Akif Aranlı Elmlər Akademiyasında işləyir. Alimdir. İşə gələndən evə gedənə qədər elmi işlərlə məşğul olur. Monoqrafiyaları oxuyur, düzəlişdirir, qeydlər aparır, yeni məqalələrin planını tutur. Arada otaq yoldaşları ilə söhbətlər də edir. Adətən, otaq yoldaşlarından biri çay dəmləyib ortalığa gətirəndə Akif Aranlı dərhal masasının üstündəkiləri yığışdırıb bir tərəfə qoyur. Birdən çay tökülüb isladar deyə ehtiyatlanır.
Bu dəfə də elə elədi. Kağızları bir tərəfə itələyib üstündə şəkili olan fincandakı çayı qabağına çəkdi.
-Bilmirsiniz, maaşlar köçüb? – Otaq yoldaşlarından biri soruşdu.
-Səhər-səhər televizora baxırdım. Bir polis işçisi hakerlər barədə xəbərdarlıq edirdi. – Başqa birisi dilləndi.
-Onun bizə aidiyyatı olmaz. Biz nə maaş alırıq ki, haker ona göz tikə. Onlar milyonçuların milyonlarını oğurlayırlar.
-İlişəndə də yarısını verib canlarını qurtarırlar.
Akif fincanı ağzına yaxınlaşdırmışdı ki, telefonuna mesaj gəldi. Tez fincanı qoyub telefonu götürdü. Düyməni basıb mesajı oxudu. “Maaşınız köçüb”.
-Məni soruşan olsa… – Tez ayağa qalxdı. – Bir şey fikirləşib deyin. Yarım saata qayıdıram.
-Hara gedirsən?
-Maaş köçüb. Onu alıb qayıdıram.
-Axşam evə gedəndə alardıq.
-Yox! Kasıbın pulu cibində olar.
-Rəhbərliyin gələn vaxtıdı. Bir az ehtiyatlı ol.
-Narahat olmayın.
Akif ehtiyatla binanın arxa qapısından çıxdı. Bu tərəflərdə rəhbərlikdən heç kim olmurdu.
Yeraltı keçidi keçəndə telefonuna yenə mesaj gəldi. Açıb baxdısa da bir şey oxuya bilmədi. Keçid yaxşı işıqlandırılmamışdı, həm də tələsik çıxdığından eynəyini götürməmişdi. Mesajda bircə banka aid nəsə gözünə sataşdı, o da şüşə aşağı axan bir yağış damcısı kimi…
Bankın qabağında iki bankomat qoyulmuşdu. Birindən kimsə pul çıxardırdı, ikincisinin qarşısı boş idi. Akif yaxınlaşıb maaş kartını bankomata saldı. Saniyələr keçdi, ekranda kod tələbi göründü. Tələsik kodu yığıb yaşıl düyməni basdı. Bu dəfə bankomat avans təklifi irəli sürdü.
-Öz halal maaşımı vermir, avans təklif edir. – Akif deyinərək yanındakı bankomata baxanda orada heç kim yox idi, bayaqkı adam pulunu çıxardıb getmişdi.
Akif “imtina” düyməsini basdı. Yeni əməliyyatlarla balansı ekranda göstərdi. Gözlərinə inanmadı. Mesaj gəlməyindən heç on beş dəqiqə keçməyib. Bu pul hara yoxa çıxdı?
Balansın qəbzini çıxartdı. On yeddi dəqiqə əvvəl maaşının köçürüldüyü, səkkiz dəqiqə sonra isə çıxarıldığı qeyd olunmuşdu. “Ola bilməz” deyib kartı bankomatdan çıxartdı. Yenidən daxil etdi. Səbrsizliklə əməliyyatları təkrarladı.
Üçüncü dəfədən sonra inandı ki, qorxduğu başına gəlib, pulunu “oğurlayıblar”.
Bakın qapısını açıb içəri daxil oldu. Elə qapı ilə üzbəüz gənc bir oğlan, elə o yaşda da qız dayanmışdı.
