Ay Bəniz Əliyar — şeirlər

Uncategorized

43 YAŞIMA GECİKMİŞ MƏKTUB

 

Yaş, nə tez ötüşdün, hara tələsdin?

Nəyi necə etdim, bilmədim axı.

Bəzən çıxıb qəfil yolumu kəsdin,

Bəzən dönüb oldun bir şirin yuxu.

 

Bir vaxt ruhum təzə, könlüm də xoşdu,

Baharlar rəngarəng bağçam-bağımdı.

İndi nədən belə ürəyim boşdu?

Özüm də bilmirəm, hansı çağımdı?

 

Məni qucaqlayan, məni axtaran,

Yüyürüb bir zaman üstümə cuman,

O gözəl sevdalar, o zərif hisslər,

İndi hara getdi? Kim onu gizlər?

 

Milyon arzu uçdu başımın üstdən,

Ruhumun göyləri kəhkəşan oldu.

Mən ki, heç qorxmadım duyğudan, hissdən,

Duyğular nə zaman məndən yoruldu?

 

Yaş, nə tez ötüşdün, tələsdin hara?

Nəyi qazandırdı hər ötən bir il?

«Dur» deyə bilmədin gedən çapara,

Yəqin ixtiyarın özündə deyil!

 

Bəlkə də hardasa səni gözləyən,

Səni arzulayan bir kimsənə var.

Bəlkə də O yoxdu, O yoxdu deyə,

Səni belə uzaq aparır yollar.

 

Bir vaxt hər telindən min naz süzülən,

İncə gülüşündə kəpənək gülən,

O «gənclik» adında eşq hara getdi?

Kimlər onu belə tarimar etdi?

 

Qırxı adladınsa əllidir demək,

Bundan sonrasılar bəllidir demək!

Bu yaşda dost-düşmən çəpəri olmur,

İnsanın eşqlərə səfəri olmur.

 

Nə günlər xoş keçir, nə hisslər dərin,

Gömülür qəlbinə gizlədiklərin.

Əlində oyuncaq olur baxışlar,

Qəlbinin içində bir kədər qışlar,

Bu dəmlə əllidən sonralar başlar.

 

Sən ki saf hisslərlə getdin hər yolu,

Bu imiş zamanın sənə “sağolu”?

Hanı əldə çıraq səni gəzənlər?

İndi növbənövdü səni əzənlər.

 

Demərəm, çox qovğa çəkməyib başım.

Şükür, elə ağır yanmayıb canım.

Şələni qoy yerə döyüşək, yaşım,

Ya sən zəfər qazan, ya mən qazanım.

 

Gənclik yürüməkdən doymadığındı,

Adı bilinməyən sirdi nə varsa…

Gənclik gözdən kənar qoymadığındı,

Qəlbində son ümid, nurdu nə varsa…

 

O DAM

 

Bu dünyanın damı varmı görəsən,

Damı varmı boylanmaqçün hər yerə?

O dam boyda bir nərdivan hörəsən,

Pillə-pillə ucalasan göylərə…

 

Ətəkləri buludlara qarışan

Tacı varmı, yeddi rəngli çələngdən?

Damı varmı ulduzlara yaraşan,

Bacasından çıxan tüstü nə rəngdə?

 

O dam bəlkə kainatın dibidir?

O dam özü bu dünyaya çətirmi?

O dam yəqin Tanrıların evidir,

Ora görən dualarım çatırmı?

 

Mən o dama çıxmaq üçün çalışdım,

O dam sanki bir alınmaz qalaydı…

Mən o damda buludlara qarışdım,

O dam ölü ulduzlarla doluydu…

 

Çıxıb bir-bir ulduzları süpürdüm,

Ovcuma bir ad söyləyib üfürdüm,

O dam görən dəli olmaq üçünmü?!

Adam bunu düşünmədən keçinmir…

 

QIZIMA GECİKMİŞ AD GÜNÜ TƏBRİKİ

 

Bir az gecikmişəm, bağışla, qızım,

Tək Allah şahiddir nə çəkdiyimə.

