Bütöv ömürdən yarımçıq hekayət
Danışacağım bu həyat romanını müdrik bir qocanın öz dilindən eşitmişəm. Yaşı səksəni haqlamış bu adam özü boyda bir möcüzə idi. Yox! Özüm öz fikrimi təkzib etməliyəm; o, özündən də böyük möcüzə idi. Təəssüf ki, mən indi onun haqqında keçmiş zamandakı kimi danışıram. Çox təəssüf! Amma həyatın qanunudur; bir gün yaranan, bir gün ömrünü başa vuracaq. Kim bu dünyadan nə aparacaq, kimdən bu dünyada nə qalacaq – bax, məsələ bundadır.
Camaat arasında onu heç kimdən fərqləndirmək mümkün deyildi. Dağlarda doğulub boya-başa çatmış, sadə kənd adamlarından biri idi. Bütün dağlılar və kəndlilər kimi yayda da, qışda da bir sözlə, ilin dörd fəslində də başında kepkası, əyinində kostyumu, əyin paltarı qalın olan Çexovun təbirincə desək “Qılaflı adamlar”dan biri idi. Həmişə deyərdi: “Əynini qalın elə ki, soyuq bədəninə dəyməsin, paltarına dəysin”. Əslində, bunda bir qeyri-adilik də yoxdur.
Dağ adamları təbiətin hər “şıltağına” hazır olmalıdır. Günəşli havada qəfil leysan tökülə bilər. İldırım şaqqıldayıb, yer-göy lərzəyə gələndən dərhal sonra günəş zərrin şəfəqlərini yer üzünə yaya bilər.
Dağ adamları işlərini ehtiyatlı tutmağı bacarırlar. Mənim qəhrəmanım da bu sadə adamlar arasında öz dünyagörüşü, ağıllı mülahizələri, müdrik hərəkətləri ilə seçilirdi. Böyüklə böyük dilində, uşaqla uşaq dilində, kolxozçu ilə kolxozçu dilində, ziyalı ilə, alimlə elmi dildə danışmağı bacarırdı.
Onu dinləyənlərin ürəyindən keçənləri gözlərindən “oxuyurdu”. O, qeyri-adi istedad idi. Həmişə də özümə sual verirdim: “Onun istedadının qeyri-adiliyi nədədir?” Bu suala cavab tapacağıq.
…Bu adam atamın doğmaca dayısı oğlu idi.
Qonşu kənddə yaşayırdı. Nə bizə, nə nənəmgilə -doğma bibisigilə gəlib-getdiyini görməmişdim. Münasibətlərin yaxşı, ya da pis olduğunu deyə bilmərəm. Sürücü işləyirdi. Kolxoz maşını ilə səfərləridə həmişə bizim kənddən keçməli idi. O vaxtlar hərdənbir görüşürdük. Məndən on-on iki yaş böyük idi deyə, yoxsa vaxt azlığından, nadir hallarda görüşürdük. Amma sən demə, o, məni uşaq vaxtından izləyirmiş. Bunu mənə çox sonralar, özü dedi – səksən yaşında olanda. “Gələcəyinə çox böyük ümidlər bəsləyirdim”, dedi.
“Səni çox uca zirvələrdə təsəvvür edirdim. Sənin qabiliyyətinə, bacarığına heyran idim. Ürəyimdə həmişə səninlə fəxr etmişəm. Sənin qəzetlərdə çıxan yazılarını oxuyanda qürur hissi keçirirdim.
Seçkilər ərəfəsində divarlara yazdığın şüarlar uzun illər divarlarda qalırdı. Hər dəfə o yazıları görəndə fikrləşirdim ki, şükür cəlalına, Ya Rəbbim, bizim nəsildən də fəxr duyacağımız bir adam olacaq”.
Mən onun danışdıqlarına qulaq asdıqca qəribə hisslər keçirirdim. Bu adam mənə nə qədər ümidlər bəsləyirmiş. O, mənə nə qədər inanırmış, necə ümidlə yanaşırmış. Onun bu sözlərini eşitmək nə qədər xoş idisə, bir o qədər də təəssüfləndirici idi.
Mən onun ümidlərini doğrultmamışdım. Onun arzuladığı səviyyədə, zirvədə deyildim. Ən maraqlısı da bu idi ki, məndən çox, o mənim halıma acıyırdı:
«…Sən Bakıda yaşamalı idin. Nəhəng balıqlar nəhəng dənizlərdə, dəryalarda yetişər, deyirdi. Böyük rus yazıçılarının əksəriyyəti Moskvaya, Sankt-Peterburqa can atıblar. İnkişaf üçün zəngin ictimai-siyasi, elmi mühit lazımdır.»
Sözarası mən də onun belə qaynar həyatdan uzaq olduğunu dedim. O, sakitcə mənə qulaq asırdı. Onun fenomen yaddaşa malik olduğunu, ensiklopedik biliyə, yüksək intellektə, fəlsəfi təfəkkürə yiyələndiyini deyəndə məmnun qaldığını deyə bilmərəm, amma gözlərində dərin bir nisgilin və təəssüf hissinin oyandığını duymaq çətin deyildi.
O, aramla, çox təmkinlə “mən akademiyanı qurtarmışam, dedi, sən mən qurtaran akademiyanı qurtarmamısan!” Mən təəccüblənməyə macal tapmamış ağır-ağır, hüznlü bir səslə: “Mən yetimlik akademiyasını qurtarmışam!” dedi. Səsindəki hüzn, qəlbindəki nisgil, könül əzabı bir anlıq çöhrəsinə yayıldı.
“Sən atalı-analı böyümüsən, yetimliyin nə olduğunu bilməmisən”.
Mənim ürəyim göynədi. Yaraları qanamışdı. Yaşı səksəni haqlamış bu adam indi yetimlikdən, yetimlik akademiyasından danışırdı.
“Dünyanın ən pis evi yetimin incidildiyi evdir”. Bu Məhəmməd Peyğəmbərin sözləridir. Kədərli şəkildə köksünü ötürdü.
-Mən universitetə qəbul olmuşdum. Şər Allahı Əhriman başımın üstündə gözləyirmiş.
O, acı bir həqiqəti danışmağa başladı: -Yetmişinci illərin əvvəlində Söyüdlü kəndində bir alimin evinə qum-çınqıl daşıyırdım. Bir köhnə samosval maşınım var idi. Kabinada çoxlu kitablar gəzdirirdim. Yenə yükü boşaldıb kitab oxumağa başladım. Bir uşaq yanımdan keçəndə kitab oxuduğumu görüb təəccüblənib. Gedib atasına deyib ki, şofer kitab oxuyur. Bir də gördüm alim gəldi. Əlimi sıxıb təşəkkür elədi. Dedi ziyalılarımızın çoxu kitab oxumur. Səndən nə əcəb mütaliə ilə məşğul olursan? Sözün düzü, gözlərimə inana bilmirəm ki, şofer kitab oxuyur. Mən kabinadakı kitabları ona göstərəndə çox heyrətləndi. Alim mənə təşəkkür elədi. Mənə rəğbəti daha da artdı. Mənim heç orta təhsilim olmadığı bir yana, birinci sinfi tam oxumadığımı biləndə, lap məəttəl qaldı. İnanmaq istəmirdi.
Onun sözünü kəsdim: -Mən də inanmaq istəmirəm, — dedim.
-Necə yəni, birinci sinfi tam oxumamışam? -Bəli, mən birinci sinfə yanvara qədər getmişəm.
Sonra oxumadım.
-Niyə? -Məktəbə geyinməyə paltarım, əynim-başım, ayaqqabım yox idi.
-Necə yəni, əynim-başım yox idi? Lüt gəzirdin bəs? Harda yaşayırdın ki, bəs evin-eşiyin, qaldığın bir yer yox idi? Küçələrdə yaşamırdın ki? -Düzdü, küçələrdə yaşamırdım. Amma evdə də yaşamırdım. Padvallarda, tövlələrdə yaşamışam.
