Xaliq Məmmədov — Qayıt ki, qayıdım özümə özüm…

Xaliq Məmmədov

Qayıt

 

Qayıt, dilə gəlsin eşqimiz, fəqət-

Neçə deyilməmiş sözümüz qalıb!

Bizə gərək deyil nakam məhəbbət-

Sevda vüsalında gözümüz qalıb!

 

Qayıt ki, qayıdım özümə özüm,

Bu qəmli yaddaşım, ərisin, itsin.

Qayıt ki, qayıtsın gecəm, gündüzüm,

Həsrət ürəyimnən silinsin, getsin!

 

Qayıda bilməzsən! Bağlıdır yollar,

Ora gedən gəlməz!.. Gözlərimdə yaş!

Arzular deməyin nə mənası var,

Sən yoxsan! Məndə də ağarıbdı baş!

 

Dönəydim hicrandan uzaq dünənə,

Qalan illərimi qurban verərdim!

Sənli bircə günüm bəs idi mənə,

Qayıda biləydin, olmazdı dərdim!

 

Daha görükməyir gəncliyin izi,

Ot-alaq içinda cığırlar itib…

Aylı gecələr də gözləmir bizi!

Bir dərdli ürəyin payızı yetib…

 

Yaşadır eşqimi şirin xəyallar,

Ürəkdə nə qədər sirlər qalıbdı!

Fələyin biz üçün yazdığı qərar,

Bir gedər-gəlməzli yola salıbdı.

 

«Əlvida!»- deməyə yetməyir gücüm,

Mən necə ayırım özümü məndən!

Bəlkə də, mən …yoxam, bilmirəm özüm,

Səninlə ayrılıq yetişən gündən…

 

Mən o deyiləm

 

Sən həmənki sənsən, mən o deyiləm!

Dön mənim dünyama, dön, olaq birgə!

Bağını  tərk etmiş nakam bülbüləm,

Sən qayıt -səninlə qayıdam, bəlkə!

 

Ağırdır-bu qədər yükü daşımaq!

Qayıt! Bu əzabım qurtarsın, getsin,

Qayıt nağıllar tək. Vüsala çataq,

Hicran aramızdan ərisin itsin!

 

Qayıt bir anlığa, məni də səslə!

Arxaya yol edək, verib əl-ələ!

Vüsala yetməyən eşqin nəğməsin,

Səsləyək yenidən, gətirək dilə!

 

Qayıt, qoy yenidən üz-üzə duraq,

Köçək arzulara, əriyək, itək.

Ayrılıq olmayan bir dünya quraq,

Gənclik sorağıyla arxaya gedək!

 

Sən qayıt, qayıda bəlkə səninlə,

Təkcə ikimizin olan o dünya!

O pak eşqimizi gətir özünlə,

Qoy, sönməz alovu yetsin haraya!

 

Sən həmənki sənsən, mən o deyiləm,

Əriyib hicranda çoxdan itmişəm!

Sən həmənki sənsən, mən o deyiləm!

Bir gedər gəlməzli yola getmişəm!

 

Sən həminki sənsən, mən -o deyiləm,

Qayıt, yollarımdan getsin duman, çən.

Qaytar dünyamıza məni də, gülüm,

Qoy, deyim: təzədən yaşayıram mən!

 

Dillənmir

 

Zalım qızı sanki daşdı, dəmirdi,

Sinəm üstə çəkir yara, dillənmir.

Nə yalvarış, nə şirin söz qəbuldu,

Zalımlığa yoxdu çara, dillənmir.

 

Sevən qəlbim yaman düşüb möhnətə,

Düçar olub ürək dərdə, zillətə.

Xeyirsizdi haray salmaq zülmətə,

Yetmir səsim zülümkara, dillənmir!

 

Saf eşqimiz çəkilib imtahana,

Heç olmasa, bu zalım bir utana!

«Ah!»larımdan alov düşür cahana,

Ürək olur parça-para, dillənmir.

 

Bu qəmli ürəyim san ki, tar, kaman —

Kədərli mahnılar çalır hər zaman!

Küsübdü afətim, yetib zimistan,

İlişmişəm boran-qara, dillənmir!

 

Gözəl sevgi verilmişdi qismətə,

Nədən düşdü qəfil,haqsız töhmətə.

Xitam ver Xaliqnən şirin söhbətə,

Bəlkə gəldin bir qərara? Dillənmir!

 

Olmasın

 

Deyirəm, dəyişsin dünyanın tərzi,

Bir belə boranı,qarı olmasın!

Nə dərd olsun, nə gözlərdə intizar,

Ürəklərin ahu-zarı olmasın.

 

Acı qəm-kədərin yetişsin sonu,

Kainat geyinsin toy-bayram donu.

Cəm olsun şüura Haqqın qanunu,

İnsafsızı, zülümkarı olmasın!

 

Fəsildən fəsilə keçməsin zaman,

Yüz illik bahara verilsin fərman!

Heç kimin gərəyi olmasın loğman,

Gümrah olsun, heç azarı olmasın.

 

Döyünən ürəyə verilsin qismət,

Vüsala yetirən gözəl məhəbbət!

Bülbülü sevdiyi gülə yazsın bəxt,

Qönçənin üstündə xarı olmasın!

 

Məhəbbət çələngi qoyulsun qoşa,

Sevənlər ömürü bir vursun başa.

Xaliqəm, yetişsin hamı yüz yaşa,

Ömür qırılmasın, yarı olmasın.

Qiymət