BÖYRƏK DAŞI (hekayə) Əli Bəy Azəri

 

Qatarda Bakıya gedirdim. Kupedə ikimiz idik. O, pərdənin qırağını çəkib yolboyu hey gözünü pəncərədən çölə zilləmişdi. Qaranlıq düşdüyündən hiss edirdim ki, məqsədi təbiəti seyr etmək deyil, mənimlə, və yaxud hər hansı bir başqa adamla ünsiyyətdən qaçmaqdır. İndi çoxları belədir; yolboyu söhbət etmək əvəzinə bir-birinə mesaj yazırlar, xüsusən də yeni tanışlıqlardan qaçırlar. Mən isə söhbət etmək istəyirdim. Şübhəsiz ki, kupedə ikimizdən başqa heç kim olmadığından onunla söhbət etməliydim.  Hazırlaşırdım ki, müraciət edib onu fikirlərdən ayırım, söhbətə tutum, elə bu vaxt kupenin qapısı açıldı. Bələdçi xanım özünü göstərib soruşdu:

-Sizə çay gətirimmi?

Çay içmək fikrim olmasa da bələdçi xanımı qırmaq istəmədim.

-İki stəkan zəhmət olmasa. – dedim.

-Mənim çayımı açıq rəngli, yəni rəngini lap az edin. – Kupe yoldaşım dərhal bildi ki, ikinci stəkanı onun üçün sifariş edirəm, laqeyd qala bilmədi, çevrilib münasibətini bildirdi.

Bələdçi getdi, mən maraqla ona baxdım, nə isə danışacağını güman etdim. O isə çölə baxmaqda davam edirdi. Bir azdan bələdçi iki stəkan açıq rəngli çay, qənd və iki ədəh limonlu konfetlə geri qayıtdı.

-Buyurun, ağız şirinliyi ilə için. – Gətirdiklərini masanın üstünə qoyub çıxdı.

-Gəl, tanış olaq. – Mən daha dayana bilmədim, ilk olaraq təklif edib əlimi uzatdım. – Adəm.

-Şikar. – O, könülsüz olaraq əlimi sıxdı və süni gülümsündü.

Qısaca tanış olduq. Özümdən asılı olmayaraq şəhərə getməyinin səbəbini soruşdum.

-Həkimə gedirəm. – dedi və başına gələn bir hadisəni danışdı, amma bir müsibət kimi danışdı.

…Həmin gün Mərkəzi Klinikanın Gəncə şəhərində yeni açılmış bölgə şöbəsində izdiham müşahidə olunurdu, toplaşanların hamısı Bakıdan gəlmiş Firdovsi həkimin qəbuluna düşməyə can atırdı.

-Ay balam, nə xəbərdir? – Yaşlı mühafizəçi basırıq yaradanlara bir neçə dəfə təpinsə də xeyri yox idi, adamlar bir-birini basıb içəri keçmək istəyirdilər. – Niyə qırğın salırsınız? Firdovsi həkim sizi bir-bir qəbul edəcəkdir. O, Bakıdan elə bunun üçün gəlib də… Hamını qəbul etməyincə nəinki Bakıya qayıtmayacaq, heç nahar fasiləsinə də çıxmayacaqdır.

Firdovsi həkim ixtisasca uroloqdu, Bakı şəhərində fəaliyyət göstərən Mərkəzi Klinikada işləyirdi. Əhali arasında daha çox cərrah-uroloq kimi tanınırdı. Qəbuluna gələn xəstələri inandıra bilirdi ki, böyrək daşını yalnız əməliyyat yolu ilə oradan çıxarmaq olar. Elə indicə analizlərinin cavabını laboratoriyadan götürüb gələn Fəxrəddinlə söhbətində də bunu vurğulayırdı.

-Həkim, bəs deyirlər, müxtəlif üsullarla böyrək daşını salmaq mümkündür?

-Mən bir həkim kimi səni inandırıram ki, belə bir üsul mümkün deyil. Kim deyirsə, yalan deyir, camaatı aldadır.

-Qonşuluqda İbrahim adlı bir kişi var. Ağdamdan gələn məcburi köçkünlərdəndir. Deyirlər ki, rayonda feldşer işləyib, yeddi para kəndin doxturu olub. Böyrəyində daş olana çoxlu piyvə içirdir, sonra onu salır isti vannaya. İynə vurur, sistem qoşur, böyrəyindəki daşı salır.

-Sən ki ona belə inanırsan, niyə onun yanına getməyib mənim yanıma gəlmisən? Elə gedərdin İbrahim doxtur sənin də böyrəyinin daşını salardı.

-Qorxdum onun yanına getməyə. Dedim birdən alınmaz, pristup-zad verər.

-Bax, düz eləyib qorxmusan. Ola bilər ki, daş böyrəkdən aralanıb kanala düşsün. Bu daha da dəhşətlidir. Böyrək yoluna düşən daş kanalı bağlayar, pristup verər və bir anın içində böyrəyi sıradan çıxardar, lap ölümlə də nəticələnə bilər. Onda sənə heç kim kömək edə bilməz. Yaxşı halda əməliyyat etdirib sıradan çıxmış böyrəyinlə vidalaşacaqsan.

-Bəs pis halda?

-Dedim axı, pristup ölümlə də nəticələnə bilər. Onda da ehsanını yeyib, goruna söyəcəklər ki, qıymadı canına pul xərcləməyə, getdi torpağın altına.

-Həkim, olar, bir şey də soruşum?

-Soruş, soruş. Madam ki, səni dinləyirəm, nə istəyirsən, soruş.

-Bəs o ot çayları içənlər var ha, onlar necə? Ot çayları böyrəkdə olan duzu, kristal daşları yuyub təmizləyə bilməz?

-Divara yaxılmış əhəngi su ilə yuyub təmizləmək olur?

-Çətin.

-Bax, böyrəkdə yığılan duzu, kristalları da belə. Heç bir daşqapanla, ot çayı ilə böyrəkdə olan duzu yuyub təmizləmək olmaz. Bununla sən ancaq öz vəziyyətini ağırlaşdıra bilərsən.

-Yaxşı, həkim, onda mən nə vaxt gəlim əməliyyata?

-Həftənin birinci günü olursan Bakıda. Ödənişini edirsən, sonra nə lazımdırsa, mən orda deyəcəyəm. İnşallah, ikinci gün əməliyyat edərəm, dördüncü gün də evə yazaram. Dur, get hazırlaş.