Çünki tövlə, inəklərin, camışların nəfəsi evdəkilərin nəfəsindən isti idi.
-Ay Allah! Sən nə danışırsan? Evdəkilər kimlər idilər ki? -Ehh qardaş! İnanmayacaqsan! Mən nənəmin yanında yaşayırdım. Əmimin uşaqları da orda yaşayırdılar. Məndən on-on iki yaş böyük idilər.
Əmimin birinci arvadından olan uşaqları idilər.
-Onun birinci arvadı varlı ailədən olub. Nə bilim, deyirdilər guya bəy nəsili imiş. Sovet höküməti də o vaxt bilirsən də, belə ailələrin düşməni idi. Deyilənə görə, əmimgil ona görə ayrılıblar. Arvad, deyəsən, çıxıb gedib. Əmimin ikinci arvadı isə uşaqları qəbul eləməyib. Uşaqlara nənəm baxırdı.
Yazıq nənəm! Onların əlindən zara gəlmişdi. Onlar mənim burnumda qıl əyirirdilər. Ömür boyu onlar mənim əlimə-ayağıma dolaşırdılar.
-Bəs sənin atan-anan yox idi? -Var idi! Mən atalı-analı yetim idim.
-Qəribədir! Necə yəni, atan var, anan var, amma yetimsən.
-Bəli, atam var, anam var, amma yetiməm! -Qəribədir! -Bəli, qəribədir. Atam rayonda müstəntiq işləyirmiş, anam bir gün başıaçıq, ayaqyalın atamın otağına girib və haray-həşir salıb, qışqırıb, ağlayıb, isterik vəziyyətdə özünü çırpmağa başlayıb. Deyib ki, mənə baxmırsan, əynimə, başıma almırsan, evdə yemək-içmək yoxdur. Atam da əmimə deyib ki, bununla get bizə, gör bizdə nə çatmır. Bunun nəyi əksikdir. Əmim anamı götürüb bizə getmək istədikdə, anam qoymayıb. Deyib ki, nə olsun evdə hər şey var. Mənə baxmır. Burda arvadlarla oynayır. Atam bərk hirslənib. Əmim də anamın üstünü kəsib ki, bu nə biabırçılıqdır. Özünü də rüsvay edirsən, ərini də.
Elə həmin andan atam anama deyir get-şey-şüylərini də yığışdır, cəhənnəm ol, hara gedirsən get! Beləliklə, onlar ayrılıblar. Anam məni qoyub gedib. Atamı sonra Naxçıvana göndəriblər.
Mən nənəmin himayəsində qalmışam. Müharibə başlananda mənim beş-altı yaşım olub. Atam bir neçə il Naxçıvanda işləyəndən sonra iş yerini Kirovabada dəyişiblər.
Bilmirəm nə haqq-hesab olub, atamı ilişdiriblər.
Elə o gedən gedib. Bir xəbər-ətər olmayıb sonralar…
Mən nənəmlə yaşamaqda davam edirdim. Bir tikə çörək tapanda əmimin böyük uşaqları döyüb əlimdən alırdılar. Yazıq nənəm qoynunda, qoltuğunda gizlətdiyi bir-birinə yapışmış karamel konfetləri xəlvətcə mənə verirdi. Onu da imkan tapıb rahat yeyə bilmirdim. Həmişə məni qoyun-quzu, qaz otarmağa göndərirdilər. Bir gün yenə qəbristanlığın yanında qaz otara-otara uşaqlarla oynayırdıq.
O vaxtın oyunu da çiling-ağac idi. Bir uşaq gəldi dedi ki, səni Münəvvər xala çağırır. Soruşdum: “Münəvvər kimdi?” -Münəvvər xala, dana! Tanımırsan ki?! Anamın adının Münəvvər olduğunu bilirdim.
Amma gedəndən sonra görməmişdim. Görsəydim bəlkə heç tanımazdım. O da heç məni axtarmırdı.
Bəlkə də axtarırmış, amma görməmişdim. Nə isə…
getdim. Balaca bir daxmada yaşayırdılar. “Kərtmə” deyilən ev idi. Bir otaqlı miskin bir evdə yaşayırdılar.
Məni görüb yaxınlaşdı. “Mən sənin ananam”, deyib ağlamsındı, üzümdən öpdü. Mən nəsə bir doğmalıq hiss eləmədim. Bilmirəm çoxdandı görmədiyimə görədi, yoxsa onun soyuq münasibətindən idimi, heç sevinmədim. Sevinə bilmirdim. Onun hərəkəti oğlundan ayrılmış, uzun illərin həsrətlisi olan anaya bənzəmirdi. Dərhal giley-güzarla başladı. Dedi atanın qarğışı tutdu məni. Atan deyirdi ki, sən elə adama ərə gedəsən ki, bütün günü kotanla yer şumlasın, axşam da gəlib buxarının qırağında çarığını qurutsun. Görürsən, bala, mənim günüm gün deyil.
Mən həsrət-həsrət, ümidlə onun əlinə baxırdım.
Fikirləşirdim ki, indi mənə qarındoyusu yemək verər. Gedəndə də iki-üç çörək verər ki, evdə bir neçə gün yeyib dolanaram. Anam üzünü yazıq görkəmdə mənə tutub dedi: -Ərim yad kişidi, gəlib görər səni burda. Səni də döyər, məni də. İndi dur get, bala. Çörəyimiz yoxdur. Olsaydı sənə çörək verərdim.
O, yalan deyirdi. Mən gələndə görmüşdüm o sacda çörək bişirirdi. Mən tez durub getdim. Sözün düzü, bir az da qorxmuşdum. Qaça-qaça ordan aralandım. Elə bilirdim ki, kişi, doğrudan da, məni görər, döyər.
Mən indi deyə bilmərəm o vaxtlar nə hisslər keçirmişdim. Onu bilirəm ki, ana deyilən bir kəs ölüm ayağında da balasının xatirinə canından keçməyə hazır olamlıdır. O, isə mənə bir tikə çörək verməkdən qorxdu. Bu yetmiş il əvvəl olmuşdu. Düzdü, o vaxtlar yetim uşaqlar çox idi. Ərləri müharibədən qayıtmayan bir saçını ağ, bir saçını qara hörən o qədər dul qalmış gəlinlər var idi ki! Ataları müharibədən qayıtmayan uşaqların heç olmasa anaları yanlarında idilər. Bəs mən? Anam ola-ola anasız yetim. Əmilərim dövlət qulluğunda idilər. Əmim uşaqları böyümüşdülər. Əslində, onlar heç korluq çəkmədilər. Nənəm də oğlanlarına görə hörmət-izzət sahibi idi. Belə baxanda mən də əzab-əziyyət çəkməli deyildim. Amma nədənsə mənə qarşı qohum-əqrəbanın münasibəti çox pis idi. Bəlkə də, mənə elə gəlirdi. Nənəmin yanına gələn qohumlar əmimin uşaqlarının başını sığallayır, üzündən öpür, ciblərindən konfet çıxarıb verirdilər. Məni isə elə bil görmürdülər. Mənə ən çox təsir eləyən elə şeylər idi. O qədər gedib çay qırağında, kolların dibində ağlamışam ki?!
Məni həyata Nizami qaytardı. “Xəmsəni ” oxuyandan sonra dərk elədim, başa düşdüm ki, elmsiz, biliksiz heç vaxt cəmiyyətdə yer tutmaq olmaz.
