Yuxu (satirik hekayə) Rüstəm MUĞANLI

Birinci hissə

 

Allah axırını xeyir eləsin… Bu gecə röyamda qəribə bir yuxu gördüm. Gördüm ki, qonşum Əlisəttar kişi keçmişə gedib-qayıda bilən «zaman maşını» düzəldib, istədiyi vaxt gedib rəhmətlik ata-anasını sağ-salim görüb qayıdır. Hətta, kişi ürəyi istəyəndə yeddi arxa dönənini də ziyarət edib, hal-əhval tutur.

Kişi (yuxuda) «o zamanlar»dan elə qəribə şeylər danışırdı ki, adamın içində istər-istəməz gedib o gözəl zamanları görmək istəyi baş qaldırırdı. Ağsaqqal arada lap ağını çıxarırdı. Guya o gedib-gəldiyi yerlərdə hər tərəf gül-çiçək, yaşıllıqlar, təbiətin öz təbii görkəmində necə gözəl görünməsi onu valeh edirmiş. O dövrün insanları da guya çox istiqanlı və alicənabmışlar.

Mən, doğrusu, bu deyilənlərin hamısına inanmırdım, amma maraq da bir tərəfdən məni götürmüşdü. Əşşi, hər şeyi qoyaq bir tərəfə, necə ola bilər ki, hamı təbii qidalar yesin, saf su içsin, sağlam həyat sürsün?! Bu da heç cür ağılabatan şeyə oxşamırdı. Kişi bəzən elə qəribə şeylər deyirdi ki, lap ona yazığım gəlirdi. Deyirdim yəqin ya qocalıqdandır, ya da ki, Allah eləməmiş ağlı çaşıb. Ağsaqqal isə söhbəti davam etdirərək deyirdi ki, guya hamı bir-biriylə can deyib, can eşidir. Böyük-kiçiyə hörmət ən üst səviyyədədir. Birinin bir problemi varsa da, heç şikayətə, filana ehtiyac olmur. Elə ağsaqqallar problemləri dinləyib çözüm yolunu göstərirlər. Hamı da ağsaqqal sözünə əməl edir. Camaat da razılıqla ağsaqqal sözündən çıxmadan, qayda-qanun çərçivəsində xoşbəxt və firavan yaşayırlar. (Yuxunun bu yeri elə xoşuma gəlmişdi ki, sonralar yuxunun bu yerini dəfələrlə təkrar görməyi arzulamışdım).

Əlqərəz, Əlisəttar kişinin «nağılları» hamını maraqlandırırdı. Hətta qonşu kəndlərdən də ona qulaq asmağa gələnlər var idi. Bu «nağıllar» kənddə hamını yığmışdı Əlisəttar kişinin başına. Uşaqdan-böyüyə hər kəs Əlisəttar kişinin düzəltdiyi bu qəribə maşını görmək və danışdığı maraqlı əhvalatlara qulaq asmaq həvəsində idi. Gör işin harasıdır ki, qonşu kənddə yaşayan Gülnisə arvad nəvələrinin köməyi ilə xeyli yolu piyada gələrək bu maşına baxmaq azarını «öldürmüşdü». Hətta bir az da irəli gedərək, əlini bir dəfə bu maşına toxundurmağın müqabilində yekə bir çil xoruzu Əlisəttar kişiyə verməyi boyun olmuşdu. O da insafən yaxşı adam idi. Arvadın xətrinə dəyməyib icazə vermişdi ki, əlini vursun maşına. (Sonralar yuxumda gördüm ki, guya o çil xoruz bişiriləndə Əlisəttar kişi məni də dəvət edib. Çünki, qonşum mənim xətrimi çox istəyirďi).

Yaxşı yadımdadır, (heç yuxuya oxşamırdı) elə həmin çil xoruzu yediyimiz gün idi, bir yarımlitrlik də vurmuşduq. Utana-utana Əlisəttar kişidən xaiş elədim ki, icazə versin düzəltdiyi «zaman maşını» ilə bir dəfə də mən keçmişə səyahət edim. (Qonşum maşına heç kəsi yaxın buraxmırdı). Bilirdim ki, o öz düzəltdiyi maşını canından da çox istəyir. And içdim ki, özü göstərdiyi şeylərdən başqa, əlimi heç nəyə vurmayacağam. Əvvəl razı olmadı. Çox yalvar-yaxardan sonra, kişi razılığa gəldi, amma heç kəsə bildirməmək şərti ilə. Yalnız bir dəfə keçmişə gedib-qayıtmalı idim.

“Səhər saat altıda gələrsən”, — dedi. Sevincək razılaşdım. Gecə ilan vuran yatdı, mənim gözümə yuxu getmədi. Səhər obaşdandan hələ saat heç altı olmamış kəsdirdim Əlisətar kişinin darvazasının ağzını ki, bəs gəlmişəm. O da söz vermişdi deyə, yerindən qalxıb deyinə-deyinə gəldi yanıma. Bir xeyli maşının düymələrini başa saldıqdan sonra soruşdu:

-Hara gedəcəksən?

