şəxsiyyətlərini mümkün qədər qorumağa çalışırdı.

Onun bu fəaliyyətinə dair bir neçə nümunəni veririk. Məsələn, M.C.Bağırovun tapşırığı ilə Əliağa Şıxlinski haqqında hazırlanmış arayışa nəzər yetirək. Həmin arayışda (F.1. Siy.176, İş.30) Əliağa Şıxlinskinin Zaqafqaziya müftisi M.Q.Qayıbovun köməyi ilə Tiflis hərbi gimnaziya məktəbində təhsil aldığı göstərilir.

Sonradan Tiflis kadet korpusu adlanan bu gimnaziyanı yüksək qiymətlərlə başa vurur. Sankt-Peterburqda Mixaylov adına hərbi artilleriya məktəbinə daxil olan Ə.Şıxlinski 1881-cı ildə buranı bitirir. Bu dövrdən onun əvvəlcə Qafqazda, sonra isə Uzaq Şərqdə peşəkar hərbçi kimi fəaliyyəti başlayır. Onun rus-yapon müharibəsində Port-Arturun müdafiəsində rolu yüksək qiymətləndirilir və o, IV Georgi ordeninə layiq görülür. 1916-ci ildə Petroqradın artilleriya müdafiəsinin rəhbəri təyin edilən Ə.Şıxlinski1917-ci ilin sentyabrında 10-cu ordunun komandiri vəzifəsinə yüksəlir. Birinci dünya müharibəsindəki xidmətlərinə görə, Ə.Şixlitnski I dərəcəli Stanislav ordeni, I dərəcəli Anna ordeni və xəncəri ilə, II dərəcəli Vladimir ordeni və xəncərlə təltif olunur, general-leytenant rütbəsinə layiq görülür. Heç də təsadüfi deyil ki, Azərbaycan Demokratik Respublikası zamanı milli ordunun generalını repressiyalardan xilas etmək üçün “Правда” qəzetinin 1939-cu il 26 aprel 117/7802-ci sayında rus artilleriyasının 550 illiyi ilə bağlı Ə.Şıxlinski haqqında böyük məqalə dərc olunur. Bu məqalədə onun zəngin hərbi təcrübəsindən və beynəlxalq miqyasda tanınan şəxsiyyət olmasından danışılır.

1943-cü il avqustun 18-də Əliağa Şıxlinski vəfat edib. Sonradan, 1946-cı ildə M.C.Bağırovun tapşırığı ilə Heydər Hüseynov “Ə.Şıxlinski haqqında xatirələr” kitabını nəşr etdirir.

Bəy qızı Əminə xanım “525-ci qəzet”in 1997-ci il 29 oktyabr tarixli sayında çap olunan müsahibəsində suallara cavab verir: – Əminə xanım, necə oldu ki, 37-ci ildə sənət adamlarına qarşı olan təzyiqlər sizdən yan keçdi? Deyilənə görə, Mir Cəfər Bağırov sizin sənətinizə pərəstiş edirmiş.

– Bəy nəslindən olduğuma görə mənə və sənətimə hər vəchlə mane olmağa çalışırdılar. Məni komsomola keçirmədilər.

Başa düşdüm ki, məni komsomola qəbul etməyiblərsə, partiyaya da keçirməyəcəklər (bəhanələri də o olurdu ki, bəy nəslindənəm, guya, bacım İrana ərə gedib, casusdur və s.). Bütün bunlarsız isə mənim sənətdə uğurlarım əbəs olacaqdı. Bir sözlə, məni yox etmək istəyirdilər. O vaxtlar bizim rəqs qrupu fəaliyyət göstərirdi. Mir Cəfər Bağırov bizə xüsusi diqqət yetirirdi.

Gəlirdi, çıxışlarımıza tamaşa edirdi. Bütün bu təzyiqləri görüb qərara gəldim ki, Mir Cəfər Bağırova belə bir məktub yazım: “Mən Sizə ata kimi müraciət edirəm. Bəy nəslindən olduğumu bəhanə gətirib məni komsomola qəbul etmirlər. Belə getsə, sənətimi atmağa məcbur olacam. Komsomola, partiyaya qəbul olunmayacağamsa, incəsənətdə qalmağımın nə faydası? Mən gəncəm, gərək taleyimi indidən həll edəm. Ümidim bircə Sizsiz. Əgər məsləhət görsəniz, mən heç kimə maneçilik olmasın deyə, sənətimi ataram”.

Üç gündən sonra Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəinin katibi Mir Cəfər Bağırov Əminə Dilbaziyə rəsmi məktub göndərmişdi: “Siz bu sənətdən uzaqlaşmamalısınız, heç nədən ehtiyat etməyin”.

Tədqiqatçı-jurnalist Teyyub Qurban 2001-ci il noyabrın 28- də “Həftə” qəzetində çap olunan məqaləsində qeyd edir: “Mir Cəfər Bağırovla Xan Şuşinskinin qiyabi tanışlığı 1923-cü ilə təsadüf edir. O zaman Şuşadan Bakıya gəlmiş iyirmi iki yaşlı xanəndənin “Zabitlər evi”ndə təşkil olunmuş konsertinə gələnlərin arasında iyirmi yeddi yaşlı Mir Cəfər Bağırov da vardı.

Xan Şuşinski Bakıda, Dövlət Filarmoniyasında uğurlu çıxışlarından sonra Ağdama qayıtdı.

Otuzuncu illərdə Moskvanın ermənipərəst rəhbərləri Azərbaycanın inzibati orqanlarında öz adamlarını yerləşdirəndən sonra milli-mədəni sərvətlərimizədə qəsd etmək istəyirdilər.

“Proletarın” sevmədiyi tar, muğamat, qədim xalq mahnıları Mir Cəfər Bağırov üçün anası Yaxşı xanımın laylası kimi şirin və əvəzolunmaz idi. 1938-ci ildə, çoxlarının “bəy” və “xan” sözlərini dillərinə gətirməkdən belə çəkindikləri bir vaxtda Azərbaycan rəhbəri əsl adı İsfəndiyar olan Xan üçün Bakının mərkəzində mənzil ayrılmasına göstəriş verir.