Ziyalının, savadlı adamın el arasında nüfuzu ilə şoferin nüfuzu eyni ola bilməz. Kitablara girişdim. Çox çətinlik çəkirdim. Hərfləri öyrənib vərdiş edənə qədər xeyli vaxt keçdi. Tanışlardan biri “Səfilləri”oxumağı məsləhət gördü. Əsər məni o qədər cəlb eləmişdi ki, gecə-gündüz yorulmadan oxuyurdum. Az qala maşın gedə-gedə də oxumaq istəyirdim. “Səfillər”i yəqin oxumuş olarsan. Qavroşun yerində özümü görmək istəyirdim. Təbii ki, Qavroşla mənim taleyimdə çox az oxşarlıq tapmaq olardı. Hər halda, Parisin həyatı ilə ucqar dağ kəndinin həyatını heç müqayisə eləməyə dəyməz. Ancaq yetim hər yerdə yetimdir.
Mütaliəyə o qədər aludə olmuşdum ki, kitabxanalarda yeni-yeni kitablar axtarırdım. O vaxtlar heç fəlsəfə barədə təsəvvürüm yox idi. Qədim yunan filosoflarının, alman filosoflarının kitablarını kitabxanaçıların tövsiyyəsi ilə oxumağa başladım.
Oxuyurdum, amma elə də dərindən dərk edə bilmirdim. Yeni-yeni müəlliflərin adını eşitdikcə onların əsərlərini həvəslə oxumağa başladım. Nizamidən üzü bəri bütün klassikləri acgözlüklə oxuyurdum.
Xaqani, Nəsimi, Fizuli, Vaqif, Axundov, bütün molla nəsrəddinçilər; Cəlil Məmmədquluzadə, Əliqulu Qəmküsar, Ömər Faiq, dahi Sabir, onlarla başqa dahi şairləri, yazıçıları, filosofları acgözlüklə oxuyurdum. Qədim yunan filosoflarının, alman filosoflarının əsərlərini hardan olsa tapıb oxumaqdan doymurdum. Şofer yoldaşlarım hərdən məni lağa qoyurdular. “Mərdan oxuyub alim olacaq”, deyirdilər. Ən çox faydalandığım filosof Lixtenberqdir.
Eramızın birinci-ikinci yüz illiyində yaşamış Qədim Roma imperatoru Avreli Markın “Öz özümlə söhbət” kitabı isə ən çox bəhrələndiyim, təfəkkürümün formalaşmasında xüsusi əhəmiyyəti və rolu olan kitabdır. Kitab onun stolunun siyirməsindən çıxıb. Axtaranda tapıblar. Avreli Mark deyir ki: “insan ömrü ani, zaman fani, hislər qeyri-müəyyən, bütün bədən üzvləri vəcddən düşən, ruh səbatsız, tale müəmmalı, şöhrət etibarsız, həyat mübarizə və qurbətdə səfillik”dir.
“Hər kəsin dəyəri onun nəyə can atmasındadır”.
Bu Avreli Markın sözləridir. Bir adam günorta bir piti yeyib yüz qram araq içməyin arzusundadırsa, onun dəyəri də bir o qədərdir.
Ən çox sevdiyim və dəyər verdiyim filosoflardan biri də Yas Persdir. Çox qiymətli kitabları var.
…Mərdan danışdıqca mən heyranlıqla qulaq asırdım. Daxilimdə acı bir etiraf var idi: bütün bunları mən bilmirdim. Nə o filosoflar haqqında eşitmişdim nə onların kitabları haqqında məlumatım var idi.
Mərdan davam edirdi: -Sevə-sevə, heyranlıqla oxuduğum, pərəstiş etdiyim dahilərimizdən biri də Şəhriyardır. Şəhriyar deyir:
Könül verdiyin iş ucaldar səni, Könül vermədiyin qocaldar səni.
Bədəndə hər üzvün var öz yeri, Qolun qol yeri var, gözün göz yeri.
Vətənə bilək də, göz də gərəkdir, Qılıncla bərabər, söz də gərəkdir.
Mərdan çox şövqlə olmasa da ehtiramla Şəhriyarın şeirlərindən bir neçəsini dedi. “Getmə tərsa balası, mən də sənə sayə gəlim” qəzəlini xüsusi heyranlıqla, izah edə-edə, tərifləyə-tərifləyə söylədi.
Mərdan hansı sahədən danışırdısa, söhbətin ortasında mütləq hadisəyə aid dahilərin, şairlərin, filosofların fikirlərindən sitat gətirirdi.
– Qüdsi, böyük mütəffəkir, — deyir ki:
Ey Qüdsi, dövlət bir pərdədir inan,
Onunla örtülür cinayət, nöqsan.
Bir məsəl dedilər dövlətə bağlı,
Harunun sərvəti, qadının ağlı.
Bu qədər nümunələri yadda saxlamaq, söhbətin lazımi anında istifadə etmək, özü də çaşmadan əlini çənəsinə, barmağını gicgahına dirəyib fikirləşmədən, hıqqanmadan rəvan şəkildə, aram-aram danışmağının özündə də bir möcüzə var idi.
Mərdan arada bir soruşurdu: -Başağrısı vermirəm ki? -Yox! – deyib başımı bulayırdım.
-Hə-ə! Bir dəfə Gəncədə bir aptekə girmişdim.
Təsəvvür elə üstüm, başım kir-pasax, paltarım köhnə, səliqəsiz, yoluq bir sifətdə aptekə girmişəm.
Fikirləşdim ki, şofer adamam, kimdi eey mənim səliqəmə, səhmanıma fikir verən. Aptekçi məni bu vəziyyətdə görüb saymazyana kobud surətdə, çox hörmətsiz şəkildə qarşıladı. Onun bu hörmətsizliyi mənə o qədər təsir elədi ki, həm özümə, həm ona nifrət elədim. Acıqlı-acıqlı soruşdu: -Nə istəyirsən? Sədinin bir beytini dedim:
Acıqla bir sözü söylərsə nadan,
Ağıllı dindirər onu mehriban.
Mən də əksinə olaraq onu mehriban qarşıladım.
Gördüm, xətrinə dəydi. Yəqin idi ki, özünü şəhərli, mədəni hesab eləyirdi, məni də çoban-çoluq. Dedi: “Bu savadsız adamlar savadlı adamlarla danışanda mən dilxor oluram. Özünü elə ağıllı göstərməyə çalışırsan ki, elə bilirsən sənin də qandığın bir şey var”. Dedim, ay həkim, vallah, mən də savadsız deyiləm. Üstümü unlu görüb… sözümü ağzımda qoydu. Az qala-üstümə qabara-qabara dedi: “Bədbəxt oğlu, bir stəkan su ilə inandırmaq yoluyla xəstənin müalicə qaydası var. Sən təbabətdən nə bilə bilərsən. Üst-başından cin hürkür. Əyin-başından mazut iyi gələn slesar mənə dərs keçəcək?” Dedim, dayan! Əsəbi halda üzümə baxdı: “Vaxtımı alma, tez ol, de görüm nə istəyirsən, işim-gücüm var”.
Dedim: -Qədim təbabətin atası Hippokrat deyib ki, təbabəti fəlsəfə ilə əlaqələndirməyi bacaran həkim allahdan qüvvətlidir. Hələ emosiya sözü elmə məlum olmadığı zamanlarda Əbu Əli İbn Sina tibbi – eksperimental təcrübə apardı. Pavlov deyir ki, əsəbləri normal hala salan brom maddəsinin təbabətdə məlum olmasına görə bəşəriyyət özünü xoşbəxt saymalıdır.
Aptekçinin gözləri bərələ qalmışdı. Dedi: -Qardaş, kolluqda aslanlar olarmış. Sənə canım da qurbandı. Keç, nə dərman lazımdırsa, götür. Pulun-zad da lazım deyil.
Bu hadisəni bilirsən nəyə görə belə yerli-yataqlı danışıram? Cavabımı gözləmədən danışmağa başladı. Orasını deyim ki, aptekçi sağ olsun, mənə yaxşı dərs verdi. O hadisədən sonra mən əynimə-başıma, geyim-geçimimə xüsusi fikir verməyə başladım. Həmişə təzə kostyum, təmiz köynək, yaxşı ayaqqabılar, nə başını ağrıdım, bircə qalstuk bağlamırdım.
