Üstündən neçə gün keçib, hələ indi o xoş auralı məkanın sehrli cazibəsindən ayrılıb olanlara nəzər salmağa başlayıram.
Fikrim asimanın ənginliklərində keçmişin, klassiklərin ruhlarının sorağında olsa da gözlərim yola baxırdı. Bakı-Xaçmaz yolundan sağa çıxıb köməkçi yolla irəliləyirdik. Birdən:
-Çatdıq! – deyə taksist astadan səslənəndə xəyallardan ayrıldım.
-Hara? – qeyri-ixtiyari soruşdum.
-“Sara” şadlıq sarayına. – Taksist tərs-tərs məni süzdü. – Bakıdan çıxanda belə deməmişdiniz?
Fikrimi cəmləşdirməyə çalışdım. “Mən “Sara” şadlıq sarayına nəyə gəlmişəm?” “Hə, yadıma düşdü, indi adamlar daha çox dadlı yeməklər bişirilən yerləri, pal-paltar satılan mağazaları yadda saxlayırlar. İndi kimdir kitabxanaların, kitab mağazalarının, klassiklərin ruhunu oxşayan hücrələrin yerini soraqlayan?” Bəli. Mənə elə beləcə də deyilmişdi. Birdən taksi sürücüsü oranı tanımaz, onda belə nişan verin.
Taksidən düşən kimi şadlıq sarayının əks istiqamətinə baxdım. Dərhal hücrəni gördüm. Elə bil bu hücrəni min ildir tanıyırdım. Əfzələddin Xəqani bu hücrədə yaşayıb yaratmışdı. Ömrünü burda xalqa, ədəbiyyata fəda etmişdi. Yaradanın haqqı – ölüm xəbəri gələndə də burdan heç hara getməmişdi. Daşa dönüb heykəlləşmiş və hücrənin qarşısında ucalmışdı, gələnlərə, gedənlərə düzgün yol göstərirdi.
Əvvəlcə heykələ yaxınlaşıb salam verdim. Qələm əhli olduğumdan imtahan öncəsi sıxılan tələbə kimi sıxıla-sıxıla böyük ustada səcdə etdim, ehtiramımı bildirdim. Sonra hücrəyə tərəf döndüm. Qapının üstündə yazını oxuyub hücrənin başına dolandım və arxa tərəfdəki qapını açıb içəri daxil oldum. Klassiklərin ruhu dolaşan hücrənin ədəbi ab-havası məni vurdu. İlk qarşıma çıxan bir ay əvvəl tanış olduğum, tanış olduğum andan da zəkasına vurulduğum Daşqın Məmmədovla qarşılaşdım. İçəridə beş-altı adam olardı. Düz gəldiyimi anladım. Təzəcə salamlaşmışdım ki, hücrənin mücaviri hesab etdiyim AY Bəniz xanım Əliyar da gəldi. Görüşdük, hal-əhval tutduq. İlk andan ruhən böyük cüssəli bu xanımın çiyinlərində klassiklərin mistik varlığının uyuduğunu hiss elədim.
Yola həyat yoldaşım Xuraman xanımla çıxmışdım. Onunla Dədə Qorqud diyarı Dəmirqapı Dərbəndə — ədəbi görüşlərə də bir getmişdim, Gürcüstan, Rusiya səfərlərinə də. Müharibə illərində də arxa-dayağım olmuşdu. Hücrədən çıxdım. Həyətdə məni gözləyən bir qutu jurnal-kitabları götürüb Xuramanla birlikdə hücrəyə qayıtdım. Yoldaşımı təqdim etdim. Birlikdə gəldiyimizə çox xoşhal oldular. Qısa tanışlıqdan sonra görüşümüz başladı. Bütün bu müddət ərzində Əfzələddin Xəqaninin ruhunu başım üzərində hiss edirdim.
AY Bəniz Əliyar görüşə gələnləri salamladı və haqqımda danışmağa başladı. Xanım-şairə xeyli məlumat toplamışdı – uşaqlığımdan bəhs edirdi. İlahi, mən axı Xəqanini orta məktəbdə yetərincə öyrənməmişdim. O vaxt Xəqanini yetərincə öyrədirdilərmi? Deyəsən, yox. Elə Həsənoğlu kimi bir qəzəli ilə kifayətlənirdilər. Soyuq tər məni bassa da ustadın ruhunun sakitliyi məndə rahatlıq yaradırdı. AY Bəniz xanım isə danışırdı. Mənim orta məktəbdə oxuduğum illərdən, o vaxt yazdığım kiçik həcmli mətnlərdən, onların hansı jurnal-qəzetlərdə dərc olunmasından bəhs edirdi. Bir aləm xatirə gətirmişdim o illərdən. Hansını danışım. Bir saat, beş saat bəs edərdimi? Əlbəttə yox. Yaşadığım hər an, hər gün bir xatirəydi. Dəyərli vaxtlarını ayırıb görüşümə gəlmiş adamların daha çox vaxtını almağa haqqım vardımı? Niyə mənə bu qədər dəyər verirdilər? Bilmirəm. İnsanların sifətindən səmimiyyət yağırdı. Bölgə adamları öz saflığını necə də qoruyub saxlayıblar.