Xan Şuşinskiyə 1943-cü ildə Azərbaycanın Xalq artisti fəxri adı verilir. O, 1944-cü ildə M.C.Bağırovun xeyir-duası ilə Cənubi Azərbaycana gedir, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və başqa şəhərlərdə “Qarabağ” şikəstəsinin sədalarını ürəklərə hopdurur”.

Xalq yazıçımız Manaf Süleymanov 1996-cı ildə Xəzər Universitetinin nəşriyyatı tərəfindən buraxılmış “Son bahara çatdıq…” kitabında yazır: “M.C.Bağırov məlumat alır ki, Azərbaycanın görkəmli yazıçısı, dramaturqu Cəfər Cabbarlı və bir neçə görkəmli ziyalımız həbs olunmuşdur. 1923-cü ildə Mircəfər Bağırov bu hadisədən xəbər tutan kimi şəxsən həbsxanaya gedib Cəfər Cabbarlını, Əziz Şərifi və digərlərini azad etdirir”.

Mir Cəfər Bağırov Əliağa Vahidə də qayğı ilə yanaşıb. O, qələm dostu kimi M.S.Ordubadi ilə birlikdə Mircəfər Bağırov tərəfindən yeni mənzillə mükafatlandırılır. Üstəlik, Mircəfər Bağırovun göstərişi ilə ona və M.S.Ordubadiyə 10 000 manat pul mükafatı da verilir. 1949-cu ildə Mir Cəfər Bağırovun göstərişi ilə Əliağa Vahid Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunur.

Atası Rəsul Rzadan bəhs edən “Dünya bir pəncərədir” kitabında Anar yazır: “Müxtəlif dövrlərdə – 30-cu illərdə, 50-ci illərin ikinci yarısında, 60-cı illərin əvvəllərində, atama qarşı güclü tənqid kampaniyaları təşkil olunurdu… Atamın xəstəliyinin ən ağır günlərində isə Ensiklopediyada müşavirə keçirirdilər və vicdan çəkisini özünə artıq yük bilən birisi atamın kölgəsini qılınclayırdı. Deyirmiş ki, ali təhsil diplomu olmayan bir adam (atamın, doğrudan da, ali təhsil diplomu yox idi və bu barədə özü dəfələrlə demiş, yazmışdı) Ensiklopediyaya necə rəhbərlik edə bilər?” Rəsul Rza 1938-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifələrində çalışmışdır.

O, 1946-cı ildən 1950-ci ilədək Mir Cəfər Bağırovun yanında keçirilən müşavirələrə Azərbaycan SSR kinematoqrafiya naziri kimi dəvət olunurdu. 1945-ci ildə Əməkdar incəsənət xadimi olan Rəsul Rza 1951-ci ildə Dövlət mükafatına layiq görülmüşdür.

Manaf Süleymanov “Son bahara çatdıq…” kitabında Mir Cəfər Bağırovla Üzeyir Hacıbəyov arasındakı münasibət barədə yazır: “Mir Cəfər Bağırov Üzeyir bəyin sənətinə və şəxsiyyətinə böyük ehtiramla yanaşırdı. 60 illiyi münasibətilə Üzeyir Hacıbəyov təltif edildi, təntənəli yubileyi keçirildi. “Arşın mal alan” operettası əsasında film çəkildi.

Akademik İmam Mustafayev öz xatirələrində bu barədə belə yazır: “1945-ci ilin sentyabrında bir dəstə məsul işçi Bağırovun yanında, Zuğulbadakı dövlət bağında idik. Saat 4-5 olardı. Birdən Bağırov dedi ki, bu gün Üzeyir bəyin anadan olan günüdür, özü də xəstədir, bağındadır. Gedək, onu təbrik eləyək. Tez yaxşı bir gül dəstəsi düzəltdik. Bağdakı cürbəcür meyvələrdən bir səbətə doldurduq, iki maşında Mərdəkana yola düşdük. Darvazanın qabağında maşını saxladıb həyətə girdik. Üzeyir bəyin həyat yoldaşı Məleykə xanım eyvanda idi. Bizi görəndə ərini səslədi: “Üzeyir, qonaqlar gəlib”. Üzeyir bəy həyətə çıxdı, əynində xalat vardı. Kişini görəndə istədi geri qayıdıb paltarını dəyişsin. Bağırov qoymadı, cəld yaxınlaşdı, Üzeyiri qucaqlayıb əlini sıxdı.

Dedi ki, səni ad günün münasibəti ilə təbrik etməyə gəlmişik.

…Bir qədər söhbət etdik, adama bir stəkan çay içib, sağollaşdıq”.

Sonralar Üzeyir bəy Hacıbəyov Mir Cəfər Bağırova yazdığı məktubunda Mərdəkan görüşünü yada salırdı. Məktubda deyilirdi: “Əziz, çox möhtərəm Mir Cəfər! Sizinlə Mərdəkandakı son dərəcə həyəcanlı görüşümüzün unudulmaz təəssüratı altında mənə daimi, ürəkdən gələn diqqətiniz üçün Sizə hədsiz təşəkkürümü ifadə etməyə söz tapmıram. Moskva ətrafında və burada müalicə zamanı Sizin mənə göstərdiyiniz səmimi qayğını hiss edirdim.

…Sizə sadiq olan Üzeyir Hacıbəyov”.

Sözsüz ki, M.C.Bağırov Üzeyir Hacıbəyovun ad gününü qeyd etməklə, onu Stalinə tanıdır, rəhbərlə səmimi əlaqələr qurmasına şərait yaradırdı. Sanki bununla M.C.Bağırov keçmişi Müsavatla və müstəqil Azərbaycanla bağlı olan insanların Sovet quruluşuna düşmən kəsilmədiyini Stalinə sübut etmək istəyirdi.

