Xaliq Məmmədov — «KOSAGÖL» (hekayə)

Xaliq Məmmədov

 

 

İyirmi dəqiqə olardı ki, magistral yoldan çıxıb, ikinci dərəcəli yolla gedirdik. Maşın döngələri olmayan ensiz hamar yolla yüngülcə şütüyür, hər iki tərəfdə qütbə qədər uzanan əkin sahələri bir-birini əvəz edirdi. Mənim hesabımla, axtardığım kənd çoxdan qabağa çıxmalıydı. Magistral yoldan 10-12 km aralı olmalıydı. Amma nə kənd görünürdü, nə də bir maşın. Yol boş olduğundan, soruşmağa da imkan yox idi. Həyat yoldaşım arxa oturacaqda oturub hansısa jurnalı vərəqləyirdi. Onu çox elə maraqlandırmırdı mənim nə üçün əsas yolumuzdan çıxıb tarlalar arası getməyim. Çox güman, düşünürdü ki, bir halda mən düşdüm bu yola, demək belə də lazımdır. Ümumiyyətlə, bu insan həyəcanlamağı, narahat olmağı çox da özünə yaxın buraxmır. “Sən varsan, mən niyə narahat olmalıyam?” – Neçə onilliklərdir ki, bu devizlə yaşayır. Adam, az qalır qibtə eləsin.

Birdən qabaqda Yol Polis maşını göründü. İki pols yolun qırağında maşına söykənib dayanmışdılar. Düz yanlarında saxladım, salamlaşdım.

-Gününüz xeyir! Mən Kosagölə düzmü gedirəm?

-Baxır hansına, Kosagöl qoşadır, böyük var, balaca var. Bir də kənd var.

-Doğrusu, bilmirəm. Göl də balaca olmalıdır, kənd də 30-40 evdən ibarətdi.

Polisin biri, 40-45 yaşlı zabit maşına yaxınlaşdı. Diqqətlə üzümə, sifətimdəki uzun çapığa baxdı. Ciddiləşdi, nəsə demək istədi, nəzərləri endi yerində gözəl oturmuş qalstukuma. İki il qabaq, yoldaşımın mənə İtaliyada hədiyyə etdiyi, üstündə yarış avtomobilləri şəkilləri olan bu qalstuk, yəqin ki, polisin maaşının yarısı qədər dəyərində idi. Dəyişdiyini açıqca hiss etdim. “Çapıqlı, eybəcər fizionomiya belə qalstukla?” – düşündü yəqin. Yumşaq səslə dilləndi:

-30-40 ev? Yox, qardaş, orada uzağı, 10-12 ev olar.

-Ola bilər, iyirmi-otuz il qabaq olmuşam. – Mən cavab verdim.

-Hə, onda oradır. Bu yol düz oralara gedir. Kiçik Kosagöl də bu yoldadır, həmin kənd də. Cəmi 3 km yolunuz qalıb.

-Çox sağ olun, — deyib, yola düşdüm.

Maraqlıdır həyat. Kimlərsə (o cümlədən, yumruğu, gücü ilə iş görən təbəqə) məni üzümdəki uzun çapığa görə özününkü sayır. Kimlərsə, məsələn, polis və digər qulluqçu təbəqə bahalı qalstukuma görə təyin edir ki, mən də onlardanam. Öyrəşmişəm bu neçə ildə…

Polislə olan dialoqumuzu eşidən həyat yoldaşım arxada öz-özünə danışırmış kimi dilləndi:

-Kosagöl… Kosagöl… 20 il, 30 il qabaq…

Yoldaşımın deyintiləri altında bu üç km qurtardı, çatdım kəndə. Budur ki, var! Tanıdım bu qövsvari küçəni. Demək olar ki, kənddə hər şey dəyişmişdi. Əksər evlər ya tam sökülmüş, ya da, vaxtın, illərin hökmünə əsasən köhnəlib çökmüşdü. Cəmi, 10-15 evdə yaşayış görünürdü.

Bu da gölə enən küçə. Əvvəl, istədim düşəm gölə gedən yola. Amma, düz keçdim. İlk olaraq, məni bu kəndə dönməyə məcbur edən başlıca məqsədə çatmaq üçün tələsdim.

Gölə gedən yolla kəsişmədən 60-70 addım sonra olmalı idi həmin ev.

Əfsuslar! Yox idi axtardığım ev. Onun yerində, yaşayış evi olmadığı görünən yonulmuş ağac kərənlərindən təzəcə quraşdırılmış balaca, təxminən, 6mx6m olan bina durmuşdu. Düz qabağında dayandım, yerə düşüb yaxınlaşdım. Binanın qabağında asılan iri lövhədə “Feldşer məntəqəsi” yazılmışdı. Hündürlüyü bir metrə yaxın olan hasara dirsəklənib ətrafa nəzər saldım. Hər şey dəyişmişdi, başqalaşmışdı. Hasarla bitişik bitən ağcaqayın da başqası idi. Yəqin, çürüyüb getmişdi əvvəlki ağcaqayın. Ağcaqayına tərəf getdim. Deyəsən, ikicə şey dəyişməmişdi: birisi, küçənin sağ tərəfində, aralıda yerləşən qəbirstanlıq. Bir azca, deyəsən, böyüyüb yola yaxınlaşmışdı. İkinci dəyişməyən ağcaqayının arxasına gizlənmiş, arxası evə tərəf olan oturacaq. Qalın beşlik taxtadan düzəlmiş oturacaq köhnəlib bəzi yerdən çürüsə də, oturmağa yararlı idi. Oturdum bu oturacağa. Vaxtilə, cüt oturduğum oturacağa…

