Yağlı bəhanə (hekayə)

Əli Bəy Azəri

Hətəm evdən çıxan kimi əl telefonu ilə iş yoldaşı Telmana zəng atdı. Onların danışıqları əvvəldən belə idi, səhər-səhər işə gedəndə evdən hansı tez çıxsaydı o birisinə “çağırış” atırdı. Sonra öz aralarında  müəyyənləşdirdikləri kimi transformatorun yanında görüşər, dairəyə qədər piyada gedib oradan keçən avtobuslardan birinə minərək iş yerlərinə yollanardılar. Transformatorun yanından dairəyə qədər olan məsafədə hal-əhval tutar, dünən ayrıldıqdan sonra eşitdiklərini, gördüklərini, televiziya kanallarından seyr etdiklərini müzakirə edər, daha doğrusu, öz aralarında qısa məlumat mübadiləsi aparardılar.

Həmin gün Hətəm transformatorun yanına gəlib çatanda Telman artıq orada idi, evləri yaxın olduğundan bir az əvvəldən gəlib onu gözləyirdi. Elə aralıdan Hətəm onun sifətinə baxan kimi sözlü adama oxşadığını hiss etdi. “Yaman sözlü adama oxşayır. Yenə nə isə var. Onsuz da ağına-bozuna baxan deyil, ağlına gələni uydurub deyəcək. İnandılar, inanmadılar, vecinə deyil. Sözünün əvvəlini, axırını heç vaxt fikirləşməyib, heç fikirləşməyəcək də. Belə yaşamağa nə var! Araz aşığındandı, Kür topuğundan!” – deyə fikrindən keçirdi. Odur ki, əlini uzadıb görüşən kimi soruşdu:

-Telman, səndən çıxmayan iş, nə yaxşı bu gün belə tez gəlmisən?

-Bu gün evə tez qayıtmalıyam. Gərək saat on ikidə evdə olam.

-Arvad yenə nə əmr verib?

-Ə.., nə arvad? Axşam Qulam zəng eləmişdi. – Telman yalnız bunu deyib söhbətinə ara verdi, eyham vurdu ki, nə isə Qulamla əlaqəli iş çıxıb ortaya.

Qulam Telmanın böyük qardaşıydı, Ukraynada yaşayırdı. Polisdə işləyib təqaüdə çıxmışdı. Heç vaxt dilinə düz söz gəlməyən Telman onun gah Ukraynanın paytaxtı Kiyevdə, gah Poltavada, gah da Kiyevin iki yüz kilometrliyində çay sahilində yerləşən hansısa əyalət şəhərində yaşadığını söyləyərdi. Hətəm dəqiqləşdirmək istəyəndə Telman inadkarlıq göstərib deyirdi ki, nə fərqi var, Kiyev də Ukraynadır, Poltava da. Telman həm də Qulamın imkanlarının geniş olduğunu, ikimərtəbəli həyət evinin, çay kənarında daçasının varlığını ağızdolusu danışardı.

Qulamın həyat yoldaşı Nadya Telmana görə, ya tatar qızıydı, ya da xoxluşkaydı, bu onun üçün fərq etməzdi, əsas o idi ki, ukraynalıydı. “Nə fərqi var, Ukrayna vətəndaşıdısa, deməli ukraynalıdı. Ukraynalıdısa, deməli xoxluşkadı” deyib dirəşirdi. Amma Qulam oğlu Ramili də, nəvəsi Vovanı da Azərbaycana gətirib İslam qaydası ilə sünnət elətdirmişdi. Telman onu da deyirdi ki, uşaqları sünnət elətdirməyə Qulamı arvadı vadar eləyib. Bəlkə elə buna görə də Nadyanın tatar qızı olduğu bir az inandırıcı görünürdü. Lakin Nadya, Vova adları tatarlara heç uyğun deyildi, o ki qaldı azərbaycanlı adlarına oxşasın.

-Hə, Qulam niyə zəng vurmuşdu, nə deyirdi? – Hətəm Telmanı intizarda qoymadı, dərhal maraqlandı, çünki xasiyyətinə bələddi, bilirdi ki, soruşmasa danışmayacaq.

-Qızı Svetaya toy edir. Bizi toya çağırır. – Toya çağırmaq məsələsini deyəndə Telmanın səsindəki Allah əzabını Hətəm dərhal hiss etdi.

-Allah xoşbəxt eləsin. Çağırır, gedin də. Burda nə var ki? Bir də Qulam qızını kimə ərə verir?