1934-cü ildə Üzeyir bəy Hacıbəyov Azərbaycan Konservatoriyasının Azərbaycan Musiqisi kafedrasının müdiri vəzifəsində çalışırdı. “Koroğlu” operası üzərində işləyirdi. Həmin ildən başlayaraq, ta 1948-ci ilədək Mir Cəfər Bağırovun iştirakı ilə keçirilmiş büro iclaslarında, respublikada keçirilən mühüm tədbirlərlə bağlı elə bir komissiya yoxdur ki, tərkibində Üzeyir bəy Hacıbəyovun adı olmasın. 1936-cı ildə Üzeyir Hacıbəyova “Əməkdar incəsənət xadimi” fəxri adı verilir. 1937-ci ildə Ü.Hacıbəyov Mir Cəfər Bağırovun yanında keçirilən müşavirədə Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi iştirak edirdi.

1937-ci ilin sentyabrında böyük bəstəkara “Azərbaycanın Xalq artisti” fəxri adı verildi. Həmin ilin noyabrında Ü.Hacıbəyov SSRİ Ali Sovetinə deputatlığa namizəd göstərilir və dekabrda deputat seçilir.

1937-ci ilin Azəbaycan mətbuatnın baş qəhrəmanı Üzeyir bəy Hacıbəyov və onun “Koroğlu”su idi. “Kommunist” qəzetinin 1937-ci il 12 fevral tarixli sayında Üzeyir Hacıbəyov yazırdı: “Bu yaxınlarda “Koroğlu” operasına baxış mənə çox fayda verdi. Azərbaycan musiqi xadimləri, xüsusilə Azərbaycan bolşeviklərinin rəhbəri M.C.Bağırov yoldaş və Azərbaycan hökumətinin başçısı Hüseyn Rəhmanov yoldaş mənə çox qiymətli və konkret göstərişlər verdilər”.

“Koroğlu” operasına baxış zamanı Mir Cəfər Bağırovun bəstəkara tövsiyələrindən biri gələcəkdə də simfonik əsərlər yazanda tar və kamançanı orkestrə daxil etməsi barədə idi.

İndi bəziləri durub deyir ki, “Üzeyir Hacıbəyovu Bağırov həbsə almaq istəyirdi”. Bu fikirlər tamamilə əsassızdır. Azərbaycan Xalq Cümhüriyyətinin himnini yazan, doğma qardaşı Fransada yaşayan bəstəkarı qoruyub-saxlamaq Mir Cəfər Bağırova müyəssər olur. Birbaşa M.C.Bağırovun təşəbbüsü ilə “Üzeyir Hacıbəyovun anadan olmasının 60 və yaradıcılıq fəaliyyətinin 40 illiyinə hazırlıq görülməsi, onun keçirilməsi ilə əlaqədar tədbirlər barədə” Xalq Komissarları Soveti və Azərbaycan K(b)P MK qərar verir…

…Bütün bunlar M.C.Bağırovun özünü həbs olunmaq təhlükəsi ilə üzləşdirir. Bu təhlükə, xüsusilə, 1938-ci ilin əvvəllərində yaranır. Azərbaycandan SSRİ Xalq Daxili İşlər Komissarlığına və ÜİK(b)P MK-ya göndərilən donoslarda M.C.Bağırovun Azərbaycan Xalq Daxili İşlər Komissarlığına bir çox insanın həbslərdən azad edilməsi barədə müraciətləri göstərilirdi. 1938- ci ilin yanvarında N.İ.Yejovun tapşırığı ilə Bakıya SSRİ Daxili İşlər Komissarlığından böyük bir komissiya gəlir. Komissiyanın əsas məqsədi respublika rəhbərliyinin əksinqilabla mübarizəsinin zəif təşkil edilməsi və M.C.Bağırovun əksinqilabçılara qayğı ilə yanaşması faktlarını üzə çıxarmaq idi. Məhz bu dövrdə Azərbaycan Xalq Daxili İşlər Komissarı Y.D.Sumbatov-Topuridze vəzifəsindən kənarlaşdırılır, onun yerinə Rayev təyin olunur. Moskvadan gələn komissiya M.C.Bağırovun həbsini əsaslandırmaq üçün müəyyən işlər görür və bu yoxlamanın nəticəsi kimi, onun millətçi-təmayülçü olması barədə Moskvaya məlumatlar ötürülür. Həmin məlumatlarda onun “Hümmət” təşkilatı ilə əlaqələri xüsusi vurğulanırdı. Lakin, 1938-ci ilin yazında L.P.Beriya SSRİ Xalq Daxili İşlər Komissarının müavini təyin olunandan sonra hadisələrin məcrası dəyişir. Beriyanın yeni vəzifədə ilk addımlarından biri Y.D.Sumbatov-Topuridzeni Moskvaya yanına gətirərək işlə təmin etməsi olur. Y.D.Sumbatov-Topuridze SSRİ Xalq Daxili İşlər Komissarlığının təsərrüfat şöbəsinin müdiri təyin edilir. L.P.Beriya Stalinə N.İ.Yejovun tapşırığı ilə Bakıya göndərilmiş komissiyanın yoxlamanı düzgün aparmadığı barədə məlumat verir.

A.A.Ovsiyenko “Beriya” kitabında qeyd edir ki, Beriya Daxili İşlər Komissarlığının istintaq materialları ilə tanış olarkən “Ay-ay-ay, bunlar nə ediblər” — deyərək, 37-ci il özbaşınalıqları barədə Stalinə məlumat verir. Təsadüfi deyil ki, ÜİK(b)P MKnın 1938-ci il 17 noyabr tarixli qərarında deyilirdi: “1937-38-ci illərdə Xalq Daxili İşlər Komissarlığının (NKVD) apardığı istintaqlar ciddi qüsurlarla yanaşı, məhbuslarla qeyri-insani davranışları ilə daxili işlər və prokurorluq orqanlarına ləkə gətirmişdir”.