…İstilik olsa da, hava küləkli idi, qoca ağcaqayının iri budaqları başımızın üstündə ləngər vururdu. “Yaxın otur, — dedim, — yüngülsən, külək aparar səni”. Mənə sıxıldı. Bu vaxt küçədə kimsə maqnitafonla keçirdi, mahnı səsi gəldi: “…20 il az deyi, az deyil…” Başını qaldırıb yavaşcadan dilləndi: “20 il, görəsən, nə olacaq 20 ildən sonra?” “Nə olacaq, Marsda yaşayacaq insan. Ayın üzərində isə taxıl əkəcəklər. İlk fermer də biz olacağıq, tatar olacaq”- dedim. “Yəqin, beşbarmağın iyi-ləzzəti götürəcək oranı… – zarafatla desə də, ciddi idi. — Mən ikimizin həyatını tuturam nəzərdə… Bilirəm nə olacaq, amma, deməyəcəm!” “Düz edirsən, demə. Qoy sirr olsun, sirli və xoşbəxt həyat yaşayacağıq səninlə”,- dedim. Xəstəliyin üstün gələ bilmədiyi, gözəlliyini qoruyub saxlayan, nəvaziş və sevgi dolu gözlərini zillədi mənə. Sanki mənim gözlərimdə görmək istəyirdi 20 il sonranı. Gözləri gözlərimə yaxınlaşdı, dodaqları dodaqlarıma. Axşamın yumşaq toranlığı bürüdü bizi. Hər şey əridi, itdi bu toranlıqda. O axşamı mənə elə gəldi ki, nədənsə, üzbəüz tərəf meşənin ətəyində görünən qəbirstanlığın qəbir daşları itmədi bu yumşaq qaranlıqda. Əksinə, sanki onlar büründükləri əbədi sükutdan oyanaraq bizə tərəf boylandılar. Mənə elə gəldi ki, qəbir daşları bizi görmək üçün, təbiətin yalnız özünün başa düşə biləcəyi dillə bizə nəsə demək üçün böyüdülər, uzunlaşaraq, üfüqlərə qədər qalxdılar…

***

Məni fikirdən yoldaşımın səsi ayıltdı, maşından düşüb gəlmişdi yanıma:

-Kosagöl! Mən bildim bura haradır! Başa düşdüm, niyə yolumuzu dəyişib bura gəldin! Bu kənd uzun illər qabaq, sənin yaşadığın kənddir.

Cavab vermədim, sakitcə maşına oturdum.

-İlk məhəbbətin yaşayıb burada, gəldin ki, görəsən! Özünü olmasa da, xatirələri oyada biləcək nəyisə görmək üçün.

Guya eşitmədim, maşını işə saldım.

-Yaşımın 50-ni haqladığı halda, sənin az qala, yarım əsr qabaq, 20-25 yaşında etdiyin axmaqlıqlara görə indi əhvalımı pozan deyiləm, narahat olma! – dedi həyat yoldaşım.

Özümü məcbur etdim gülməyə. Qəhqəhəm gülünc, acizanə alındı. Maşını fırlayıb gölə gedən yola düşdüm. Budur Kosagöl! Həmin sahil olsa da, sahibsizlik, baxımsızlıq hökm sürdüyü aydın görünürdü. Gölün sağ tərəfi yamacda 3-4 nəfər qız-qadın çiyələk yığırdılar. Maşından düşdüm, yoldaşım da mənimlə.

-Amma, suala cavab versən pis olmazdı, niyə tərk etdin ilk məhəbbəti?

-Bilirdim ki, səni tapacam, ona görə! – dedim.

Gölün quru ilə təmasda olduğu xətdə dayandım. Həyat yoldaşım nəsə deyirdi. Son sözlərini başa düşdüm.

-Yaxşı, diqqətlə bax, itirmisən, bəlkə tapdın sularda. Mənsə bir az çiyələk yığım. Özünü suya atmaq istəsən, mənə xəbərdarlıq et…

Hava küləksiz olduğundan, burada tam sükut hökm sürürdü. Bu sakitlikdən uyuyan gölün hamar səthi nəhəng və rəngli bir şüşəni xatırladırdı. Görüşdən sevinsəm də, kədərli notlardan ibarət səslə:

-Salam, Kosagöl! – dedim, — salam, əzizim!

Tam sakitlik uzun sürmədi. Mən salamlaşıb qurtaranda, gölün suyu qəfil tərpəndi, suyun üzündə yaranan kiçik dalğalar mən tərəfə qaçaraq, zərifcə zərbələrlə ayağımı vurmağa başladılar. Nəsə deyirdilər dalğalar. Salamalaşır və o illərin cavabsız qalan suallarına cavab istəyirdilər.

Baxışlarım zillənmişdi dalğalara. Axı, su ən böyük məlumat daşıyıcısıdır, deyirlər…

***

Taxıl yığımında yerli təsərrüfatlara kömək məqsədi ilə təşkil olunmuş sürücülərdən ibarət dəstəmiz kolxozun binasında boş zala yığılmışdı. Hamımız şəhərdə bizə verilmiş öz yük maşınımızla gəlmişdik. (O dövrlərdə, əkin-səpin işlərində dövlət, könüllü sürücü dəstələri yaradaraq təsərrüfatlara yardım göstərərdi) Burada bizi üç qrupa böldülər. Bizim dəstə on iki yük maşınından ibarət idi. Üstümüzdə rəhbərlik edən komandirimiz keçmiş artilleriya mayoru idi. “Kənd qızlarını incitməyinizi qəti qadağan edirəm! Alicənab olun görüşdə!”- deyə zarafat etdi…

Kolxozda rəhbərlik bizim sənədləri qeydiyyata alanda, mənim «D» kateqoriyama baxıb: «Sahələrə yemək daşıyan, həm də kolxozun qıraq kəndləri arasında gedib-gələn avtobusun biri sürücüsüzdür», — dedi. — Siz “Kamaz”ınızı qoyun qaraja, dursun hələlik”.

Kolxoz bir böyük (mərkəz) kənddən və ətraflara səpələnən beş xırda kəndlərdən ibarət idi. Bura, həm də, Elmlər Akademiyasının kənd təsərrüfatı və toxumçuluqla məşğul olan mərkəzlərdən birinin təcrübə bazası idi. (Elə, indi də işləyir həmin elmi-tədqiqat bazası) Toxum sortları yetişdirirdilər. Çoxlu elmi işçilər, aspirantlar çalışırdılar burada.