Bilirdim ki, dələduz şofer yoldaşlarım lağa qoyacaqlar. Qalstuk bağlayana həmişə deyirdilər, bu xaltanı boğazından aç tulla. Kabinkada ayrıca iş paltarı gəzdirirdim. Lazım olanda paltarımı dəyişirdim. Yaxşı geyinməyimin bir xeyri də oldu. Elə qalstukun da kəramətini gördüm.
*** Arada süfrəyə çay da gəlirdi. Qurtum-qurtum içib köhnə xatirələri çözələməyə başlayırdı.
Bir dəfə tanış müəllimlər məni toylatdılar (tovladılar demək istəyirdi. Həm də ironiya ilə dedi. Onu tovlamaq mümkün deyildi) Mənə, dedilər bu savadın, bu biliyin yiyəsisən, müəllimlərdən çox bilirsən, niyə sən şofer işləyirsən. Get nazirliyə, qoy sənə iş versinlər. İnstituta düzəltsinlər. Niyə şofer işləməlisən ki? Dedim ə-ə, əl çəkin, mən yazmaq bilmirəm, pozmaq bilmirəm, məni kimdi instituta qəbul elətdirən. Əl çəkmədilər. Mənim adımdan Maarif Nazirliyinəmi, bilmirəm o vaxtlar Təhsil Nazirliyi idimi, dəqiq yadımda deyil, ora ərizə yazıblar. Nə başınızı ağrıdım, Zəyəm daş karxanasından daş daşıyırdım. Tanışlardan biri dedi ki, Mərdan, sənə Nazirlikdən kağız gəlib. Baxdım ki, Ali Təhsil Nazirliyindəndir. Məni qəbula çağırırlar.
Heç ağlıma gəlməzdi ki, ərizə gedib çatmış olar.
Elə bilirdim müəllimlər lağ-lağı eləyiblər. Dedim getməyəcəm. Fikirləşdim ki, gedib Nazirlikdə mən nə deyəcəyəm. Diplomum yox, təhsilim yox. Yalandan adımı gecə məktəbinə yazdırıb bir attestat almışdım, onunla mən neynəyə bilərdim. Bilsəydim ərizəmə belə reaksiya verəcəklər heç qoymazdım yazmağa. Dost-tanış məcbur elədi ki, get, səndən gedən nədir? Həm Bakını gəzərsən, həm gözün görər dünyada nə var, nə yox. Həm də Allahın işidi, bəlkə bir gün doğdu. Dedim, a kişi, mən Bakını tanımıram. Şəhərdə azıb, itib-bataram. Mən kimi axtaracam, harda axtaracam. Dedilər, biz kömək edəcəyik. Beləliklə, getdim Bakıya. Qohumlardan biri məni apardı Təhsil Nazirliyinə. Növbəyə yazdılar: iyrmi üçüncü adam idim.
-Yormuram ki, sizi. -Çaydan bir iki qurtum içib davam elədi. — Gördüm üç nəfər gəlir. Səliqəli-səhmanlı, yaxşı geyinib-geçinmiş, ziyalı adamlardı.
Mən də yaxşı geyinmişdim. Amma onların geyimi ilə mənim geyimim arasında çox fərq var idi. Kənd adamı dərhal seçilir, nə geyinir geyinsin. Onlar da Nazirin qəbuluna gəlmişdilər. Söhbət əsnasında məlum oldu ki, bunlar universitetin müəllimləridirlər. Dedilər Nazir Moskvadan təzə gəlib, yəqin ki, yorğun olar, görəsən, qəbul edəcəkmi?
Bu vaxt biri gəlib səsləndi: “Qasımlı kimdi, gəlsin”, dedi. Qəbul otağına daxil oldum. Gördüm pilləkənlar yuxarı qalxır. Ürəyim döyünə-döyünə pilləkənlə yuxarı çıxmağa başladım. Yarıya qədər qalxmışdım. Gördüm Nazir başdakı stulda oturub.
Özümü itirdim. Çox həyəcanlanmışdım. Nəyə gəldiyimi də unutmuşdum. Geri qayıtmaq istəyirdim.
Nazirin səsi məni saxladı: -Ə-ə, gəl görüm, kimsən, nəçisən, nə istəyirsən? Doğrusu heç gözləmirdim ki, o boyda vəzifə sahibi mənə “ə-ə” deyər. Çaş-baş qalmışdım. Nə deyəcəyimi də bilmirdim. Ətrafındakı adamları da elə muncuq kim sapa düzmüşdülər. Sakitcə mənə baxıb qımışırdılar. Qapıdakılar yadıma düşdü. Duruxdum. Bir an beynimə gəldi ki, qayıtsam qapıda gözləyənlər deyəcəklər: “Bunun elə bol dili varmış”. Bu vaxt Nazir ayağa qalxdı. Bir də səsləndi.
Ə-ə deməyi mənə lap yer eləmişdi. Dedim, yoldaş Nazir, siz nazirsiniz, mən fəhləyəm. O stolun haqqı, mən öz mənliyimi yeddi nazirə dəyişmərəm.
Sizə bərabər mənim adamlarım var, mən heç onlara salam vermirəm. Bura vəzifənə görə gəlməmişəm, ünvanına görə gəlmişəm. Bir şeyi unutmayın ki, elm, mədəniyyət mərkəzində minlik lampa kimi parlayırsan. Ətrafında dolanan insanları yandırma.
Bu təbiətin qanunudur, o işıq sönərsə onların birini də görə bilməzsən.
Stoldan qalxdı, ayrı stulda oturub dedi: -Qasımlı, gəl əyləş.
Əyləşdim. Dedi: -Təhsilin nədi? Dedim: -Birinci sinfi tam bitirməmişəm.
Güldü: -Necə yəni, attestatın yoxdur? Dedim: -Attestatım var, almışam.
Dedi: -Necə almısan? Dedim: -Gecə məktəbindən yazıb veriblər.
Dedi: -O müəllimlərin əlini sıxarsan mənim əvəzimdən. Düz eləyiblər. Çox maraqlıdır.
Yanındakılara rusca nəsə dedi. Mən də rusca “netnən, yesti” də bilmirəm. Həmin adam harasa zəng vurdu. Telefonun dəstəyində səs gələndə onu nazirə uzatdı. Nazir telefonla rusca danışıb sonra Azərbaycan dilində danışa-danışa mənə baxdı.
Adını, familiyanı, atanın adını dəqiq de. Ad-familiyamı dəqiq deyəndən sonra o təkrar telefonda deyib əlavə etdi: -Sentyabrın birindən bu adam hansı fakultədə istəsə, oxuya bilər. Xahiş edirəm yer ayırın. Şəxsən mən xahiş edirəm. – Rusca nəsə deyib razı halda mənə baxdı. – Sentyabrın birindən tələbəsən. Hansı fakultəni istəsən, seçə bilərsən. İndi gördün ki, rektornan danışdım.
Sevindiyimdən başım hərləndi. Bilmirdim nə deyim, nə eləyim. Az qala uça-uça bayıra çıxdım. Kəndə necə gəldiyimi təsəvvür elə! Bir gün sonra şər Allahı Əhriman başımın üstündə gözləyirmiş. Nə təhər xəstələndimsə, bir ay ağzı üstə yatdım.
Ağzıma su damızdırırdılar. Təsəvvür elə ki, ölümdən qayıtdım. Əlim hər şeydən üzüldü. Bu da mənim acı taleyimin mənimlə daha bir oyunu. Ali təhsil ala bilmədim. Və… elə şofer olaraq qaldım.
Bu əhvalatı Mərdandan başqa min adam da danışsa, birinə inanmazdım. Amma Mərdanda zərrə qədər yalançılıq olmadığına görə yüz faiz əmin idim. Özü demişkən bu da onun taleyinin daha bir ironiyası idi.
