Yeddinci otağın sirri
Üç ilə yaxın idi ki, İlqar Aləmtabın “Ruhların imtahanı” povesti “Canbaycan” jurnalında yatıb qalırdı. Üstündə “Çapa gedəcək yazılar” sözləri yazılmış göy rəngli qovluq ayın əvvəlində şişib, kəməri güclə bağlanır, ayın sonunda arıqlayıb namnazik çöpə dönürdü. Ancaq həmişə o qovluğun lap altında İlqarın povesti, nədənsə yatıb qalırdı. Sanki yad sərhəddi idi, toxunmaq olmazdı. Niyə, nə üçün, İlqara da bu çatmırdı. Elə bil susuz, dərin və dibi görünməyən qaranlıq bir quyuya salmışdılar. Soruşanda, bir bəhanə tapmağa nə var, hər dəfə bir şey uydururdular. Filankəsin yubileyidir, bəhmənkəsə mükafat veriblər, daha nə bilim, nələr, nələr. Günlər yel qanadlı olub ötür, ay dolanır, illər ömürdən bir yarpaq qoparıb aparırdı. İlqarın iş yeri, dərs dediyi ali məktəb jurnalın yolu üstündə olduğundan arada, yada düşəndə redaksiyaya gəlməyi də unutmurdu. Hər dəfə eşitdiyi eyni sözlər onun əhvalını pozur və hər dəfə də özünə söz verirdi ki, daha ora ayaq basmayacaq. Ancaq nədənsə, özü ilə bacarmır, içindəki istəyin əllərindən tutub, könülsüz-könülsüz 168 pilləkəni adlayıb, dördüncü mərtəbədəki redaksiyaya daxil olurdu. Əllərindən siqareti düşməyən, özünü əzabkeş, millət dərdi çəkən kimi göstərən, çəkəndə də dodağının altında “siqaret yox, millət dərdi çəkirəm”, — deyib mızıldanan baş redaktor Qisas Qiyamətzadə soyuq, saxta təbəssümlə üzünə gülümsəyib, dilinin əzbərinə çevrilmiş, məntiqsiz, boş-boş sözləri üyüdüb tökürdü. Yalanı qırmızı-qırmızı, utanıb çəkinmədən elə deyirdi ki, az qalırdı özü də inansın.
O gün İlqar Aləmtab “Sahil” metrosunun qabağından azacıq keçmişdi ki, arxadan eşidilən tanış səsə dayandı:
-Oo-o! Gözəl insan, gözəl yazıçı, etibarlı dost. Nə olub, qardaşım, gör ha vaxtdır imzan görünmür. Nə tez yoruldun… qələmmi etibarsız çıxdı?! Yox, bəlkə sənmi, nədənsə bezikib durdun…
İlqar Aləmtab qanrılıb arxaya baxdı. Tanıdı. Üç il bundan qabaq povestini jurnala verərkən tanış olmuşdular. Yazıçı Vüqar Qaraçaylı idi. Pis yazmırdı. Özünə görə üslubu, dəst-xətti var idi. Seçdiyi mövzular da pis deyildi. Tanış olduqları vaxtdan “Canbaycan” jurnalında bir povesti, üç də hekayəsi getmişdi. Xoş cəhəti o idi ki, qılıqlıydı, adama tez qaynayıb-qarışırdı.
-Yox, qardaş, qələmi günahlandırmayaq! Qələm etibarsız deyil, mən də unutqan. — İlqar Aləmtab ağır-ağır dilləndi. – Hər gün qələmlə danışırıq. Etibarlı sirdaşdır. Ürəyimdən keçənləri, bəzən dilimə gətirmədiklərimi kəlmə-kəlmə içimdən qoparıb mənə qaytarır. Gecənin əllərindən tutub, qaranlığın qoynundan mənə işıq göndərir…
-Bəs onda niyə, niyə imzan qaçaq düşüb? Özün de, bəlkə… həə, bəlkə özün bilə-bilə ləngidirsən ki, kimlərsə də darıxıb səni axtarsınlar?!
-Əslinə baxsan, vallah, heç özüm də bilmirəm, çap işində niyə ləngiyirəm.