AY Bəniz Əliyar danışırdı. Başımın üstündə yeni ruhların uçuşunu hiss elədim. Bu, Mehdi Ağalarovun ruhuydu. Orta məktəbdə ədəbiyyat müəllimim olmuşdu. Bütün şair və yazıçıları onun sayəsində sevmişdim. Sevə-sevə oxumuşdum. İlahi, necə də zəngin dünya imiş ədəbiyyat. İnsan ədəbiyyatdan aldığı zövqü başqa hardan ala bilər? Hər şair, yazıçının həyat və yaradıcılığını bizə tədris edəndən sonra elə bilirdik ki, doğmamızdır; əmimizdir, dayımızdır, ya da atamızın yaxın qohumlarındandır. Mehdi Ağalarov onları bizə belə sevdirmişdi. İndi də yuxarıdan pıçıldayırdı: “Mən sənə boş-boşuna “beşdə-beş” yazmamışam!”
Nəsə bir başqa ruh xəyallarımı çəkdi. Bu, niyə gəlib? Bu ki, bizim riyaziyyat müəllimimiz olub. Ölkə səviyyəli tanınmış Şəhrid İsmayılovun ruhuydu. Hər il Ali məktəblərə qəbul vaxtı mübahisəli misal-məsələlərin həllində teleqramla onu ya Naxçıvana, ya Bakıya çağırardılar. “Ən böyük şair Nəsrəddin Tusidir” deyirdi. Poeziya da dəqiq elmdir, hecasını, qafiyəsini tuta bilməsən, nazını çəkməsən, qayğısına qalmasan, ondan poeziya olmaz. Özü də ara-sıra şeirlər yazırdı, sandığa yığırdı. İndə hardan bilim onların taleyi necə oldu? Birdən pıçıldadı: “Mən sənə ona görə “dörd” yazırdım ki, ali məktəbə imtahan verəndə “beş” ala bilməyib təəssüflənməyəsən. “Dörd” sənin halal qiymətin idi…” Pıçıldayan kimi də vızıldayıb uçub getdi.
İndi hücrədə qarışıqlıq idi. Yerdəkilər də danışırdılar, göydəkilər də. AY Bəniz xanım görüşə gələnləri bir-bir təqdim edib danışmaq üçün söz verirdi. Onlar internet üzərindən yaradıcılığımın bir hissəsi ilə tanışlıqdan danışır, şagirdlər suallar verir, mən də imkan tapan kimi cavablandırmağa çalışırdım. Arada fürsət yaranan kimi xatirələrimi danışırdım. Göydəkilər isə hər şeydən məlumatlı idilər. “Klassiklərin bostanına daş atmaqdan da qalmırsan…” deyə atmaca da atırdılar. Bu nədi? “Hal arvad”dan yazırsan, köhnə kişilərin paxırlarını açırsan? Ayırd edə bilmədim kimin ruhunun pıçıltısıydı; ya Yusif Vəzir Çəmənzəminliydi, ya Əbdürəhman bəy Haqverdiyev. “Qurd ağzı”n da pis alınmayıb! İlahi, bəs bu kimin səsiydi? Süleyman Sani Axundov, yoxsa Abdulla Şaiq? Şagirdlərdən kimsə sual verirdi, nəsə “Şər” adlı hekayəmdən danışırdı. Mirzə Cəlil qarşıdakı pəncərədən mənə əl eləyirdi. Dəxli olmasa da onu nümunə göstərdim.
Sevinirdim ki, müasirlərim mənim haqqımda danışır, onların arasında yaşıdlarım da vardı, gənc qələm sahibləri də. Gənclər daha fəallıq göstərirdilər. Bunlar hamısı AY Bəniz xanımın xidmətləriydi. O, deməsəydi, istiqamətləndirməsəydi, mənimlə, yaradıcılığımla necə maraqlanacaqdılar?
Aybəniz xanımın nə vaxt və necə AY Bəniz olduğu fikri çulğalandı beynimdə. Özündən, yaxud başqalarından soruşmağı özümə rəva bilmədim. İlk görüşdə bu xanım-şairə gözümdə klassiklərin ruhunu şad edən, hücrənin əsl sahibəsi kimi püxtələşmişdi, böyümüşdü. İndi buna daha da əmin olurdum. Xəqani burda daşa çevrilib heykəlləşmiş, qərinəyə çevrilib hücrəsini tərk etməmişdisə, onun və ətrafına toplaşmış bütün klassiklərin ruhunu oxşayacaq bir hücrəni canlandırmaq çətin olsa da müqəddəsdi. Ruhlar üçün zaman yoxdu, onlar hər zaman yaradır, müzakirə aparırlar. Onların işığı heç vaxt əskik olmamalıdır. Günəş görünməyəndə göylərə qalxıb günəşin işığını əks etdirən AY Yerə necə işıq salırsa, AYBƏNİZ xanım da daima müqəddəslərin toplaşdığı bu hücrəyə qəlbən necə bağlanıbsa, eləcə də AY Bənizə çevrilib. Məncə, soruşmağıma heç ehtiyac da yox imiş.
Bir qələm adamı kimi klassiklərə görə rahatlıq tapdım. Əfzələddin Xəqaninin də ruhu çox rahat görünürdü mənə. Hücrəsinə daima işıq saçan, oranı canlandıran bir insanın əvəzsiz xidmətlərindən necə razı qalmayıb rahatlıq tapmayasan?
Görəsən, Azərbaycanda belə hücrələr neçədir?
Əli BƏY AZƏRİ,
“Xəzan” jurnalının baş redaktoru