Bizi, 3-cü sayılan kəndə təyin etdilər.

-Sürücü sağalıb çıxanacan sürün avtobusu. İşiniz tarlalara yemək çatdırmaq, mərkəzlə üçüncü otdeleniye arasında əlaqə saxlamaq olacaq, — dedilər mənə.

Bura 40-50 evdən ibarət balaca bir kənd idi. Müdiriyyət iki balaca otaqdan ibarət binada yerləşirdi. Bizi qarşılayıb bir qoca qarının evində yerləşdirdilər. Ev köhnə olsa da, təmiz və rahat idi. Yataq yerlərimiz də həmçinin, təzə, təmiz və ağ mələfəli.

Axşamüstü sürəcəyim avtobusla tanış oldum. KAvZ köhnə olsa da işə asan düşdü. Mühərrik gözəl işləyirdi. Yağını, suyu yoxladım. Ehtiyat təkərin olmadığı gözümə dəydi. Mexanik «iki-üç günə balon da taparıq», — deyərək bir kamer verdi. Neynəmək olardı, aldım kameri. Açarı, filanı yoxlayıb qayıtdıq idarəyə.

-7.00-da burada olun, — dedilər.

Gecəni rahat yatıb, tezdən deyilən yerdə oldum, yeməkxanadan yemək dolu qabları yüklədik avtobusa. Dünənki gündən başlayan taxıl yığımının dayanmaması üçün növbə ilə işləyən kombaynçıların və digər işçilərin yeməyini tarlaya aparırdılar. Yeməkxana işçisi ilə oturub getməyə hazırlaşırdım ki, qızılı rəngli qıvrımlaşan saçları çiyinlərinə tökülən 22-23 yaşlı, boyca hündür olmayan bir qız özünü saldı avtobusa:

-Salam! Az qala gecikəcəkdim. Mən də sizinlə gedəcəm, — dedi.

Yola düşdük. İki saat ərzində bir neçə sahəyə dəydik. İşçilərə yemək payladıq, arxaya qayıdanda qız sahələrin birində düşüb qaldı.

-Günorta məni arxaya aparmağı unutmayın! — dedi. Kolxozçularla danışığından başa düşdüm ki, aqronomdur. Yeməkxananın mənimlə olan işçisi, Roza xala fikrimi təsdiq etdi.

-Təzə aqranomumuzdur, bir neçə aydır gəlib, — dedi. — Gözəl insandır.

Saat on olardı, kəndə qayıtdım. İndi mərkəz kəndə getməliydim. Günorta isə yenidən tarlaya gündüz və axşam yeməyi aparmalıydım. Axşamüstü mətbəx işçisi olan Roza xalanı və gənc aqranom qızı götürüb kəndə qayıtdım. Demək olar ki, o gündən iş cədvəlim yüngül dəyişiliklər olsa da, ümumən, belə oldu.

İlk günlər aqranom qız — Elina demək olardı ki, danışmırdı, «hə», «yox», «buyurun» — əsas leksikonu bu idi. Nə qədər az danışsa da, nəzərimə dəyən bir şey oldu: Elinanın gözəl üzü və mavi gözləri kədərlə dolu olardı. Əvvəl, elə fikir vermədim, «yəqin, bu gün nəsə olub, işi düz getmir», — düşündüm. Səhərisi gün yenə diqqət etdim. Yaraşıqlı üzü və gözləri kədər meydanı idi.

Günlər keçdi, Elina ilə yaxından tanış olandan sonra çox suallara cavab tapdım…

***

Bir fikir deyəcəm, yəqin ki, sürücü işləmiş hər kəs mənimlə razılaşacaq. Həftələrlə, aylarla maşını domkratsız, ehtiyat təkərsiz rahat sürərsən, bir şərtlə ki, onların yoxluğu barədə düşünmürsən. Amma, elə ki, başlayırsan qorxmağa, hansısa təkər boşala bilər — neynəyəcəm, 100% əmin olun ki, elə də olacaq.

İki-üç gün idi işləyirdim, səhər də, axşam da təkər tələb edirdim. Cavabdeh şəxs deyirdi:

-İnanın ki, bu avtobusda bir dəfə də təkər boşalmayıb. Siz şəhər sürücüləri qorxaqsınız, gətirəcəm təkər. İşləyin, qorxmayın.

Elə həmin gün axşamüstü tarladan qayıdanda qabaq təkər boşaldı. Ehtiyat təkər olsaydı, nə vardı, aç xarab təkəri, yerinə bağla başqasını. Neçə illər sürücü işləsəm də, təkər dəyişməyi ən zəhlə tökən iş saymışam. Bir halda da ki, söküb kamer dəyişəsən, özü də çölün ortasında.

Bəxtim bircə şeydə gətirdi: Elina mənimlə idi! Nə o günə qədər, nə də o hadisədən sonra belə fiziki güclü və texnikada bacarıqlı qız görmədim!

Elina qısa boylu, zərif bədənli, gözəl qamətli bir qız idi. Kənardan bədəni zəif, kövrək görünürdü, amma fiziki güc tələb olunan yerdə çox kişilər həsəd apara bilərdilər! Sonralar başa düşdüm bu gücün və bacarığın mənbəyini. Elina mənə üzgüçülük üzrə idman ustası olduğunu, 4 il institutun yığma komandasında qələbələr qazandığını danışdı, çox saylı mükafatlarını göstərdi…

Qaykaları açıb bağlamaqda, təkəri dəyişməkdə Elina məndən geri qalmadı, hətta, məndən çox o işlədi. Heyrətimi gizlədə bilmirdim! Qızda belə güc olarmış! Kənarda oturub bizi seyr edən Roza xala mat qaldığımı görüb dedi:

-Demək, sən bizim Elinanı yaxşı tanımırsan, qoçaqlığından xəbərsizsən! Hansı evə düşsə, həmin evə dirək olacaq!

Gözəllik və fiziki iş bacarığı — Elinada indi və sonralar müşahidə edə bildiyim əlamətlər sırasının başlanğıcında bunlar dayanmışdı. 40 dəqiqədən sonra yola düşdük. Nə qədər minnətdar idim! Ürəyimdə, bu köməyin qarşısında bu qoçaq qıza necə təşəkkür edə biləcəyimi düşünürdüm.