-Sveta milyonçunun oğluna ərə gedir.

Hətəm neçə il idi ki, Telmanı tanıyırdı, bilirdi ki, onu ancaq məsələnin pul, var-dövlət hissəsi maraqlandırır, başqa tərəfləri ilə işi yoxdur.

-Oğlanın milləti nədir, tatardır, azərbaycanlıdır, yoxsa ukraynalıdır?

-Onu bilmirəm.

-Heç soruşmadın?

-Nəyimə gərəkdir soruşam. Qulam özü dedi ki, oğlan Amerikada yaşayır, çox varlıdır. Bəlkə toydan sonra Qulam da köçüb Amerikaya getdi. İndi Ukraynada da vəziyyət yaxşı deyil, dolanışıq yoxdur.

-Bəs Qulam köçüb Amerikaya getsə Azərbaycana necə gəlib gedəcək?

-Bilmirəm.

Qulam qardaşlar arasında, bəlkə də ən qohumcanlısı idi. Hər ay zəng edib hal-əhval tuturdu. İldə bir dəfə qohum-əqrəbanı görmək üçün Azərbaycana gəlirdi. Gələndə də Telman ortaya bir iş atar, böyük qardaşını qara zənci kimi işlədirdi. Bir il həyətin hasarın çəkdirdi, o biri il evin qabağında örtük (Telmanın dilincə desək “karma”, “naves”, “besedka”) düzəltdirdi, sonrakı il qapıya beton tökdürdü, nə bilim, hər il ortaya bir iş çıxartdırdı ki, Qulamın başı iş ilə qarışsın. Həyət evi belədir də, insan ölüncə işi qurtarmaz.

Karma deyəndə Telman evinin qabağındakı həyətində düzəltdirdiyi uzunluğu on beş, eni beş metrlik, üstü dəmirlə örtülmüş yeri nəzərdə tuturdu. Qulama demişdi ki, gələn il Vovanı sünnət elətdirəndə qonaqlarımızı yığmağa qapımızda yerimiz olsun. (Guya ki, Telman toy edəsiydi Qulamın nəvəsinə, əlli-altmış nəfər qonaq yığasıydı başına) Odur ki, bu işə Qulam nəinki canı-dildən girişdi, hətta xərcin hamısını özü çəkdi. Telmana Qulamın həm də yazığı gəlirdi, iş qura, dolanışıq tapa bilməməsinə acıyırdı. Gələndə iş olsa işləyər, olmasa üç yüz, beş yüz dollar Telmana dolanışıq pulu verər və çıxıb gedərdi Sabirabada, birinci arvadından qalan qohumluq əlaqəsini üzməyən bacanağının yanına. İstəməzdi qalıb Telmana yük olsun.

Qulamın birinci arvadı Səfurə Sabirabad qızı idi. O, öləndən sonra Qulam çıxıb Ukraynaya getmiş, milis sistemində işə düzələrək qalıb orada yaşamışdı. Birinci arvada görə bacanağı olan Vidadi, insafən, yaxşı insan idi, Qulamı bircə o, başa düşürdü. Kənd adamı olsa, kasıb dolansa da ürəyi açıq adamdı, yeyib-içməyindən qalmazdı. Ayın-şayın gün keçirməyi xoşlayırdı, Telman kimi bədgüman, qaraqabaq, xəsis deyildi. Elə buna görə də Qulam vaxtının çoxunu Sabirabadda, bacanağıgildə keçirər, getməyinə bir-iki gün qalmış Bakıya qayıdar, birtəhər Telmangildə vaxtını ötüşdürər və çıxıb Ukraynaya gedərdi. İndi onun qızına toy etmək məsələsi çıxmışdı ortaya. Bircə dəfə də olsun Ukraynaya getməyən, qardaşı Qulamın yaşayışı ilə maraqlanmayan, onun evini tanımayan, bir dəfə telefonu götürüb zəng vurmayan Telmanı dərd götürmüşdü; toya necə gedəcəkdi.

-Xeyirdimi işdən saat on ikidə qayıtmaqda, ay Telman?

-Arvadı miqrasiyaya aparacam, pasport düzəltdirməyə.

-Neynirsən arvadı, özün tək get. Həm xərcin az çıxar, həm də sərbəst olarsan. Bəlkə toyda qabağına əhlihal bir xaxluşka çıxdı, qucaqlayıb tans oynadın, sonra da xoşuna gəldin, səni bağrına basıb evinə qonaq apardı. – Hətəm iş yoldaşının xasiyyətini yaxşı bilirdi deyə atmacasından qalmadı.