Xalq Daxili İşlər Komissarlığının işçiləri agentura-informasiya mənbələrinə istinad etməmiş, istintaq zamanı ittiham olunan şəxslər günahlarını boyunlarına aldıqdan sonra, müstəntiqlər həmin müqəssirin ifadələrini təsdiq edən sənədləri üzə çıxarmayıb. Onlar ittiham olunan şəxslərin ifadələrini protokollara yazdırana qədər istintaqı qeydlərlə aparmışlar. İttiham olunan şəxs günahını tam boynuna alandan sonra qeyri-qanuni protokollar “tərtib edilmişdir”.

ÜİK(b)P MK-nın bu qərarının formalaşmasında, sözsüz ki, L.Beriyanın xidmətləri misilsizdir. Bu qərardan sonra NKVDyə (Xalq Daxili İşlər Komissarlığına) və prokurorluğa kütləvi həbs əməliyyatları və sürgünlər həyata keçirmək qadağan olundu. Bundan sonra hər-hansı həbsi yalnız prokurorun sanksiyası və məhkəmənin qərarı ilə həyata keçirmək olardı. Həmçinin qərara görə, məhkəmə “Üçlük”ləri ləğv olunurdu. Şübhəli şəxslərin işi məhkəmə orqanlarına və ya Xalq Daxili İşlər Komissarlığının xüsusi yığıncaqlarına verilirdi. Bu yığıncaqlarda isə vəkil və dövlət ittihamçısının iştirakı vacib sayılırdı. Şübhəsiz, istər Beriya, istərsə də M.C.Bağırov Zaqafqaziyada onların iradəsindən asılı olmayan ədalətsiz həbslərin səbəbkarı kimi, N.İ.

Yejovun nə vaxtsa məsuliyyət daşıyacağını bilirdilər. 1938-ci il noyabrın 24-də Siyasi Büro Yejovu SSRİ Xalq Daxili İşlər Komissarı vəzifəsindən azad edir. Bu vəzifəyə L.R.Beriya seçilir. Çox keçmir ki, 1939-cu ilin aprel ayında Beriyanın tapşırığı ilə Sumbatov-Topuridzenin rəhbərliyi altında əməliyyat qrupu (baxmayaraq ki, Sumbatov o dövrdə XDİK-nin təsərrüfat şöbəsinin müdiri idi – A.M.) N.İ.Yejovu həbs edir. N.İ.Yejovun cinayət əməlləri sübuta yetirilir və o, 4 fevral 1940-cı ildə güllələnmə cəzasına məhkum edilir.

M.C.Bağırovun 1941-1945-ci illərdə Zaqafqaziya Cəbhəsi üzrə Müdafiə Şurasının üzvü kimi FƏALİYYƏTİ O dövrdə partiya-təsərrüfat orqanlarında fəaliyyət göstərən insanlar rayon partiya komitəsinin iclaslarında həmişə ehtiyat edirdilər ki, birdən yığıncaqda Bağırov peyda olar. M.C.Bağırov iclas zamanı birinə diqqətlə baxanda, həmin şəxs artıq taleyinin dəyişəcəyini hiss edirdi. Elə məqamlarda həmin şəxs həyəcandan hətta infarkt ola, salonu xərəkdə tərk edə bilərdi. Bağırov özünün qohum-əqrəbasına qarşı da amansız olmuşdur. Bir gün Bağırova xəbər verirlər ki, Quba rayonunda komsomolun katibi işləyən bacısı oğluna qonaq getdiyi evdə xalça hədiyyə ediblər.

Bağırov bacısı oğlunu yanına çağırır, belə bir hadisənin olduğunu dəqiqləşdirir, sonra ona bir şillə vurur və tapşırır ki, xalçanı aparıb yiyəsinə qaytarsın. Yaxud digər bir misal: Bağırov özünün dalaşqan oğlu Volodya (Cahangir) ilə sərt davranır, tərbiyəsi ilə ciddi məşğul olurdu. Müharibə başlayanda hamı kimi M.C.Bağırov da oğlunu müharibəyə yollayır. Böyük Vətən Müharibəsi illərində Azərbaycanın hər guşəsində insanlar korluq çəkirdi. Bu zaman İsmayıllı rayonunun Basqal kəndində orta məktəb müəllimi işləyən Zəminə Məmmədova Mir Cəfər Bağırova məktub yazır. O, məktubunda şagirdləri birə basdığını bildirir. Həmin məktubdan bir neçə gün sonra Məmmədova Zəminə məktəbin həyətində qara avtomobilin dayandığını və bir neçə hərbçini görür. Müəllimlər otağına daxil olanda əynində hərbi şinel olan M.Bağırovu görür. O, Zəminə müəlliməyə yaxınlaşıb soruşur: — Məktubu siz yazmısınız? Müəllimə “bəli” cavabını verir.

— Yazdıqlarınız düzdürmü? — Bəli.

Sonra məktəb direktoruna sual verir: — Məktubda yazılanlar doğrudurmu? Məktəbin direktoru əl-ayağı əsə-əsə bunu inkar edir. Bağırov hərbçilərə uşaqların paltarlarını yoxlamağı tapşırır və vəziyyətin həqiqətən də acınacaqlı olduğu təsdiqlənir. Bundan sonra Bağırov Zəminə müəlliməni yanına çağırıb, əlini onun çiyninə vurur və deyir: “Qızım, bundan sonra sənin işin çətinə düşsə, mənə yoldaşlıq məktubu yaza bilərsən”. M.C.Bağırov gedəndən sonra Basqala ardı-arası kəsilmədən yük maşınları ilə un, şəkər, sabun və digər gündəlik tələbat malları daşınır və sakinlər arasında bölüşdürülür.

Müharibə dövründə, ümumiyyətlə, M.C.Bağırov imkan daxilində ziyalıların və azyaşlı Azərbaycan balalarının qayğısına qalmağa çalışırdı. Bunun sübutunu onun imzaladığı sənədlərdə görə bilərik.

1942-ci il martın 27-də keçirilən Az.K(b)P MK bürosunun 2227 №-li protokolunda göstərilir ki, (bax: F1, S:103. İş 66, səh.12-13) Azərbaycan Xalq Komissarları Şurası və Az.K(b)P MK-nın qərarına əsasən, xəstəxanaların və uşaq müəssisələrinin qida məhsulları ilə təmin olunması üçün təsərrüfat sahələrinin inkişafı nəzərdə tutulur.