Birdən salondan mahnı səsi gəldi. Elina əllərini dizləri üstə çarpazlayıb olduqca gözəl və o qədər də qəmli səslə Bulat Okucavanın yazdığı mahnını oxuyurdu.

…Qismətim gah sahil, gah dəniz olub,

Gah Günəş, gah da ki, dumanlar-çənlər…

İki əbədi yol: Sevgi-Ayrılıq,

Sinəmi amansız yarıb keçiblər!

“Hər şey yaraşır, hər şeyi bacarır bu qız!” – düşündüm.

-Gərək, incəsənətə baş vuraydın, Elina! – dedim.

-O da var idi planda. Eh… Alınmadı. – cavab verdi.

O gündən, Elinanın bu qəmli romansı oxumağı ilə əvvəllər elə çox da xoşum gəlməyən Okucavanın şeirlərinin həvəskarına çevrildim.

Axşam 5-6 sürücü yaşadığımız evdə oturub çay içirdik. Ev sahibəsinin 16 yaşlı oğlan nəvəsi də bizimlə idi. Mən, yolda təkərin boşaldığını deyib, əlavə etdim ki, Elina kömək etməsəydi, mənə çətin olacaqdı. Olduqca maraqlı qızdır, — dedim. Uşaq o dəqiqə söhbətə qoşuldu və Elina barədə bir maraqlı əhvalat danışdı.

Bir-iki ay qabaq, baş mexanik yüngülvari içmiş halda Elina ilə qabaqlaşır. Nəsə deyir, ya qollarından yapışır, Elina aralanmaq istəyir, mexanik əl çəkmir. Elina var gücünü toplayaraq baş mexanikin sağ gözünün altına bir yaxşı yumruq ilişdirir. Yumruq o dərəcədə yaxşı olur ki, mexanik partlamış sifəti ilə 7-8 gün evdə oturur.

-Heç kimlə qaynayb qarışmır. Saatlarla gölün sahilində oturar, ya da evdə. Bir dəfə də olsa, kluba gəlməyib. — Əlavə etdi uşaq.

***

Artıq, işə tam alışmışdım. Hətta, Elinanı bir kombaynın yanından digərinə aparmağa da vaxt tapırdım. Çox az danışsaq da, arada sadəliyə və qarşılıqlı hörmətə əsaslanan gözəl münasibət yaranmışdı. Gözlərində yaşayan qəmginliksə ərimirdi.

İki mənzilli binanın bir tərəfini kolxoz gənc kadr işçisi tək vermişdi Elinaya. Məişətini yavaş-yavaş düzəldirdi. Xeyli vaxtdır, mərkəz kənddə soyuducu aldığını, gətirməyə imkan tapmadığını dedi:

-Vaxt edib yük maşını götürüm. Gedib gətirmək lazımdır.

Harada olduğunu öyrəndim. Növbəti reysə gedəndə avtobusa yükləyib gətirdim, qoydum həyətinə. İşdən gələndə görüb sevindi.

-Bir halda gətirmisən, kömək et içəri qoyaq, — dedi.

Soyuducunu köməkləşib saldıq içəri.

Mənzil çox sadə və təmiz idi. Ev kitablarla doluydu. Kitab rəfi nədənsə, döşəmənin üstündə idi. Divarda üzgüçülük yarışlarının qalibi üçün verilən diplomlar və mükafatlar, eləcə də bir neçə şəkil asılmışdı. Bircə Elinanın öz şəkilindən başqa digər iki şəkilin üstündən qara lent çəkilmişdi.

Mənə: «Otur, çay içək!» — desə də sağollaşıb çıxdım. Göstərilən xoş münasibətdən sui-istifadə etmək ən xoşum gəlməyən xasiyyətdir.

* * *

Beləcə, günlər keçdi. İşimdən tam razı idim: təmiz kənd havası, rahat iş cədvəli, sadə kənd əhalisi. Arada bir dəfə elə oldu ki, Roza xala tarlaya gedə bilmədi, gizlincə xahiş etdi ki, kömək edək. O gün tarlada yemək paylamağı Elina ilə mən deyə-gülə yerinə yetirdik.

Artıq hamı ilə: traktorçularla, kombaynçılarla, sürücülərlə olduqca gözəl münasibət yaratmışdım, sanki, 30 ildir bunlarla işləyirəm. Elina ilə də, həmçinin.

Tarla yolunun üstündə köhnə ferma yeri olmuş bir təpəcik vardı.

Bu təpəcikdə, xeyli sahədə hansı yolla əkildiyi məlum olmayan göy soğan bitirdi. Kim istəsəydi, girib o yerdən soğan yığırdı. Mən də vaxt tapdıqcan “Batun” deyilən sortlu bu göy soğandan yığıb gətirərdim evə. Bu gün də elə etdim, arxaya qayıdanda dayandım həmin yerdə. Qaçıb xeyli soğan yığdım.

-Verəcəm ev sahibəsi nənəyə. Xahiş edəcəm, bizə pirajok (qutab) bişirsin, — dedim, — çox xoşum gəlir soğanlı-yumurtalı qutabdan.

Elina bir an susdu, nəsə düşünüb:

— İstəyirsən, mənə bir azca kömək et, mən bişirim! – dedi.

Sual artıq idi. Əlbəttə, ürəyimdə ən böyük arzum onunla bir yerdə olmaq, yenidən onun evinə getmək idi!

Avtobusu qaraja qoyub, evə tələsdim. Yuyunub, libasımı dəyişdim, Elinanın evinə üz tutdum. O da dəyişmişdi geyimini. İlk dəfə idi ki, Elinanı belə geyimdə görürdüm.

Həmişə tarlaları gəzmək üçün əsgər çəkmələrində olan, geniş şalvar-pencək, üstündən sırıqlı geyinən Elinanın bu gün görkəmi başqa idi. Yüngül ev formasında, o, bu gün dünya gözəli idi. Baxışlarımı bu gözəllikdən ayıra bilmirdim.