-Nə olar, bir az qılıqlı olsan, zirəng, bacarıqlı tərpənsən dünya uçub dağılmaz ki?! Bu məmləkətdə istedad hələ hər şey demək deyil axı, atam balası. Əslinə qalsa, heç istedada baxan da yoxdur. Zəmanəylə ayaqlaşmasan, onun dilini də bilməyəcəksən. Quru bəyliklə bostan suvarılmaz. Əkdiklərin quru zəhmətlə də batıb gedər. Gözüaçıq olsan, görərsən ki, o birilər neynir, hansı dolaylardan keçib gedir. Sən məni heç görməmisən, heç mən sənə bir söz də deməmişəm. Ancaq qulağını bəri gətir, sənə bir sirr verim. Burda, — Vüqar Qaraçaylı bir qədər susub, əliylə dəniz tərəfi göstərdi. – Dənizin sahilində “Qağayı” kafesi var. Onun da yeddinci otağı. O işıqlı, dəniz dalğalarının səsi apaydın eşidilən o otağa çox vaxt Qisas Qiyamətzadə otağı da deyirlər. Beş, ya altı nəfər olurlar. Hamısı da yeyib-içən, keflənəndə özünü də unudan. Ayın bütün günləri oranı bağlatdırırlar. İnzibatçı var, adına da Qəqəni deyirlər. Elə bir tərəfdən Qiyamətzadəyə qohumdur. Əsil adı Qəhrəmandır. Ancaq Qəqəni adına o qədər öyrəşib ki, elə çağıranda heç küsüb incimir də. Vaxtı itirmədən gedərsən ora, Qəqəniyə yaxınlaşıb, “Yeddinci otağın siyahısına məni də yaz!” –
deyərsən. Gerisiylə işin olmaz. Niyə gəldiyini o yaxşı bilir. Heç nə soruşmadan adını siyahıya salacaq, vaxtı da dəqiq söyləyəcək. Yəqin ki, ayın axırı olar. Bütün xərcləri sən çəkəcəksən, artıqlamasıyla. Zarafat deyil, boş olanda da o otağa kimisə buraxmırlar ki, birdən onun hüzuru pozular, səliqə-sahmanına xələl gələr. Həə, gedəndə də onları taksiylə yola salacaqsan. Lül-qənbər olacaqlar, yaxşı deyil, yoxsa yolda yıxılıb özlərini biabır edərlər. Nə gizlədim, bu körpüdən mən də keçmişəm. Özü də, nə az, nə də çox, düz iki dəfə! Neyləmək olar, əməl onlarındır, hələ ki, söz sahibi də onlardır. Rəzillik olsa da, bu alçaqlığa dözməlisən. Ən azı, tanınana qədər dözməlisən. Axı onlar kimdir? Ortalıqda nələri var? Heç düz-ağıllı, yadda qalası yazıları da yoxdur. Dünənə qədər onun-bunun qabağına qaçıb yalmanmırdılarmı?! Meydan boşdur, fürsət əllərinə düşüb. Hələ ki, ağıllı başlarda qoz sındırırlar. Dediklərinə uymasan başın çox bəlalar çəkəcək, yolların heç də qolay olmayacaq. Gözlədiyin üç il nədir ki, lazım gəlsə, lap on üç il də gözlədərlər. Utanmasan oynamağa nə var ki?! Razılaşmasan ümidlərini qıracaq, içini söküb, ən pak, ən təmiz hisslərini, duyğularını da boğacaqlar. Onlardan soruşan gərək, bəs hanı ədəbiyyatdakı təmizlik, gözəllik? Beləmi böyük ədəbiyyat yaradırlar? Sonra da gileylənib deyirlər ki, niyə böyük izimiz yoxdur. Niyə Dərbənddən o yana çoxumuzu tanımırlar? Evin içindəki səni tanınmağa qoymursa, hələ çöldəki necə tanısın! Ayıb olmasın, deyim, bir məsəl var. Deyir, ev danasından öküz çıxmaz, çıxsa da, kəsib doğrayarlar. Bilmirəm, bizdəki qısqanclıq, paxıllıq hardandır, nədəndir görəsən?!
-Boyun əyə-əyə tanınan ziyalılarımızın sonra niyə ömrü boyu boynu əgig gəzməsi indi mənə bəlli olur. Üz kölgəliyə öyrəşməsin, öyrəşdisə, onu düzəltmək çox çətindir. Əxlaq olmayan yerdə gözəllik, ləyaqət də yoxdur!..
İlqar Aləmtab Vüqar Qaraçaylı ilə söhbətindən sonra yaman dilxor olmuşdu. Günah üstə tutulmuş adamlar kimi susur, dərdini kiminləsə bölüşmək istəmir, içindəki gərginliyi boğmağa, gizlətməyə çalışırdı. Çörəyini yeyən kimi iş otağına çəkilir, çənəsini ovcuna söykəyib, kövrək, həzin musiqiyə qulaq asa-asa pəncərədən uzaqlara baxırdı. Çılın-çılpaq Yasamal dağları onu xəyallandırır, kövrək xatirələri oyalanır, uşaq vaxtı dəlicəsinə vurulduğu bənövşəyi rəngli Burovar dağları qəlbilənib yaddaşından boylanırdı. Qonşuluqlarında nurani çöhrəli bir kişi yaşayırdı. Ümidlərinə sığınıb, arzularını qocalmağa qoymayan Novruz kişi! Burovar dağlarına baxanda dərindən bir köks ötürüb, ya yanıqlı-yanıqlı bir ah çəkər, ağlamaqdan güclə özünü saxlayardı. Zoğal ağacından düzəltdiyi çəliyinə söykənib: — Kölgəsi içimə düşən o dağların o üzündə yurdum var mənim! — deyərdi. Sonra sal daşın üstündə oturub cibindən tənbəki kisəsini çıxarar, qəzet cığarasının arasına tənbəki doldurub eşmə eşər, yandırıb dərindən bir qullab vurardı. Tüstünü acgözcəsinə ciyərlərinə çəkər, bununla o, sanki içindəki yanğısını çölə töküb yüngülləşərdi. Uşaqları mağazadan ona siqaret alsalar da, yaxına buraxmaz, “Yoox, bala, onlar mənlik deyil! Onlar mənim ağrılarımı soyutmaz!.. Mərdimazarın Allah cəzasını versin! Yol bağlayanın yolunu bağlasın, ürəyini dağlasın. Orda atam, anam, ailəm var idi. Qayğıma qalan, Günəşə sən çıxma, mən çıxım deyən həyalı həyat yoldaşım — Günəşim var idi. Bir bəla gəldi, dağları duman aldı, yollar bağlandı. Gələnin, gedənin ümidləri qırıldı. Keçə bilmədim o taya. Ümidimi itirmədim. İçimdə: “Bir gün açılar!” — deyib, o açılacaq məchul günü gözlədim. O gün, bu gün, hələ uzanır o məchulluq!