Fəxrəddin çıxan kimi qapıda duran növbəti xəstə içəri soxulmağa cəhd göstərdi, lakin Firdovsi həkim əli ilə gözləmək işarəsi verdi.

-Gözlə, indi çağıracağam. – deyə üzünü asissentə tutdu. – Yadındadır, keçən ay buradan bir nəfərin böyrəyini əməliyyat etmişdik?

-Hə, yadımdadır.

-Tez onu tap. De, təcili qəbula gəlsin. Böyrəyindən çıxartdığımız daşları da gətirsin.

-Bəlkə heç daşları saxlamayıb, tullayıb?

-Tullamaz, hələmhəlbət özünə tapşırmışdım.

-Soruşsa ki, daşları neyləyirsiniz? Ona nə deyim?

-Başını işlət. Bir şey fikirləşib de. – Firdovsi həkim əlindəki qələmlə başını qaşıyıb fikirləşməyə çalışdı. – Hə, hə, tapdım. De ki daşları Almaniyaya göndərəcəyik. Orada daşları müayinə edib resept yazasıdırlar. Həmin reseptə uyğun dərmanlar qəbul olunmalıdır ki, böyrəkdə bir daha daş yığılmasın.

Asissent qeyd dəftərçəsini götürüb içəri otağa keçdi. Firdovsi həkim isə qapıda duran cavan oğlana buyruq verdi:

-Növbəti xəstəni burax, gəlsin.

Dəhlizdə Firdovsi həkimin qəbuluna düşmək istəyən adamların arasında Şikar adlı ortayaşlı, ortaboylu bir adam vardı. Şikar o tərəf-bu tərəfə gəzişir, özünü çox sakit aparır, içəri keçməyə cəhd göstərmirdi, elə bil heç həkim qəbuluna gəlməmişdi. Saçlarının dümağ olması onun yaşına da uyğun gəlmirdi. Hərəkətlərindən bir narahatçılıq keçirdiyi hiss olunurdu. Bununla belə o, basırıq yaradanlara qoşulmasa da içəriyə keçməyə maraq göstərməsi özünü azacıq büruzə verirdi. Bəlkə də hara isə tələsirdi, vaxtı az olduğundan ümid etmirdi ki, qəbula düşə bilsin.

Şikar fikir-xəyal içində vurnuxaraq o yan-bu yana var-gəl etməkdə idi ki, telefonuna zəng gəldi.

-Alo, eşidirəm.

-Şikardır?

-Bəli, özüdür. Eşidirəm.

-Siz keçən ay Bakıda, Mərkəzi Klinikada Firdovsi həkim tərəfindən böyrəyinizdən əməliyyat olunmusunuz?

-Bəli. Bunu siz hardan bilirsiniz?

-İndi bunun əhəmiyyəti yoxdur. Deyin görüm, böyrəyinizdən çıxan daşları neyləmisiniz?

-Dünənə qədər saxlayırdım. Səhər-səhər evdən çıxanda uşağa tapşırdım ki, tullasın.

-Bəs həkim sizə tapşırmamışdı ki, saxlayın?

-Nə olsun demişdi. Düz qırx gündür ki, əməliyyat olunmuşam. Həmin daşları göstərmədiyim adam qalmayıb. İş yerində, qohum-əqrəba arasında, bəlkə də beş yüz nəfərdən çox adama Firdovsi həkimi tanıtdırmışam. Daşları bundan artıq saxlayıb neyləməliydim ki?

-Ay səni, Şikar müəllim! – Telefonla danışan adam bir an duruxdu, nəyə isə təəssüflənirdi. – Bəs indi biz nə edək?

-Siz kimsiniz axı?

-Mən Firdovsi həkimin asissentiyəm.

-Böyrəyimdən çıxan daşlar onun elmi işinə, müdafiəsinə lazımdır?

-Yox. Daşlar Firdovsi həkimə lazım deyil. Ona lazım olsaydı elə özündə saxlayardı, sizə niyə verirdi. Daşlar sizə, sizin sağlamlığınıza lazımdır.

-Bundan sonra böyrəyimdən çıxan daşlar mənim nəyimə gərəkdir?

-Əslində siz maraqlı olmalıydınız ki, biz həmin daşları Almaniyaya göndərək. Almaniyada böyrək daşları analiz olunacaq, öyrəniləcək ki, belə daşlar hansı səbəbdən böyrəkdə əmələ gəlir və müvafiq resept yazılacaq. Siz də həmin reseptə uyğun həblər qəbul edəcəksiniz ki, böyrəklərinizdə bir daha daş əmələ gəlməsin.

-Mən indi evlə əlaqə saxlayaram. Əgər daşları zibil qutusuna atmayıblarsa, gətirərəm.

-Daşları tapan kimi bizə dərhal xəbər verin, vaxtımız azdır.

“Buna bax, hələ bir vaxtımız azdır, deyir. Qırx gün məstan pişik kimi xorhaxor yatıblar, heç Şikarın böyrəyindən çıxan daşlar yadlarına da düşməyib, indi durub gəliblər ki, daşları Almaniyaya müayinəyə göndərməliyik. Elə bil qırx günü mən yox, onlar gözləyiblər. Odur ki, dilləri də var, vaxtımız azdır, deyir”.

Şikar telefonunu yenidən işə salıb oğlunun nömrəsini yığdı.

-Alo, İslam, hələ məktəbə getməmisən? Yaxşı, de görüm, mənim böyrəyimdən çıxan daşları tullamısan? Tullamısan? Necə tullamısan? Elə salafanda zibil torbasının içinə qoyub küçədəki zibil qabına atmısan? Qaç get ora, gör zibildaşıyanlar zibili aparmayıblarsa, axtar, öz zibilimizi tap. İçindəki daşları çıxart, mənə xəbər elə.

“İşə bir bax! Qırx gün idi ki, daşları saxlayırdım. Deynən bir gün də saxla da… Axı mən hardan biləcəkdim ki, Firdovsi həkim bu gün gələcək?”