Xəmir yoğurmağa hazırlaşdığı üçün, başında ağ kəlağayı vardı. Əynində sadə çit parçadan tikilmiş donu Elinanın olduqca nazik belini, onun zərifliyini, gözəlliyə xas olan qızbədəninin ürəklərə odlar səpən formasının düz mütənasibliyini incəliklə nümayiş etdirirdi. Qəşəng üzü füsunkar bir gözəlliyin məkanı idi.

-Yaxşı ki, səni əvvəəllər bu donda görməmişəm, Elina! – dedim.

-Necə bəyəm?

-Sənin belə öldürücü gözəlliyinin qarşısında, nəinki sənlə qutab bişirmək, heç danışmağa cəsarət edə biməzdim!

-Yaxşı, çox da tərif etmə.

-Yox, Elina! Bu sözləri mən daxilimdə saxlaya bilmərəm, deməliyəm. Sənin üzünə deyə bilməsəydim, gərək çıxıb küçədə qışqıraydım bu məstedici gözəlliyin barədə. Kompliment deyil bu fikir. Ürəyimin, beynimin məhsuludur.

-Bu donu təzə almışam. Yaraşır mənə? — Olduqca razı səslə soruşdu.

-Mələksən bu donda, — dedim.

-Sağ ol, xoş sözlərə görə. Amma, gəl, işə başlayaq. Qışdan çıxandan soba qalanmayıb. Yəqin, indi od qalamaq çətin olacaq, — Elina dedi.

Kərpicdən qoyulmuş soba bir az tüstüləsə də, axır, qaydaya düşdü.

O xəmir yoğurdu, mən soğanı yuyub doğradım. 10-a yaxın balaca ləzzətli qutab alındı.

-Elina, sənin kimi bir gözəl qız — agranom, nədənsə başıma girmir! — Masa arxasında oturub qutab yeyirdik, — gözəl və cavan bir qız üçün əsgər çəkmələrində sahələri gəzmək nə qədər düzgün seçimdir? — sual etdim.

-Heç vaxt humanitar fənlərlə aram olmayıb. Politexinikə getmək istədim. Fikrimi dəyişdim, qardaşım kənd təsərrüfatı sahəsində adlı mütəxəssislərdən biridir. Nəsə düşdüm onun yoluna. Aspiranturanı qurtarsam tarlalarda qaçmağa son qoyacam.

Şirin söhbətlərin müşayəti ilə qutabları yeyib qurtarmışdıq.

-İndi isə, Elina, icazə ver, mən gedim və çox sağ ol! Çox ləzzətli oldu sənin qutabların, — deyib, çıxıb getmək üçün ayağa durdum. — Çox olsaydı, özümlə götürərdim.

-Sabah yığarıq, yenə bişirərik. Amma, tələsmə, bir az otur, çay da içək. Sonra gedərsən.

Elina çay qoydu. Çay qaynayanadək döşəmənin üstünə atılmış kitab rəfini divara bərkitdim.

-Sağ ol, — dedi, — tez-tez gəlsən bu evi qaydaya salarsan!

“Eh, Elina! – Düşündüm ürəyimdə, — məndən olsaydı, sənin yaşadığın evdən bir addım kənara getməzdim!” Utandım Elinaya bu sözləri deməyə.

Ortaya peçenye qoyub çay süzdü. Çay içə-içə bir-iki sual verdim, haradan gəlməyi, kimliyi barədə. Xeyli sakit dayandı. Nəyisə ölçüb biçirdi. Axır, dilləndi, “vaxt gələr, danışaram!” – dedi.

Ayağa durdum, bir yerdə həyətə çıxdıq. Üz-üzə dayanmışdıq, Elinanın odlu nəfəsi, bədənindən gələn gözəl ətri məni bihuş etmişdi. Qucaqlamaq, bağrıma basmaq kimi istəyimə necə üstün gəldim? Bilmirəm, yəqin ki, bu gözəl qızı və eləcə də gözəl insanı incitməkdən qorxurdum.

Məni çöl qapıdan yola salanda:

-Çox sağ ol! – dedi.

-Gözəl bir axşamı yaşadım, Elina! Təşəkkür sənə düşür, mənə nəyə görə? Həm də ləzzətli qutablar bişirdin. Mən nə etdim ki?

-Sənə hər şeyə görə! Sözlərinə görə sağ ol, gəldiyinə görə, qulaq asdığına görə sağ ol!

***

Bu gün, hansısa yerli bayramlardan biri olduğu üçün tarlalarda iş tez başa çatmışdı. Axşamacan Elina ilə bir yerdə olduq. Qaranlıq düşəndə ayrıldıq. Elinanın xeyli yazmaq işi vardı. Mən də düşünürdüm ki, bu gün bir az erkən yatacam. Klubun qabağından keçəndə otaq yoldaşlarımı gördüm. Kinoya gəlmişdilər.

Sovet dövrü uşaq və gənclərin tərbiyə sisteminə, sovet ideologiyasına uyğun olaraq oxuduğumuz kitablar, baxdığımız filmlər vətənpərvərlik, zəhmətkeşlik, sevgi-məhəbbət mövzularından qırağa çıxmırdı. Bu gün də elə. Kino, hind kinosu idi. Uşaq vaxtlarımdan hind kinolarına olan rəğbətimin və bəzi xatirələrin təsiri altında mən də qoşuldum onlara. Klub deyilən bina təxminən 5 metrin 7-8 metrə olan ölçüdə bircə otaqdan ibarət idi. Diskoteka da burada olurdu, kino da. Kinodan sonra, gec olmayanda diskoteka təşkil olunurdu: maqnitafonu qoyurdular hündür bir yeşiyin üstünə, oyna yorulanacan. Gündüz iş nə qədər ağır olsa da, rəqsə hamının gücü və vaxtı çatırdı.

Kino qurtardı, bayıra çıxanda binanın qabağında ağaca söykənmiş Elinanı gördüm. Yaxınlaşdım:

-Elina? Axı səni görmədim zalda?

