Vətən tarixini yazmaq böyük məsuliyyət tələb edir. Bu məsuliyyətin ağır yükünü çiynində daşımağa qərar verən Əli bəy Azəri işğalaqədərki dövrün ilk altı ayındakı Zəngilanın hərb tarixini əbədiləşdirən “Hərbi Zəngilan” roman-xronikası kimi sanballı əsər yaratmaqla misilsiz iş görmüşdür.
Peşəkar hərbçi, istedadlı yazıçı qarşıda onu gözləyən əzablara, müxtəlif tənqid və iradlara, bəlkə də bizə məlum olmayan hücumlara əvvəldən sinə gərərək bu dövrün acı reallıqlarını bütün çılpaqlığı ilə qələmə alanda bircə onu fikirləşirdi ki, yazdığı həqiqətlər Vətənə -Azərbaycan adlı şanlı tarix yolu keçmiş məmləkətə aid olduğu üçün dəyərlidir. Doğulduğu, boya-başa çatdığı torpağa övlad borcunun heç olmasa kiçik bir qismini verməyə çalışan Əli bəyin əsəri Zəngilanın kimliyidir, vizit kartıdır.
Bəzi biğanələrin yaxın keçmişimizə, hətta son 25-30 ildə gözümüzün qarşısından keçən tariximizə, qaysağı qurumamış yaralarımıza, milli-mənəvi dəyərlərimizə, Vətənə, torpağa, yurda laqeyd, hətta manqurt münasibətini Əli bəy kitabın çapı üçün vəsait axtaranda gördü, təəssüf və təəccüb etdi. Yazıçı kitabın “Müqəddimə əvəzi”ndə yazır:
-Heç kim bu yolda on manatından belə keçmək istəmədi. Hətta hər il üç min manatından keçib İmam Hüseynə ehsan gecəsi keçirənlər də belə kitabın çapı üçün yüz manat xərcləmək istəmədilər. Hansısa mollanın əza məclisində bir neçə dəfə adının çəkilməsini hər şeydən üstün saydılar, doğma Vətən torpağı uğrunda vuruşmuş, şəhid olmuş yaxınların, doğmaların adının əbədiləşdirilməsinə dəyər vermədilər.
Roman-xronikadakı personajların demək olar ki, böyük əksəriyyəti gerçək insanlardır. Yəqin ki, “Hərbi Zəngilan”ı oxuyan zəngilanlılar, həmin bölgədə hərbi xidmətdə olanlar kitabın 400-ə qədər personajlarının içərisində özlərinə, tanış adlara, simalara , onların müsbət və mənfi xarakterlərinə rast gəlmişlər.
Əli bəy çaqqal səsli parolları ilə düşmənə işarə verən satqınları, qənimət əldə etmək, yağmalamaq uğrunda mübarizədə bir-birinə güllə atanları, fürsətdən istifadə edib Vətənin var-dövlətini İrana daşıyan, oradan saqqız, təsbeh, xına gətirən çağdaş tacirlərimizin cahilliyini yazanda ona təyiqlər olacağını bilirdi. Hətta ulu babası Nüvədi kəndindən olduğu üçün cəbhədəki nüvədililərə “yaylaq” şəraiti yaradan, “qoy mənim hesabıma kef çəksinlər” deyən korpus komandirinin eybəcər, ikrah doğuran “xeyirxahlığı”nı yazanda da…
Bütün bunları və digər neqativ olayları olduğu kimi yazmaq üçün həm hərbçi, həm də hərb tarixini qələmə alan yazıçıdan böyük cəsarət tələb edir. Belə cəsarət indiki dövrdə az tapılan nadir mənəvi sərvətlərdəndir, pafosla desək, “Qırmızı kitab”a düşən dəyərlərimizdəndir.
Müvəqqəti atəşkəs əldə eləmək üçün düşmənlə görüşə gedən heyət üzvlərinin “pulemyot gurultusunu, avtomat atəşi”ni eşidib general Kazımovu və onun yavərini görüş yerində qoyub qaçması utancverici olsa da mütləq yazılmalıdır ki, gələcək nəsillərə ibrət dərsi olsun. Böyük Mirzə Ələkbər Sabir təbirincə, “düzü düz, əyrini əyri” yazanlar, onların yazdıqları tarixin daş, ədəbiyyatın söz yaddaşında ömürlük qalacaq.
Bu əsərin mənim üçün daha bir önəmi odur ki, hər səhifəni, hər fəsli oxuduqca Zəngilanı qarış-qarış gəzdim, heç vaxt qonağı olmadığım bu diyarın dağına, dərəsinə, Avropada tayı-bərabəri olmayan unikal Bəsitçay meşə-qoruğuna, kəndlərə qiyabi səyahət etdim, qəhrəman və qayğıkeş insanları ilə tanış oldum.
Hamımız yaxşı bilirik ki, Vətəni və ata-ananı seçmək bizim ixtiyarımızda deyil. Ona görə də onlar müqəddəsdir. Ərazicə çox böyük olmayan, amma maddi və mənəvi sərvətləri ilə bütün dünyaya meydan oxuyan, qanadlanan əzəmətli qartala bənzəyən Azərbaycanın incilərindən biri olan Zəngilanı mənə Əli bəy Azərinin yazmağı planlaşdırdığı trilogiyanın birinci hissəsi — “Hərbi Zəngilan” roman -xronikası daha yaxından tanıtdı.
İnamla deyə bilərəm ki, tezliklə qələbə yollarını açaraq görmədiyim — ancaq dostlarımın, tələbə yoldaşlarımın xatirələrindən tanıdığım Zəngilana gedəcəyik…
“FS” səhifəsində paylaşılıb, 22.10.2018