“Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Türk qardaşlarımız Türkiyənin paytaxtına “Başkənd” — deyirlər və düz də deyirlər. Gədəbəy rayonunda da “Başkənd” adlanan gözəl bir məkan var. Həmin cənnət məkanda yüz illərdən bəri o torpaqların əbədi sakini türklər yaşayıb və indi də yaşayırlar.
Sovet dönəmində 1929-cu ilin fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Moskva və Qars müqavilələrinin şərtini pozaraq Naxçıvanın 9 kəndini və Gədəbəyin “Başkənd”inin Ermənistana verilməsi haqqında qərar çıxarmışdır, Bolşeviklər, başda Qəzənfər Musabəyov olmaqla, həmin ərazini ermənilərə pay verdilər. Başkənd Ermənistan adlanan saxta, süni yaradılmış bir respublikanın tərkibinə daxil edildi. Bu böyük bir cinayət idi.
Gədəbəylə Şınıx mahalının mərkəzində yerləşən, hər qarış torpağı qızıldan qiymətli olan bu qədim türk yurdunu Tovuzun, Qazaxın, Şəmkirin və Gədəbəyin igid döyüşçülərinin qəhramanlıqları sayəsində 1992-ci ilin avqust ayının 8-də Başkəndi erməni terrorçularından azad etdilər. Ötən əsrin 20-ci illərində İrəvan mahalını ermənilərə bağışlayan ünsürlərin nəvə-nəticələri, indi babalarının yolu ilə gedərək, Başkəndi ermənilərə vermək lazım olduğunu dilə gətirirlər…
Görəsən, o vaxtkı milli satqınların Q.Musabəyovun, H.Sultanovun, Ç.İldırımın, D.Bünyadzadənin davamçıları, tör-töküntüləri, erməni yandaşları hansı cəsarətlə torpaqdan pay vermək istəyirlər? Bu haqqı onlara kim verib? Məgər Başkənd Qəzənfər Musabəyovun nəvə-nəticəsinin xüsusi mülki olub ki, o da belə bir cəsarət nümayiş etdirir? Əgər bir erməni İrəvanda televiziya vasitəsilə bəyan eləsə ki, Göyçənin bir kvadrat metr ərazisini Azərbaycana vermək lazımdır, həmin o erməni deputatı daşqalaq edər, ev-eşiyini dağıdıb yerində turp əkərdilər…
Hələ o vaxtlar Qəzənfər Musabəyov Zaqafqaziya Komissarlar Şurasının sədri kimi mühüm və nüfuzlu vəzifədə işləmiş bu ermənipərəst “Sayıqlığı onqat artırmağı, xalq düşmənlərinin kökünü daha amansız kəsməyi, onların maskalarını üzərindən qoparmağı, əbləh xəstəliyi olan siyasi qayğısızlığa və korluğa tutulan adamlara kəskin zərbələr vurmağı” tələb edirdi. (“Ədəbiyyat” qəzeti, 23 iyun 1937).
Ermənipərəstlik xəstəliyinə tutulan bu şəxs xalq düşməni kimi ifşa olunub həbsxanada o qədər döyülür, məşəqqət çəkir ki, çekistlər onu növbəti dindirməyə aparmaq üçün kameraya gələndə çarpayının altında gizlənir və onu güclə dartıb oradan çıxarırlar… Millətinə qənim kəsilən bu şəxs haqlı olaraq güllələnir.
Bəli, Başkənd Gəncəbasarın döyünən ürəyi, gədəbəylilər isə Oğuz xaqanın, Mete xaqanın nəvələridir. Məgər Oğuz xaqanın, Mete xaqanın nəvələri Başkəndin quru bir çöpünü, qara bir daşını düşmənə verə bilərlərmi? Yox! Qoy bunu erməni daşnakları və onların havadarları bilsinlər. Bilsinlər ki, indi SSRİ adlı bir ölkənin yox, müstəqil Azərbaycanın vətəndaşıyıq. Ölərik, amma yurdun bir qarışını da milli satqınların istəyi ilə düşmənə vermərik. Qoy o milli satqınlar qulaqlarını geniş açıb eşitsinlər: “Torpaqdan pay olmaz!”.
Başkənd təkcə Gədəbəyə yox, türk dünyasına məxsusdur. Yaxşı olar ki, Qəzənfər Musabəyovların nəvə-nəticələri türkün hissiyyatına toxunmasın. Türkün hissiyyatına toxunanın anası ağlar qalar!
Bir məsələni xüsui qeyd etmək istəyirəm. Gədəbəydən, Tovuzdan, Şəmkirdən olan millət vəkillərinin Rasim Musabəyovun bu hərəkətinə səssiz qalmaları təəccüb doğurur. Siz nə üçün susdunuz, Millət vəkilləri?
Millət vəkilləri, yəqin ki, unutmamısınız, 1992 -ci ildə Gəncəbasarın taleyi Başkənddə həll olunurdu. Qəhrəman Azərbaycan oğulları Başkəndi erməni silahlı qüvvələrindən azad edib uzun illərdən sonra Başkəndi öz doğma sahiblərinə qaytardı. Ermənilərin Çardaxlı, Çənlibelə çıxmaq arzusu ürəklərində qaldı. Bu türk oğullarının şücaəti idi. Sizin isə susmağınıza ad tapa bilmirəm. Kaş Qənirə Paşayeva sağ olaydı. O, sizin əvəzinizə Rasim Musabəyova cavab verərdi…
Başkənddə erməni ordusuna vurulan zərbə I Qarabağ müharibəsində qazanılan ən mühüm strateji uğurlardan biridir. Bu uğurlu əməliyyatın nəticəsinə kölgə salmaq, erməniləri yenidən ora qaytarmaq xülyası ilə yaşayanların ermənilərdən heç bir fərqi yoxdur.
Başkənd Azərbaycanın qürur yeri, qəhrəmanlıq ocağıdır. Bu gün bu torpaqda həyat var, gələcəyə ümid var. Necə ki, Azərbaycanın dəmir yumruqlu, dünya səviyəli, qalib Prezidenti var. Azərbaycanın bir qarış torpağı da, bir çınqılı da, bir daşı da ermənilərə verilməyəcək. Buna əmin olun! Siz, Musabəyov da bunu qulağınızda sırğa edin. Ümüd edirəm ki, siz deputat tək Milli Məclisin kürsülərində son dəfə oturursunuz.
Yeri gəlmişkən, bir daha xatırlatmaq istəyirəm. Gün o gün idi ki, yunanlar Kipr türklərinə məxsus kiçik bir dağlıq ərazini, kol-kos bitməyən qayalığı işğal eləyəndə Türkiyədən qalxan qırıcı təyyarələr öz “sözünü” dedi. Yunanlar gizlənməyə siçan deşiyi axtardılar. Həmin o yerin nə strateji əhəmiyyəti vardı, nə də münbit şəraiti. Sadəcə olaraq, qayalıq bir ərazi idi. Qayalıq olsa da Kipr türklərinə məxsus vətənin bir parçası idi.
Bəli, vətənin qara bir daşı da müqəddəsdir, hər qaya parçası da vətəndir.
Başkənd də Azərbaycan torpağının bir parçasıdır. Müqəddəs torpağımızın Başkənd adlı parçasına göz dikənin gözü kor olar, əl uzadanın əli, strateji əhəmiyyətə malik olmadığını deyənin dili quruyar… Vəssalam.
Hüseyn İsaoğlu (Məmmədov)
Yazıçı — publisist, AYB-nin və AJB-nin üzvü.