Küncdəki oturacağa yaxınlaşıb əyləşdi. Daşlar tapılmayınca həkimin qəbuluna girməyin mənası yoxdu. Kaş ki daşlar tapılaydı. O, başını əlləri arasına alıb dərin fikrə qərq oldu. Böyrək əməliyyatı ətrafında olub-keçənlər bir kino lenti kimi gəlib keçdi Şikarın gözünün qabağından.

…Böyrəyində daş olduğunu biləndə Şikar əvvəl-əvvəl fikir vermədi. “Nə olasıdır? İndi böyrəyində daş olmayan varmı?” deyə düşündü və xəstəliyini ciddiyə almadı. Amma ağrıları artdıqca narahat olmağa başladı. Həm də belindəki küt ağrının səbəbini böyrək daşının ayağına yazdı və müalicə olunmaq qərarına gəldi.

-Həkimə getmək lazım deyil. – Şikar qərarını Bakıda yaşayan qardaşına açıqladıqda o, baltanı lap dibdən vurdu. İndiki həkimlər daşürəklidirlər, yəni manqurtdurlar, xəstələrə heç yazıqları gəlmir. İstənilən xəstəyə müştəri gözü ilə baxırlar. Onu elə vəziyyətə düçar edirlər ki, uzun müddət get-gələ salıb əlində olan pulunu çəkə bilsinlər. Sonra da nə olar, olar. Onsuz da indi yaxşı, bir az da insaflı həkim tapmaq müşkül məsələdir.

-Sən də kömək etmək əvəzinə düzələn işə mız qoyursan. – Həyat yoldaşı Yasəmən etirazını bildirdi.

-Siz niyə məni başa düşmək istəmirsiniz. Həkim birinci növbədə böyrəkdə daşın yaranma səbəbini müəyyənləşdirməli və bunu aradan qaldırmaq üşün tədbir görməlidir. Yoxsa, pulunu alıb əməliyyat edəcək, daşı oradan çıxardacaqdır? Bir müddətdən sonra böyrəkdə yenidən daş əmələ gəlsə necə olacaq? Bax, bunu demək istəyirəm.

-Bəs mən nə edim? Ağrılarım günü-gündən artır. – Şikar bir əlac istədi qardaşından.

-Mən indi “Xalq təbabəti” kitabına baxıb sənə bir-iki ot dəmləməsi deyəcəm. Bir həftə başqa maye qəbul etmədən gündə üç dəfə ancaq ot dəmləməsi içərsən. Sonra bazara gedib daşqapan kökü alarsan. Onu yaxşıca qaynadarsan ki, həlimə çevrilsin. Ilıq vəziyyətdə hər yarım saatda bir armudu stəkan içərsən. Elə ki, dörd saat tamam oldu vannanı isti su ilə doldurub girərsən içinə. Daş parça-parça olub gəlib töküləcək.

Şikar evə dönən kimi qardaşının dediklərinə əməl etməyə başladı. Dördüncü gün idi ki, ot dəmləmələri içirdi, sol böyrəyindəki ağrılar şiddətləndi. Ağrıkəsici dərman atsa da xeyri olmadı. Böyrəyi elə dəhşətli ağrılar verirdi ki, Şikar az qalırdı huşunu itirsin.

-Özünə yazığın gəlmir? Niyə telefonu götürüb təcili yardıma zəng vurmursan? – Axşam saatlarında arvadı baxdı ki, Şikar bu gecə ağrılara dözə bilməyəcək ona acıqlandı.

-Görmürsən halım yoxdur, sancıdan doğranıram? Təcili yardıma özün zəng vur. – Şikar hirsli-hirsli tapşırıq verdi, bir növ tənəli sözlərinə görə arvadına təpindi.

“Nahaq qulaq asdım qardaşıma. Gərək həkimə gedərdim. İndi pristup versə, daş kanalı bağlasa, böyrəyimi partlatsa necə olacaq? Kim mənə kömək edəcək? Bəlkə qardaşımın da dediklərində bir həqiqət var. Ancaq ilkin mərhələdə, daş böyrəkdə təzə-təzə formalaşanda, kiçik ölçüdə olanda. Mənim böyrəyimdə isə çoxdandır özünə yuva salıb, böyüyüb. İndi onu tərpətməkmi olar?”

Təcili yardım stansiyasına iki zəng eyni vaxtda oldu. Növbətçi tibb bacısı qeyd dəftərinə yazdıqdan sonra çağırışın ünvanlarını bir vərəqə köçürüb Könül həkimə uzatdı. O, dərhal çantasını götürüb maşının yanına yollandı.

-Getdik! – Maşına oturan kimi mürgüləməkdə olan sürücüyə göstəriş verdi. – Yatmaq vaxtı deyil. Natiq, al bunu. Bu ünvanlara gedəcəyik. – Ünvanlar yazılmış vərəqi sürücüyə uzatdı.

Natiq maşını işə salıb mühərrikin azacıq qızmasını gözlədi. Gözü ilə vərəqə baxdı ki, görsün hansı ünvanlara gedəcəkdir. “Sukonnaya 24, mənzil 41 və Tereşkova 38, mənzil 48” ünvanlar vərəqəsində beləcə də qeyd olunmuşdu.

-Birinci hansı ünvana sürüm? – deyə Natiq soruşdu.

-Hansına istəyirsən sür. Ancaq bir az tez ol.

-Tereşkova həm yaxındır, həm də əvvəllər orda yaşamışam. Bu, çağırış verən hər kimdirsə mənim köhnə qonşularımdandır. – Sürücü Natiq aydınlıq gətirdi və ayağını qaza qoyub maşını hərəkətə gətirdi.

Beş-altı dəqiqə keçməmiş təcili yardım maşını “Tereşkova 38” ünvanında yerləşən beşmərtəbəli binanın qarşısında dayandı. Pəncərədən baxan Şikarın oğlu İslam həkimi qarşılamağa çıxdı.

-Düz gəlmisiniz. Atamın vəziyyəti ağırdır. Tez gəlin! – İslam bunu deyib həkimi birinci mərtəbədə yerləşən evlərinə apardı.

-Xəstə kimdir? – İçəri keçən həkimin sorğusuna Şikarın həyat yoldaşı divanda uzanıb ağrıdan gözlərini yummuş ərini göstərdi.

Həkim onun əlindən tutub oturtdu və nə baş verdiyini soruşdu. Şikar əhvalını danışana kimi onun təzyiqini ölçdü.