Qərarda o da göstərilirdi ki, məktəblərin, uşaq bağçalarının, yetimxanaların, pioner düşərgələrinin, xəstəxanaların və s. müəssisələrin torpaq sahələrində meyvə ağaclarının, kartofun əkilməsi, xırda quşçuluq təsərrüfatının yaradılması, südçülük fermalarının təşkili həyata keçirilməlidir.

Həmin qərara görə, Bakı şəhər icra hakimiyyəti on gün müddətinə torpaq sahələrinin ayrılmasını təşkil etməlidir.

Bütün yuxarıda sadalanan məsələləri həyata keçirmək üçün məsuliyyəti Xalq Səhiyyə Komissarlığı, Bakı şəhər İcraiyyə Komitəsi, Xalq Tələbat Komissarlığının rəhbərləri daşıyırdı.

Elm, ədəbiyyat və incəsənət xadimlərinin müharibə dövründə həyatda qalmaları və acından ölməmələri üçün Mərkəzi Komitə 27 mart 1942-ci ildə digər bir qərar verir… …Müharibənin ilk illərində Türkiyənin Hitler Almaniyası ilə xoş münasibətləri formalaşmışdı. Bu münasibətlər 1942-ci ilin yayına qədər daha sıx idi. Türkiyənin siyasi rəhbərliyi İtaliyanın Almaniyaya yaxınlaşdığını görəndə anladı ki, Osmanlı imperatorluğunun cənub ərazisini işğal etmiş İtaliya ordusunun növbəti hədəfi uzaq gələcəkdə Türkiyə torpaqları olacaqdır. Ona görə də türklər Almaniya ilə bərabər SSRİ-yə qarşı müharibə elan edirlər. 1942-ci ilin yazında Mikoyan məharətlə Stalinin qarşısında məruzə ilə çıxış edir. Azərbaycanlıların türk olduğunu qeyd edərək, Almaniyada mövcud olan Azərbaycan legionlarını əsas gətirərək, Cənub sərhədlərində türklərin yerləşməsini gələcəkdə Bakı neftini itirmək təhlükəsini yaratdığını göstərir. Nəticədə Azərbaycandan azərbaycanlıların “deportasiyası” məsələsi Siyasi Büroya çıxarılır. Beriyadan başqa Siyasi Büronun bütün üzvləri bu deportasiyaya razılıq verir. Beriya öz çıxışında “Bu işi M.C.Bağırovun razılığı olmadan həll etmək olmaz”, — deyərək, Siyasi Büronun iclasında ümumi fikrə gəlməyə imkan vermir. İclasdan sonra M.C.Bağırova zəng edərək dərhal bir neçə tədbirləri həyata keçirməyi məsləhət görür. O vaxtlar Azərbaycan Xalq Torpaq Komissarı olmuş Cəfər Cəfərov öz xatirələrində qeyd edir: “M.C.Bağırov mənə telefon açaraq yanına çağırdı. Kabinetə daxil olanda respublika rəhbərliyinin böyük əksəriyyəti onun ətrafına toplaşmışdı. O, mənə dedi: “Yaxın gəl. Bir neçə günə azərbaycanlı komsomol təşkilat rəhbərlərinin yerli orqanlarının və xüsusən, 50 yaşa qədər partiya təsərrüfat rəhbərlərinin kütləvi şəkildə müharibəyə getmək təşəbbüsü barədə Stalinə teleqramlar təşkil edirsən”. Mən otağı tərk edəndə M.C.Bağırov kabinetdəki digər rəhbər yoldaşlara öz tapşırıqlarını verirdi”.

Görünür, M.C.Bağırov bu qəbildən olan, ictimai-siyasi əhəmiyyət daşıyan addımları və L.P.Beriyanın köməyi ilə 1942-ci ildə azərbaycanlıların departasiyasının qarşısını alır. Ola bilsin ki, 1942-ci ilin sonunda Türkiyənin Almaniya ilə münasibətlərinin korlanması da deportasiya məsələsini 1947-ci ilə qədər gündəlikdən çıxartdı.

Azərbaycan oğulları isə Sovet ordusu tərkibində faşist Almaniyasına qarşı vuruşurdular. Azərbaycanlıların əksəriyyəti rus dilini bilmirdi. Döyüş zamanı rus dilində verilən əmrləri başa düşmürdülər. Bu da rus zabitləri tərəfindən onları guya hərbi nizamnaməni pozduğuna görə hərbi tribunala vermələrinə səbəb olurdu. Bəzən rus generalları azərbaycanlıları yerindəcə güllələyirdi.

Nəsiman Yaqublu “Azərbaycan legionerləri” kitabında qeyd edir (səh.105): “Cəbhə bölgələrində, hərbi hissələrdə və döyüş yerlərində azərbaycanlı əsgərlərə qarşı kobud münasibət, nifrətlə yanaşma vardı. Rus şovinizminə yoluxmuş 3-cü taborun komandiri Ponomaryov açıqca bildirirdi: “Mən onunla döyüşə getməyəcəyəm”. Yaxud hərbi hissələrdə belə məzmunlu şayiələr yayılırdı: “Azərbaycanlılardan döyüşçü çıxmaz”. Belə münasibət, şübhəsiz, döyüşçülərə pis təsir göstərir, onlar təhqir olunurdular. Odur ki, döyüşçülər arasında beynəlmiləl tərbiyə işinin yüksəldilməsi ciddi problem olaraq qalırdı. Əsgərlərə qayğı və xidmət olduqca aşağı səviyyədə idi. Yorğan-döşək çatışmır, hamama aparılmır, yaralılara tibbi yardım göstərilmirdi.