-Qardaşımın qızının toyudur, mütləq arvadla getməliyəm. – Telmanın danışığından hiss olunurdu ki, bu toy məsələsi onu heç açmır, qanı elə qaradır ki, lap it qanıdır.

-Toy nə vaxtdır?

-Ayın beşi.

-Yəni fevralın beşi, on gündən sonra, eləmi?

-Hə, belə çıxır. – Telman nə düşünmüşdüsə, qanqaraçılığı getmək üzrəydi.

-Miqrasiyada pasportu bir aya düzəltdirmək qırx dörd manatdır. On günə düzəltdirmək üçün isə yüz iyirmi manat pul ödəməlisən. On gündən tez düzəltmirlər.

-Yox, öyrənmişəm, bir həftəyə də düzəldirlər.

-Lap bir həftəyə düzəltsələr belə gedib çatmazsan. Yaxşısı budur, arvadsız get, həm də az xərcin çıxar. Yüz əlli manat pasport pulu, üç yüz manat yol pulu.., daha nə bilim, nə pulu. Sən pul xərcləyənsən?

-Sən nə danışırsan? Qardaşımın bir qızı var, arvadı toya mütləq aparmalıyam.

-Sən onsuz da elə-belə heç yerə gedən deyilsən. Güclə əlinə şans düşüb. Tək get, toydan sonra da bir həftə qal, necə lazımdırsa istirahət elə. Arvadı aparmaq sənə baha başa gələcək. Mən bilirəm axı, sən o boyda pulu ömrü boyu xərcləməzsən. Səndən pul çıxınca canın çıxsa yaxşıdır.

-Ahey, ölmüşdü xandadaş. – Telman barmağı ilə fışqırıq çalıb qımışdı. – Axşam dərhal Zahirə zəng vurdum.

Zahir Telmanın həmkəndlisi, həm sinif yoldaşı, həm də dostu idi. Bizneslə məşğuldu, Binə Ticarət Mərkəzində mağazaları vardı. Canına qulluq etməyi sevərdi. İldə iki dəfə Ukraynanın Xarkov şəhərinə gedib oradakı sanatoriyaların birində dincələr, müalicə alardı. Deyəsən, elə ora ilə də biznes əlaqələri qurmuşdu. Gələndə Xarkovdan elektrik avadanlıqları gətirərdi, gedəndə də özü ilə nə isə aparardı, ticarətçiydi, boş-boşuna gedib-gəlməyi xoşlamazdı. Həm yol pulunu, həm də müalicə pulunu çıxarardı.

-Səni öz canın, zəng vurdun, yoxsa “vızov” atdın?

-Fərqi nədir, “vızov” atdım, o, özü zəng elədi.

-Deyirəm axı, sən zəng vuran deyilsən. “Vızov”ı da elə verirsən ki, elə bil krısa “vızov”ıdır. Zəng gedib çatmadan kəsirsən. Qorxursan ki, birdən konturunu tutarlar. Hə, Zahirlə nə danışdın?

-Xarkova kimi onunla birlikdə gedəcəyik. Yeməyimizin xərcini o, çəkəcək.

-Həm arvadınla gedirsən, həm də deyirsən ki, xərcinizi Zahir çəksin. Belə də iş olar?

-Niyə olmur. Zahirin milyonu var, biznesmendir, bir az mənə xərcləsə, kasıb düşməz.

-Bəlkə Zahirin indi getmək fikri yoxdur?

-Yox, gedəcək. Dedi, bir az alacaqlarım var, alım, gedək.

-Lap yaxşı. İki dost qoşulub bir-birinizə gedərsiniz. Arvad artıqdandır. Nə qədər xərc çəkməsən arvadı özünlə aparıb gətirməyə beş yüz manatın çıxacaq.

-Qulam dedi ki, pula görə narahat olma, sən təki gəl, beş yüz dollar verəcəm, yol pulun çıxsın.

-Qulam da mənim kimidir, intuisiyası var. Bilir ki, getməyəcəksən. Belə deyir ki, bəlkə beş yüz dolların eşqinə şirnikib gedəsən.

-Yox, canım üçün mütləq gedəcəm. – Telman nə fikirləşmişdisə kefi açılmışdı, bu beş yüz dollar temperaturu deyildi, nə məsələydisə, başqa şey idi.