*** …1955-ci ildə şoferlik məktəbində oxuyurdum.
Əmim o vaxtlar ispolkomda işləyirdi. Şöbə müdiri idi. Onların evində qalırdım. Daha doğrusu, həyətdə bir toyuq hini kimi yer var idi. Orada yaşayırdım. Yəni, orada qalırdım. Altımda döşək yox idi, üstümdə yorğan. Əmimin köhnə bir şinelinə bürünüb yatırdım. Həyətdə məndən başqa iki tələbə kirayədə qalırdılar. Onların otaq şəraiti yaxşıydı. Onlar olmasaydı, mən acından, soyuqdan ölərdim.
Doğma əmim evində mənə bir tikə çörək, yatmağa bir kravat verməmişdilər. Əmimin arvadı deyirdi, iti görüm, qurdu görüm Mərdanı görməyim. Elə hey əmimnən dalaşırdı ki, bu yetimi rədd elə burdan. Arvad uşaqları da yanıma qoymurdu, üstünüzə bit-birə çıxar, deyirdi.
Altı ay mən orada qaldım. Bu altı ayda çəkdiyim mənəvi zilləti iyirmi ildə çəkməmişdim…
Sürücülük kursunu bitirmişdim. O vaxt qayda-qanun elə idi ki, hər hansı bir təşkilatda stajor kimi işləyib arayış almalısan. Bir neçə gün bir şoferin yanında olursan, sonra müdiriyyət sənə arayış verir, gətirib məktəbə təqdim edirsən, ondan sonra “prava” verirdilər. Məni o vaxt tikiş fabrikinə göndərmişdilər. Qəbul otağında katibəyə dedim ki, şoferlik məktəbindən gəlmişəm. Mən neynəyim, kimə müraicət eləyim. Dedi, gözlə. Direktorun otağına girib qayıtdı. Dedi, keç direktorun yanına.
Çəkinə-çəkinə içəri girdim. Direktor xanım-xatun bir qadın idi. Əlim əsə-əsə stajor vərəqini ona uzatdım. Dedi, cibinə qoy. Qadının sifəti bir anda tutuldu. Dedim, yəqin üst-başımdan, vid-fasonumdan iyrəndi. Əmimin arvadı gözümün qabağına gəldi.
Oturmağa yer göstərəndə inanmadım. Qorxa-qorxa “sağ olun” dedim, “ayaq üstə duraram”. Dedi, otur.
Böyrümdə durub adımı soruşdu. Dedim, adım Mərdandır. Familiyan da Qasımlı? Təəccübləndim, üzünə baxdım. Ağlıma gəlmir ki, məktəbdən fabrikə məktub göndərmiş olarlar. Dedi atan varmı? Dedim atam yoxdur. Bəs anan varmı? Dedim anam da yoxdur. Bəs qardaşın, bacın? Dedim qardaşım-bacım da yoxdur. Bəs sənin nəyin var? Dedim quru yerlə göydən başqa heç nəyim yoxdur. Sənin heç kimin yoxdur bəyəm? Dedim nə qədər istəsən, yerlə gedirəm, göy də başımın üstündə durur. Yanımda bir dəqiqə fikirli dayanıb otağın o biri başına tərəf addımladı. Otaq böyük və işıqlı idi. İçəriyə gün işığı düşürdü. Yerdə göz yaşının parıldadığını gördüm. Pəncərənin qabağına tərəf getdi. Mənə baxmadan dedi: “Şofer işləyəndə, ehtiyatlı ol. Sizin yerlər dərəli, təpəli yerlərdir, yollarınız narahatdır.
Yasamalın perevalında çox diqqətli olmalısan. Maşını heç vaxt bərk sürmə”.
Səsindən hiss edirəm ki, ağlayır. Titrək səslə dedi: -Ailə quranda mənsiz qurma. Sənin toyunu özüm edəcəyəm. Ev tikəndə mənimlə məsləhətləş.
Məni kəndinizə apararsan. Oraları görməmişəm.
Deyirlər çox səfalı yerlərdir.
Elə bil yuxu görürüdüm. Nə deyəcəyimi, nə edəcəyimi bilmirdim. Əynimə-başıma baxdım, xəcalətimdən ölürdüm. Yer yarılsa yerə girərdim. İstədim duram çıxam. Əynimdə bir şalvar, bir köynək var idi. Təsəvvür elə, yanvar ayı, bir köynək, bir şalvardayam. Şalvarım hansı parçadan tikildiyi bilinmirdi.
Altı ay müddətində nə o paltar yuyulmuşdu, nə də mən çimmişdim. Bədənimə ona görə həşərat düşməmişdi ki, canımda, qanımda, yeyiləsi bir şey tapa bilməzdi. Direktor katibəni çağırıb göstəriş verdi ki, bağbanı yanıma çağır. Bir azdan yaşlı bir kişi içəri girdi: “Eşidirəm, Şəmsiyyə xanım. Nə tapşırığınız var?” Şəmsiyyə xanım dedi: “Lətif kişi, aparırsan bu oğlanı, salırsan hamama. İki dəst alt paltarı, iki köynək, beş-altı cüt corab, bir dəst yaxşı kostyum alırsan. İki cüt ayaqqabı al. Sonra gələrsiniz yanıma. Gəl bu pulu götür get, özü nəyi bəyənsə, onu da alarsan.
O, siyirməni açıb oradan bir dəstə pul çıxarıb Lətif kişiyə uzatdı. Getdik Lətif kişi ilə deyilənlərin hamısını aldıq. Girdim hamama, fabrikin özünün içində hamam var idi. Lətif kişi necə istifadə eləməyi, suyu soyutmağı, isitməyi öyrətdikcə ölüb yerə keçirdim.
Hamam görməyən adam, ay Allah, elə bilirdim cənnətdəyəm. Kənddə ayda, ildə bir dəfə bir vedrə su ilə kirimizi isladırdıq, elə bilirdik çimirdik. Bu mənim iyirmi illik həyatımda ən romantik anlar idi. Çimib çıxana yaxın Lətif kişi gəlib gülə-gülə soruşdu: “Həə, dağlar oğlu, nə təhərsən?” Yaman utandım, tez gizlənmək istəyirdim. “Utanma, lələ”, Gəncə ləhçəsi ilə dedi. “Əynini geyin, bayırda gözləyirəm. Şəmsiyyə xanım dedi yanıma gəlsin. Bəxtin açılıb, lələ”, deyib göz vurdu. Geyinib güzgüdə özümə baxanda sevincimdən başım hərləndi. Özüm-özümü tanıya bilmirdim. Gəldik Şəmsiyyə xanımın yanına. Gülümsəyib dedi: “İndi oldun şkarnı oğlan. Get, sənə uğurlar.
Amma sənə son sözüm: ömür boyu mənimlə əlaqəni üzmə”. Durub mənə tərəf gəldi.
Təsəvvür elə, məni qucaqlayıb öz balası kimi bağrına basdı. Mən onun üzündən-gözündən öpməyə cəsarət eləmədim. Əllərindən öpmək istəyirdim, qoymadı. Gör, nə qədər alicənab qadın idi. Mən onun bu alicənablığına görə ayaqlarından öpərdim. Ona görə yox ki, mənə bu qədər pal-paltar almışdı. Ona görə ömrümdə mən bu qədər isti münasibət görməmişdim. Mən onda bildim ki, ana-bacı qayğısı, sevgisi, qadın nəvazişi, ana mehri, ana nəfəsi nə olan şeydi.
Məni dünyaya gətirən ana mənə bir parça qarğılalı cadını qıymadı, ərim döyər dedi, amma tanımadığım yad bir qadın ən əziz adamlarımın birinin eləmədiyi yaxşılıqları elədi. Bax, budur əsl-nəcabət. Doğma anamın əsli-nəcabəti olmadığına görə özü də zillət içində yaşadı, mənə cəhənnəm əzabı yaşatdı. Atamın da taleyinə qara ləkə oldu. Ayrılmasaydı, çörəyinə təpik atmasaydı, bu məşəqqətləri görməzdik.