Məxfi sənədlərdə qeyd olunurdu ki, əsgərlərin çoxu rus dilini bilmir. Bu səbəbdən onlar komandirlərin əmrini düzgün yerinə yetirə bilmir və müvafiq qaydada cəzalanırdı. Rus dilini bilmədiyi üçün əsgərlər silahla davranmağı da pis mənimsəyirdi. O illərin ağır sınağından çıxmış 76 yaşlı Ceyhun kişi xatırlayır: “Bizi traktor zavodunda yerləşdirdilər. Qısa müddətli kursda desant və paraşütçü peşələrini öyrətdilər. “Öyrətdilər” deyəndə ki, beş-on günə nə öyrənmək olardı? Sonra Ukraynaya göndərildik. Faşistlər çox güclü idi. Həm də biz cənub uşaqları soyuğa dözmürdük. Almanlarla əlbəyaxa döyüşlər ordumuza baha başa gəlirdi. Hər dəfə döyüşə girəndə əllərimi göyə açıb deyirdim: “Ey bizi Yaradan, mənə ucuz ölüm vermə!”.

Azərbaycanlı əsgərlərin çoxluq təşkil etdiyi hissələrdə yerləşdirilən, rəhbər heyətdəki ermənilər isə “intiqam” almağı unutmur, onları incidirdilər. Azərbaycan K(b)P MK-nın katibi Məmmədova göndərilən məktubda yazılırdı: “276-cı alayın 3-cü bölüyünün partiya komitəsinin katibi T.Danielyan bəzi döyüşçülərin ayrı-ayrı nöqsanlarını izah etmək əvəzinə, onları senzuradan kənar sözlərlə söyüb təhqir edir. Azərbaycan K(b)P MK-nın nümayəndələri: Babayev, Qasımov. 9.XI.1941”.

Azərbaycanlı əsgərlərə qarşı fiziki güc işlədilir, onlar döyülür, təhqir olunurdular. Məxfi məlumatlarda yazılırdı: “Kiçik komandirlərin özlərini düzgün aparmaması, çağırışçılara fiziki güc tətbiq etməsi, onların təhqir olunması səbəbindən əsgərlər arasında narazılıq artmaqdadır. Məsələn, noyabrın 20-də 75- ci alayda Qızıl Ordu əsgəri Qurban Bəbir oğlu Nəsirov siqaret növbəsinə dayanarkən döyülmüşdür”.

75-ci alayda əsgərlərdən siqaret almaq adı ilə 12 min manat pul yığılıb, lakin bu pul başqaları tərəfindən mənimsənilib.

Çoxlarının paltarı, çəkmələri tez-tez oğurlanırdı. MK-nın məxfi məlumatlarında yazılırdı: “Gədəbəy, Tovuz, Nuxa və Şamaxı rayonlarının hərbi komissarları adamları hərbi xidmətə göndərərkən onları tibbi müayinədən keçirmirlər. Odur ki, xəstə vəziyyətdə orduya gətirilənlər yararsız hesab olunur. Belə hallar da var ki, orduya göndərilən ağır xəstə bir neçə gündən sonra hərbi hissədə vəfat edir. Həmin rayonların hərbi komissarları cəbhəyə gedənlərin ailələrinə diqqət yetirmir, əsgər ailələrinin dövlət təminatına köməklik göstərmirlər. Əsgərlər arasında şayiə gəzir ki, bütün fərarilər dağlarda gizlənmiş quldurlar sayılır.

Azərbaycan K(b)P MK Qutqaşen rayon komitəsi bu məlumatdan siyasi nəticə çıxarmır, fərariləri, qorxaqları, şayiə yayanlarılazımi səviyyədə cəzalandırmır. Azərbaycan K(b)P MK-nın təşviqat briqadasının üzvü S.M.Aydınbəyov. 27.XI.1941”.

Azərbaycan K(b)P MK-nın təşviqat briqadası Zaqafqaziya cəbhəsinin 28-ci ehtiyat-atıcı briqadasında çoxlu çatışmazlıq aşkar edib, bu barədə məlumatı Azərbaycan K(b)P MK-nın katibi və Zaqafqaziya Cəbhəsi hərbi şuranın üzvü M.C.Bağırova çatdırmışdı. Məlumatlar çox ciddi xarakter daşıyırdı. Bu məlumatlarda partiya-siyasi və kütləvi-təbliğat işinin gücləndirilməsinin vacibliyi bildirilirdi. Qeyd olunurdu ki, azərbaycanlı əsgərlər komandirlərin onları xoşagəlməz ana söyüşləri ilə təhqir etməsindən şikayətlənirlər.

Məlumatda göstərilirdi: “Qeyd etməliyik ki, siyasi işçilər və onların bu və ya digər alaydakı müavinləri milli tərkibi nəzərə almadan komplektləşdirilib. 106-cı atıcı alayında döyüşçülərin 35 faizinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, siyasi işçilərin və onların müavinlərinin yalnız 4-5 faizi azərbaycanlıdır, yaxud azərbaycanca danışmağı bacaranlardır. Amma savadlı və siyasi cəhətdən yoxlanılmış kommunist və komsomolçu azərbaycanlılar da hissələrdə çoxdur”.

Bundan əlavə, hərbi hissələrdə bütün mühazirələr rus dilində oxunduğundan azərbaycanlı döyüşçülərin çoxu bunu başa düşmür, hazırlıqsız olurlar. Hər bir siyasi dərs üçün nəzərdə tutulan 2 saatın 40-50 dəqiqəsi mühazirəyə, qalanı isə tərcüməyə ayrılır ki, bu da az effekt verir.

Azərbaycan K(b)P MK-ya göndərilən məxfi məktubda yazılmışdı: “Tamamilə məxfi. Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa. Bizim 392-ci atıcı diviziyası Qori şəhərində yerləşmişdir. Diviziya əsasən Azərbaycan SSR-nin Yevlax, Şaumyan, Qasım İsmayılov, Şamaxı, Kürdəmir, Zərdab, Dəvəçi Bakı, Kirov, Samux, Ağdam rayonlarının zəhmətkeşlərindən ibarətdir. Bizim diviziyaya göndərilənlərin əksəriyyəti rus dilini bilmir… Partiya-siyasi işin zəif aparılması səbəbindən diviziyamızda fərarilik, xidmətdən yayınma və digər hallar baş verməkdədir. Stalin yoldaşın məruzəsinin bütün döyüşçülərə çatdırılması üçün, xahiş edirəm, Azərbaycan dilini bilən, həmin məruzəni öyrənməyə kömək edən bir neçə kommunist-təbliğatçı göndərəsiniz. 392-ci atıcı diviziyasının Siyasi İdarəsinin rəisi Burlakov. 18 noyabr 1941-ci il. Qori şəhəri”.