-Girməmişdim kinoya. Elə-belə gəldim bura. Planda bura gəlmək yox idi. Sən gedəndən sonra darıxdım. Yazmağım da alınmadı nədənsə, səhv buraxırdım hər sətirdə. Ona görə də çıxdım ki, gedim səni səsləyim. Ev sahibəsi nənə dedi ki, evdə yoxsan. Bildim ki, kinodasan, gözlədim.

-İndi fikrin nədir? — Vaxtı nəzərə alaraq sual etdim. — Rəqsə qalacaqsansa oturaq, ya getmək lazımdır?

-Gedək məni ötür, — tez sözü dəyişdi, — əgər, özünün qalıb rəqs etmək həvəsin yoxsa.

-Mən rəqs etməyi bacarmıram, həvəsim də yoxdur, — dedim.

-Gedək, mən də istəmirəm. Son dəfə rəqs etdiyim yadımnan çıxıb. Amma, rəqs bədən üçün ən gözəl məşqdir. Bağışla, girəcəm qoluna, xalq baxsa da! Narazı deyilsən ki? — deyib, qoluma girdi.

-Aqronomun, gələcəyin aliminin, komsomolçunun, ən əsası da gözəl Elinanın adi bir sürücünün qoluna girməyi bəxtəvərlikdən başqa nə sayıla bilər! Bir neçə gün əvvəl inanmazdım bəxtimin belə çiçək açacağına! — cavab verdim.

-Birini demədin: idmançı olduğumu! — Elina gülərək əlavə etdi.

-Dünən divara asdığın mükafatları nəzərə almasaq, indiyəcən idmançı olduğunu deməmisən mənə. Amma, avtobusun təkərini dəyişməyin yadımdadır! Yoxsa, sahələri gəzməyi deyirsən?

-Elə təkəri dəyişmək də, sahələri gəzmək də idmandır. Amma, mən 4 il institutun yığma komandasının üzvü olmuşam. Üzgüçülüklə məşğul olurdum. İdman ustasıyam! Onlarla mükafatım da var! Eh!.. İndi isə, taxıl zəmisində üzürəm!..

Yola çıxdıq.

-Bilsəydim evdə oturmayacaqsan, birgə gələrdik. Kinoya da birgə girərdik.

-Yox, mən getməzdim içəri. İstəmirəm hind kinosuna baxım. — Elina bir az susub əlavə etdi, — ağlamaq istəmirəm. Belə filmlər məni kövrəldir həmişə.

Kəndin ortasında yeganə yol ayrıcı vardı. Həmin yol balaca bir gölün qırağına aparıb çıxarırdı.

-Bəlkə gedək gölün sahilinə? Oturaq orada yarım saat. — Elina təklif etdi. — Adətən tənha otururam orada. Xoşum gəlir gecənin səsinə qulaq asmağa.

Gəldik sahilə. Gündüzlər adamla dolu olan sahil indi sükuta dalmışdı. Bu günkü yağış xalqı evdə oturmağa məcbur etmişdi. Həm də vaxt gec idi.

Gölün qırağında kötüklərdən düzəlmiş skamyaların birinə oturduq.

-Uzun gecələri bəzən otururam burada. Xoşum gəlir, xüsusən də ay doğanda. İkiləşir ay. Biri olur göydə. İkincisi gölün şəffaf suyunda döğulur. Mənim olur göldə doğulan ay, məni çağırır. Mən də çavab verirəm. Özümü atıram ayın üstünə, ləpələrin üstündə qucaqlaşırıq.

-Yəni gecələr qorxmursan suya girməyə?

-Yox, əksinə. Qoy bir az qalxsın ay, görəcəksən gözəlliyi. Lap gündüzə dönür ətraf! Çimərdin mənimlə?

-Əlbəttə yox! Sahildən sənə ruhi dəstək verməyə hazıram. Amma, qaranlıqda suya girmərəm.

Elina nəyisə xatırlayaraq, şən səslə qəh-qəhə çəkib ucadan güldü.

-Sənə bir gülməli əhvalat deyəcəm, amma, söz ver, aramızda qalacaq!

-Etibar etmirsən, demə!

-Yox, əsla! Əgər həyat yolumda etibar edə biləcəyim kimlərə rast gəlmişəmsə biri sənsən, birincilərdən biri! Vaxt az keçsə də! Sadəcə olaraq, istəmirəm sözün davamı olmağını. Sənin dostlarından biri barədə demək istəyirəm!

-Hansı?

Elina otaq yoldaşlarımdan birinin adını çəkdi.

-İki-üç gün idi ki, siz gəlmişdiniz. Havadan od yağırdı. Gecə də çox isti oldu. Həm də bu günkütək, çox darıxırdım. Mən darıxanda, dilxor olanda yerim buradır. O gün də həmçinin. Ay təzə doğmuşdu. Gölün sularında oynayan ay ləpələrə xüsusi gözəllik verirdi. Sanki, gündüz idi. Çimmək qərarına gəldim. Təzəcə atılmışdım aylı ləpələrə, gördüm sahilə kimsə yaxınlaşdı. Demək məni izləyirmiş! Səslədim:

-Ey, kimsən, çıx get, xahiş edirəm!

Dillənmədi, oturdu skamyanın üstündə. Düşündüm ki, bizlər adamı deyil. Çünki, yerlilər bilirlər ki, dava edəcəm kim olsa. Sualımı bir də dedim.

Anlaşılmaz səs gəldi. Bir şey başa düşmədim. Sahilə yaxınlaşdım, kimliyini soruşdum. Qırıq kəlmələrdən başa düşdüm ki, mənə «gəl oturaq, sonra bir yerdə çimək!» təklifi edir. Kim olduğunu başa düşdüm. Düşündüm ki, çıxım geyinim və gedim evə. O da cəhənnəm olsun, nə edəcək.