-Xoş gəlmisiniz. – Xorla səsləndilər. – Nə kimi köməklik göstərə bilərik?
-Pulumu oğurlayıblar.
-Necə? – Oğlan dilləndi. – Pulunuzu oğurlayıblar?
-Vətəndaş, bura bankdır. – Qız əlavə etdi. – Oğurluq məsələsinə polis baxır.
-Baxın. – Akif Aranlı balans qəbzini onlara göstərdi. – On yeddi dəqiqə əvvəl maaşım köçüb, səkkiz dəqiqə sonra da çıxarılıb.
-Aaa, siz bizim müştərimizsiniz? – Qız qəribə ahənglə soruşdu.
-Bəli!
-Onda heç narahat olmayın. – Oğlan əlavə etdi. – Biz öz müştərilərimizi darda qoymarıq. Mütləq kömək edəcəyik.
-Şəxsiyyət vəsiqəniz üstünüzdədir? – Qız soruşdu.
Akif əlini qoltuq cibinə atdı. Şəxsiyyət vəsiqəsini çıxardıb qıza uzatdı. Qız alıb o yan-bu yanına baxdı. Sonra böyürdə boy verən aparatın üstünə əlini toxundurdu. Aparatın “ağzından” kibrit qutusu boyda bir kağız çıxdı. Qız kağızı götürüb Akifə uzatdı. Əli ilə divardakı lövhəni göstərdi.
-Bir az səbrli olun. Gözləyin. Növbəniz çatanda yaxınlaşarsınız, sizə köməklik göstəriləcək.
Akif Aranlı keçib əyləşdi. İki tərəfdə divarda asılmış lövhəyə baxdı. Onun növbəsinə hələ iki adam vardı.
Dəqiqələr bir il kimi görünürdü. Təmiz hövsələdən çıxmışdı. Səbri lap daralmışdı. Şüşə arxasında oturub müştərilərə xidmət göstərənlərin arxayın davranışı, xüsusən də astagəlliyi onu özündən çıxardırdı. İstəyirdi ki, durub hücum eləsin.
Lövhədə nömrəsini görüb səkkizinci masaya yaxınlaşdı.
-Mənim pulumu oğurlayıblar. – dedi. – On yeddi dəqiqə əvvəl bank maaşımı köçürüb, səkkiz dəqiqə sonra çıxardıblar.
Tələsdiyindən salam verməyi də unutdu. Şüşənin arxasından sakitcə onu dinləyən qız heç sifətini də turşutmadı. Akif sözünü bitirəndən sonra dilləndi:
-İndi yoxlayarıq. Zəhmət olmasa şəxsiyyət vəsiqənizi və kartınızı təqdim edin.
Akif hər ikisini qıza uzatdı. Qız şəxsiyyət vəsiqəsinə baxıb kompüterdə nəsə yazdı. Nə axtardı, nə araşdırdı, bundan xəbərsiz qalan Akifin gözləri qızıb sifətində idi, ümidverici söz gözləyirdi.
Nəhayət, qız dilləndi:
-Hə, bizim müştərimizsiniz. —
-Bir ümid yolu var? – Akif soruşdu.
-Bir az səbrli olun. Yoxlayıram.
Qız indi də kartın o tərəf, bu tərəfinə baxıb kompüterdə nəsə yazırdı.
-Bəli. Bir az əvvəl maaşınız karta köçürülüb, səkkiz dəqiqə sonra çıxarılıb.
-Elə mən də bunu deyirdim də.
-Bizim borcumuzdur. – Qız laqeydliklə dilləndi. – Hər deyilənə inana bilmərik. Yoxlayıb dəqiqləşdirməliyik.
-İndi mən nə etməliyəm?
-Qaynar xəttə zəng vurub məlumat verməlisiniz ki, sizi qeydə alsınlar.
-Siz məlumat verə bilməzsiniz?
-Yox! Müştəri özü, öz telefonu ilə zəng vurmalıdır.