Bu necə insanlıqdır, bu necə ədalətdir: doğulduğun yerə gedə bilməyəsən, adına Vətən dediyin məmləkətin, torpağın yollarını üzünə bağlayalar!..” — söylərdi.
Səhərlər Burovar dağları daha gözəl olur. Doğan günəş, sıyrılıb gedən bəmbəyaz duman, qızılı şəfəqlərdən rəng alan ala-tala buludlar! Allah, allah nə qədər geniş, qənirsiz, mərhəmətli, səxavətli ürəyin var imiş! Daha nə qalmadı insanlara vermədiyin. Kim bilir, bəlkə bu gözəllik idi İlqarın ürəyini cilvələndirən, gözünü, könlünü işıqlandıran. Uşaq vaxtı İlqargil Burovara baxardı, gözəllik axtarardı. Yazıq Novruz baxardı, göz yaşları tapardı. Ancaq həmişə deyərdi: “Allah kərimdir, inanıram — bir gün gedəcəm!..” Nə yazıqlar ki, ümidlərini göyərtməyə ömür vəfa etmədi. Öləndə də vəsiyyət etdi ki, üzünü Vətənə sarı qoysunlar. “Ora mənim Kəbəm, Məkkəm, Mədinəmdir!..” — dedi.
İlqar Aləmtabın həyat yoldaşı Sevinc bu halına öyrəşmişdi. Təzə başlayacağı yazı qabağı onun ovqatı həmişə belə pərişan, dalğın olurdu. Elə bil ki, yerdən ayrılıb göylə əlləşirdi. Qabağına isti, kəkotulu çay gətirəndə fikrindən ayrılmaz, xəyallarının sahilsiz, fırtınalı ümmanında çırpınardı. Sonra vərəqlər qaralar, üst-üstə qalaqlanardı.Yazısı yaxşı gedəndə kefi kökələr, qollarını uşaqların çiyinlərinə salıb əhvallarını sorar, işləri-gücləri ilə maraqlanıb qayğıları ilə nəfəs alardı. Ancaq bu neçə günü bircə kəlmə belə soruşmamışdı. Sevinc bu pərişanlıqdan, susqunluqdan narahat oldu. Özlüyündə düşündü ki, Allah eləməsin, görən xəstələnib eləməyib ki?! Yaş öz işini görürdü: Bu yaşda soyuq da dəymə-düşər olmuşdu. Qapıdan qovurdun, bəzən üzünə salıb pəncərədən girirdi. Yox, yaradana min şükür ki, canı hələ sappasağlam idi. Bəs onda nə idi, həə, nə idi nigarançılığı? Bu neçə günü bir şey də yazmamışdı. İş otağını yığışdıranda İlqarın yazı masasına toxunmaz, heç nəyi yerindən tərpətməzdi. Çünki o yerdən yazı ömrü yenidən başlar və oyalanan xatirələrə qoşulub yenidən yol gedərdi. Amma son günlər heç nə yazmamışdı, elə bil. Üstünə diyircəkli qələmi qoyduğu vərəqdə şəkil çəkmişdi. Uzaqda durnalar uçuşur, dağlar qaralır, duman sürünüb dərəyə sallanır, təpələr dağlara söykənib meşəyə sarı uzanırdı. Dağlardan qopub gələn çay köpüklü suları ilə axıb gedirdi. Elə təbii, yerində olan rəng çalarları ilə çəkilmişdi ki, deyirdin çay bu dəqiqə məcrasından çıxıb şırıltısıyla otağa axıb dolacaq, sinəsində gətirdiyi əlvan dağ çiçəklərinin xoş ətriylə hamını məst edəcəkdi. Yox, neçə gün idi ki, elə bu şəkillər olduğu kimi dururdu. Bu gün təkcə nöqtələr qoyulmuşdu. Yəni sözün bitmədiyi, haray yüklü mətləblərin sükutun çiynində axıb getdiyi nöqtələr…
-İlqar, qadan alım, — Sevinc qayğılı-qayğılı dilləndi. — neçə gündür gözümə birtəhər dəyirsən. Allah eləməsin, qulaqlara qurğuşun, xəstələnib eləməmisən ki?!
-Yox, canım, nə xəstəlik, xəstəlik nədir? Bu hardan ağlına gəldi. Hələ xəstəliyə əyilmək tez deyilmi?
-Bəs onda səni narahat edən nədir? Düzü, elə uşaqlar da bunu məndən soruşur. Niyə belə susqunsan? Bəlkə xətrinə dəyən var, həə?!