Sudan çıxıb geyinmək istəyirdim ki, yaxınlaşıb tutdu qolumdan. Nə qədər «Burax!»- desəm də xeyri olmadı. İstəyirdi məni qucaqlasın. Bu hal mənim üçün böyük təhqir idi. İndiyəcən məni belə incidən olmamışdı! Dizimlə vurduğum zərbə onu ikiqat əydi. Nəfəsi kəsilmişdi. Bütün gücümü toplayıb çənəsinə bir yaxşı yumruq ilişdirdim. Özünə gələnəcən, paltarımı götürüb aradan çıxdım. İdmanla məşğul olmağım, bəzi vuruş qaydalarını bilməyim, axır ki, karıma yetdi.

Səhərisi gün tutdum yaxasından elevatorda (taxıl qəbulu). Pıçıltı ilə yalvarırdı. Bəlkə on dəfə «Üzr istəyirəm!» — dedi. İndi başa düşdün niyə minmədi avtobusa maşını sınan günü? Qorxdu ki, söz salaram.

Elina danışdıqca iş yoldaşımın sifətini göz önünə gətirərək gülməkdən uğunub getmişdim. Heyf, Elina qadağan etdi bu barədə danışmağı, yaxşı zarafat yeri idi!..

Ay çıxmış, ətrafı süd rənginə çevirmişdi. Sanki gündüz idi, yalnız günəş yox idi. Ayın əksi titrəyən ləpələrə ecazkar gözəllik verirdi. Elina ayağa durdu:

-Gedək, baş vuraq gölə, ayla salamlaşaq!

-Yox, Elina! Get salamlaş, məndən də salam de. Mənsə sahildə gözəl nimfaya gözətçilik edəcəm!

-Mən — nimfa, sən də oldun Odissey.

-Yaxşı dedin, amma, Odissey gözəl nimfaya gözətçi olmayıb. Nimfanın əsiri olub.

-Mənimcə, sən hələ heç kimin əsiri deyilsən, ən azından, mənim əsirim deyilsən! – Elina nazlı baxışlarla gözlərimə baxdı.

-Nə bilmək olar, ömür qabaqdadır, sinəmdə də yenilmək bilməyən ümidim, rahatlığıma çoxdan son qoyan arzum! – dedim.

-Ümid sonda məhv olur! Amma, hələlik unutmayaq, ay gizlənə bilər, görüşə bilmərəm! Getdim, darıxma mənsiz, — dedi Elina.

Soyunub girdi gölə. Olduqca ideal bədən quruluşu olan gözəl Elinanın yavaşcadan suya girməyi ayın işığında fantastik bir əsəri, möcüzəli şəkili xatırladırdı. Su qıçlarını örtdü, qurşağına çıxdı. Elina sakitcə, səssiz sinəsi üstə uzandı suya. Yalnız arxasınca uzanan dalğacıqlar onun üzdüyünü göstərirdi. Bihuş olmuşdum bu gözəllikdən! Gölün özü sanki Elina ilə təmasdan ehtiraslı qadına çevrildi, məni ağuşuna səslədi. Dözə bilmədim, soyunub girdim gölə. Qurşağadək su qalxanda dayandım. Elina suya girdiyimi görərək mənə tərəf üzürdü. Gəlib dayandı qabağımda. Lap yaxın! Az qala burunlarımız bir-birinə dəyirdi. Elinanın nəfəsi çox sürətlənmişdi. Mənsə, yəqin unutmuşdum nəfəs almağı!

-Sən gözəlsən! — pıçıldadım.

Dodaqlarımız birləşdi. Bir neçə dəqiqə ayrılmağa tələsmədi dodaqlarımız. Qollarım məndən ixtiyarsız sıxırdı Elinanı köksümə.

-Ayla salamlaşa bildinmi? — soruşdum.

-Mənim Ayım bu gün yerini və donunu dəyişdi! Sən oldun bu gün mənim Ayım! — hərarətlə pıçıldadı.

O gün biz ayrılmadıq bir-birimizdən…

***

Axır, Elina özü barədə danışdı. Danışdıqca, gözəl gözlərindən qəşəng üzünə yaş gilələri diyirlənirdi.

Təyinatla gəlib, filan rayondandır. İki il qabaq itirib yaxınlarını.

…İnstitutun son kursu idi. Elina bayram tətilinə evlərinə gəlmişdi. Atası bir neçə il qabaq anası ilə boşanaraq köçüb uzaqlara. Anası tək yaşayırdı, əlavə olaraq, son illərdə zəifləmişdi. Tez-tez qıçları tutulurdu. Bu son iki-üç gündə isə yeriməyi çox çətinləşmişdi. Elina gələnə kimi, onun anasına Elinanın nişanlısı və onun anası qulluq edirmişlər. Bayramdan sonra xəstəxanaya qoyulmalı idi. Həmin o gün klubda şənlik var idı.

-Biz getdik bu şənliyə. Getməmiş anam yalvardı mənə, «Elina, qızım, getmə otur yanımda!», — dedi. Ah!.. Sanki, nəsə hiss etmişdi. Mən qulaq asmadım. Nişanlımla getdik kluba. Bir saat keçmişdi mənə dedilər: «Eviniz yanır»! Nişanlım qabaqda, mən arxada, qaçdıq evə tərəf. Çətindir bu dəhşəti danışmaq… Ev alova bürünmüşdü, anamsa içəridə. Evin damı da böyük bir ocaq idi. Nişanlım düşünmədən özünü verdi içəri… — Elina fasilə edə-edə danışırdı. — Diplomu gözləyirdik,

evlənməli idik… Nişanlımın özünü içəri atmağı ilə evin oda bürünən damının yerə enməyi bir oldu. Gözümün qabağında yandılar…

Şahidi olduğu dəhşətin əks-sədası yazılmışdı Elinanın üzünə.

Xeyli susduq. Elinanın danışdığı dəhşətin təsiri altında mənim də gözlərim yaşarmışdı. Çalışıb mövzunu dəyişdum. Gələcəkdən, işdən-gücdən danışdıq. Keçdik Elinanın dissertasiya işinə. Namizədlik işini hazıralyırdı. Qardaşı Pribaltikada böyük mütəxəssis idi. Elinanın məqsədi onun yanına getmək, elmi işə keçmək idi.