Məxfi məlumatlarda 404-cü diviziyada da azərbaycanlıların rus dili ilə bağlı çoxlu problemlər yaşadığı açıqlanırdı. Digər məlumatda göstərilirdi ki, hərbi hissələrdə çoxlu sayda dizenteriya və malyariya xəstəliyinə tutulanlar vardır. Həkimlər bunun səbəbini tibbi xidmətin zəifliyində və müalicənin vaxtında aparılmamasında görürlər. Digər tərəfdən, əsgərlərə tibbi yardım üçün həkimlərə müraciət etməyə icazə verilmirdi. Yalnız sonradan bu qayda ləğv edilmişdi. Məlum olurdu ki, əsgərlərə qaynanmış çay verilir, digər millətlərdən olan aşpazlar isə yalnız özünküləri daha çox təmin edirlər.

Əsgərlərə tibbi xidmət zəif təşkil olunduğundan onların müalicəsi axıradək aparılmırdı. Əsgərlər başdansovdu müayinə edildiyinə görə, xəstəlik tam müalicə olunmurdu. Məxfi məlumatda yazılırdı: “Mətbəxlərdə sanitar vəziyyət qənaətbəxş deyil.

Ərzaq məhsulları hara gəldi atılıb. Məsələn, aşpazların dırnaqları uzun və kirlə doludur. Yeməyi iki nəfərə bir qabda çəkmək əvəzinə, bəzən üçünə bir qabda verirlər”. Əsgərlər həm də poçt xidmətinin yarıtmaz təşkilindən şikayətlənir. Evə göndərdikləri məktublara cavab almırdılar. Elə hallar olurdu ki, əsgərlərə yemək vaxtında verilmir, bir gün əvvəl hazırlanan yeməklər paylanırdı. Məxfi sənədlərdə, həmçinin, əsgər ailələrinə yerlərdəki rəhbərlərin düzgün olmayan münasibətləri sadalanırdı: 1) MTS-in direktoru nədənsə Eyvaz Məmmədovun ailəsinə çörək vermir.

2) Göyçay rayon qəzetinin redaktoru Məmmədov əsgər Səmədovun həyat yoldaşını makinaçı işindən ixtisara salmış, başqasını işə götürmüşdür.

3) Lənkərandan olan əsgər Qəzənfər Nəsrulla oğlu Qafarovun ailəsi – qoca anası və iki uşağı bu günədək yardım almır.

Hərbi hissələrdə səliqə-sahman, demək olar ki, yox dərəcəsində idi. Ətrafda hər yerdə çalalar qazılmışdı. Əsgərlərin müalicə olunduğu hospitallarda vəziyyət daha dözülməz idi.

Azərbaycan K(b)P MK-ya göndərilən məlumatlarda aşağıdakılar qeyd olunurdu: “Azərbaycan K(b)P MK-nın tapşırığı ilə mən Kirovabad, Xanlar, Qazax rayonlarındakı hospitalların işi ilə tanış oldum. Nöqsanların aradan qaldırılması üçün heç bir tədbir görülmür. Hospitallardakı xəstələr saman doldurulmuş döşəklərdə, elə o cür yastıqlarda yatırlar. İ. Pasınkov. Məxfi”.

Məlumatlardan o da aydın olurdu ki, əsgərlərin özünəqəsd halları getdikcə çoxalır.

Nəsiman müəllimin göstərdiyi kimi, doğrudan da, azərbaycanlıların, xüsusən cəbhə bölgələrində vəziyyəti dözülməz idi.

Həmin vaxt Zaqafqaziya Müdafiə Şurasının üzvü olan M.C.Bağırova bu məlumatlar çatdırırlar və o, dərhal hadisələrin daha çox cərəyan etdiyi cəbhənin cənub bölgəsinə gəlir. Bağırov adəti üzrə azərbaycanlı əsgərləri görən kimi: “Ay mənim qartallarım! Azərbaycanımın erkək oğulları, salam!” – deyərdi. Sözsüz ki, Bağırovu görən azərbaycanlılar fərəhlənir, qürrələnir, ruh yüksəkliyi tapır, həm də dərdlərini ona danışırdılar. Onlar Bağırova komandir Yevgeni Xruşşovun (bəzi ehtimallara görə, o, Nikita Sergeyeviç Xruşşovun qardaşı olmuşdur. Amma bunu təsdiq edən sənədi əldə edə bilmədik. — A.M.) özbaşınalığından danışır və onun rus dilini bilməyən azərbaycanlıları fərari adı ilə güllələdiyini bildirirlər. Bağırov həmin komandiri – Yevgeni Xruşşovu yanına çağırıb, onu sorğu-sual edir. Komandir onları verdiyi əmrləri yerinə yetirmədiyinə görə güllələdiyini bildirir. M.C.Bağırov ona “Axı onlar rus dilini bilmirlər” — dedikdə, komandir “Bu heyvanlara mən rus dilini öyrətməli deyiləm” — cavabını verər-verməz, Bağırov bütün azərbaycanlıların gözü qarşısında, “Mauzer” tapançasını çıxarıb zabitin düz alnının ortasından vurur. Bu xəbəri Stalinə çatdırırlar və Bağırov rəhbərin çağırışını gözləmədən birbaşa Kremlə gedir. Zaqafqaziya cəbhəsi üzrə Müdafiə Şurasının üzvü kimi, Bağırov atdığı addımı Stalinin qarşısında əsaslandırır və sözsüz ki, bu görüşdə L.P.Beriya da iştirak edirdi. Həmin görüşün nəticəsində azərbaycanlılardan ibarət hərbi hissələrin yaradılmasına icazə verildi. Artıq döyüş bölgələrinə göndərilən azərbaycanlı əsgərlərin əksəriyyəti 416, 77, 223-cü diviziyalarda cəmləşdirilir və burada əmrlər azərbaycan dilində verilirdi. Qeyd edək ki, 1941-1943-cü illərdə 1920-1925-ci illərdə doğulanların hamısı hərbi səfərbərliyə alınıb, döyüş bölgələrinə göndərilirdi.