-Nahaq həkimə getməmisiniz. – Həkim dərhal narazılığını bildirdi. – İndi mən iynə vuracam, vəziyyətiniz düzələcək. Ancaq səhər mütləq həkimə gedin.

Könül həkim Şikara sakitləşdirici iynə vurub getdi. On-on beş dəqiqədən sonra vəziyyəti yaxşılaşan Şikar səhər mütləq həkimə gedəcəyini qərarlaşdırdı.

-Şükür Allaha! Nə yaxşı həkim çağırdıq. İndi gözlərimə işıq gəldi. Böyrək ağrısı nə amansız ağrı imiş. Dünya-aləm başıma fırlanırdı.

Şikar sübh tezdən yuxudan oyandı, ağrıyıb-ağrımadığını yoxlamaq üçün elə yataqdan qalxmadan o tərəf-bu tərəfə çevrildi. Sonra yataqdan qakxıb otaqda gəzişdi. Kəskin ağrı olmasa da küt ağrı hələ də bədənini tərk eləməmişdi. Telefonu götürüb mətbəxə keçdi ki, səs salıb uşaqları narahat etməsin. Əvvəlcə dərs hissə müdiri Tərifə müəllimənin nömrəsini yığdı.

-Sabahınız xeyir! Bağışlayın ki, belə tezdən müraciət edirəm. Böyrəyim pristup verib, gecə evə təcili yardım çağırmışdım. Gəlib iynə vurdu. Ancaq ağrılarım keçməyib, dərsə gələ bilməyəcəyəm, həkimə gedəcəyəm. Qoy, Həbib müəllim məni əvəz etsin, keçən aydan mənə borcludur. Yaxşı, lap özüm də zəng vurub deyərəm.

Sağollaşıb telefonu söndürdü və Həbib müəllimin nömrəsini yığdı. Məktəb tərəfdən arxayın olandan sonra qayıdıb yerinə uzandı. Hələ tezdi, həkimə getmək vaxtı deyildi.

Şikar yoldaşı ilə xəstəxanaya gələndə saat doqquzu təzəcə keçmişdi. Qeydiyyat otağının balaca pəncərəsinə yaxınlaşıb ambulator kartasını istəyəndə qeydiyyatçı Şəhla xanım, deyəsən onu tanıdı.

-Siz Şikar müəllim deyilsiniz?

-Bəli. – Şikar əlüstü cavab verdi. – Necə bəyəm?

-Gərək ki, bir həftə əvvəl yenə də gəlmişdiniz?

-Hə, gəlmişdim, aparata düşüb böyrəklərimi yoxlatdırdım.

-Deyirəm axı. Mən sizi görən kimi tanıdım. 26 nömrəlidə işləyirsiniz, Kənanın müəllimisiniz.

Qeydiyyatçı ilə Şikar müəllimin danışığı həyat yoldaşı Qönçənin diqqətini cəlb etdi. Şəhla xanımın belə şirin-şirin danışması, ona heç bir məhəl qoymaması Qönçənin ürəyinə az qala şübhə toxumları səpəcəkdi ki, Şəhlanın son açıqlamasından sonra bir az toxtadı.

-Kənan sizin nəyinizdir? – Növbəti sualı Şikar müəllim verdi.

-Bacımın oğludur. Elə hey sizi tərifləyir. Deyir mən də məktəbi bitirəndən sonra hərbçi olacağam.

-Sağ olsun. Kənan ağıllı oğlandır. İnşallah arzusuna çatar.

-Hə, bağışlayın. Başınızı boş söhbətlə qarışdırıb vaxtınızı aldım. – Şəhla bunu deyib balaca korobkadan Şikarın kartasını çıxardaraq ona uzatdı.  – Buyurun! Heç demədiniz axı… nə məsələdir. Sizi ən çox narahat edən nədir? Bəlkə tanıdığımız həkimlərdən birinə yönəltdik.

-Böyrəkləridir. – Şikar ağzını açmamış Qönçə dilləndi. – Neçə vaxtdır heç rahatlıq vermir. Bir az ot-əncər müalicəsi almaq istədi, o da alınmadı. İndi pristup verib. Heç bilmirik neyləyək. Bəlkə də daş parçalanıb kanala düşüb. Gəldik ki, UZİ-yə saldırıb öyrənək.

-Sizi istədiyimdən deyirəm, yüngül olsaydı, xahiş edərdik, öz həkimlərimiz bir şey yazardı. Ciddi xəstəliklərə baxası bizdə fərli-başlı həkim yoxdur. Özünüzü nahaq əziyyətə salıb axtarmayın. Bağmanlara gedin. Mərkəzi Klinikanın təzə açılmış filialında həm yaxşı həkimlər var, həm də dəqiq analiz edən bahalı aparatura quraşdırıblar. Deyirdilər bu gün Bakıdan məşhur uroloq gələsidir. Bir həftə qabaq qəbula yazırdılar. Bu, bəlkə də sizin bəxtinizədir. Bir də havayıdan burda pul xərcləyib aparata düşməyin. Di durmayın, gedin.

-Allah köməyiniz olsun. – Qönçə təşəkkürünü bildirib pəncərənin ağzından aralandı, Şikarın əlindən tutaraq çıxış qapısına tərəf çəkdi. – Gəl, gedək, burda vaxt itirməyə dəyməz.

O, işdən nahar fasiləsinə qayıdanda qardaşı Şikarla arvadı Qönçəni evlərində görüb təəccübləndi.

-Xeyirdimi, qardaş? – deyə təəccüblə soruşdu. – Getdiyin heç on gün olmaz. Ot dəmləmələrinin bir xeyri oldumu? Bəs niyə xəbərsiz gəlmisiniz? Bir iş-zadmı olub?

-İnşallah, xeyir olar. – Şikar həmişəki təmkinini pozmadan cavab verdi. – Ot dəmləmələrindən bir az içdim.

-Bəs sonra nə oldu? – Orxan baxdı ki, qardaşı sözlü adama oxşayır.

-Əvvəlcə sən paltarını dəyiş, gəl otur. Bir stəkan çay iç, rahatlan, mən də yavaş-yavaş danışım.

Orxan istədi yataq otağına keçib paltarını dəyişsin, amma tez də fikrindən vaz keçdi. “Bəlkə şəhərə qayıtmalı olduq. Şikar yəqin ki, elə-belə gəlməyib, işi çıxdığı üçün gəlib. Yoxsa nə ola bilər?”

