Hörmətli Ramil Əhmədin “Tərcüməçi labirintdə olduğunu anlamayanda” adlı yazısını oxudum. “Mücrü” nəşriyyatında nəşr olunmuş Robert Makkinin “Hekayə” kitabının tərcüməsi yazıda mədəni formada sərt tənqid olunub. Etiraf edim ki, Cəlil Cavanşirin tərcümə etdiyi kitabı oxumamışam. Məqsədim Cəlil Cavanşiri müdafiə etmək deyil. Hörmətli Ramil bəyin tənqidlərində, çox güman, xeyli haqlı məqamlar var. Məni daha çox tənqidi yazıda bəzi cümlələrin mənşəyi və mənbəyi maraqlandırır.
Məsələn, Ramil bəy yazır:
“Ana dilimizdə ssenari strukturunun öyrədilməsiylə bağlı yazılmış məşhur bir kitabın insanlar üçün əlçatan olmasının sevincini yaşamışdım”.
“Sevincini yaşamışdım” nə deməkdir?
Yaxud bu cümləyə diqqətlə baxaq:
“İstanbul Universitetindən fəlsəfə doktorluğu elmi dərəcəsini yaradıcı yazarlıq sahəsində alan biri olaraq sözü gedən kitabın ingilis və türk variantını kompüterimdə tapmaq cəmi 12 saniyə vaxtımı aldı”.
Bu cümlə Azərbaycan dilində yazılmayıb.
Davam edək.
“Sahənin ən çox bilinən kitablarından birinin ana dilimizə gələnə qədər hansı mənaları itirdiyinə cümlə-cümlə şahid oldum”.
Bu da Azərbaycan dilində yazılmayıb.
Davam edək.
“Mən dəyər qatmaqdan çox, dəyərsizləşdirmə olaraq qavradım bu kitabı”.
Müəllifin nə demək istədiyini başa düşmək üçün cümləni üç dəfə oxumağa məcbur oldum. Üç dəfə oxumağıma baxmayaraq, müəllifin nə demək istədiyini başa düşməkdə yenə də çətinlik çəkdim. Bu cümlə Azərbaycan dilində yazılmayıb. Bilmirəm hansı dildə yazılıb, amma Azərbaycan dilində yazılmadığı dəqiqdir.
Davam edək.
“Bu yanlış anlaşılma, bu özünü aldanışla (“Mən bilirəm!”), bu iddialarla qarşılaşmaq üzücüdür”.
Bu cümlə də Azərbaycan dilində yazılmayıb. Ümumiyyətlə, bu cümlənin mənşəyini müəyyən edə bilmədim…
Söhbət ayrı-ayrı sözlərin səhv istifadə olunmasından getmir. Söhbət ondan gedir ki, hər dilin öz ahəngi, öz musiqisi, hər sözün öz yeri, öz təyinatı var. Nə demək istədiyim aydın olsun deyə mətbəxlə paralellər aparmaq məcburiyyətindəyəm.
Məsələn, bəhməzi xaşılın üstünə tökəndə həm estetik, həm də dad nöqteyi-nəzərindən gözəl nəticə alınır. Bəhməzi xaşın üstünə töksən, aləm bir-birinə qarışar. Hərçənd həm xaşıl, həm də xaş qışda, soyuq aylarda, özü də səhərlər yeyilir. Amma birinin üstünə bəhməz tökmək olar, digərinin üstünə bəhməz tökmək qətiyyən olmaz. Deməli, bəhməzdən yerində və dəqiq istifadə etmək lazımdır.
Ramil Əhməd xaşın üstünə bəhməz töküb və üstəlik, Cəlil Cavanşirin bişirdiyi yeməyə öz iradların bildirib. Onu demək istəyirəm ki, başqasının tərcüməsini tənqid edən şəxs yazdığı cümlələrə də bir nəzər salmalıdır.
Yazıdakı “ultrahibrid” cümlələrə baxmayaraq Ramil bəyin yazısını şəxsən təqdir edirəm. Belə yazılar tez-tez, çox yazılmalıdır. Qoy tərcüməçilər, naşirlər, redaktorlar məsuliyyət hiss etsinlər.