Sonradan 416-cı diviziya Taqanroq şəhərini azad etdiyinə görə, 416-cı Taqanroq diviziyası adlanır.

Nəsiman Yaqublu “Azərbaycan legionerləri” kitabında göstərir: “Bütün bunlara baxmayaraq, məxfi hərbi məlumatlarda könüllü əsir düşənlərin sayının çoxluğu bildirilirdi: “Diviziyanın şəxsi heyətinin bir hissəsi rəqibə təslim olur. 840 və 839-cu hissələrin komandirləri alayları xaincəsinə başqa istiqamətə aparıblar”.  Belə hadisələrdən sonra Azərbaycandan cəbhəyə əlavə əsgər göndərilməsi tələb olunurdu: “Zaqafqaziya Cəbhəsi Qoşunları komandanı, ordu generalı Tulenov yoldaşa, surəti Azərbaycan K(b)P MK-nın katibi Bağırov yoldaşa, Qızıl Ordunun Ehtiyat Hissələri İdarəsinin rəisinə. Təcili surətdə Azərbaycan diviziyalarının toplanması üçün iyunun 12-dən 500 nəfər 416-cı atıcı diviziya üçün Cənub cəbhəsinə, 500 nəfər Şimali Qafqaz cəbhəsinin 77-ci atıcı diviziyası üçün göndərilsin. Şadenko”.

M.C.Bağırov cavab məktubunda səfərbər olunanların döyüş hazırlığı keçməsinin vacibliyinə toxunaraq yazırdı: “Moskva.

Səfərbərlik Baş İdarəsinin rəisi general-polkovnik Şadenko yoldaşa. Hərbi çağırışçıların əlavə hazırlıq keçmədən cəbhəyə göndərilməsi ciddi təhlükə yaradır”.

General Şadenko göndərilənlərlə kifayətlənməyib, M.C.Bağırovdan daha çox əsgərin çağırılmasını xahiş edirdi: “Amma bu sayda adam kifayət deyil. Cəbhə yaxın vaxtlarda daha 2000 hazırlıq keçmiş azərbaycanlının göndərilməsini tələb edir. Qarşıdakı ayda isə diviziyaların hər birinə 1000-1500 nəfər göndərilsin. Sizin köməyiniz olmadan biz bunu edə bilmərik”.

Həmin dövrdə M.Ə.Rəsulzadə Almaniyanın Şərq Torpaqları üzrə naziri F.Rozenberq ilə görüşür. Almanlar daha irəli gedərək, Azərbaycan legionu yaratmağa nail olurlar. 30 min Azərbaycan əsgərini özündə birləşdirən, qəzeti və təbliğat vasitələri olan legiona general Ə.Düdənginski rəhbərlik edirdi.

Legionda danışıq dili Azərbaycan dili idi. Bir faktı qeyd etməyi vacib sayırıq ki, müharibə dövründə bu iki Azərbaycan oğlunun xilaskar rolu danılmazdır. İkinci bir fakt isə 1943-cü ildə almanların Azərbaycan legionunun bəzi üzvlərini gizli şəkildə Zaqatala ətrafına desant göndərməsi idi. Onların əsas işi Almaniya haqqında müsbət təbliğat aparmaq idi. Desantçıların bir çoxu sovet çekistləri tərəfindən tutulurdu. Onların böyük əksəriyyətinin taleyi hələ də qaranlıq qalır. Həmin ilin yazında Azərbaycanda müharibəyə hərbi çağırış keçirilirdi. Lakin, bu çağırış əvvəlkilərdən fərqlənirdi. Bu dövrdə müəyyən yaş həddi çərçivəsində qadınların da hərbi mükəlləfiyyətə salınması və onların döyüş bölgələrinə göndərilməsi nəzərdə tutulurdu. Respublika səviyyəsində bu hazırlığı aparmaq üçün Ümumittifaq Müdafiə Şurasından Bakıya nümayəndələr gəlirdi. Bu proses ittifaq səviyyəsində, o cümlədən, Azərbaycanda da icra olunurdu. Amma bununla bağlı respublikada ciddi narazılıq yaranmışdı. M.C.Bağırovu bu proseslərdən uzaq saxlamağa çalışırdılar.

O vaxtlar M.C.Bağırov həmçinin Zaqafqaziya Cəbhəsi üzrə Müdafiə Şurasının üzvü idi. O, problemin həlli yolunu yalnız Stalinlə görüşdə görürdü. Çünki, bu əmri birbaşa Stalin vermişdi. Müharibə şəraitində komandirin əmrindən çıxmaq, sadəcə Hərbi Tribunal demək idi. M.C.Bağırov başqa respublikaların rəhbərlərindən fərqli olaraq, bu çağırışa cəsarətlə öz etirazını bildirmiş və bu sözləri demişdi: “Azərbaycan kişisinin alnında namus qırışı var. Biz qadınları məcburi şəkildə hərbi çağırışçı edə bilmərik”. Stalin Bağırovun bu hikkəsinin qarşısında güzəştə getməyə məcbur olur. Bağırovun bu iradəsi və cəsarəti tariximizin silinməz səhifəsidir.

Araşdırma və tədqiqatlarımız zamanı bir halı da müşahidə etdik. Əlaqə saxladığımız 1941-1945-ci il müharibə veteranlarından M.C.Bağırov haqqında məlumat almaq istədikdə, bir çoxları qəhərlənir və gözləri dolurdu.

Birinci hissənin sonu. Ardı var.