-Gəl, mənə nağıl danışma. Səni yaxşı tanıdığıma görə deyirəm. Nə toya gedənsən, nə arvad aparan, nə də arvada xarici pasport düzəldən. Qulamı da girinc eləmisən, Zahiri də. İndi də mənə nağıl danışmaq istəyirsən. Sən, beynində götür-qoy edirsən ki, necə edəsən, Qulam beş yüz dollar yol pulu göndərə. Onu da alıb qoyasan cibinə, heç toya da getməyəsən.

Onlar beləcə söhbət edə-edə gəlib dairəyə çatdılar. Heç üç-beş dəqiqə gözləmədən şəhərə gedən avtobuslardan birinə minib çıxıb getdilər işə. Daha Hətəmin xəbəri olmadı, Telman evə tez qayıtdımı, arvadını Miqrasiyaya apardımı, yoxsa bunları elə-belə sözgəlişi deyirdi…

Ertəsi gün Hətəm işə getmək üçün görüş yerinə gələndə yenə də Telmanı orada gördü. Kefi yaxşıydı, üzü gülürdü, deyəsən, gecə başını işlədib bir şey fikirləşmişdi.

-Nə oldu, arvadı miqrasiyaya apardın pasport düzəltdirməyə?

-Yox, aparmadım, plan dəyişdi. – Telman qımışdı, altdan-altdan Hətəmi süzdü, sonra da barmaqlarını bir-birinə sürtüb fıştırıq atdı.

-Tək gedəsi oldun? Yoxsa qlobusunu fırladıb nə isə başqa bir şey fikirləşdiniz?

-Heç özüm də getməyəcəyəm.

-Gördün, dünən mən nə dedim? Dedim axı, sən Ukraynaya toya gedən deyilsən.

-Yox, qardaş canı gedəcəkdim. Arvad dedi ki, gedirsən, tək getmə, məni də apar. Məni aparmırsansa, özün də getmə. Mən də ha çalışdım başa salam ki, çox xərcimiz çıxacaq, alınmadı. Deyirəm, ilin-günün bu vaxtı, haramıza yaraşır min manat xərcləyib Ukraynaya toya getmək, anlamır. Həm də toya geyiləsi təzə paltarım yoxdur. Bilmirəm köhnə kostyumumu geyim, yoxsa gedib özümə cins şalvar alım. Yəqin ki, orada cins moddadır.

-Getməməyin heç yaxşı iş deyil. Qulama nə cavab verəcəksən?

-Deyəcəm ki, telefonda yaxşı eşitməmişəm. Ayın beşi deyəndə elə bilmişəm ki, martın beşini nəzərdə tutub.

-Bicbalasan ki, bicbala. Qulam sənin üçün hər şey edir, yeri gələndə dəridən-qabıqdan çıxır, siz də ona… badalaq vurursunuz.

Növbəti gün Hətəm transformatorun yanına çatanda Telman aşağıdan başılovlu gəlirdi. Elə gəlirdi ki, elə bil Hadrutun qırx erməni dığası əllərində qumbara onun dalınca düşüblər. Gəlib çatan kimi “gül” ağzını açdı.

-Axşam Qulam yenə zəng eləmişdi.

-Deməli, dünənki bəhanən işə keçməyəcək. Təzə bir şey fikirləşməlisən.

Hətəmin zarafatından Telman bir az alınan kimi oldu.

-Di yaxşı, Qulam indi nə deyirdi?

-Toya getməyimizlə maraqlanırdı. Qatarla, yoxsa təyyarə ilə gedəcəyimizi soruşurdu. Gedəcəyimiz vaxtı öyrənirdi ki, oğlu Ramilə bizi qarşılamağı tapşırsın.

-Bəs sən nə dedin?

-Dedim ki, hələ bilmirəm, neçə nəfər olacağıq. Bir də gəlsək, qatarla gələcəyik. Əvvəl Xarkova gəlib ordan da baxarıq, ya avtobusla, ya da qatarla yolumuza davam edərik.

-Əlbəttə, getsəniz yaxşı olardı. Arvadı ixtisara sal, get.

-Hə, arvadın getməyi keçdi. Həm əyin-başı yoxdur, həm də artıq xərcdir. Ancaq mən mütləq gedəcəyəm. Axşam zəng edib öyrənim, görüm Aqşin də gedəcəkmi? Getsə, iki qardaş bir-birimizə qoşulub gedərik.

-Sən necə qardaşsan? Hələ Aqşinə deməmisən? Mən sadəcə olaraq sənin hərəkətlərinə təəccüblənirəm. Elə bil heç əsgərlikdə olmamısan, ruset görməmisən.

-Qulam deyir ki, bir gün də tez gəlin.