Vanna otağına keçib əl-üzünü yudu, dəsmalla qurulayıb otağa qayıdanda arvadı masaya yemək düzürdü. Elə yemək süfrəsi arxasında Şikar böyük qardaşına ot dəmləmələri ilə başlanan başına gələnləri yerli-yataqlı danışdı.

-Saat üçdə Mərkəzi Klinikada, Firdovsi həkimin yanında olmalıyıq. Pulu çatdırmalıyıq ki, sabah əməliyyata götürsün.

-Neçəyə danışmısınız?

-Min səkkiz yüz manata.

-Allah onun evini başına uçurmasın, balaları yazıqdır. Belə baha da böyrək əməliyyatı olar? Bəlkə başqa yerdə əməliyyat etdirək? Biz bütün işlərimizi Sumqayıt həkimləri ilə görürük. Həm keyfiyyətli, həm də Bakı həkimlərinə baxmış, ən azından iki dəfə ucuz.

-Yox, lazım deyil, bu iş artıq danışılıb.

-Yaxşı, nə deyirəm ki. Təki xeyirli olsun. – Orxan baxdı ki, qardaşı inadından geri çəkilən deyil, razılaşdı. – Durun, getdik.

Mərkəzi Klinikanın həyətinə çatan kimi Şikar Firdovsi həkimə zəng vurdu.

-Salam, həkim, biz gəlmişik. Gəncədən. Böyrək əməliyyatına, Xəstəxananın həyətindəyik. Hə, Klinikanın. Yaxşı, yaxşı. – Telefonu bağlayıb məlumat verdi. – Deyir ki, mən Klinikada deyiləm, kənardayam. Qalxın ikinci mərtəbəyə, indi tapşıraram, mənim asissentim sizə yaxınlaşar, nə etmək lazımdır, deyər.

-Mən deyirəm də, bunlar başdan-ayağa fırıldaqdılar. Dillərinə bir kəlmə də olsun düz söz gəlmir. Görüş təyin eləmisən saat üçə, canın çıxsın otur yerində, gələnini qəbul elə. Mən nə tanıyıram sənin asissentin kimdir. Mənə sənin özünlə görüşüb danışmaq lazımdır, görüm nə qarantiya verirsən.

-Daha danışmağın yeri yoxdur. – Şikar təəssüfdoğurucu tərzdə dilləndi. – Bura qədər onun adına gəlmişik. Qalxaq yuxarı, görək asissenti nə deyir. Geri qayıdası deyilik ki.

-Qalxaq deyirsən, qalxaq. Görək asissenti hansı qəzəli oxuyacaq bizə. – Orxan azaylandı.

O, min dəfə özünə söz versə də ki, heç kimin işinə qarışmayacaq, özü-özü ilə bacara bilmirdi. Belə xasiyyətinə görə böyük qardaşı, həyat yoldaşı da irad tutmuşdu ona. Amma hər dəfə söz versə də yenə əmələ gəlmirdi. Elə ki, bir fırıldaq işə urcah oldu, dərhal xarakterini ortaya qoyub kəskin münasibət bildirirdi. Çoxları onun bu münasibətinə deyirdilər ki, düzələn işə qulp qoyur. Qulp qoymağın necə olduğunu isə o, bilmirdi. Deyərdin ki, filan işə bir qulp qoy, vallah, bacarmazdı. O, elə-belə, boş-boşuna heç nəyə irad tutmazdı, ta ki, özü həmin əyər-əskikliklə rastlaşmasaydı. İndi də belə.

Üçü də özlüyündə deyinə-deyinə binaya daxil oldular. Şikar qabağa düşüb liftə tərəf addımladı. Amma ekranda 8 rəqəmini görüb istiqamətini dəyişdi, pilləkənə tərəf addımlayan Orxanın arxasınca getdi.

İkinci mərtəbəyə qalxıb pilləkənin sağ tərəfində yerləşən gözləmə salonuna keçdilər. Gözləmə otağında onlardan başqa heç kim yox idi. Televizordan və bir neçə dəmir süzgəcli oturacaqdan ibarət gözləmə otağında təzəcə oturmuşdular ki, 26-28 yaşlarında cavan, görünüşcə “tirpaş” bir oğlan otağa daxil olub onlara yaxınlaşdı.

-Gəncədən gələnlər sizsiniz? – Salamsız-kəlamsız ilk soruşduğu bu oldu.

-Əvvəlcə salam vermək lazımdır, cavan oğlan. – Orxan iradını bildirdi. – Görəsən bizim millət nə vaxt mərifətə, qanacağa öyrəşəcək.

-Mərifətimizə, qanacağımıza nə gəlib? Prosto gün ərzində yüzlərlə adamla rastlaşırsan, salam verməkdən çənəm ağrıyır.

-Bir söz artıq deməklə çənə ağrımaz. Həm də sizin dolanışığınız müştərilərdən çıxır. Məcburən onlarla nəzakətli davranmalısınız.

-Hə, Gəncədən gələn bizik. – Şikar tez müdaxiə etdi ki, mübahisə uzanmasın.

-Mən də Firdovsi həkimin asissentiyəm. Gedək, göstərim pulu hara ödəmək lazımdır.

-Deyirəm də, sizin düşündüyünüz ancaq puldur. – Orxan qəzəbləndi. – Firdovsi həkim özü hanı? Onu görməyənə kimi biz heç bir pul-zad ödəməyəcəyik.

-Firdovsi həkim burda yoxdur.

-Zəng edin gəlsin. Saat üçə görüş təyin edib, gəlmişik. Zəhmət çəkib gəlsin. Özü burda olan vaxta görüş təyin edərdi. Biz gözləyirik.

-Onun işi var, bu gün gələ bilməyəcək. Həm də mən ona zəng edə bilmərəm. Lazım olanda o, özü mənə zəng vurub nə etmək lazımdırsa deyir.

-Necə yəni zəng vura bilmərəm? Bəlkə əməliyyat etdiyi xəstənin halı pisləşdi, onda da zəng vurmayacaqsan?

-O mənlik deyil.

-Onda xudafiz. Biz gedirik başqa klinikaya.

-Özünüz bilərsiniz. – Asissent kobud tərzdə bunu deyib otaqdan çıxdı.

