Elsevər Bəydəmir — şeirlər

Elsevər Bəydəmirli

Bu gün

Bir küncə yığılıb elə qalmışam,

Peşiman… Qəmlərə dalmışam bu gün.

Deyirəm nə qədər aciz olmuşam,

Mən sənin qəlbini qırmışam bu gün.

 

Kim saldı, nə saldı bu hala məni?

Cəzama razıyam yuhala məni,

Vur məni, qır məni, parçala məni,

Mən sənin qəlbini qırmışam bu gün.

 

Ruhum dincələmmir, göz yata bilmir,

Heç bir şey keyfimə şən qata bilmir,

Nə şeir, nə qələm anlada bilmir,

Mən sənin qəlbini qırmışam bu gün.

 

Ya sevindir bir xoş baxışla məni,

Yaxud yu, təmizlə yağışla məni.

Hər zamankı kimi bağışla məni,

Mən sənin qəlbini qırmışam bu gün.

 

 

Gedirəm

Bu dünyanın xoş üzünü görmədim,

Əzilmişəm, qırılmışam gedirəm.

Dünyalıyla könül alıb-vermədim,

Bir Baqiyə vurulmuşam gedirəm.

 

Vaxt varıydı cayıl idim, nəriydim,

Dərd əlindən damcı-damcı əridim.

Yaqub kimi çox ağlayıb kiridim,

İntizardan yorulmuşam gedirəm.

 

Fani imiş, bir puç imiş hördüyü,

Göz boyama, gözlərimin gördüyü.

Bu dünyanın damağıma sürdüyü,

Ləzzətlərə darılmışam gedirəm.

 

Yer üstündə yaşamağa arım yox,

Mal-mülk yalan, aparacaq varım yox.

Daha mənim buralarda karım yox,

Ötələrə çağrılmışam gedirəm.

 

Çox qısaymış ömür, dəyəri əmbər,

Zaman əridikcə daralır çəmbər.

«Ölmədən ölünüz» deyir peyğəmbər,

Bir kəfənə sarılmışam gedirəm.

 

Dəyişən insanlıq

Bu dövürdə az imiş qəlbi gözəl olanlar,

Zahirdəymiş nə varsa, gözəllik üzdə qalıb.

Ürpərirəm ilahi! Nə çox imiş yalanlar,

Ayaq tutub yeriyir, düz isə düzdə qalıb.

 

Vaxt varıydı görərdik hər şeyi öz yerində,

Varıydı böyüklərin ehtiramı dərində.

O köhnə kişilərin fələyin çəmbərində,

Şax duruşu sınıbdı, papağı dizdə qalıb.

 

Kim oxuyar bu xalqın, diriliş qaməsini,

Yoxki o şanlı katib, yazıb salnaməsini.

Yaxşılığın, düzlüyün, mərdliyin naməsini,

Kağızı köhnəlibdi, qələmi mizdə qalıb.

 

Əsirinə çevrilib tağuta heyranlığın,

Qərq olubdu içinə bir zifri qaranlığın.

Kim tutar matəmini bu yazıq insanlığın,

Canını tapşırarkən, son şəkli gözdə qalıb.

 

Əhdinə vəfalı az, bir sözünün əri yox,

Ağsaqqalın sözünün azacıq kəsəri yox,

Hörmət rüşvətə çönüb, hörmətdən əsəri yox,

Səbrin səbri tükənib, bir azca dözdə qalıb.

 

Harda bir fayda olsa ortadan ağa çıxır,

Görsə faydası yoxdur basıb qırağa çıxır.

İsti münasibətlər şəxsi marağa çıxır,

İstisi buxar olub, soyuğu közdə qalıb.

 

Zaman ağırdan ağır, mənzil uzaq, yol çətin,

Bəşəriyyət qıvranır girdabında zillətin.

Toz basıbdı üstünü müqəddəs məhəbbətin,

Ehtirasa çevrilib, sevdalar sözdə qalıb.

Qiymət