Çəkirəm
Yapışa bilmədim saman çöpündən,
Fikir dəryasında avar çəkirəm.
Dərd yükü, qəm yükü çiyinlərimdə,
Yığmışam boxçama nə var, çəkirəm.
Zamanın nəbzini tuta bilmədim,
Nə imiş bəxt-naxış, buta bilmədim.
Arzumla zər atdım, uda bilmədim,
Daha qabağına divar çəkirəm.
Qamətimi zillət əydi, yaş əydi,
Xurcunumu qürbət eldə daş əydi.
Sabir sənə səcdə qıldım, baş əydim,
«Düzü düz, əyrini həmvar» çəkirəm.
Sevgi bağçasından çiçək dərmişdim,
Bir alagözlüyə ürək vermişdim.
Ramizəm, hər zülmə sinə gərmişdim,
Ömür bitib, yenə qübar çəkirəm.
16.10.2021, Xırdalan şəhəri
Sevgi sözü
Sevgi aşiqlərin sirli səsidir,
Deyən kimdi, duyan kimdi, görən kim?
Sevda dünyasına Leyli bəs idi,
Şirin kimdi, Əsli kimdi, Sənəm kim?
Çox sevənlər rüsvay olmuş, xar olmuş,
Bu gen dünya başlarına dar olmuş.
Gədiklərdə boran olmuş, qar olmuş,
Çoban kimdi, lələ kimdi, Kərəm kim?
Aləm bilir Məcnun adlı dəli var,
Ondan başqa dəli varmı: — Bəli var.
Ramiz kimi kövhəri var, ləli var,
Fərhad kimdi, Qərib kimdi, Dilqəm kim?
24.08.2021, Xırdalan şəhəri
Darğalıqdır
İki qəbahətdən biri
Cavanlıqda lovğalıqdır.
Ən ağır qəbahətsə
Qocalıqda yorğalıqdır.
Əzəmətdi qartal adı,
Qırılsa da qol-qanadı.
Ovunu göydə ovladı
Leşə qonmaq qarğalıqdır.
Ramiz, gönü qalın çoxdur,
Nə qarnı, nə gözü toxdur,
Evində urvalıq yoxdur,
Könlündəki darğalıqdır.
16-20, 05.2020, Xırdalan şəhəri
Var
Ömrümün, günümün qürub çağında,
Mənə yaradanın bir ətası var.
İlahi bir gözəl çıxıb qarşıma,
Hər nazı, qəmzəsi, hər ədası var.
Narın-narın, diri-diri yandırır,
Bir əli su tökür, biri yandırır,
Göyü qarsalayır, yeri yandırır,
Fələyin belə də «şər xatası» var.
Könül əzabımı duymur bəlkə də,
Özünü o yerə qoymur bəlkə də.
Nə çoxdu «bəlkələr»…qıymır bəlkə də
Cavan deyil deyəm, «yar butası» var.
Üzümə gülməyi məhəbbət deyil,
Halımı bilməyi mərhəmət deyil.
Qorxulu ilğımdır, səadət deyil,
Ramizin başında bir xətası var.
20.05.2021, Xırdalan şəhəri
Sevirəm səni…
(Naməlum gözələ)
Nə bəladır düşdüm yaşın bu vaxtı,
Sevirəm səni.
Bilmirəm savabdı, yoxsa günahdı,
Sevirəm səni.
İstər ağıllı de, istər dəli de,
Könül açsam lağa qoyub, «bəli» de.
Gün kimi, Ay kimi bir şey bəllidi,
Sevirəm səni.
Sənsiz keçən ilim, ayım, günüm yox,
Layla çalan şirin dilim, ünüm yox.
Bəxşiş üçün bircə dəstə gülüm yox,
Sevirəm səni.
Məcnuna, Kərəmə mən də tay olum,
Səhralarda qurda, quşa pay olum.
Bu sevdada rüsvay olsam, qoy olum,
Sevirəm səni.
İnanmıram əlim çata o yara,
İndən belə nə ümid var, nə çara.
Ramizəm, neyləyim mən bəxti qara?
Sevirəm səni.
4.07.2021, Xırdalan şəhəri