Şəmsiyyə xanımın otağından çıxandan sonra Lətif kişi məni avtobus dayanacağına gətirdi. Ayrılanda dedi: “Bala, bu qadın elə-belə, adi adamlardan deyil.
Sən bununla əlaqəni kəsmə. Hələ bu sənə çox lazım olacaq. Bu qadın çox sənin kimilərə əl tutub. Allaha qurban olum, bu cür qadına övlad qismət eləmədi.
O, bəlkə də sənə öz balası kimi təsəvvür eləyib mehr salmışdı. Unutma bu qadını”. Lətif kişi də mənimlə mehriban görüşüb ayrıldı. Mən avtobusa minmədim.
Əynimə-başıma, ayaqqabıma baxa-baxa yeriyirdim. Elə bilirdim hamı mənə baxır. Ayağım ayaqqabı görməmişdi, elə bil yerişim dəyişmişdi.
Evə gəldim, yəni, əmimgilə, yaşadığım toyuq hininə! Şoferlik məktəbini qutarmışdım. Şey-şüylərimi yığışdırıb kəndə qayıtmalı idim. Şey-şüy deyəndə də əslində heç nəyim yox idi. Bir dəftərim var idi, şoferliyə aid, onu da müəllim vermişdi. Bir də indi Şəmiyyə xanımın mənə aldıqları paltarlar idi. Tələbələrlə görüşüb onlara da xüsusi minnətdarlığımı bildirib gedəcəkdim.
Əmimin arvadı məni həyətdə görüb tanımadı.
Fikir verirsinizsə, mən onun adını çəkmirəm. Çaşıb qalmışdı. Birdən arvadı elə bil tok vurdu. “Bu nə əyin-başdı ə-ə! Hardan oğurlamısan bunları?” Qəzəbli-qəzəbli yaxınıma gəlib əli ilə yoxlamağa başladı. “Kimin soyxalarıdı ə-ə bunlar?. Bu saat de görüm, hardan oğurlamısan?” Arvad zorla boynuma qoymaq istəyirdi ki, mən bu pal-paltarları hardansa oğurlamışam. Əl çəkmirdi. “Səndən nə desən gözləmək olar. Dağda, dərədə, toylalarda böyümüş küçə uşağından daha nə gözləyəsən. Dayan, qoy, bir əminə zəng vurum, görüm, bu nə rüsvayçılıqdır. Bircə bu qalmışdı qonum-qonşu yanında xar olduq”. O, telefonu götürüb əmimin iş yerinə zəng vurdu. Hirsli-hirsli dedi: “Ayə, Əmrah, ə, xar olduq camaat içində. Ə-ə, bilirsən bu qardaşının küçüyü nə… yeyib?” Küçük deyəndə dözmədim.
Dedim, mən küçük deyiləm. Sənə çörək verən bir kişinin qardaşı oğluyam. “Səsini kəs, küçük!” Bir də dedi. Əmim də eşidirdi. “Ay qız, bir de görüm nə olub? Nə haray-həşir salıbsan?” Dedi, a kişi, bunu görsən, tanımarsan! Bəy balası kimi geyinib.
Təzə kostyum, təzə ayaqqabı. Allah bilir univermağı yarıb. Kimin evinə girib. Tez gəl evə, bu saat milisə tökülüb gələcək. Əmim dedi trubkanı ona ver görüm. Dedim, ay əmi narahat olma, bu pal-paltarları mənə Şəmsiyyə xanım alıb. Dərhal soruşdu: “Şəmsiyyə xanım kimdi?” Dedim tikiş fabrikinin direktoru. “Sənin tikiş fabrikinin direktoru ilə nə alış-verişin?” Əmim arvadı tez qışqırdı… aha, demək fabriki yarmısan. Dedim, ay əmi, məni ora stajor kimi göndərmişdilər. Şəmsiyyə xanım gördü yesir sufatındayam, yazığı gəldi. Ayə, ağlına gələni danışma, Şəmsiyyə xanım hara, sən hara, başın xarab olub sənin? Bu saat mən ona zəng vurub öyrənərəm. Dedim, ay əmi, o sənin arvadının tayı deyil ki, mənə bir tikə çörəyi də qıymaya. Əmimin arvadı sinəmə bir yumruq vurdu. “Səsini kəs, qoduq. Bunun dilinə bax bir, qudurmuş köpəyoğlu”.
Dedim, qudurmamışam. O qadın insan olduğunu göstərdi. Sənin kimi qansız deyil. Əmim telefonda dedi: “Gözlə, gəlirəm”.
Əmim gələnə qədər gözləmək istəyirdim. Bir-iki kəlmə sözüm var idi. Fikirləşmişdim ki, bu mənim onunla son görüşüm olacaq. İyrmi il ərzində mən bir dəfə görmədim ki, o, mənə bir əmi kimi qayğı göstərə. Halbuki, onu mənim atam işə düzəltmişdi.
Ömür boyu onun çörəyini yedi, amma mənə bir qəpiklik xeyri dəymədi.
Tələbələr gəldilər. Məni bu libasda görüb xeyli təəccübləndilər və məni qucaqlayıb çox sevindilər.
Mən onlara deyəndə ki, daha gedirəm, ya qismət, bir də nə vaxt görüşəcəyik. Dedilər səni elə belə buraxmarıq. Axşama yaxşı süfrə açdılar, yedik, içdik. Gecəni də onlarda qaldım.
Əmim gələndə keçib görüşmədim. Bilmədim mənim orda olduğumu bildi, bilmədi, axır ki, görüşmədim. Səhər tezdən tələbələr məni gətirib vağzaldan yola saldılar. Mənim Kirovabaddakı tələbəlik illərim bununla qurtardı.
Əlimdə bir balaca bağlama köç yolunda avtobusdan düşdüm. Kəndə getmək üçün uzun müddət kolxoz maşınlarını gözləməli idim. O da ya qismət, ola, olmaya. O vaxtlar tək-tək kolxozda maşınlar var idi. Çox maraqla rayonda ilk dəfə hansı tanışla görüşəcəyimi fikirləşirdim. Kənddən şoferlik oxumağa gedəndə cındırımdan cin hürkürdü. İndi yaxşı geyinib-kecinmiş bir oğlan kimi qayıtmışdım. Hələ kostyumumun döş cibində iki dənə yüzlük görəndə nə qədər sevindiyimi Allah bilir. Şəmsiyyə xanım qoymuşdu əlbəttə ki! Çayxanaya girdim, dedim həm çay içərəm, həm də orada yaxşı piti verirdilər, yeyib sonra kəndə gedərəm. Çayxanada adam az idi. Küncdəki stolun birində tanıdığım kolxoz sədri oturmuşdu, adına Usuboğlu İsrəfil deyirdilər, yanında da iki nəfər başqa adam var idi. Salamlaşdım. İsrəfil kişi də məni tanıdı. “Bala, Mərdan, xoş gördük! Hardan gəlib, hara gedirsən?” dedi. Dedim, ay dayı, Gəncədən gəlirəm.
O vaxtlar az-az adamlar – köhnə kişilər Kirovabada Gəncə deyirdilər. Qəfil dilimdən çıxdı, sevincək, bir az da öyünən kim dedim: “Şoferlik oxuyurdum.
Qurtardım gəldim”. Tez soruşdu: “Pravan var, bala?” Pravamı çıxardıb göstərdim. “Otur, bala, otur görüm, maşın sürə bilirsən?” Dedim, ay dayı, məktəbdə sürmüşəm, yezdadan dörd almışam. “Nə yaxşı oldu”, dedi. Məni MTS-ə çağırıblar. Yeməyini, zadını ye, buralarda gözlə. Ordan qayıdanda bir yerdə gedərik.