İlqar yenə susdu. Handan-hana ayağa qalxıb kitab dolabının böyründəki fikus ağacının enli yarpaqlarını barmaqları ilə oxşaya-oxşaya yazıçı dostu Vüqar Qaraçaylının dediklərini necə var olduğu kimi Sevincə danışdı. Sonra sağ əlini yumruq kimi düyünləyib yüngülcə stola çırpa-çırpa: — Yox, mən buna razı olmaram! — dedi. – Oğluma söz vermişəm, ad gününə mütləq kostyum, köynək almalıyam. Vaxt yaxınlaşır, qızımızın təhsil xərcini də ödəməliyik axı?! Olmaya bunu yaddan çıxarmışıq? Üç il ləngidiblər, canları sağ olsun, bir üç il də ləngitsələr dünya uçub dağılmayacaq ki?! Bəlkə qələmimi əlimdən alacaqlar, olmaya “daha yazma deyib” yazmağı qadağan edəcəklər?! Həə, bəlkə səhv deyirəm? Bulanıq sular çoxmu axacaq? Bir gün onun durulması, çirkabdan təmizlənməsi olmayacaqmı?!
-Yox, yoox!.. Mütləq buna razı olmalısan! O qonaqlığa getməlisən. Özü də mütləq getməlisən. — Sevinc qətiyyətlə dilləndi. — Mən elə başa düşürdüm ki, yazılar çoxdur, ona görə ləngidirlər. Sən demə, belə çıxır ki, elə deyilmiş. Qarınlarının altında özgə dərdləri var imiş. Bu, üç il gözlətmək deyil, üç il insanı ələ salmaqdır. Onlara nə var, vicdanlarını itiriblər, bir qarın çörəyə aldanıb, nəfsin, tamahın qulu olublar. Sən yazmalısan, belə şeylər səni ruhdan salmamalıdır. Elə bilirsən, istəsə, hamı yazıçı, şair ola bilər? Allahın dünyada seçilmiş, sevimli bəndələri var. Yazıçı da, şair də o bəndələr sırasındadır. Dərdi hopduran, dərdə alışan, o dərdin, o qəmin diliylə danışan bəndələri. Yazmasan, yaxanı kənara çəksən, o dərd içini yeyəcək. Bunumu istəyirsən, durduğun yerdə xəstəlikmi axtarırsan?! Ədəbiyyat – ədəbdir, əxlaqdır, bax, o həmişə güvəndiyin, yazılarında xəyalı ilə qanadlandığın Burovardan, Savalandan da uca ləyaqətdir. Yazıqlar olsun, min kərə yazıqlar ki, sonda təmiz qalan o idi, onu da ləkələdilər. Bir də, sən necə, necə rəva bilirsən, o nankor, qudurğan prokuror Mövlanzadə cəzasızmı qalsın? Müəllimi qapılar arxasında saxlayıb, haqq sözü dediyinə görə, demaqoq deyə girələyib ələmi salsın? Öz övladının yerini istiləndirib, başqasının günahsız övladını şər odundamı yandırsın? Bax, o povest bir ibrət dərsidir. Axı niyə də çap olunmasın?! Çoxları oturduqları stola güvənib çox havalı gəzirlər. Tapdamadığı haqlar, puç etmədikləri talelər qoymurlar. Elə ki, ayaqları büdrəyib, vəzifə, əda stolu əllərindən düşür, büzüşüb yumağa dönür, yazıqlaşırlar. Onda əlləri heç yerə çatmayanda insan olduqlarını dərk edirlər. Ruhların imtahanı var, sən onu yaxşı tutubsan. Bu etibarsız dünyanın son ucunda körpüsündən keçib haqqa qovuşmaq var. İnsan öz əməlləri ilə dərk etməlidir ki, məni yaradan, bir gün əməllərimin nəticəsini də soruşa bilər. Qaldı, pul sarıdan darıxma, Allah kərimdir, heç vaxt da onu dərd edib ürəyinə salma. Unutma ki, bir tərəfdən bağlayan o gözəgörünməz kişi, xəyalına gəlməyən o biri tərəfdən də açar. Heç vaxt insanı darda, ümidsizlik içində qoymaz. Bu ay bayrama görə yəqin ki, mükafat verəcəklər…
***
İlqar Aləmtab “Qağayı” kafesinə girib elə ilk qarşısına çıxan işçidən Qəqənini soruşdu. İşçi onun qırımına baxıb fikirləşmədən: — Düz gəlibsən! — dedi. — Qəqəni mənəm. Yəqin yeddinci otağın siyahısına düşmək üçün gəlibsən, elə deyilmi?! Ayın axırını gözləməli olacaqsan. Onda gərək əlin cibində olsun. Qabaqcadan beh ver ki, o otağı sən zanit elədiyini biz də bilək. Qisas Qiyamətzadə mənim qohumumdur, yaxşı kişidir. Gör nə qədər xətrini çox istəyirlər ki, onunla çörək kəsmək üçün hələm bir növbə də tuturlar. Zamanə indi xarab olub, qardaş, belə kişilər az-az tapılır, qədrini bilmək lazımdır… Elə bilmə haa, qohumumdur deyə tərifləyirəm… Yox, yox!.. o, tərifi özü qazanıb… Mənim deməyimə onun nə ehtiyacı… Hələm, sən bir görəsən, onu necə tərifləyirlər, marça-marçla da əllərindən, üzündən öpürlər…
…“Qağayı” kafesinin qapısı ağzında dayanıb söhbət edən Qəqəni ilə İlqar Aləmtab qonaqları gətirən sarı rəngli taksi maşınını görüb həyətə düşdülər. Qabaqda oturmuş Qisas Qiyamətzadə qapını açıb, ayağını yerə qoyan kimi pencəyinin yaxasını düzəldib, bir balaca gərnəşdi. Sonra Qəqəni və İlqar Aləmtabı ilıq bir təbəssümlə süzüb, gülümsəyə-gülümsəyə əl görüşdü. Arxada bir-birinə qısılıb güclə oturan baş redaktorun müavini, məsul katib və iki şöbə müdiri düşən kimi “Oxx…hay!” — deyib, köks dolusu təmiz dəniz havası uddular. Dəniz tərəfdən əsən sərin meh, doğrudan da, insana rahatlıq, sərbəstlik gətirirdi.
