Yatır
Ana, sən yatdığın qara torpaqda,
Saysız cavan yatır, ixtiyar yatır.
Qapısız, aynasız zülmət otaqda,
Minllərlə sən kimi vəfadar yatır.
Gör nələr yazılıb hər baş daşına,
Canlar həsrət qalıb can sirdaşına
Düşərək hicrana, eşq atəşinə
Min arzu, min dilək, min ilqar yatır.
Görməyib əsirlər, qərinələr də
Cahandan köçənlər qayıda bir də.
Kim bilir bəlkə də yatdığın yerdə,
Dünyanı bəzəyən min memar yatır.
Hər ömür baharın bir xəzan çalmış,
Yaxşılıq, yamanlıq yadigar qalmış.
Elin aşiqi də sükuta dalmış,
Kaman laylasına bəstəkar yatır.
Düşünən beyinlər, zəkalı başlar,
Başacan dünyadan kam almamışlar.
Çırpinan ürəyə axmazmı yaşlar
Kül olmuş sevgilər hər nə var yatır.
Ana, sən yaratdın can səltənətini,
Məxluq yaradanı unudar çətin!
Belədir qanunu bu təbiətin,
Məzlumla yanaşı zülümkar yatır.
Bax, burda qonşudur ölən, öldürən,
Aglayan, agladan; gülən, güldürən.
Süleyman mülkünü bölən, böldürən
Sərkərdələr yatır hökmdar yatır.
Sən mənim həyatım, şanın, şöhrətim,
Ağ saçlı vaxtimda olmuşam yetim!
Sənin məzarında mənəviyyatım,
Eşqim məhəbətim hər nə var yatır.
Daşqınam anacan, bir könlü xəstə,
Sənsiz yaşayıram sanki qəfəsdə.
Bir gün deyəcəklər məzarım üstə,
Burda şair yatır, sənətkar yatır.
Susmaram
Mən bir qulam, yerim altun, suyum gümüş, özüm ac,
Atam məhkum, Anam sayıl, elim çörəyə möhtac.
Dil yaranıb danışmağa, mən danışa bilmirəm,
Yar sinəmi, aç qəlbimi, ciyər vərəmdir, vərəm !
Koramaltək sürünməkdən, söylə, varmı bir məna?
Nə vaxtacan çörək üçün girim hər alçaq dona?!
Mən insanam, qəlbim vardır, kəskin zəkam, əqlim var.
Bəs deyilmi çiynimizi yağır etdi bu yadlar!
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam,
Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!
Gedər
Bu dünya bir mənzilgahdır,
Gələn qəflə qalmaz, gedər.
Onun sirri bir dəryadır,
Qəvvas qorxar, dalmaz, gedər.
Qulaq asın, mehribanlar,
Vəfasızdır xanimanlar,
Rüstəm kimi pəhləvanlar,
Son şikarın almaz, gedər.
Çəkdim fələyin nazını,
Gördüm düz yazmır yazını.
Məzahir eşqin sazını,
Başa kimi çalmaz, gedər.
Bilmək olmaz
Könül ayrılmasın düçüncələrdən,
Zamanın hökmünü bil, bilmək olmaz.
Saqın iftiradan, fitnədən, şərdən,
Səni tora salar dil, bilmək olmaz.
Fironluq eyləmə bəxt gətirəndə,
Görərsən tabutdur taxt gətirəndə,
Baş əyər, diz çökər vaxt gətirəndə,
Xırda qarışqaya fil, bilmək olmaz.
Ayrılma elindən sayılan zaman,
Şöhrətin aləmə yayılan zaman,
Daşqın, sən yuxudan ayılan zaman,
Görərsən quruyub sel, bilmək olmaz.
Getdi
Neçə qəhrəmanlar gəldi dünyaya,
Köç vaxtı yetişdi, tez oldu getdi.
Rüstəmin zərbindən titrədi dağlar,
Düşdü dastanlara, söz oldu getdi.
Hardadır Keykavus, hanı Keyqubad,
Hansı biri aldı dünyadan murad?
Allahlıq eylədi Fironla Şəddad,
Nəmrudun qalası düz oldu getdi.
Hakimlik eylədi çox uzun vaxtı,
Küllü-kainata Süleyman baxdı,
Çevrildi tərsinə Cəmşidin taxtı,
Firidunun dərdi yüz oldu getdi.
İsgəndər at sürdü, ölkələr aldı,
Qəsbikar bayrağın dünyaya çaldı,
Abi-həyat gəzib, Misirdə qaldı,
Yandı atəşlərə, köz oldu getdi.
Daşqın düşmənidir mənəm deyənin,
Zülm eyləyib fəqir malı yeyənin.
Hakimlik eyləyib atlas geyənin
Qisməti beş arşın bez oldu getdi