Əvvəlcə tutuldum. Hara gedəcəyimi heç fikirləşməmişdim. Nagahani olaraq ağlıma gələn cavabı dilə gətirdim.

-Şairfason adamam da, Əlisəttar əmi. Mümkünsə ya Nizamini, ya da Xaqanini canlı görmək istəyirəm.

Kişi maşının içində bir az qurdalandıqdan sonra dedi:

-Nizami də, Xaqani də çox uzaqdır. Qorxuram yanacaq gedib-qayıtmağa bəs eləməsin. Amma istəsən Nəsiminin yaşadığı dövrə göndərə bilərəm.

Tez razılaşdım.

-Eybi yox, Nəsimi də olar. Təki o rəhmətliklərdən biri ilə canlı söhbət etmək imkanım olsun.

Bundan sonra Əlisəttar kişi maşını işə saldı. Maşın bir az uğuldadı, bir az zırıldadı, sonra sakitləşdi. Əlisəttar kişi mənə işarə elədi ki, hər şey hazırdır. Sonra da yanına çağırıb dedi:

-Oğul, gəl min maşının içinə, sənə son tapşırıqlarımı da verim.

Həyəcandan əlim-ayağım əsirdi. Qonşumun məsləhətlərini dinlədikdən sonra birtəhər həyəcanımı boğaraq maşının içinə keçdim. Yerimi rahatlayıb maşının qapısını örtdüm. Allahın adını çağırıb əvvəlcədən mənə göstərilmiş olan düyməni basdım. Maşın yerində dingildəməyə başladı. Bir nərilti, bir gurultu qopdu ki, gəl görəsən (kafər başına olsun). Sonra maşın ildırım sürəti ilə fırlanmağa başladı. Qorxumdan iki əlim ilə üzümü tutub, gözümü yumdum. Sonra daha nələr olduğunu görə bilmədim. “Bu nə qələt idi mən etdim” — deyə fikirləşməyə başlamışdım ki, maşın tədricən sakitləşib sürətini azaldaraq dayandı. Eniş vaxtı yüngül taqqıltıdan hiss elədim ki, torpaq üstündə dayanmışıq. Bir gözümü azca açıb barmaqlarımın arasından bayıra baxmağa başladım. Hər şey qaydasında olana oxşayırdı. Maşının qapısın açıb, ehtiyatla aşağı düşdüm. Gördüyüm mənzərədən yerimdə donub qalmışdım.

 

İkinci hissə

 

Xəyal belə edə bilməyəcəyim gözəl bir bağın içində idim. Hər tərəfdə gözəl və ətirli güllər səliqə ilə əkilmişdi. Gül-çiçəyin ətri ətrafa yayılıb insanı məst edirdi. Hansısa peşəkar bağban əli burada öz işini yüksək ustalıqla görmüşdü. Cürbəcür dadlı meyvə ağacları ətrafda göz oxşayırdı. Sanki cənnət bağının ortasında idim. Bağ özü isə, yamyaşıl çəmənlik ilə əhatələnmişdi. Bir müddət bu gözəl mənzərəyə tamaşa etdikdən sonra, yavaş-yavaş eyforiyadan azad olmağa çalışdım. Uzaqdan bir dəstə gənc oğlan və qızların şən səsləri gəlir, musiqi sədaları eşidilirdi. Çal-çağır məclisi olduğunu guman etdim. Ehtiyatla səs gələn tərəfə getməyə başladım. Yaxınlaşdıqca musiqi səsləri daha aydın eşidilməyə və adamların üz cizgiləri daha açıq görünməyə başladı. Gənc xanəndə qız, onu tar və kamançàda müşaiyyət edən iki gənc olduqca istedadlı təsir bağışlayırdılar. Xanəndə qız Nəsiminin qəzəllərindən oxuyurdu. Ətrafda xeyli gənc oğlanlar və gözəl qızlar rəqs edirdilər. Bir qədər kənarda qoyulmuş mizin arxasında mötəbər və nurani bir kişi xanəndə qızın ifasını dinləyirdi. Mizin üstündə şərab, şirniyyat və bir neçə yarıyazılmış vərəq var idi. Ətrafdakıları müşahidə etməkdə idim ki, birdən həmin mötəbər adam başını qaldıraraq məni gördü. Əli ilə mənə «yaxın gəl» işarəsi verdi. Mən bir qədər çəkinsəm də ona tərəf yaxınlaşdım. Mötəbər adamın işarəsi ilə mənə də bir kətil gətirdilər. Daha sonra mənim gəlişimdən təəccüblənib dayanmış musiqiçilər yenidən yarımçıq saxladıqları musiqini davam etdirməyə başladılar. Bu arada mötəbər adam da mənimlə söhbət edirdi. Kim olduğum, hardan gəlib, hara getməyim barəsində suallar verməyə başlamışdı. Cavablarım onu qane etməsə də, gülümsəyirdi. Hətta paltarlarımın «qəribəliyi» ilə də maraqlanmışdı. (Əynimdə ən məşhur brend firmadan qolukəsik köynək və cins şalvar var idi). Təəccüblə əlavə etmişdi ki;

-Əgər pulun yoxdursa, sənə təzə libas verək, bu nə paltarlardır belə!?

