Аy hayıf
Həvəs etdim, bağban oldum, bağ saldım,
Hər zəhmətim çıxdı boşa, ay hayıf!
Cəhd eylədim, vaxt itirdim, can qoydum,
Axır düşdüm yaman işə, ay hayıf!
İllərlə suvardım — qəfil qurudu,
Əkdiyim gülləri torlar bürüdü.
Ürək nə sevindi, nə də yarıdı-
Çevrildi qayaya, daşa, ay hayıf!
Qayğıkeş olmağım etmədi çara,
Tuş oldu zəhmətim borana, qara.
Xoşniyyət addımlar etdim dübarə,
Axırda gəlmədi xoşa, ay hayıf!
Dayandı üstümdə Qadiri — Sübhan,
Çalışdım xeyirə, olduqca imkan.
Sonda bir «sağ ola»a qalmadı güman,
Səhvim çıxdı başdan-başa, ay hayıf!
Şirin bildim, hər sədaya dedim «can»,
Qaranlıqlar mənə gəldi çıraqban.
Demədilər, Xaliq, nə sən — nə bağban?
İllər getdi qoşa-qoşa, ay hayıf.