İndi 10 yaşın var, durum nə yazım?

Bir gün haqq verərsən gecikdiyimə.

 

Bir az gecikmişəm, nə alım, deyə,

Nə ilə könlünü xoş edə bilim…

Ana duasından gözəl hədiyyə

Yoxdur, mən biləni, göydədir əlim…

 

Hədiyyə səninçün sözdə çox adi,

Bax, yenə hazırdır gülün, ətirin.

Səadət, dediyin, can sağlığıdı,

Onu nəylə alım, necə gətirim?!

 

Canımdan dəyərli bilirəm səni,

Yalan deyirəmsə kor olsun gözüm.

Hərdən çarəsizlik üzsə də məni,

Üzmədim əlimi göylərdən, qızım.

 

Bəzədin ömrümün hər saatını,

Buna əvəz olan nədir, bilmirəm.

Sən mənə bəxş etdin «Ana» adını,

Mən bundan dəyərli heç nə görmürəm.

 

***

 

Göy üzün yenə də qovur buludlar,

Nə payız yenidir, nə yağış yeni.

Ağaclar düşürür nə yarpağı var,

Damır göy üzünün bulud sakini.

 

Damıb islatmağa adamı hanı?

Yenə küməsinə çəkilib hamı.

Dolmur gecələrin səssiz dalanı,

Göylər dama-dama boşuna damır.

 

Daha təsəlliyə çevrilmir hər an,

Daha sərçələri qovmur pişiklər.

Daha qaranquşlar qaçmır payızdan,

Daha təzələnmir köhnə beşiklər.

 

İtirir həmdəmin yuvalar tək-tək

Qalıb nəğmələrdə quşların səsi.

Toxunsan, hürküdən sükutu gerçək,

Nimdaş xatirəyə dönüb hamısı.

 

Yurddan nə zamandır köçübdür lələm,

Sanki zamanın da beyni çalışmır.

Gözümün ovuna qurulmur tələm,

Qəlbimin oduna ruhum alışmır.

 

Dişini qırıbdı köhnə kirkirə,

Təzə hiss yaratmır şeirin boyatı.

Bu haqsız, narahat zamana görə,

Sınıb kəfkirindən divar saatı.

 

***

Bu sabah işdəyəm, ağlımda da sən,

Telefon susmayır neçənci gündü.

Mobil telefonda görünər nömrən,

Bəlkə, iş nömrəmi yığırsan indi?

 

Danışmır zəng edən, qalxır səs tonum,

Görən kim zəng edir, axı kim bilsin?

Nömrəni gizlədir iş telefonum,

Dəstəyi atırsan, səsim kəsilsin?

 

Demirəm, zəng elə, dəstəkdən asıl,

Mən də zəng eləsəm zəngimi açma.

Zəng etmək səninçün qürur sancısı,

Toxda,

qürurunu sındırma,

sancma.

 

Darıxmaq belədir, bitir iş-gücün,

Gəzirsən, çiynində yükün var kimi.

Mən izn verirəm, zəng elə hər gün,

Hər gün bircə dəfə yoxla səsimi.

 

***

Mən bir barlı ağacam ki,

Barım şeirdir, şeirdir.

Yaratdığım kəhkəşanım,

Varım şeirdir, şeirdir.

 

Yellər səpələr ruhumu,

Küləyə qonar tellərim.

Arılar ballanar məndə,

Yelləncək olar qollarım.

 

Sözəm kökümdən-gövdəmə,

Bağçam şeir, bağım şeir.

Yazda çiçəyim şeirdir,

Payızda yarpağım şeir.

 

Dan boyunca seyrim şəfa,

Günəş nur saçar şənimə.

Quşlar məndə dincin tapar,

Nəğmə qoşarlar şeirimə.

 

Kölgəmdə mehmanım yatıb,

Onunla hər davam şeir.

Toplu-toplu, dolu-dolu,

Budağımda yuvam şeir.

 

Zəhmətim çıxmaz ki, boşa,

Şeirdir alnımda tərim.