-Düz deyir, yaxın qohumlar toydan qabaq bir yerdə olmalıdırlar. Yoxsa, toy günü hamı gələ bilər. Bir de görüm, qatara bilet almısan?

-Qatara bilet almaq problem deyil. Onların böyüyü bizim kəndçimizdir, Elyara zəng vuracam, tapşıracaq. Lap idarənin bron yerlərini götürəcəm.

-Birdən Elyar işdə olmadı? Bəlkə məzuniyyətə çıxıb? Sən niyə əvvəlcədən gedib biletini almırsan?

-Katibəsi məni tanıyır. Deyəcəm qohumuyam, kəndçisiyəm, zəng vurub tapşıracaq.

-Bilirsənmi ki, qatar Xarkova iki gündən bir çıxır. Əgər siz sabah çıxsanız, fevralın üçü olacaqsınız Xarkovda. Həmin gün ancaq ki, gedib Kiyevə çata bilərsiniz. Bəlkə də çatmazsınız. Yox, əgər sabah, qatar olmasa, birisi gün çıxsanız, gedib toya çatarsınız.

-Toy restoranda olacaq. Qapıda qurulan palatka toyu deyil ki, kənddəki kimi dirək basırıb, çadır çəkəsən. Sonra da işıq çəkib peç qurasan. Restoranda hər şey qabaqcadan hazır olur.

Fevralın biri Hətəm evdən çıxanda Telmana zəng vurmadı. Özünü inandırmağa çalışdı ki, o, bu gün işə çıxmayacaq. Amma gəlib transformatorun yanına çatanda yenə də Telmanı orada gördü. Bu dəfə lap kefi yüz biri vururdu. Barmaqları ilə çırtıq çalıb şənlənirdi, az qalırdı ki, toy havasına indidən qol qaldırıb oynasın. Elə bil ki, Elyar Xarkova kimi və geriyə qatar biletini ona pay eləmişdi, üstündə də cibinə yüz dollar pul qoymuşdu.

-Kefin nə yaman yaxşıdır? Hə, işlər necədir? Bu gün çıxırsınızmı? Yəqin biletləri Elyardan havayı, özü də vağzala getmədən, internet vasitəsilə almısan?

-Toy məsələsi birdəfəlik həll olundu. – Telman sevincək cavab verdi.

-Necə həll olundu? Toy təxirə salındı?

-Yox, toy olacaq, ancaq mən gedəsi olmadım.

-Sağ ol, Telman. Sən hər gün sərsəm-sərsəm sayıqlayırdın, mən isə bunun belə olacağını əvvəlcədən bilirdim.

-Sənin o əziz canın üçün gedəcəkdim, ancaq belə alındı.

-Arvadla birləşib nə bəhanə uydura bildin?

-İndi Ukraynada qar dizdəndir, yarıb yerimək olmur. Mənim nə işim var orda ki, ayağımı soyuq aparsın, burnumu, qulağımı don vursun. Həm də mən getsəm burda korluq çəkəcəklər. Kim kombiləri yandırıb söndürəcək? Işıq sönər, qalarlar yaman gündə, evdə də körpə uşaq var.

-Bu bəhanələr keçməz. Sənsiz də keçinərlər. Kombilərə qardaşın da baxa bilər, o boyda yekə oğlun var.

-Hə, bir də, xəbərin yoxdur, axşam televizorda verirdilər, Ukraynanı donuz qripi götürüb başına, bir ucdan qırılırlar.  Ötən gün ərzində yeddi nəfər ölüb. İlin-günün bu vaxtı mənim nə işim var Ukraynada. Gedib özüm donuz qripi tutam, sonra da gətirib salam evdəkilərə, bütün nəsil qırıla.

“Avara nəsilin qalmağındansa qırılmağı yaxıdı. Xata olub, yetmiş milyonluq Ukrayna kimi böyük bir ölkədə yeddi nəfər donuz qripindən ölüb. Onsuz da hər il soyuqdan donub ölənlərin sayı onu keçirdi. Fərqi nədir, ya donuz qripindən ölmüş, ya da elə-belə, müxtəlif şəraitdə?”

-Pah atonnan baş yiyəsi! Gör fikirləşib necə gözəl bəhanə tapıblar eee… – Hətəm qəflətən fikirdən ayrıldı, özündən asılı olmayaraq əllərini bir-birinə vurub qəşş elədi. – Telman, bu, yaman yağlı bəhanə oldu ha, lap donuzun salası kimi.

Qiymət