Mən oturub bir yaxşı piti yedim. O qədər bu pitinin həsrətini çəkmişdim ki, acgöz-acgöz ofsianta dedim birini də versin. Qarnım doydu, amma gözüm doymurdu. Yeməyin üstündən bir yaxşı çay içdim. Bir azdan İsrəfil kişi gəldi. Maşının kuzasına çıxdım, getdik İsrəfil kişiylə. Yeməkdən sonra soruşdu ki, indi neyləmək istəyirsən, kəndinizdə maşın məncə yoxdur. Bir maşınınız var, onun da şoferi yaşlı, təcrübəli adamdı, onu çıxardıb sənə maşın verməzlər. Dedim, ay dayı, nə bilim, vallah, gedim evə, görüm başıma nə gəlir. Nə fikrləşdisə, dedi, istəyirsən qal bizdə. Kamalın yanına səni “pomoşnik” götürüm. Hələlik “pomoşnik” işlə, sonra da allaha pənah, bəlkə bizim kolxoza maşın ala bildim. Müharibə veteranıyam. Dava-dalaş, bəlkə kolxoza bir maşın ala bildim. Qabaqcıl kolxzodu, dilim uzundu, bir təhər görək neynəyərik. Təsəvvür elə! Kişi məni işə götürdü. Düz beş il onlarda qaldım.
Su sonası kim arvadı var idi. Mənə anadan, bacıdan artıq oldu. Öz balası kimi baxdı mənə. Elə bil tale üzümə gülməyə başlamışdı. Bir ilə yaxın “pomoşnik” işlədim. Sonra İsrafil kişi mənə maşın verdi. Çox çətinliklə MTS-dən bir maşın alıb gətirdi. Beş il orada yaşadım. Allah onlara rəhmət eləsin, yerləri behişt olsun. Ömür boyu unutmayacağım yaxşı adamlardan biri də onlardı. Tez-tez Kirovabada yolum düşürdü.
İsrafil kişi məni şəhərdəki yem zavoduna göndərirdi. Oradan mal-qara üçün “kombikorma” daşıyırdım. Hər dəfə yolum şəhərə düşəndə istəyirdim tikiş fabrikinə gedim, Şəmsiyyə xanımla görüşüm. Ona təşəkkür eləyim, bir tikə çörək tapdığımı deyib onu sevindirim. Hər dəfə onun göz yaşları yadıma düşəndə sarsılırdım. İstəmirdim ona əziyyət verim. Amma nə qədər böyük səhv elədiyimi sonralar anladım.
Mütləq gedib onunla görüşməli idim. Axır ki, qərara aldım. Getdim fabrikə! Qəbul otağında yenə həmin qız idi. Dedim mən üç il əvvəl burada stajirovkada olmuşam. Şəmsiyyə xanımla görüşmək istəyirəm. Qız bir az üzümə baxdı, sonra kövrək səslə dedi: “Şəmsiyyə xanım rəhmətə gedib”. Ən əziz adamımı itirdiyimi mən onda bütün ağırlığı ilə dərk elədim. Hələ də mən peşmançılıq hissi keçiriəm ki, niyə vaxtında bu mələksimalı qadınla gəlib görüşmədim, onu ziyarət eləmədim. Katibədən qəbrinin yerini soruşdum.
Dedi: “Səbskar” qəbristanlığında torpağa tapşırıblar.
Amma siz onun qəbrini tapa bilməzsiniz. Lətif kişi yadıma düşdü. Dedim Lətif kişi dururmu? Tez dedi: “Hə-hə, yaxşı dedin, Lətif kişi ilə getsəniz tapa bilərsiniz qəbri”. Katibə Lətif kişini çağırtdırdı. Bir azdan Lətif kişi gəldi. “Nə olub, qızım?” “Lətif dayı, bu oğlanı tanıyırsan?” Üzümə baxıb qaşlarını çatdı. “Bu həmin oğlan deyil, o vaxt bizdə…” o sözünün dalın gətirmədi. Mən ona tərəf yeriyib əl uzadıb görüşdüm.
Kişini öpdüm. O vaxt kişilərdə öpüşmək mod deyildi.
Amma o mənnən öpüşdü, “maşallah, kişiləşmisən”, dedi. Hal-əhval tutdu, nə yaxşı gəldiyimlə maraqlandı. Dedim, ay Lətif dayı, Şəmsiyyə xanımı ziyarətə gəlmişdim. Hayıf ki, o dünyasını dəyişib. “Hə, bala”, dedi. “Allah rəhmət eləsin. Belə adam tək-tək olar”.
Dedim məni apar, mən tanımıram qəbristanlığı. Onun qəbrini ziyarət eləyim. Lətif kişi etiraz etmədi. Dedi, gözlə, paltarımı dəyişim, gəlim. Belə adamı ziyarət eləmək müqəddəs bir işdi. Qəbri tapmaq bir az çətin oldu. Qəbrin baş daşında şəkil yox idi. Yazı ilə tapdıq.
Əri çox qısqanc adam idi, Lətif dayı dedi: Türk idi.
Şəklini baş daşına vurmağa qoymadı. Bu rəhmətlikdən sonra, deyəsən, köçüb getdi. Rəhmətliyin övladı da yox idi. Allaha qurban olum. Bu cür qadına züryət verməmişdi. Lətf kişinin bu sözlərindən sonra nə böyük qəbahət elədyimi tam anladım. Rəhmətlik bəlkə də, mənə övlad gözü ilə baxırmış, təsəllini məndən almaq istəyirmiş. Nə bilmək olar. Allah bilir qəlbində nə hisslər var imiş. Bəli, bacıoğlu dünyanın belə işləri var. Gözümün önündə iki qadın canlanır: Biri məni dünyaya gətirən, sonralar atıb gedən, bir parça çörəyi qıymayan, ağlının ucundan özünü də bədbəxt eləyən bir qadın, bir də övlad üzünə həsrət qalan mələksimalı Şəmsiyyə xanım! …Mərdan dərindən köks ötürdü. Hiss edirdim ki, o hələ deyəcəyi, danışacağı çox şeyləri deyib qurtarmayıb. Elə bil danışdıqca yüngülləşirdi. Arada çay içirdik. Yemək gətirdilər.
-Mən hər yerdə yemək yemirəm. Mədəm məni çox incidir. Çox adam da elə bilir lovğalığımdan, ya vasvasılığımdan yemirəm. İndi siznən bir yerdə çörək kəsmək mənə fəxrdir. Uzun illərdi dərdimi danışmağa bir simsar axtarırdım. Kərəminə şükür yaradanın. Xeyli yüngülləşdim.
Mərdan yüngülləşməyinə yüngülləşmişdi. Amma hiss olunurdu ki, hələ ürəyini tam boşalda bilməyib. Hələ danışacağı, danışmaq istədiyi çox şeylər var idi. O, aram-aram danışmağa başladı.
-Ata yurdumda balaca bir daxma düzəltdim.
İsrafil kişi çox kömək elədi. Ayrılıb gedəndə də dedi, ay bala, istəyirsən bizim kənddə sənə torpaq sahəsi verim. Ev tikməyə kömək eləyim. Dedim, ay dayı, ömrüm boyu sizə minnətdar olacağam. Ən yaxın qohum-əqrəbamdan görmədiyim yaxşılıqları sizdən görmüşəm. Zəhmətinizi halal eləyin. Mən qayıdım ata yurduma, ora kor qalmasın. Yurdu boş qoymaq olmaz. Dedi, bala düz eləyirsən, ata yurdunu şenləmək lazımdır. Nə çətinliyin olsa, çəkinmə, nə vaxt lazım olsa, mən sənin arxanda durmuşam.