-Bəlkə beş-on dəqiqə də gözləyək. – Şikar acizanə tərzdə təklif etdi.

-Mən sənin ağrılarına üzülürəm. Amma bu əclafları da pis tanımıram. Yüz faiz əminəm ki, o, burdadır, bəlkə də kamera ilə bizi görür. Mən belə dələduzlarla az rastlaşmamışam. Durun, yavaş-yavaş düşək aşağı. Gözləmək istəsəniz, bir az da aşağıda gözləyərik. Ancaq mənə elə gəlir ki, gözləməyə ehtiyac olmayacaq.

-Niyə? – Şikar yenə də üzücü tərzdə soruşdu.

-Ya biz Klinikadan çıxmadan o, bizə yaxınlaşacaq, ya da uzaqlaşmadan zəng vuracaq ki, qayıdın geri, mən gəlmişəm, klinikadayam.

-Sən buna əminsənmi?

-Min səkkiz yüz manatı kim əldən buraxar?

Yavaş-yavaş otaqdan çıxdılar. Liftin ağzında iki qadın və bir cavan oğlan dayanmışdı, deyəsən liftin yuxarıdan qayıtmasını gözləyirdilər.

-Firdovsini Allah öldürsün! – Qadınlardan biri o birisinə deyirdi. – Kişinin ürəyini əməliyyat etdiyi heç üç gün deyildi. Yazıq heç ayağa qalxıb işıqlı dünyaya axırıncı dəfə göz dolusu baxmadı, elə yataqdaca canını tapşırdı. İndi də qaçıb gizlənir. Deyirəm bir ətək pul vermişəm sənə, insafın olsun, heç olmasa yarısını qaytar. Daş atıb göyə, başını tutur altına ki, vallah, billah, o puldan mənə hələ bir qəpik də çatmayıb. Hamısını kassaya ödəmisiniz.

Bu söhbəti Şikarla Orxan yaxşı eşitməsə də onların arxasınca ayağını sürüyüb bir az geri qalan Qönçə təfsilatı ilə dinlədi. “Bu boyda klinikada başqa həkim yoxdur ki, ürəyi də, böyrəyi də Firdovsi canı yanmış əməliyyat edir” deyə öz-özünə sual verdi Qönçə.

Qardaşlar birinci mərtəbəyə düşüb Qönçənin gəlib çatmasını gözlədilər. Sonra üçü də birlikdə giriş-çıxış qapısına doğru addımladılar. Bir addımlığında qapı avtomatik olaraq onların qarşısına açıldı. Bu zaman kimsə arxadan çağırdı:

-Şikar müəllim!

Hər üçü geriyə qanrılıb baxdılar. Liftin ağzından orta yaşlı, ucaboy, başının ön hissəsi dazlaşmış bir kişi onlara tərəf addımlayırdı. Şikarla Qönçə dərhal tanıdılar. Bu Firdovsi həkim idi. Odur ki, geriyə dönüb ona tərəf addımladılar.

-Firdovsi həkim! – İlk olaraq Şikar əlini uzadıb onunla görüşdü, rəngi-rufu dərhal yerinə gəldi, elə bil xilaskarını tapmışdı. – Gəl çıx də. Az qala çıxıb getmişdik.

-Şikar müəllim, siz zəng edəndə, vallah, laboratoriyada idim. Analizlərin cavabını yoxlayırdıq. Ona görə də çıxa bilmirdim. Elə indicə işimizi yekunlaşdırdıq ki, dərhal sizin yanınıza gəldim.

“Ay aferist. Bəs biz pulu ödəsəydik, necə? Yenədəmi işini qurtarıb dərhal bizim yanımıza gələcəkdin?” Orxan sual dolu baxışlarını bir anlıq Firdovsi həkimin gözlərinə zillədi. “İnan ki, siz çıxıb getsəydiniz od vurub atamı yandıracaydılar. Mənim adıma gəlib, kameralara düşəndən sonra pul ödəməyib geri qayıdan xəstəyə görə başımı sığallamayasıdırlar ki!” Firdovsi həkimin gözlərində aferistliklə, fırıldaqla yanaşı bir yazıqlıq, məzlumluq rüşeymləri də vardı – zamanın məcburiyyəti qarşısında divarın küncünə qısılmaq məzlumluğu.

Onlar söhbət edə-edə yenidən ikinci mərtəbəyə qayıtdılar. Gözləmə otağına keçən kimi yenə də üstünlüyü əlində saxlayıb ilk dillənən Firdovsi həkim oldu.

-Vaxtım azdır. Getməliyəm. Deyin, görüm sizi narahat edən nədir? Biz axı Gəncədə hər şeyi danışmışıq. Vallah, bu qiymətə heç kim həmin əməliyyatı boynuna götürməz. Mən eyni vaxtda iki əməliyyat edəcəyəm. Böyrəkdə olan daşı çıxardacam. Sidik kanalına düşmüş daşı isə əzəcəyəm. Qırıntılar sidik kanalı ilə axıb töküləcək.

-Mənə sizin qarantiyanız lazımdır, həkim. – Orxan, özü də bir az əsəbi halda söhbətə qoşuldu. – Biz sənə bir ətək pul veririk.

-Mənə vermirsiniz, kassaya köçürürsünüz. Buranın qaydası belədir. Mərkəzi Klinika ölkənin ən yüksək səviyyəli klinikasıdır. Mən hələ sizinlə çox ucuz danışmışam. Özəl klinikalara gedin, görün bu əməliyyatı eləməyə üç min manatdan aşağı razılaşarlarmı?

-Birincisi, qiyməti siz müəyyənləşdirmisiniz, burada klinikalıq bir şey yoxdur. Min səkkiz yüz əvəzinə min beş yüz də deyə bilərdiniz. İkincisi, Sumqayıtda daha ucuz eləyən yüksək səviyyəli həkim tanışlarımız var. Söhbət bunda deyil. Madam ki, Şikar sizinlə danışıb, eybi yoxdur, əməliyyatı siz aparın.

-Əməliyyatdan sonra üç gün də klinikanın palatasında qalacaq. Günü yüz manatdır, amma siz ödəməyəcəksiniz, bu mənim boynumadır.

-Elə olmasın ki, əməliyyatdan sonra yoxladaq, yenə də böyrəyində daş olsun.