İlqar Aləmtab qabağa yeriyib taksini yola saldı. Gələnlərlə görüşüb, əhvallaşandan sonra qabaqda Qəqəni və arxada qonaqlar yeddinci otağa keçdilər. İlqar Aləmtab bu ana qədər bu otağı görməmişdi. Otaq o qədər də kiçik deyildi. Ortada iki stol birləşdirilib, ətrafına stollar düzülmüşdü. Yuxarı başda divarda Nazim Hukmətin portreti asılmış, aşağıda dolabın üstündə əlvan güllərlə dolu güldan qoyulmuşdu. Deyildiyinə görə, Qisas Qiyamətzadə Nazimin dəlisiydi. Şeirlərinin çoxusunu əzbərdən bilir, yeri düşəndə, əhvalının xoş vaxtında öz-özünə qımıldanırdı da. Aşağı başda, sol küncdə — maqnitofonda çox asta səslə Frederik Şopenin “İlk bahar” valsı səslənirdi. Ümmana açılan pəncərədən dəniz dalğaları aydın görünür, ağ, köpüklü suların qopardığı haray-həşir, içəridəki həzin musiqiyə qarışıb insanda qəribə, hardasa, bir az da anlaşılmaz ovqat yaradırdı. Stolun üstündə quş südündən başqa hər şey var idi.
Baş redaktor Qisas Qiyamətzadə hamıya ani bir nəzər saldıqdan sonra ayağa qalxıb: — Həə, indi məclisimizə başlaya bilərik! — dedi. — Səbəbkar İlqardır – İlqar Aləmtab. İlqar, canım-gözüm, Səninlə süfrə arxasında oturmuşuq. Çörək kəsirik, çörək kəsmək bilirsən də nədir?! Sən təmiz, halal adamsan. Ancaq bir az sadəlövhlüyün, tez inanmağın var. Bir az da mübarizliyin çatışmır, haqqın olana sahiblənməkdə o qədər də maraqlı görünmürsən. İstedadsızlar var, qapıdan qovursan, pəncərədən girirlər, min hoqqadan çıxırlar, haralardan zəng elətdirmirlər, kimlərə tapşırtdırmırlar. Sən istedadlı insansan, öz sözünün də yiyəsisən. Öz cığırın, öz yolun var. Nə gizlədim, sən batmayan, itməyən bir səssən, uzaqdan, çox uzaqdan gəlirsən! Yazılarında kalorit, şirə o qədər çoxdur ki, inanıram, bulaq kimi çağlayacağı günlərin hələ qabaqdadır. Yazıçı etikan, yazıçı mədəniyyətin də yerindədir. Şöhrət xəstəsi, aludəçisi də deyilsən. İldə qapımızın ağzında iki, ya üç dəfə həmin görünərdin. Müəmma dolu gözlərində: “Bəs nə oldu, nə vaxt çapa gedəcək?” sualları oxunardı. Bir yalan uydurardım, səni inandırmaq üçün. Səmimi, olanı deyirəm, səndən sonra vicdan əzabı çəkərdim. İçimdə əvvəlki cavan Qisasla, sonrakı kirlənmiş Qisas üz-üzə dayanardı. Bax, o şəkilə, “Mən bir ceviz ağacıyam, Gülhanə parkında” deyən o kişiyə, — əliylə Nazim Hikmətin portretini göstərərək: — Allah dönə-dönə rəhmət eləsin, qəbri nurla dolsun! Elə bil yana-yana, əriyə-əriyə, lap cızdağı çıxa-çıxa deyib insanlara:
Mən yanmasam,
Sən yanmasan,
Biz yanmasaq,
Necə çıxar qaranlıqlar aydınlığa…
Atam oğlu, bir az zəmanəylə ayaqlaşmağı, gözdən tük qapmağı da öyrənsən nə olar?! Heç olmasa, çox yox, ildə bir kərə bu saqqala da salam versən günahmı olar? Yoxsa, quru bəyliknən bəylikmi olar. Bax, hamını bir yerə yığıbsan, pismi edibsən?! Yox, qətiyyən! Bəs insan nədir, ünsiyyət övladı demək deyilmi?! Bax, gələcəkdə böyük bir yazıçı olacağına inanıb deyirəm: Həqiqətən istedad, tapıntısan! Gərək ki, üç ilə yaxındır povestinin çapını gözləyirsən. Düzdür?! Səhv etmirəm ki?!
-Yox, üç ilə yaxın yox, düz üç il, üç ay on beş gün!