Akif başını bulaya-bulaya telefonunu çıxartdı, qızın dedui nömrəni yığdı. Zəng getdi və operatorun cavabı səsləndi. Akif telefonu qulağından aralayıb qıza müraciət etdi:
-Bunun başı xarabdır? Deyir ki, siz növbədə on altıncısınız. Lütfən, gözləyin.
-Düz deyir. On altı bir o qədər də çox deyil. Bayaq bura gələndə də səkkizinciydiniz. Gözlədiniz, növbəniz çatdı. Xidmət göstərildi.
Dəqiqələr keçdi. Operator hər dəfə yeni nömrəni nəzərinə çatdırıb səbrli olmağa səsləyirdi.
Nəhayət, növbə ona çatdı və müfəttişlə danışmağa başladı. Başına gələnləri dedi. Müfəttiş kartın nömrəsini dəqiqləşdirdi.
-Müraciətiniz qeydə alındı. On beş gündən sonra bankomatlarda vəziyyət sıfırlanacaq. Biz yalnız o zaman araşdırma aparıb sizə məlumat verə bilərik. Hələlik isə hər ehtimala qarşı polisə də məlumat verin. Bir də bir az ehtiyatlı olun.
Akif ordan çıxıb dərhal polisə üz tutdu. Polis şöbəsində onu əvvəlcə giriş qapısında buraxılışa nəzarət edən uzundraz serjant uzun-uzadı danışığa tutdu, başına gələnləri aydınlaşdırdı.
-Ay müəllim, bir az ehtiyatlı olun. – deyib növbətçi hissəyə məlumat verdi və şikatətçini şöbənin ərazisinə buraxdı.
Növbətçi hissənin zabiti Akifi yenidən sorğu-suala tutdu. Sonra dəhlizdə qoyulmuş stulda əyləşib ərizə yazmalı olduğunu bildirdi.
-Ay müəllim, görürsünüz ki, hər yer vələduzna ilə doludur. Siz də bir az ehtiyatlı olun də… – deyib ərizə yazmaq üçün ona kağız-qələm verdi.
Akif ərizəni yazdı. Növbətçiyə təhvil verdi.
-Gedə bilərsiniz. – Ərizəni qəbul edən növbətçi onu yola salmaq istədi. – Ancaq bir az ehtiyatlı olun.
-Siz məni dolamısınız? – Axır ki, Akif özündən çıxdı. – Mənim pulumu avtobusda, metroda cibimdən çəkməyiblər e… Maaşım karta köçürüləndən səkkiz dəqiqə sonra yoxa çıxıb.
Səs-küyə əməliyyatçılardan biri gəldi.
-Nə məsələdir? Nə səs-küy salmısınız?
Növbətçi zabit vəziyyəti ona izah etdi.
-Gedək mənimlə. – Əməliyyatçı Akifi otağına apardı. – İndi hər şeyi yerli-yataqlı mənə danışın.
Akif başına gələnləri danışdı.
-Kimdən şübhələnirsiniz? – Əməliyyatçı soruşdu. – Yəni, evdəkilərdən, iş yoldaşlarınızdan…
Akif təəccübləndi.
-Bəli, bəli, çox vaxt belə də olur. Kartınızın nömrələrini yazıb götürürlər..
Akif xatırlamağa başladı…
Ha xatırladısa, kartını kimə göstərdiyini yada sala bilmədi.
-İndi siz cinayətkarı axtarmayacaqsınız?
-Əlbəttə, axtaracağıq. Nazirliyə məlumat verəcəyik. Oda kiber cinayətkarlıqla mübarizə şöbəsi yaradılıb. Onlar bu işlə məşğul olacaqlar.
-Yaxşı, onda mən gedim. – Ümidini üzməkdə olan Akif Aranlı astadan dilləndi.
-Hə, gedin. – Əməliyyatçı sağollaşdı. – Hər ehtimala qarşı bir az ehtiyatlı olun.
Akif nəsə deməyi lüzum bilmədi. Sakitcə oradan uzaqlaşdı.