Son vaxtlar Azərbaycan dilinin yad təsirlərdən qorunması istiqamətində canlanma müşahidə olunur. Elə bil Azərbaycan dili rusdillilər və türkdillilər arasında hədəfə çevrilib. Danışığında “brat”, “davay” kimi rus dilindən keçmə sözlər işlədənlər, kəlməbaşı “abi”, “falan”, “tamam” söyləyənləri qınayırlar. Kimin düz, kimin səhv olduğunu ayırd etmək müşkül məsələdir. Əsas olan odur ki, bunlar danışıqdan o yana keçə bilməsin. Ancaq nə etməli? İndi bundan da betər sözlər məqalələrdə yer alır, kitablarda möhkəmlənir, gələcək üçün təhlükə yaradır.
Bir çox ziyalı, xüsusən də dilçi alim ağzına su alıb dursa belə bəziləri həyəcan təbilini döyəcləyir. Seymur Baycan, Aygün Əziz və başqaları həmin sözləri və qarşılığını öz samballı yazıları ilə gündəmə gətirməklə cəmiyyəti dilin keşiyində möhkəm durmağa səsləyirlər.
Müxtəlif səbəblərdən dilimizə soxulmuş kolantay sözlər hələ ki, ancaq ictimaiyyətin qınağına çıxarılıb. Danışığımızda, leksikologiyada həmin sözlərin qarşılığı olduğu halda istifadəsinə zərurət hardan və necə yaranır? Mütəxəssislər bunun tele-efir məkanından, bayağı verilişlərdən və məşhur adamların danışığından, yazı nümunələrindən yayıldığını iddia etməkdə haqlıdırlar. Bilərəkdən, yaxud bilmədən cəmiyyətə ələngə sözləri dedirtməkdə həmin adamların günahı qaçılmazdır. Əlbəttə ki, nəzarətsiz zəmidə alaq otlarının inkişafına daha çox zəmin yaradılmış olur. Siyasi rəhbərlik dilimizin taleyini Allaha tapşırıb. AMEA Nəsimi adına Dilçilik institutu və Teleradio Şurası isə avtopilota qoyublar.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyi dilimizin müdafiəsi zəminində toplantı keçirtdi. Yazıçı Seyran Səxavət öz məruzəsi ilə həyəcan təbili döyəclədi. Toplantıya sədrlik edən Xalq yazıçısı Anarın məsələyə ciddi yanaşdığı hiss olunurdu. Lakin siyasi rəhbərliyin göstərişi olmadan onun reaksiyasının ciddiliyə alınıb-alınmaması sual altındadır. Çünki elə tədbirin özündə dilimizi korlayanlar sırasında öndə gedən akademik Nizami Cəfərov, Millət Vəkili Aqil Abbas məsələyə lağlağı ilə yanaşaraq münasibətin ciddiliyini yumşaltmağa, nəticə gözləməməyə, kolantay sözləri yenilik kimi qələmə verməyə çalışırdılar.
İnsafən, Xalq yazıçısı Anar 1992-ci ildə də dilimizin müdafiəsinə qalxdı. Bəlkə də dilimizin indiki vəziyyətdə qorunub saxlanmasında Anara borcluyuq. Bu, o zaman idi ki, türk sevdasından insanlarda başgicəllənməsi baş vermişdi. Ə, X, Q hərflərini birdəfəlik ləğv etməyə, bir çox sözləri dərhal dəyişməyə çalışırdılar. Zaman-zaman öz çirkin işlərini həyata keçirənlər apostrofu ləğv etdirdilər və indi də həmin məkrli niyyətlərindən əl çəkmirlər. Bu gün dilin müdafiəsi millət üçün strateji problemə çevrilməlidir. Əgər indi dilimizi qorumağa qoşulmasaq, bir müddətdən sonra acınacaqlı vəziyyətlə üzləşəcəyik. Necə ki, o vaxt Anar olmasaydı, indi bir çoxları “hırıldamaq” əvəzinə də hırıldayırdı, “xırıldamaq” əvəzinə də…
Elə Nizami Cəfərov, Aqil Abbas və məsələyə ciddi yanaşmayan titullu-titulsuz məşhurlar da…
Bu yerdə Mirzə Cəlil və onun əvəzsiz “Anamın kitabı” yada düşür.
Görəsən, Mirzə Cəlil bunları görsəydi, daha nə deyərdi?
Hörmətlə:
Əli BƏY AZƏRİ