-Qoy elə olsun! Üç il, üç ay, on beş gün!.. İndi sənə söz verirəm, povestin bu ay, bəli, bəli bu ay çap olunacaq. Düzdür, yığmışıq, çapa gedəsi materiallar tam hazırdır. Ancaq sənin haqqındır, onlar sənin haqqına giriblər. Nə olar, sən üç il, üç ay, on beş gün gözləyibsənsə, qoy onlar da, heç olmasa, üç ay gözləsin. Bilsinlər ki, gözləmək nə deməkdir. Gözləmək insanı içindən yeyir, inama bürünmüş insan ömrünə əl uzadır. Bağışla ki, belə oldu. Bu da bir imtahandır. İmtahansız həyatın bir mənası varmı? İmtahan inamın, etibarın, əqidənin içindən keçib gedən həyat yoludur. Bu badəni sənin sağlığına içirəm! Sağ ol, sağ ol ki, ömrümüzün bu gününə sənin sayəndə bir işıq da düşdü…
Badələr boşaldı, doldu. Baş redaktor müavini Hikmət Gülər nar şirəsindən bir-iki qurtum içib ayağa durdu. Üzünü əvvəlcə öz iş yoldaşlarına, sonra İlqara tutub: — Qisas müəllimin dedikləri ilə tam şərikəm. O, nə deyirsə, hamısını düz deyir. — söylədi. — Nəcib, xeyirxah adamdır. Bu günə qədər kimisə incitdiyini, kiminsə qəlbinə dəydiyini eşitməmişəm. İstedad hələ hər şey demək deyil! Zəmanəylə ayaqlaşmağı da bacarmalısan. O kəlamdakı kimi, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olasan gərək. O qədər “mənəm-mənəm” deyən oğullar görmüşük ki, istedadının da qabağını kəsib, papağını da boş yurdda qoyub gediblər. Sən, çəkinmədən deyirəm, istedadlı adamsan. Sənətə kitabdan yox, həyatdan, çəkdiklərindən, yaşadıqlarından gəlmisən. Bunu yazdıqlarından da görmək olar. Povestin çox xoşuma gəlib. Desəm ki, prokuror Mövlanzadənin lap anasını ağlatmısan, bəlkə də inanmayacaqsan. Zalım oğlu, insan da bu qədər təkəbbürlü olar? Gör, vəzifə, şan-şöhrət, aldığı qondarma alimlik diplomu, titullar, yazdırdığı cild-cild kitablar, daha nə bilim nələr, nələr gözlərini o qədər örtüb ki, Tanrı dərgahına gedəndə də əməllərinə görə utanıb çəkinmək əvəzinə, yenə qara-qışqırığından əl çəkmir. Həə, bir də, ruhu qızının otağında dolaşanda onun pərişanlığını görüb, için-için yanır. Yanır ki, dünya malına hərisliyi onu kor edib. Qızına atalıq mehrini, sevgisini göstərməyib. Heç olmasa, bircə dəfə boynunu qucaqlayıb xurmayı saçlarını oxşamayıb. Axı qızlar daha çox ataya bağlı olur. Atasıyla qürurlanan qızlar onun yoxluğu ilə çox zaman barışa bilmirlər. Mövlanzadənin ruhu da qızını pərişan görəndə qışqırmaq, ağlamaq, dəlicəsinə bağırmaq istəyir. Yazıqlar olsun ki, ruh halında əli hara çatasıdır?! Ruh da öz aləmində canlıdır, duyğuludur, yanandır. Bax, bu məqamda Mövlanzadənin ruhunun çəkdiklərini necə həssaslıqla verdiyini oxuyanda adam o qədər kövrəlir ki, gözlərinin yaşardığının da fərqinə varmır. Sənət yanğı tələb edir, yanmasan yandıra da bilməzsən… Uğur, uğur, mən ancaq uğur arzulayıram!..
Badələr dolub-boşaldıqca qonaqların qırışığı açılır, deyəsən, insan olduqları yadına düşür, içinin dərinliklərində saxladıqları gizli saxlanclarını, özləri də hiss etmədən açıb tökürdülər. Bu içkidə nə hikmət, nə cazibə var idisə, ağıza dəyən kimi içəni özündən çıxardıb, başqasının indiyə kimi tanıya bilmədiyi birisinə çevirirdi.
Məsul katib Dilqəm Camal Hikmətin heç oturmağını gözləmədən ayağa qalxdı. — Düzdür, povestindən xəbərsizəm, oxumamışam. — dedi. — Amma hekayələrinin yaxşı qarşılandığını söyləyə bilərəm. Ürəyin doludur, yazmaq potensialın güclüdür. Özünə arxayın, inam olan yerdə də insan parlaya, özünü təsdiqləyə bilər. Səndə xoşuma gələn sadəlik, təvazökarlıqdır. Bir də, şöhrət xəstəliyinə hələ tutulmamağındır. Şöhrətə aldanan oğulları çox zaman yorulub yolda qalan görmüşük. O biri nəşrlərdəki yazıların da ümidvericidir. Inaniram ki, biz bundan sonra tez-tez görüşəcəyik. Necə deyərlər, hər görüş də, ölməyən bir ümiddir, səhər-səhər sökülən dan yerindən boylanan günəş kimi bir ümid. Sənin sağlığına qardaşım, günəşin həmişə parlaq olsun!..
-Ahh, Marqo… Mma…aa…rr…qqoo! — deyib, kəkələyə-kəkələyə ağlayan şöbə müdirinin səsi hamını təəccübləndirdi.
