ƏBÜLFƏZ ƏHMƏD, şeirlər

Ədəbiyyat

Gəzişmələr

 

Dünya üzrə naqislər, mən biləni çoxdular,

Bizimkinə bənzəyən bu dünyada varmola?!

 

Hamı sevər, əzizlər, doğma dilin, millətin,

Bizim kimi başqaya, döndərəni varmola?!

 

Dilim şirindən şirin, dünya dili içində,

Başqasının dilində “Ahəng qanunu” varmola?!

 

“İkimiz bir köynəkdə…” söyləyibdi babalar,

Sözə bax ey, deyir ki, “yaxası da darmola”?!

 

Bülbülləri salmışıq, çoxdandır ki qəfəsə,

Gülə qoyduq adını, bu da gərək xarmola?!

 

Onunçün də dəyişib müğənnilər, müğənni,

“Cəh-cəh”indən bəllidir, ya qarğadır, sarmola?!

 

Yanımızdan ötəndən, biz dölləri tutmuşuq,

Bizim mələzdən biri, görən bizə yarmola?!

 

Yüz ölçüb bir biçiblər, babalar iş görəndə,

Məsləhətli qiyafət, əynimizə darmola?!

 

Yurdumuz çox genişdir, payladıqca qurtarmır,

Qanmaz olan qonşular, adam deyil, xarmola?!

 

İslanmışıq, qorxumuz daha yoxdur yağışdan,

Bundan sonrakı yağmur, leysan ola, qarmola?!

 

Birlərin fərqi

 

Birinin başına bir daş düşəndə —

Alın yazısıdır, bu bir olacaq.

Birinin başına alma düşəndə,

Dünya qəbul etdi, qanun olacaq.

 

Yüz yol lənət dedi bərəkətinə,

O daş dəyən başda yer boldur aha.

Almanın ağacdan hərəkətinə,

Qanun söyləyəcək başqa bir düha.

 

Nizami babamın yazdığı qanun,

Aldı qiymətini şeriyyətində.

Yazın, başqasının adına olsun,

Dünya çoxdan pozuq bəkarətində!

 

Sevgi gəzişmələri

 

Sevgi cəzadırsa sən göndər bəri,

İlahi! Cəzamı ömürlük eylə!

Adəmdən sonrakı eşq peyğəmbəri,

Füzuli babam da söylədi belə!

***

Burada ağlamır özü yıxılan,

Sevgidən xatirə çox qalır bir az.

Burda şərəflidir yanıb-yaxılan,

Doğrudur, şeytan da çalışır bir az.

***

Özümüz sevginin “məbədi” ikən,

Niyə sevgimizdən ilham almayaq?

Ən yaxın sinələr yaralı ikən,

Doğma sinələrə məlhəm olmayaq?

***

Bütün “fəsadların” başıdı sevgi,

Bu necə “imandır”, tərk etməz bizi?

Bizim dünyamızın yaşıdı sevgi,

Nə şirin “günahdır”, tərk etməz bizi!

 

Qoşalar

 

Zəfər çalsa ədalət, təfərrüatdır gerisi,

Kaş ki, ruhu sıxmaya, bu boyda məddah sürüsü!

***

İndi könül sevənə, ta gözəldi demirlər,

İmkanlıya barınıb, iş düzəldi deyirlər.

***

Haqq kəlmə birinin, gəlsə ağlına,

Ürcahdır gör neçə mərd oğluna!

***

Arxalı köpəklər basaraq qurdu,

Hərraca qoydular bu qoca yurdu.