-Başa düşmədim, siz soruşursunuz ki, yenidən daş yığılacaq, yoxsa yox?

-Mən hər iki variantı nəzərdə tuturam. Həkim var, əməliyyat aparır, sadəcə dərini kəsib tikir. Daxili orqanlar üzərində heç nə eləmir, hamısı pul qopartmaqdan ötrüdür. Eyni zamanda, əməliyyatdan sonrakı mərhələdə, daş götürüləndən sonra ləyəndə yenidən qalıqlar yığılıb daşa çevriləcək, ya yox? Bax, məni ən çox narahat edən də elə budur.

-Mən buna cavabdehəm.

-Bəs həmin yerə yenidən daş yığılarsa…

-İnşallah, olmaz. Müalicə yazarıq, xəstənin özündən də çox şey asılıdır. Pəhrizini saxlamalıdır. Heç narahat olmayın, əməliyyatdan sonra hər şeyi yazıb verəcəyəm. Nəyi necə etmək haqqında tam bir təlimatınız olacaqdır.

Firdovsi həkim bunu deyib ayağa qalxdı.

-Məni bağışlayın, təcili getməliyəm. Siz də narahat olmayın. – Firdovsi həkim Şikarın əlini iki əli ilə sıxıb gülümsündü. – Möhkəm ol.

O, bunu deyib çıxışa doğru getdi, biz də onun arxasınca otaqdan çıxdıq. Liftin önündən keçib sola burulduq.

-Kassa burdadır. – Firdovsi həkim əli ilə liftin o tərəfindəki pəncərəni göstərdi. – Ödənişinizi edib çekinizi alın. Axşam və səhər heç nə yemirsən ki, qarnın boş olsun. Saat doqquzda burda olmalısınız. Ayrı sözünüz varmı?

Sağollaşıb ayrıldıq. Firdovsi həkim liftə minib getdi. Şikarla Qönçə pulları sayıb kassaya ödədilər. Min səkkiz yüz manat az pul deyildi – bəlkə üstünə beş yüz manat da əlavə etsəydin Şikarın bir illik müəllim maaşına bərabər olacaqdı. Sağ olsun, Firdovsi həkim, bir günə müəllimin bir illik qazancını qazanırdı. Görəsən, onu kim yetişdirib? İnanmaq olmur ki, hər hansısa müəllim gələcəkdə onun bir illik məvacibini bir dəfəyə əlindən alacaq şagird yetişdirsin.

Ertəsi gün günorta saatlarında klinikaya xəbər yayıldı ki, Firdovsi həkimin hər üç əməliyyatı uğurla keçib, o cümlədən Şikar da əməliyyatdan yaxşı çıxıb. Üç gün klinikada saxlandıqdan sonra onu evə yazdılar. Hələ ki, kanalı qoşmamışdılar, o, qardaşıgilə böyründə sallanan sellafon torbası ilə birlikdə yollandı. Ayrılanda Firdovsi həkim ona bir-birindən fərqli iki daş verdi. “Böyrəklərindəki daşlar budur, hər ikisini çıxartmışam, bundan sonra rahatlıq taparsan”, dedi. Böyrəklərdən çıxan daşlardan biri çarpanaq, digəri isə lal idi. Firdovsi həkim dedi ki, çarpanaq daş bir az da böyüsəydi, böyrəyi deşib zədələyəcəkdi, bəlkə də sıradan çıxaracaqdı. Lal daş isə böyüyüb böyrək kanalını tutacaqdı, hətta, kanalı partlada da bilərdi. Qarın boşluğu nahiyəsinə sızan sidik tezliklə qana keçə bilər və heç şübhəsiz ölümlə nəticələnəcəkdi. Bir sözlə, Şikar müəllimin anası namaz üstəymiş ki, vaxtında onu Firdovsi həkimə urcah edib. Yoxsa…

Qardaşıgildə özünə gəlib rahatlıq tapandan sonra Şikar bütün bunları maraqla Orxana danışdı. Onu diqqətlə dinləyən Orxan, nəhayət ki, dilləndi:

-Bəs sidik kisəsinə düşən daş necə oldu?

-Hansı daş? – Şikar təəccüblə onun üzünə baxdı.

-Bəs demirdinizmi ot dəmləmələri vaxtı böyrəyin birindəki, gərək ki, sağ böyrəkdəki daş sidik kanalına düşüb. Müayinə vaxtı Firdovsi həkim özü də bunu müəyyənləşdirib. Səninlə də razılığa gəlib ki, sol böyrəyindəki çarpanaq daşı çıxardacaq, sağ böyrəyindən böyrək kanalı ilə sidik kisəsinə axıb gedən daşı isə xüsusi cihazla elə orada əzəcəkdir. Həmin daşın qırıntıları sonra sidiklə bərabər axıb töküləcəkdir.

-Doğrudan ha… – Narkozdan sonra özünü çox da yaxşı hiss etməyən Şikarın elə bil nə isə yadına düşdü və o, başını balınca dayayıb huşa getmək istədi.

-Sənin kürəyində yarıq neçə yerdəndir?

-Bir. – Şikar çox sakitcə cavab verdi. – Sol tərəfdən.

-Deməli bir böyrəyini əməliyyat edib. Ola bilməz ki, həkim sol tərəfdən girib sağ böyrəkdəki daşı da çıxartsın. Əgər o, bunu bacarsaydı, mütləq Nobel mükafatına layiq görülməliydi.

Şikar daha heç nə demirdi, heç deyilənləri də eşitmək istəmirdi.

-Dur gəl bura. – Kənardan söhbəti izləyən Yasəmən Orxanın əlindən tutub dartdı. – Görmürsən Şikara dincəlmək lazımdır? Nə düşmüsən onun üstünə?

Şikar bir neçə gün qardaşıgildə qaldı. Xüsusi pəhriz yeməklərlə qidalanır, daha çox təbii şirələr içirdi. Sidik ifrazı katetir vasitəsilə xaricə axırdı. İki gündən sonra katetir işləmədi. Evdə narahat olmağa başlasalar da Orxan onları sakitləşdirdi.

-Heç narahat olmayın, katetir müvəqqəti əvəzedicidir. Katetir sidik ifraz etmirsə, deməli orqanizmi təbii yolla sidik ifrazını bərpa edib. – Üzünü Şikara tutub dedi: – Təbrik edirəm, sən sağaldın.