Baş redaktor Qisas Qiyamətzadə onun sözünü kəsib, narazı-narazı: — Əşi, rəhmətliyin oğlu. Bu zəhrimarı içə bilmirsənsə, içmə də?! — söylədi. — Kefimizin kök vaxtı əhvalımızı niyə korlayırsan ki?! Axı bu köpək qızı Marqo kimdir ey, keçən dəfə də döyülmüş uşaqlar kimi tez-tez adını çəkib, ağlayıb-sıtqayırdın da.
-Bilmirsən, qağa, bilmirsən! Bilsəydin, vallah, belə deməzdin. Marqaritanı deyirəm… Marqaritanı!.. Sənə dedim, nə olar, insafın olsun jurnalda şəklini ver. Kəsim evdə başımın üstündən asım. Vermədin! Soruşsalar, filan məşhur yazıçıdır, deyərdim. Yoxsa… adi şəklini vursam, evdə qiyamət qopar. Başımda olan-qalan üç dənə tük var, onu da yolub yelə verərlər. Ahh, Marqo, Marqo!.. Candır, can! Ölüyə dərman! Zalimin qızı, adama zəli kimi yapışırdı. Yaradıcılıq adıyla tez-tez Vişnovkadakı bağımıza gedər, onu da bir bəhanəylə ora çağırardım. Ürəyindən olardı, heç vaxt da yox deməzdi. Arada başım qarışanda, gec çağıranda, özü zəng çalar, bir qəribə, şirin ədayla: “Musik, bağınız üçün yaman darıxmışam!..” — deyərdi. İki günlərlə, bəzən bütöv bir həftəni orda qalardıq.
-Bəs əri, əri nə deyirdi? Heç soruşmurdu ki, haa, sən bağda neynirsən?
-Əri… ərə bax, ha?! Biqeyrətin, namussuzun biriydi. Ermənidə nə ər… Marqo deyirdi ki, toyuq kimi bir şeydir, o nə bilir xoruzluq etməyi. Bir arvadın öhdəsindən gələ bilmir, gəlsəydi burda nə işi vardı. Ara, siz türklər bizə erkəklik etmək üçün yaranıbsız.
Bir müddət əri işsiz idi. Marqo iş axtarırdı ona. Elə-belə, adi iş yox, yağlı bir yer. Mədəniyyət nazirliyini qaralamışdı, şöbə müdiri, filan istəyirdi. Əl çəkmədi, yekirtdi məni. Nazirlər Kabinetində işləyən əmioğluma dedim. “Gözlə, baxarıq!” — dedi. O gözləməknən, düz bir ay gözlədim. Əmİoğlu olanda nə olar, yaman pulgirdir, köpək oğlu. Pulsuz heç bir sözü də eşitmir, çox vaxt düzələn işə də düzəlməz deyir. Bir gün o, evdə olmayanda arvadı Cülyetta ilə danışdım. “Sizin millətdəndir! Ərin eşitmir, bu gün, sabaha salır. Barı sən bir kömək əlini uzat, ərini yola gətir!” — dedim. Ərinin xasiyyəti ona da keçmişdi. Elə deməyimi gördüm, qırmızı-qırmızı qayıdıb: — Marqaritadan ötrü özünü niyə dağa-daşa çırpırsan?! Yəni bu qədər şirindir, haa?! — soruşdu. Mənə yox da demədi. Göz-qaşlarını oynadıb, gülümsəyə-gülümsəyə: — Baxarıq! Sənin xatirinə, o gözəlçən Marqaritanın xatirinə görək nə edə bilərik?! — söylədi. Cülyetdadan da bir xəbər çıxmadı hələ. Marqo da gözlərimin içinə baxa-baxa oturub-durub elə tez-tez: “Bəs nə oldu, Musik? Eşitmədilərmi səni?” — soruşurdu.
Danışmaq mənimçün ayıb olsa da, ancaq söz ki, mətləb üstünə gəldi, gərək danışım. Daha ayıbdan da keçib. Təsadüfən bir gün, elə yerdə, ağlıma sığışdıra bilməyəcəyim vəziyyətdə Cülyettanı tutdum. Özünü büsbütün itirmişdi. Qorxusundan bədəni əsir, dili topuq vururdu. Ayaqlarıma düşüb, qıçımı qucaqlayır, gördüklərimi əmioğluma deməməyim üçün yalvarırdı. Bu millətin utanası, ar edəsi yeri də qalmayıb. Elə bil qanları da it qanından yoğrulub. Gördüklərimdən çox pis olmuşdum. Əmioğluma yazığım gəlirdi. Onun pulu, vəzifəsi olsa da, evdə sığınası, arxalanası ailəsi, isti ocağı yox idi. O ailənin hüzuru büsbütün çəkilmişdi. Ötəri, bir quru səhra yelinə bənd idi ki, onu uçurub dağıtsın.
Bir həftədən sonra Marqo iş yerimə gəldi. Ərini Mədəniyyət Nazirliyinin abidələrin mühafizəsi və bərpası şöbəsinə müdir qoymuşdular. Sevinirdi, yaman sevinirdi Marqo. Heç kəsdən də çəkinmədən boynumu qucaqlayıb marça-marçla üzümdən öpdü. Ayrılarkən qulağıma: “Bağınız üçün yaman darıxmışam, Musik!” — pıçıldadı. İndi əlimə düşsə, onun o Musik deyən dilini yeyərəm. Hayıf deyil o günlər?! Aylı gecə, aynabənddən içəri süzülən gümüşü ay işığı, qollarım arasında ehtirasdan balıq kimi çırpınan Marqo… Ax, ax… indi dünyanın o başında, telefon xəttinin o biri başında “Musik, Musik, hardadır o günlər… indi sənin üçün ölürəm, yaman ölürəm!..” — deyir. Yox, yox, ölən o deyil, ölən mənəm!