O yad adam mənim arxamda dayanırdı, doğma əmim uşaqları isə xəncəri arxamdan saplayırdılar. Bu həmin o əmimin uşaqları idi ki, ataları da Kirovabadda mənə evində yer verməyə cəsarəti çatmadı. Mən heç onu qınamırdım da. Özünün iki oğlunu kənddə anasının himayəsində qoyub getmişdi. Arvadı o oğulları da evinə qoymurdu.
Əmim uşaqları artıq ailə qurmuşdular. Uşaqları da var idi. Ev tikmişdilər. Məhlələrimiz yanaşı idi. Babamızdan bizə çoxlu torpaq sahəsi və bağ qalmışdı.
Onlar mənim payıma düşən torpağı və bağı əlimdən almaq istəyirdlər. Gah çəpəri dağıdırdılar, gah ağacların dibinə ayran, ya da nöyüt, benzin töküb ağacları qurudurdular. Həmişə də arvadlarını qabağa verirdlər. Mən onlara qoşulmurdum. Əvvəla arvadla nə mübarizə eləyəcəkdim. Filosoflar deyirlər qadınla mübarizəyə girişmə, uduzsan deyəcəklər qadına uduzub, udsan da deyəcəklər qadına qalib gəlib. Ona görə də qadınlarla dava-dalaşa girişmədim. Elə həmin qadınlar mənim aləmi dağıtdılar.
Arvadım da qohumlardan idi. Əmim uşaqları və arvadları hər gün beynini yeyirdilər ki, bu yetimin nəyinə ərə gəlibsən. O da üç gündən, beş gündən bir qaçıb dədəsi evinə gedirdi. Altı ay ərzində iyirmi beş dəfə evdən qaçmışdı. Gedib qaytarırdım.
Ağlayıb yalvarırdı ki, qələt eləmişəm, bir də evdən getmərəm. Heç bir həftə keçmirdi, işdən gəlib görürdüm yenə çıxıb gedib. Elə bil tanrı bunları mənim taleyimə ağır zərbə vurmaq üçün eləyirdi. Yeni-yeni özümə gəlirdim. Di gəl ailə həyatımı əmim uşaqları zəhərə döndərirdilər. Nə qədər başına ağıl qoymağa çalışdım, eşitmədi məni. Onları eşidirdi, məni eşitmirdi. Axırda məhkəməyə verdi məni. Üç dəfə məhkəmə oldu. Torpağı, bağı, evi-eşiyi məndən almaq istəyirdi. Bütün bunları əmim uşaqları ona öyrədirdi. Mən ayrılmaq istəmirdim. Uşağımız olacaqdı. Mən onun atasız böyüməyini istəmirdim.
Mən yetimliyin, atasızlığın nə olduğunu yaxşı bilirdim. Mümkün olmadı. Ayrıldıq. Mən qızıma on səkkiz yaşına qədər aliment də verdim, nə cür lazımdır, o cür də atalıq elədim. O, yetimlik hiss eləmədi. Amma hər halda atasızlığın nə olduğunu bildi. Düşüncəsiz, ağılsız bir qadın öz günahsız körpəsinin, doğma balasının ata nəvazişindən, ata qayğısından məhrum böyüməsinə səbəb oldu.
Ayrı qadınla ailə qurdum. Şükür Allaha, ev-eşik sahibi oldum. Əmim uşaqlarından yaxşı dolandım.
Tərbiyəli, ləyaqətli övladlar böyütdüm. Ömrümün səksəninci ilindəyəm. Bu illər ərzində acılı-şirinli uzun bir ömür sürmüşəm. El-oba yanında nüfuzum, hörmətim olub. Nə qədər cavan ailələri dağılmaqdan qurtarmışam. Kəndimizə yol çəkdirmşəm.
Qaraqəlbli adamlar onu söz elədilər. Dedilər öz dərdindən çəkdirib. Maşını var, yoxsa nəyinə lazım idi. Kəndə dağdan su çəkdirdim, dedilər nə marağı var ki, qazancı olmasa çəkdirməz. Qəbristanlığın qırağına setka çəkdirdim, mal-qoyun girib qəbirləri tapdalayırdı, dedilər ölülərdən də qazanc umur.
Yaxşı ki, ağıllı, düşüncəli adamlar da çoxdu. Yoxsa bu nadanların əlindən adam zara gələr. Məni başa düşənlər məndən ötrü təsəlli oldular. Arada mənə ağlını itirib deyənlər də olurdu. Xoşbəxtliyimi bir şeylə əsaslandırıram. O da bilirsən nədi? Yetimçiliklə böyüyən uşaqlar o qədər əzab-əziyyət görürlər, könül sarsıntısı keçirirlər ki, istər-istəməz onlarda insanlara qarşı sonsuz nifrət hissi oyanır, məndə oyanmadı. Özüm-özümü tərbiyə edə bildim. İkinci xoşbəxtliyim də o oldu ki, ayaq üstə dura bildim.
Sarsılmadım. Nə qədər sındırmağa, əzməyə çalışsalar da, özümdə güc, iradə, dəyanət tapa bildim. Əyri yola düşmədim, oğurluq eləmədim, narkomaniyaya, əyyaşlığa qurşanmadım, içməyə meyl salmadım. Bütün bunları mən kitabların sayəsində bacardım. Üç min kitabım var idi. İndi gördün, qardaşoğlu, mən hansı akademiyanı qurtarmışam? Mən: -Ən böyük akademiyadı — “Yetimlik akademiyası”, — dedim.
Özümü saxlaya bilmədim. Durub onu bağrıma basdım, bərk-bərk qucaqladım.
-Bu doğrudan da böyük bir akademiyadır. Sənin taleyin, həyatın qalaq-qalaq kitablara sığışmaz.
Beynimdən bir fikir keçdi: -Bəlkə özün xatirələrini yazasan, mən də ədəbi cəhətdən işləyərəm. İnanıram ki, çox dəyərli bir əsər alınar! -Mən yazmağı bacarmıram axı. Oxumağıma baxma! Həm səbrim çatmaz, həm də işim-gücüm çoxdur.
-Onda gəl belə eləyək: Sənə bir diktafon alım verim. Başına gələnləri diktafona yaz. Qalanı mənlikdir.
Güldü: -Elə bilirsən diktafonu işlədə bilirəm. Əl telefonunda “alo”, “bəli” dən başqa heç nə bilmirəm.
-Yaxşı, onda belə danışaq. Sən Bakıya gələndə zəngləşək görüşək. Ətraflı danışarsan, mən yazaram.
-Sağlıq olsun.
O, ayağa qalxdı. Mən də durdum. Möhkəm qucaqlaşdıq.
-Ömrümə-günümə yazılan bir görüş oldu, — dedi, – İnşallah, Bakıda görüşərik.
Təəssüf hissi ilə ayrıldıq. Maşınla evlərinə yola salmaq istədim, razı olmadı.
-Gündə on kilometr piyada gəzirəm. Gəzə-gəzə gedəcəyəm. Lazım olsa öz maşınımla gələrdim, əziyyət çəkməyin.
*** Mərdanla Bakıda görüşmək arzusu və ümidilə ayrılmışdıq. Mən Bakıya qayıdandan sonra ona bir neçə dəfə zəng vurub nə vaxt gələcəyini soruşdum. Hər dəfə “Bir az işim var, yan-yön eləyib gələcəyəm”, deyirdi. Mədəsində ağrılar var idi. Nə vaxtsa həkimə gələcəyini də demişdi. Bir müddətdən sonra zənglərimə cavab vermədi. Nəvəsinin telefonuna zəng vurdum. “Bu nömrəyə zəng çatmır”.
Beləliklə, xeyli vaxt keçdi… və bir gün dedilər ki, Mərdan haqq dünyasına qovuşub.
Bu dünyanın haqq-ədalət carçısı gəzdiyini, görəsən, o dünyada tapacağmı? Canlı ensiklopediya – “Akademik” – Allah sənə rəhmət eləsin!