Növbəti gün Firdovsi həkimin yanına son təlimata gedəndə o da eyni şeyi demiş və katetiri çəkib çıxartmışdı. Bir gündən sonra Gəncəyə qayıdan Şikar həftənin birinci günündən işə çıxmağa başladı.

-Ortada Diaqnostika Mərkəzinə baş çəkməyi unutma. Yoxlat, gör, əməliyyatdan bir ay sonrakı vəziyyətin necədir? – Ayrılanda qardaşı Orxan belə məsləhət görmüşdü.

Təxminən bir ay keçəndən sonra Orxan evdə oturub kitab oxuyurdu ki, qardaşı Şikar zəng vurdu.

-Mən bu işə lap mat qalmışam. – deyə təəccübünü bildirdi.

-Nə olub yenə? – Orxan tam soyuqqanlılıqla maraqlandı.

-Bu gün getmişdim Yeni Gəncəyə, Diaqnostika Mərkəzinə. UZİ-yə düşüb böyrəklərimi yoxlatdım. Həmin həkim yenə də dedi ki, böyrəklərində daş var. Mən axı təzə əməliyyat olunmuşam. Bir ay müddətində nə tez yığıntılar daş bağladı və böyüyüb həmin ölçüdə oldu?

-Ola bilər ki, əməliyyatdan sonra yara tam sağalmayıb. Həmin daşların yeri bərpa olunmayıb, ləyən kimi qalıb. Ona görə də aparat belə göstərir.

-Elə mən də UZİ həkiminin yanından Firdovsi həkimi yığdım. O da sən deyənləri dedi. Amma aparat həkimi razılaşmadı. Dedi ki, mən özümü aldada bilmərəm. Mənə nə düşüb ki, yalan deyəm. Hər iki böyrəyində lal daş var, ölçüləri də bu razmerdə. Demirəm ki, duzdur, kristaldır, yığnaqdır, nəhayət çarpanaq daşdır.

-Nə bilim, ay Şikar. Onlar professional doxturlardı, biz isə fərziyyə söyləyirik. Yenə də özünü qoru, görək. Çalış, böyrəyinə dinclik ver. Sudan ehtiyatla istifadə et. Duzdan bir müddət imtina elə. Acını, şirini birdəfəlik unut. Çörəyi ləğv elə, keç qara çovdar çörəyinə.

-Bəs həkim deyirdi ki, suyu, çayı bol elə. Gündə ən azından üç litr su içməlisən.

-Özün fikirləş. Böyrəyin əməliyyatdan çıxıb, yaralıdır. Heç sağlam adamın böyrəyi üç litr suyu süzə bilmir, xəstə, yaralı böyrək bunu necə süzsün?

… Bütün bunlar bir anda Şikarın gözünün önündən gəlib keçdi. Telefonunun zəngi onu fikir-xəyaldan ayırdı.

-Ata, muştuluğumu ver, daşları tapmışam. – Danışan oğlu İslam idi, sevinə-sevinə danışırdı, ancaq daşların tapılması da Şikarı sevindirmirdi.

-Nəyi tapmısan? – Şikar sanki indi yuxudan ayılırdı.

-Böyrək daşlarını, böyrəyindən çıxan daşları.

-Onlar itmişdi ki, tapasan?

-Onlar itməmişdi, səhər-səhər zibil torbasına qoyub tullamışdım. Sən zəng edəndən sonra gedib baxdım ki, zibilyığanlar məhəllənin zibilini hələ aparmayıblar. Yeşiyi güc-bəla ilə aşırdım yerə. Səhərdən zibilin içində eşələnirəm, öz zibil torbamızı axtarırdım. Axır ki, tapdım.

-Onları gətirə bilərsən, yoxsa mən özüm gəlim?

-Hara gətirim?

-Heç olmasa univermağın qabağına gətir, gəlim, alım. Yoxsa sən dərsə gecikirsən?

…Şikar başına gələn əhvalatı bura qədər danışdı və fikrə getdi.

-Nə oldu, Firdovsi həkim daşları görəndə tanıyıb sevindimi?

-Sevindi nədi, hətta, sevincindən yenicə eşqə düşmüş qız kimi gözləri parıldadı.

-Bəs sonra nə elədi? Daşları Almaniyaya göndərdimi? Almaniyadan nə cavab gəldi?

-Bax, elə məni də düşündürən odur. Daşlar o gedən getdi. Beş il keçməsinə baxmayaraq Almaniyadan hələ də bir cavab yoxdur. Hər dəfə Firdovsi həkimə zəng vurub soruşanda, deyir ki, narahat olma. Bu axşam internetə girib yenə də soruşacam. Harda olsa on-on beş günə cavab gəlməlidir. Almanlar axı, belə səhlənkar millət deyillər. Olmaya bizimkilərlə əməkdaşlıq edə-edə… onlar da dəyişiblər.

-Bakıya gedib nə edəcəksən? Bəlkə heç arxasınca düşməyəsən bu məsələnin?

-Firdovsi həkimin yalan danışdığını mən çoxdan hiss eləmişəm. Amma səbrlə işin axırını gözləyirdim.

-Səndə səbr nə imiş. Düz beş ildir gözləyirsən, danışırsan və inanmadığını büruzə vermirsən.

-Mən Firdovsi həkimi tapıb deyəcəyəm ki, mənim yanımda internetə gir, daşı kimə göndərmisən nəticəsini ondan soruş, yazdığı resepti də internetlə al və mənə ver.

-Nə qədər də sadəlövhsən. Elə bilirsən Firdovsi utanacaq? Səni aldatdığına görə üzr istəyəcək? Sənin kimi neçələrini aldadıb, aldadır və aldada-aldada gələcəyə doğru gedir.

-Mən sadəcə onun gözlərinə baxmaq istəyirəm. Çünki onun ucbatından doğma qardaşımın gözünə baxa bilmirəm. Axı qardaşım elə ilk gündəcə onun necə fırıldaqçı olduğunu aşkar elədi. Mən isə doğma qardaşıma inanmaq istəmədim.

Şikarın gözləri yaşardı. O, pəncərənin pərdəsini azacıq aralayıb çölə baxdı. Adəm başa düşdü ki, qaranlıqda təbiəti seyr etmək olmaz, amma Şikar müəllim “seyr edir”.