O gün “Qağayı”da, yeddinci otaqda nə qədər oturduqları İlqarın yadında deyil. Bircə o yadında idi ki, gecə düşmüşdü. Evlərin pəncərə gözləri, ağlı-qaralı maşınları aramsız şütüyən küçələri işığa bürünmüşdü. Sahilin yaxında olduğunu gəmilərə xəbər verən dənizin dərinliyindəki mayakları -işıqforları yanıb-sönürdü. Qaranlıq gümüşü ay işığına bələnib, yavaş-yavaş şəhərin yaxasına çökürdü. Qonaqları iki taksi maşınıyla yola salan İlqar Aləmtab Qəqəni ilə hesablaşıb, sağollaşdı. Pencəyini çiyninə atıb, ürəyini sıxan yeddinci otağın ağır ab-havasından yüngülləşmək üçün sahil boyu bir xeyli piyada yeridi. Sonra boş bir skamyada oturub doyunca ağlamaq, ağlamaq istədi. İçində dolaşan nə duyğu idi ona da çatmırdı. Ona elə gəlirdi ki, onu məftil kimi əymiş, sındırmışdılar. Daha özü deyildi, yox, bəlkə səhv edirdi, bəlkə dolaşıq bir hissin odunda yanır, duyğunun burulğanında batmamaq üçün çırpınırdı?!
Qonaqlığın üstündən bir həftə keçmişdi. İşdən qayıdan İlqar Aləmtabı Sevinc xanım evin kandarında gülər üzlə qarşıladı. Xurmayı rəngli çantasını əlindən alıb, qoluna girdi. Qonaq otağına gedə-gedə: — Bu dünya ta əzəldən yeyim üstə qurulub, İlqar müəllim. — dedi. — Yedirməsən, yeyə bilməzsən. Yarım saat bundan qabaq zəng çalmışdılar. Bir az tez gəlsəydin elə öz qulağınla eşidərdin. Adını, deyəsən, məsul katib Dilqəm Camal dedi. Dedi ki, povesti çapa gedir, sabah, mümkünsə, redaksiyaya gəlib son variantla özü də tanış olsun. Nəyəsə etiraz etməsə, qol çəkib razılığını bildirsin və çap üçün mətbəəyə göndərək!
Sevinc elə düşünürdü ki, İlqar sevinəcək və “Nə yaxşı, ay Sevinc, ay qadası! Min budaq, xoş xəbər olasan!..” — deyəcək. Ancaq düşündüklərinin əksinə olaraq: — Üç ilin ağrısı, sarsıntısından sonra sevinməyə dəyərmi, ay Sevinc? — sualını eşitdi.
-Dəyər, sevinməyə dəyər! — Sevinc təmkinlə, qətiyyətlə cavab verdi. — Çap olunsan İlqar Aləmtab kimi tanınacaq, olunmasan, elə bizim İlqar kimi qalacaqsan. Məgər bunda bir fərq yoxdurmu?!
İlqar daha heç nə demədi. Susdu. Sevinc susmağı razılıq əlaməti kimi bilib, çay dalıyca mətbəxə keçdi.
…İlqar Aləmtab səhər evdən bir az tez çıxıb, universitetdə dərsi başlayana qədər “Canbaycan” jurnalının redaksiyasına baş çəkdi. Yaxşı ki, baş redaktor Qisas Qiyamətzadə hələ gəlməmişdi. Yoxsa, onu söhbətə tutub, axşamdan qətiləşdirdiyi fikrindən, bəlkə də daşındıra bilərdi. Vaxt itirmədən çantasından ağ vərəq çıxardıb səliqəylə aşağıdakı sözləri yazdı: “Mən bu günə qədər təmiz vicdanla yaşamışam. Alnım açıq, üzüm də ağdır. Həyatda heç vaxt kiminsə haqqına girməmişəm. Heç vaxt da təmənnalı yazı çap etdirməmişəm. Bu olaylardan sonra povestim çap olunsa, o mənə təkcə şöhrət və rahatlıq yox, olsa-olsa, həm də ancaq xəcalət və vicdan əzabı gətirər. Mənə həqiqəti görmək və bilmək lazım idi. Deyirlər, həqiqət olduğu yerdə gözəldir. Həyat belədir ki, sən özün-özündən qaça bilərsən, ancaq Uca Tanrının insana verdiyi özünü idarə, özünə nəzarət və vicdan əzabından qaça bilməzsən. Odur ki, ömürlük bu əzabla yaşamaq istəmədiyimdən həmin povestin çap olunmamasını Sizdən xahiş edirəm. Hörmətlə, İlqar Aləmtab”.
İlqar Aləmtab yazdığı vərəqi baş redaktor Qisas Qiyamətzadənin stolunun üstünə qoyub otaqdan çıxdı. Dördüncü mərtəbədən sakitcə endikcə, rahat nəfəs alıb ürəyində sanadığı 168 pilləkəni ötürə-ötürə küçəyə çıxdı…
Bakı şəhəri, 18.03 — 20.05.2023