***

Beləcə, vaxt keçirdi. Hər keçən gün bizim ezamiyyət müddətimizi taxıl yığımı ilə bərabər bir addım sona yaxınlaşdırırdı.

Elina ilə münasibətimiz tamam başqa səviyyəyə çatmışdı. Xalq qarşısında gündüzlər özümüzü sakit saxlamağa çalışsaq da, daldada saatlarla bir-birimizə sarılmaqdan yorulmurduq. Heç vaxt unutmaram bir axşam necə ləzzətlə çay içdiyimiz: ikimizə bir ədəd «iris» deyilən konfetimiz vardı. Elə konfetləri ikiyə bölmək olmur. Ona görə də bir konfetlə ikimizin birgə çay içməyimiz bizim həmin axşamımızı ömrümüzün ən gözəl, şən, deyib-gülən axşamımıza çevirdi. Eşqin və ehtirasın dadı ilə mayalanmış çay necə ləzzətli olarmış!

Nə ad vermək olardı Elina ilə aramızda olan münasibətə? Məhəbbət idimi? Ya ki, ehtiras alovunda çırpınan iki gənc ürəyin şıltaqlığı idi? Bəlkə də, biz biri-birimizdə ürək sakitliyi, sığınacaq gəzirdik?

Hər nə olsa da cavanlıq öz sözünü deməlidir və deyir.

Aramızda olan bu münasibətin nə olduğunu aydınlaşdırmağa bacarığım, imkanım çatmadı. Hər sözümə canla-başla əməl edən, onunla birgə olmağımı hədsiz sevinclə qəbul edən Elina yol ayrıcında durduğunu, özünün sabahı barədə hansısa qərara gələ bilmədiyini çox elə gizlədə bilmirdi. Vaxt azlığı sıxırdı həm onu, həm məni.

İş ezamiyyətim sona çatanda, Elina ilə bir yerdə daha çox olmaq üçün yerli feldşerin köməyi ilə özümə düz üç həftəlik xəstəlik kağızı da düzəltmişdim.

Bu əlavə etdiyim 21 günüm də sona çatdı. Səhərisi günü getməliyəm. Elina həmin axşamı olduqca ləzzətli bir tort bişirdi.

-Dünənki gündən ürəyimdə həyacan sönmür. Sən gedirsən, sanki qorxuram tək qalacağımdan. Heç vaxt qorxu bilməmişəm. Əksinə, lazımsız qədər soyuq, laqeyd olmuşam, məndə olur belə şeylər. Amma, qorxu, həyəcan…

Səhərə yaxın yatsaq da, mən tez oyanmışdım. Ehtiyatla durdum, geyinib çıxdım bayıra, 5-10 dəqiqə gəzişdim, siqaret çəkib girdim içəri. Pəncərəyə söykənib rahatca yatan Elinaya baxırdım. Çox keçmədi, sanki baxışlarımı hiss edub oyandı. Qalxıb, balaca güzgü qarşısında özünü qaydaya salanda çiyinlərindən qucaqladım, “- Sən paltarsız daha gözəlsən, geyinməsən daha yaxşıdır!”- deyə zarafat etmək istədim. Çevrilib, başını söykədi sinəmə. İki əlimlə başını qaldırdım. Yanaqlarında yaş gilələri var idi…

***

-Qərara gəlmişəm bu ucqar yerdən işdən çıxacam, sonrasına baxarıq. Şəhərə, sənə yaxında iş də tapa bilərəm özümə. — dedi Elina.

-Uzun müddət görüşə bilməsək, mən də gələ bilərəm bir neçə günlüyə kəndə.

Harada yaşamağımı, iş yerimi dedim Elinaya. Səhər ayrılmadı məndən, dilə tutsam da, xeyri olmadı, bir neçə km məsafədə olan qonşu kəndəcən mənimlə gəldi. Burada şəkil çəkdirmək üçün bir otaqdan ibarət, fotostudiya adlanan yer var idi. Elina məni dartıb gətirdi ora. Bir neçə rakursda şəkil çəkdirdik. “Plyonkam dolsun, iki günə hazır edərəm”, — dedi fotoqraf.

Elina mənə:

-Sənin şəkil payını qoruyub çatdıracam! – dedi.

Son dəfə qucalaşdıq, dodaq-dodağa dayandıq, bir neçə dəqiqə beləcə də qaldıq.

-Mənim əzizim, vaxt bitdi. Ayrılığın zamanı gəldi!

Elinanın gözlərinin içinə baxaraq sual etdim:

-Görəsən bizim ayrılığın zaman məhdudiyyəti olacaq, ya üzü sonsuzluğadır? – Bir daha Elinanın fikrini öyrənmək istədim.

Elina:

-Düşünürəm, uzun çəkməyəcək. Amma, gəl özümüzü verək taleyin ixtiyarına! — dedi.

Nə olar, bu fikir daha doğru. Bütün düymələr taleyin əlindədir. Hansı qapını açacaq, özü bilir.

-Səndən xəbər gözləyəcəm, Elina! — dedim.

-Yazacam, əzizim mənim! — qışqırdı arxamca…

***

-Gör, nə qədər çiyələk yığmışam! — həyat yoldaşımın səsi ayıltdı məni, Elinalı günlərdən qoparıb qaytardı bu günə. Getmək lazım idi.

Göl yenidən başladı çalxalanmağa. Bayaqkından çox güclü. Başa düşdüm ki, göl vidalaşır mənimlə. Elinanın əvəzinə…

Maşına oturduq, işə salıb düşdük yola.

-Sifətinə nə olub, sanki diş həkiminin qəbulundasan, — yoldaşım zarafat etdi.

-Daxildə tüğyan edən əzabdan-ağrıdan qurtarmağın iki yolu var: birisi – ölmək; ikincisi isə tükənmək bilməyən məhəbbətlə sevmək! – Nədənsə, özüm-özümə hansısa klassikin ömürlük yadımda qalan sözlərini dedim.

-Bu ifadə nəyə işarədir? – yoldaşım soruşdu.

-…Sevirəm səni! – dedim…

Əlvida, kənd! Əlvida, Kosagöl!..