Tanrının mənə yazdığı

Şeirdir tale əsərim.

 

Ağacam, barlı ağacam,

Növbahar, bəhər adamam.

Adamlar məni anlamaz,

Belə dərbədər adamam.

 

***

 

(Yağış yağır, yenə yağır,

Hər məhləyə, tinə yağır.

Doluxsunub uşaq kimi,

Sallayıb alt dodağını.

Bu buludlar mənə tanış,

Eşidirsən?

YAĞIR YAĞIŞ…)

 

***

Pəncərəmdə mayak kimi,

Göyqurşağı göyə kəmər.

(Süd verən analar bilir,

Anam torpaq, anam torpaq.)

Niyə istisən, bilirəm,

Göylər səndən südün əmər.

 

Üzüb yerdən əllərimi,

Göyə çırmanıram yenə.

(Durmaq ilə yoxdu aram,

Dırmanqucam, durum bəlli.)

İki dünya arasında

Yenə dırmanıram, yenə…

 

Əlim durmur ətəyimdə,

Ətəyimdən küsən əlim.

(Özümə baxmır, özümə,

Üzümə baxmır, üzümə.)

Özgəsinə umac ovan,

Əriştələr kəsən əlim.

 

Nə yer deyiləm, deyiləm,

Nə göy deyiləm, deyiləm.

(Uzaqdan bir azca qərib,

Bir az əcaibəm bəlkə.)

Amma düşündüyün boyda

Köntöy deyiləm, deyiləm.

 

YOXLUQ

 

Yox olmaq nədir görən?

Ölüm bunca haqdı? Yox!

Bir var sağdı, bilirsən,

Bir də var ki, yoxdu! Yox!

 

Qızılı bir payızmı,

sarı yarpaqmı yoxluq?

Qara daşmı, qəbirmi,

soyuq torpaqmı yoxluq?

 

Qəlbində basdırdığın

gözündəki dirimi?

Əllərində boş qalan

əllərinin yerimi?

 

Yox olmaq nədir görən?

Ötən zaman, keçən il?!

Heç biri deyil axı,

heç biri deyil, deyil!

 

Baxıram, yollarına

xəzəl düşüb bir yığın.

Hansı yönə bənd olub

çəkilməyən yoxluğun?

 

HARDAN BİLİM

 

Həyat necə bir oyun?!

Udmadım, hardan bilim?

Mənə tutulan toyu

Tutmadım, hardan bilim…

 

Vicdan dildə-dodaqda,

Xəstə düşüb yataqda.

Bir dostu bəd ayaqda

Atmadım, hardan bilim…

 

Dərdmi ömrün məhşəri?

Varmı görən oxşarı?

Bir xeyirə bir şəri

Qatmadım, hardan bilim…

 

Bu qatar nə qatarı?

İçində nə aparır?

Niyə haray qoparır?

Çatmadım, hardan bilim…

 

Asan oldu «yaz» demək,

Aldanıbdı göz demək…

Üç badam bir qoz demək?

Satmadım, hardan bilim…

 

Bu nə vay, bu nə vuruş?

Qazancı da bir quruş.

Sevgi şirin yuxuymuş,

Yatmadım, hardan bilim…

 

Qollarım dar ağacı…

Hər gün qəmdən gül açır…

Nədir bunun əlacı?

Yetmədim, hardan bilim…

 

Bazarı var, malı yox…

Azarı var, yolu yox…

Məzarında ölü yox…

Getmədim, hardan bilim…

 

QAPISI

 

Yenə sancılıb sinəmə

Bu dünyanın dərd qapısı.

Kədərimdə gülür üzü,

Sevincimdə pərt qapısı.

 

Hava dolur çatlağına,

düşüb sifət qıtlığına.

Qırış düşüb qatlağına,

açılmayıb qart qapısı.

 

Durur yenə gecə-gecə,

vurur yenə gecə-gecə.

Hürür yenə gecə-gecə

it qapısı, qurd qapısı…

 

Nə yarımçıq mey deyiləm,

nə buludsuz göy deyiləm.