Mən, əlbəttə ki, qayğıkeşliyinə görə nurani simalı mötəbər kişiyə təşəkkürümü bildirərək, çox nəzakətlə minnətdar olduğumu dilə gətirmişdim. Lakin vaxtımın da azlığının fərqində idim. Odur ki, nurani kişiyə çox ehtiramla Nəsimini görmək istədiyimi bildirdim. Kişinin üzündə bir təbəssüm oynadı. Dedi:

-İndi bildim niyə belə geyinmisən. Məni görməyə gələn dərvişlərin əksəriyyəti qəribə libaslarda gələrək diqqətimi özlərinə çəkməyə çalışırlar.

Mən artıq böyük Nəsimini tanımışdım. Dərviş olmadığımı, bura yalnız Nəsimini canlı görmək, onunla söhbət etmək üçün gəldiyimi demək istədim. Lakin zamanım tükənirdi. Mübahisə etməmək üçün susdum. Çünki doğrudan da zamanım az qalmışdı. Sadəcə olaraq ona hansı zamandan gəldiyimi və yaratdığı əsərləri necə sevdiyimi söylədim. Öz dilindən heç olmasa bircə misra şeir eşitmək istəyimi xahiş etdim. Sağ olsun, məni qırmadı. «Məndə sığar iki cahan, mən bu cahana sığmazam, Gövhəri la-məkan mənəm, kövnü məkana sığmazam», — beyti ilə başlayan qəzəlini öz mübarək səsi ilə əzbərdən oxudu. Çox xoşbəxt idim. Sonra məndən gəldiyim yerin şairləri barədə soruşdu. Dedim:

-Çox gözəl şairlərimiz var. Torpaq yetişdirir, maşallah.

Adlarını soruşdu. Həyəcandan heç birinin adı yadıma düşmədi, Elzadan başqa. Məndən rica etdi:

-Bir şeir söylə o el qızından.

Karıxıb qalmışdım. Bildiyim hər şey yadımdan çıxmışdı. Sonra zehnim bir az aydınlaşdı. Son günlər internetdən oxuduğum və sosial şəbəkələrdə məşhurlaşan «ənəlhəqq» şeiri yadıma düşdü. Başladım uca səslə şeiri ustad Nəsimiyə söyləməyə. Kişinin gözləri hədəqəsindən çıxmaq dərəcəsinə qədər bərəlmişdi. Mən oxuduğum şeirin xoşuna gəldiyini zənn edərək, «sürt, sürt» hissəsini şövqlə oxuyurdum ki, kişi başına-gözünə döyə-döyə barmağı ilə məni göstərərək qışqırmağa başladı.

-Şeytan, şeytan!

Sonra baş götürüb qaçmağa başladı. O arxaya baxmadan qaçır, ətrafındakılar da ardınca yüyürürdülər. Mən nə olduğunu anlamış deyildim. Təəccüb və təəssüf hissi ilə Nəsiminin və ətrafındakı musiqiçilər dəstəsinin qaçaraq uzaqlaşmasını peşmanlıqla seyr edirdim. Onlar tamam gözdən itəndən sonra, ayağa qalxdım. Nə üçün qaçıb getdiklərinə heç bir məna verə bilməsəm də, geri qayıtmalı olduğum üçün dallarıyca getmədim. Kor-peşiman «zaman maşını»na tərəf geri qayıtmağa başladım. Vaxtım dolmamış öz dövrümüzə qayıdıb, «zaman maşını»nı Əlisəttar kişiyə qaytarmalı idim. Maşına çatıb içinə daxil oldum. Hər şeyi necə qoymuşdumsa, elə də olduğuna əmin olduqdan sonra düyməni basıb maşını işə saldım. Yenə də həmin gurultulu, nəriltili səs başladı. Yenə də qorxudan gözlərimi əllərimlə bağladım. Arada elə bil bayıldım da…

Elə bu dəmdə qəribə səs tembri olan qadın səsi ilə musiqi sədası eşidildi. Daha sonra kimsə məni silkələməyə başladı. Gözlərimi qorxa-qorxa açıb baxdım ki, həyat yoldaşım başımın üstündə dayanıb gülə-gülə deyir:

-Nə çox yatdın, ay kişi? Dur, pürrəngi çay dəmləmişəm. Televizorda da yaxşı veriliş başlayıb. Sənin xoşladığın müğənni – Elza oxuyur. Bəlkə şeir də dedi…

SON