Açılmır ki, hey döyürəm,

sınaq ömrün şərt qapısı.

 

Əl açmışam — loxma gələ,

Loxmadan bir sıxma gələ.

Allahdan bir doğma gələ,

mərd qucağı, mərd qapısı.

 

QAPININ

 

Bivaxt döyməzlər, ay adam,

cəftəsi küsmüş qapını.

Mövsümləri bahar fəsli

kilidə düşmüş qapını.

 

Yaman yerdə düşüb bəndə,

Aça bilməz heç bir bəndə,

Tanrısının əlindən də

əlini üzmüş qapını.

 

Nə ondan gedənə yaddı,

Nə ona gələnə şaddı.

İçi dolu ah-fəryaddı,

baharı keçmiş qapının.

 

Toxunursan, yoxlayırsan,

Nəyə ümid bağlayırsan?

Ürəyini dağlayırsan

ürəyi şişmiş qapının.

 

GƏZƏRSƏN

 

Bir ağ gün çıxmaz qarşına,

əlində çıraq, gəzərsən.

Kədərlə qolboyun, amma

sevincdən uzaq gəzərsən.

 

Nə gənclik var, nə cavanlıq,

ümidlər də bircə anlıq.

Yox səadət, firavanlıq,

hər şeyə yasaq gəzərsən.

 

Dünya bir boş nağıl yeri,

yeyilibdi «qoğal» yeri.

Saçlarında sığal yeri,

əlində daraq gəzərsən.

 

Dərdləri zaman kiridir,

Kimin varsa, bir-bir gedir.

Dost əli bilirsən nədir?

Kürəkdə bıçaq! — gəzərsən.

 

Həqiqət enib dizinə,

Tale bağlanıb üzünə.

İnanmayıb öz-özünə,

Hamıdan qaçaq gəzərsən.

 

Dərd nədir ki, keçilməyə?

Gözlərin var içilməyə.

Ürəyini köçürməyə

bir quru varaq gəzərsən.

 

Bu dünyaya tox kimisən,

eh, bir az da yox kimisən.

Axirətin sakinisən,

dünyaya qonaq gəzərsən.

 

***

Bir ayrılıq ulayır

İt kimi küçələrdə…

Tək ölmək qorxusu var,

Sən adlı gecələrdə.

 

Məni də düşün bir az,

Bir şeir yaz, deyirdin.

Xəyalını oxşamaq

Yazmadığım şeirdi.

 

Səni mən tək sevmədi,

Kamına yetdiyin də,

Bir yastığa baş qoyub,

Bir yorğan örtdüyün də.

 

Səni yazmaq olmayır,

Aciz düşüb varaqlar…

Sən elə qəhrəmansan,

Yazsam, tanıyacaqlar.

 

ÖLÇÜSÜ BOYDA

 

Tanrıyla aramda qalan

Bəxtin ölçüsü boydayam.

Boyuma yaraşdırdığı

Taxtın ölçüsü boydayam.

 

Günümdə əqrəbi təzə,

Yerişi möhürlü Sözə…

Bir saat o üz-bu üzə,

Vaxtın ölçüsü boydayam.

 

Nə tez idi, nə də gecdi,

Ömür göz önündən keçdi.

Mənə nə ölçdü, nə biçdi,

Haxdı, ölçüsü boydayam.

 

ANA OLMAQ

 

Bir az başqayam bu ara,

Duyğu anında… bir başqa…

Günün əvvəlində ayrı,

Günün sonunda bir başqa…

 

Bu da gözlənilməz deyil,

Bu işdə də var bir xeyir.

Ürəyim bir başqa deyir,

Axan qanım da bir başqa.

 

Duyğularla tək qalıram,

Fikri min yerə salıram.

Özümlə başqa oluram,

Aləm yanında bir başqa.

 

Bu qədər gileyim bəsdi,

Bunun axı nəyi pisdi?

Ana olmaq gözəl hissdi,

Can var canında bir başqa!